Ağaoğlu T.

 

Mənalı yaşanan ömürdən qalan yadigarlar

 

Yüz on ildən çoxdur milli kino çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq yaradıcılıq uğurları ilə yol gəlir. İlk çağlar qısametrajlı fraqmentlər, süjetlərlə fəaliyyətə başlayan, tarixin olaylarını lent yaddaşında yaşadan sənət tədricən peşəkarların sayəsində inkişaf etmiş, yüksək keyfiyyətli ekran əsərləri yaranmışdır. Artıq ekran əsərlərimiz dünyanın bir çox ölkələrində maraqla qarşılanır.

Kino yaradıcılığında böyük xidməti olanlardan biri Hüseyn Seyidzadədir. Unudulmaz rejissor, əməkdar incəsənət xadimi Hüseyn Əli oğlu Seyidzadənin bu günlərdə Azərbaycan Dövlət Film Fondunda anım günü keçirildi. Fondun rəhbəri, əməkdar incəsənət xadimi, rejissor Cəmil Quliyev tədbir iştirakçılarına onun haqqında ətraflı məlumat verdi.

Azərbaycan kinosunun inkişafına, dünyada tanınmasına can yandıran, qayğı göstərənlərdən biri bu gün hörmətlə, ehtiramla xatırladığımız, Hüseyn Seyidzadə olmuşdur. O, 1910-cu ildə qədim yurd yerimiz İrəvan mahalında dünyaya göz açmışdı. Hələ uşaqlıq çağlarından dövrün, zamanın min bir zülmünə, zillətinə qatlaşmışdı. Bir tərəfdə mühit, digər tərəfdə isə qonşuluqda məskunlaşan erməni haqsızlığı, ədalətsizliyi onu sıxır, incidir, küsdürürdü. Nəhayət, məcburiyyət qarşısında qalıb ailəlikcə Bakıya köçdü. Gənc Hüseyn çörəkpulu qazanmaq üçün o zaman məşhur olan toxuculuq-trikotaj fabrikində fəhlə, yükdaşıyan işləmişdi. Eyni zamanda Bakı İşçi Teatrında kütləvi səhnələrdə çıxış etmişdi.

Hüseyn Seyidzadə kino sahəsində 1930-cu ildən fəaliyyətə başlamışdı. Əvvəl Bakı Kinostudiyasında rejissor köməkçisi işləmişdi. Onun sənətə həvəsini görüb Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ali təhsil almasını məsləhət bilirlər. O, L.Kulikov S.Eyzenşteynin rejissorluq emalatxanasında, "Lenfilm" kinostudiyasında, M.Qorki adına kinostudiyada təcrübə keçmiş, rejissor V.Petrovun, Q.Aleksandrovun, S.Yutskeviçin rəhbərliyi altında işləmiş, onların təcrübələrinə bələd olmuş, 1941-ci ildə Bakıya qayıtmışdır.
H.Seyidzadənin ilk uğurlu, yaddaqalan, tamaşaçıların sənətşünasların alqışlarla qarşıladığı müstəqil yaradıcılıq işi 1956- ildə lentə aldığı "O olmasın, bu olsun" bədii, tammetrajlı, rəngli film olmuşdu.

Məlumdur ki, bu ekran əsəri dünyanın əksər ölkələrində göstərilmiş və rəğbətlə qarşılanmışdır. Onun quruluş verdiyi "Koroğlu", "Yenilməz batalyon" filmləri öz aktuallığı ilə bu gün nümunəvi ekran əsərləridir.

"Dəli Kür" bədii, tammetrajlı filmin çəkilişi ərəfəsində Hüseyn Seyidzadə uzun müddət axtarışlar aparmış, yerli sakinlərin psixologiyasını, həyata münasibətlərini, baxışlarını öyrənmişdi. Ssenari müəllifi, mərhum xalq yazıçısı İsmayıl Şıxlı xatirələrində yazıb: "Hüseynin əməyi bütün çəkiliş qrupunun, xüsusən mənim başımı uca edib. İnanıram ki, gələcək nəsillər onun əməyini, xidmətlərini unutmayacaq".

Yazıçının fikrinə biz şərik çıxırıq. Hüseyn Seyidzadənin gülüş ustası Məcid Şamxalovun məşhur pyesi əsasında ekranlaşdırdığı "Qaynana" bədii filmi hər dəfə nümayiş olunanda öncə yada əsərin baş rolunun ifaçısı, xalq artisti, mərhum Nəsibə xanım Zeynalovanın bu sözləri düşür: "Mən elə bilirəm ki, bu film rejissor Hüseynin mənalı yaşadığı ömründən qalan yadigardır".


Azərbaycan.- 2008.- 11 dekabr.- S. 7.