İbrahimova S.

 

Qışın modası yenilənir

 

Qarderobunu təzələmək istəyənlərə modelyer məsləhəti

 

Bir neçə gündən sonra payız yerini ilin ən sərt fəsli olan qışa verəcək. Azərbaycanda qışın bir qədər mülayim keçməsi insanlara rahat şəkildə dəblə və bəzən yüngül geyinməyə imkan verir. Amma bundan öncə insanlar modelyerlərin verəcəyi açıqlamaları gözləyirlər. Bu mövsümdə hansı rənglərin və hansı növ geyimlərin dəbə düşəcəyi barədə fikirlərdən sonra qarderoblarda yenilənmə dövrü başlayacaq.

Modelyer Fəxriyyə Xələfovanın fikrincə, qış mövsümü üçün təklif olunan tendensiyalar bir neçə istiqamətdə müşahidə olunur. Demək olar ki, bu istiqamətlər həm üslub, həm rəng palitrası, həm geyimin təyinatı baxımından bir-birindən çox fərqlənir. Kolleksiyaların bir çoxu əsasən geyimin təyinatından irəli gələrək hazırlanır. Modelyerin sözlərinə görə, geyimlərdə həyatımızın daha çox aktiv tərəfi nəzərə alınıb. Bunlar iş fəaliyyəti, şəhər çərçivəsində fəaliyyət, görüşlər və işgüzar stildə olan geyimlərdir: "Təqdim olunan kolleksiyaların çoxu bu istiqamətdədir. Klassik görünüşlü geyimlər artıq yenidən aktuallaşır. Bir müddət əvvəl populyar olan qadın geyimlərində kişi geyimlərinə xas olan elementlərin çoxluğu müşahidə olunurdu, çox sadə görünüşlü geyimlər idi. Payız mövsümü üçün bu bir qədər fərqlə yenə də aktuallaşdı".

Fəxriyyə xanımın əlavəsinə görə, üslub olaraq klassik cizgili iş geyimləri - cins şalvar, uzun pencəklər yenə dəbdədir və bu, aktuallığını qış fəslində də qoruyacaq. Bu pencəklərin yaxaları kişi pencəklərinin yaxalarını xatırladır. Modelyerin fikrincə, kolleksiyaların ikinci istiqamətini eleqant və romantik adlandırmaq olar: "Təbii ki, buraya ətəklər və paltarlar daxildir. Ətəklərin müxtəlif biçimdə olması, əsasən dizdən yuxarı olması dəbin ən son tendensiyalarından xəbər verir. Ətəklərin əsas istifadəsi qısa pencəklərlə və ya yiletlərlə olacaq. İkinci üst geyim olaraq trikotay geyimlər payız mövsümü üçün çox əlverişli idi. Trikotay geyimlərə gəldikdə, biz çalışmışıq ki, hər zaman onlar daha əlvan olsun. Trikotay geyimlərdə bir neçə əlvan rəngin bir yerdə müşahidəsi mümkündür. Burada daha çox qızılı, boz və açıq qəhvəyi tonlarda olan trikotay geyimlər üstünlük təşkil edib. Onu da bildirim ki, qış aylarında antik dövrlərin üslublarının müasir formada təqdimatı da olacaq. Onların sırasında yunan və Roma üslubları üstünlük təşkil edəcək. Bu, daha çox qeyri-formal görüşlər, daha əyləncəli vaxt keçirmək üçün nəzərdə tutulub. Bu üslubu saç düzümündə də təkrarlamaq olar və bu zaman qadınlarımız tamamilə yeni görünüş əldə edə bilərlər".

F.Xələfova qeyd edib ki, bənövşəyi və çəhrayı rənglər artıq aktuallığını itirib: "Bu rənglər daha çox yay mövsümündə dəbdə olub. Qadınlarımıza qarderoblarında daha çox limon rəngli geyimlərə üstünlük verməyi tövsiyə edirəm. Limon rəngi gələn ilin ən aktual və hit rəngi olacaq".

Kişi geyimlərinə gəldikdə, F.Xələfova vurğulayıb ki, əsas fərqli və dəyişən cəhət rəng palitrası olacaq. Onun fikrincə, geyimlərdə daha çox maraqlı üç ton ifadəsini tapacaq. Əsasən açıq qəhvəyi, boz və rənglərdən istifadə olunacaq: "Bu yeni harmoniya olduqca maraqlı görünür. Hava soyuq olsa da, kişi geyimlərində rənglər açıq tonlardadır - tünd mavi, tünd boz rənglərində deyil. Kişi geyimlərində əsas fərq rənglərin daha çox mülayimləşməsidir. Neçə ildir çox alışdığımız idman üslubunda olan geyimlər isə daha çox romantik və eleqant üslubla əvəz olunacaq. Amma yenə də bütün kolleksiyalarda idman üslubuna xas olan elementlər müşahidə olunur. Bu elementlər geyimə avanqard, müasir və dinamik əhval-ruhiyyə verir".

Stilist Syama da hesab edir ki, qış kolleksiyasında bir qədər parlaq rənglər dəbdə olacaq. O, açıqlamasında bildirib ki, çəhrayı, açıq yaşıl, yasəmən rəngli, dar və ya gen şalvarlar dəbdə olacaq. Enlibalaq şalvarlar qış geyimlərində aktuallığını itirəcək: "Bu mövsümdə 1980-ci ilin dəbi, əsasən enli köynəklər geri qayıdacaq, toqqalar çanaqda deyil, beldə bağlanacaq. Kişilər üçün də geyimlər eyni olacaq. Bu il kişilər üçün dar şalvarlar və dar pencəklər nəzərdə tutulub, enli şalvarlar dəbdə olmayacaq. İdman stilinə gəlincə, üst geyimi olaraq enli maykalar, dar cinslər və ya şalvarlar əsas götürüləcək. Enlibalaq şalvarlar isə ümumiyyətlə, dəbdə olmayacaq".

Modelyer Gülnarə Xəlilova isə qış mövsümündə qara rəngin üstünlük təşkil etdiyini bildirdi: "Bu, hər il belədir. Amma bu il bütün modelyerlər tərəfindən qara rəngə daha çox üstünlük verilib. Qadın geyimlərində qara, , göy, gümüşü, qızılı rənglər aktuallığını qoruyub saxlayır. Yeni mövsümdə əsas ideyalardan biri palto-xalatların çox dəbdə olmasıdır. Trikotaydan hazırlanmış geyimlər, şallar, top koftalar - enli qolları olan paltarlar, toxunma geyimlər, çox qalın hörməli olan həcmli hörüklü saplardan toxunmuş köynəklər də dəbdə olacaq. Şalvarlı kostyumlar, ciddi paltolar daha çox üstünlük təşkil edəcək. Kişi stilini xatırladan geyimlər yenə də qadınların qarderobunda yer alacaq. Onların üzərində dekorativ naxışlar və işləmələr olacaq ki, bu da qadın incəliyini göstərəcək. Kostyumların üzərində dəri elementlərindən istifadə olunacaq. Demək olar ki, bu ilin əsas dəbi üzərində dəri olan geyimlərdir".

G.Xəlilovanın sözlərinə görə, kişi geyimlərində şəhərə xarakterik olan klassik kostyumların müasirləşdirilmiş forması, pencəklər, gödəkçələr üstünlük təşkil edəcək: "Futbolkalar, ipək və yun köynəklər də dəbdə olacaq. "Üçlük" kostyumlar kişilərin qarderobunun əsas hissəsini təşkil edəcək: "Bu ilin qış kolleksiyasında klassik üsluba daha çox meyil olacaq. Kostyumlar həm atlasdan, həm damalı, həm də saya parçalardan olacaq. İdman üslubunda klassiklik daha çox dəbdə olacaq".

 

Gələn həftə Misir kino həftəsi başlayır

 

Dekabrın 15-19-u tarixlərində Bakıda Misir Kino Həftəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən verilən məlumata görə, tədbir nazirliklə Misir Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək. Xəbərdə bildirilir ki, kino həftəsi çərçivəsində 5 gün müddətində son illər Misir kinematoqrafçılarının istehsal etdiyi filmlərin nümayişi nəzərdə tutulur.

 

Kaspi.- 2008.- 12 dekabr.- S. 16.