Bayramov O.

 

Türkiyənin İğdır vilayətində erməni quldurlarına qarşı igidliklə döyüşmüş azərbaycanlı qəhrəmanın qəbirüstü abidəsinin açılışı olmuşdur

 

Türkiyənin İğdır vilayətinin Qaraqoyunlu rayonunda 1918-1920-ci illərdə Qərbi Azərbaycanın Vedibasar rayonunda ermənilərə qarşı igidliklə döyüşmüş əfsanəvi qəhrəman Kərbəlayı İsmayıl Çimənin qəbirüstü abidəsinin açılışı olmuşdur.

Erməni quldurlarının qorxulu röyası olmuş əfsanəvi qəhrəmanın məzarını ziyarət edənlər arasında ölkəmizin Qarsdakı baş konsulu Həsən Zeynalov, Milli Məclisin deputatları Nizami Xudiyev, Rüstəm Xəlilov, İğdır bələdiyyəsinin sədri Nurəddin Aras, jurnalistlər olmuşlar.

Çıxışlarda bildirilmişdir ki, Kərbəlayı İsmayıl mərd bir insan kimi erməni quldurlarına qarşı qəhrəmanlıqla vuruşmuş, sonra bolşevik-daşnak rejiminin qurduğu hakimiyyətə etiraz olaraq Türkiyəyə gəlmişdir. Bu cür insanların igidliyi indiki nəslə örnəkdir ermənilər unutmamalıdırlar ki, Azərbaycan xalqı öz torpaqlarını hərb yolu ilə azad etməyə hər zaman qadirdir.

Qəhrəmanın qızı Misri Çimən uzun sürən ayrılıqdan sonra Azərbaycandan gəlmiş qohumları ilə görüşmüşdür.

Azərbaycan.- 2008.- 6 dekabr.- S. 5.