Azərbaycan kino sənətinin ölməz rejissoru Bu
gün Rasim Ocaqovun xatirə günüdür
Bu
gün Azərbaycan rejissorluq məktəbinin istedadlı
nümayəndələri sırasında
özünəməxsus yer tutan və bu sahənin
inkişafında mühüm rol oynayan Rasim Ocaqovun xatirə
günüdür. Ölümü ilə Azərbaycan
sənət dünyasına nisgillik gətirən Rasim Ocaqov
professional sənətkarlıq xüsusiyyətləri
baxımından əbədi olaraq kino sənətinin salnaməsinə
salıb.
Rasim
Ocaqovun rejissorluğu ilə kino sənətimizə
gətirilən yeni nəfəs, yeni rəng və çalar,
gərgin axtarış və istedadın hesabına meydana
gəlmişdir. Rasim Ocaqovun yaradıcılıq
dünyası müxtəlif dövrləri əhatə
edən zəngin sənət nümunələridir. Belə
ki, onun Böyük Vətən müharibəsi
illərində, sovet dövründə, eləcə də,
Azərbaycan müstəqillik qazandıqdan sonra
çəkdiyi filmlər Rasim Ocaqovun yola saldığı
ömür illərinin ən mənalı zamanını
təşkil edir.
Müxtəlif
dövrün ab-havasını Azərbaycan kinosuna
gətirən və bu filmlərdə insanın milli
təfəkkürünü,
dünyagörüşünü formalaşdıran, ona
emosionallıq, vətənpərvərlik kimi hissləri
aşılayan filmlərlə böyük bir auditoriyanın
məhəbbətini qazanmışdır. İstər
müharibə dövründə, istərsə də, sovet
məkanında yaratdığı filmlər onun əldə
etdiyi nəzəriyyənin gerçəkləşməsi
ilə nəticələnmişdir. Bu filmlərdə
böyük rejissor Azərbaycan kino sənətinin
tanınmış simaları ilə çalışaraq,
onların potensial gücünü ortaya çıxarıb,
sənət meyarları baxımından çox yüksəkdə
duran ekran əsərlərini yarada bilmişdir. Rasim Ocaqov,
həqiqətən də, Azərbaycan kinosunda elə bir
zirvədə dayanan sənətkarlar sırasındadır ki,
onun filmləri zamanla cəmiyyət arasında bir
yaxınlıq yaratmış, insan psixologiyasının
dərin qatlarına toxunaraq, onun düşünməsinə,
həyatın fəlsəfəsini dərk etməsinə
gətirib çıxarmışdır.
Rasim
Ocaqovla birgə çalışan və onun filmlərində
baş rolları ifa edən hər bir aktyor rejissordan
böyük məmnunluq hissi ilə söz açırlar.
Rasim Ocaqovun müstəqilliyimizin ilk dövrlərində
çəkdiyi "Qətldən 7 gün sonra",
"Təhminə", "Həm ziyarət, həm
ticarət", "Otel otağı" və digər filmləri
milli zəmində lentə alınmış sənət
nümunələridir. Bu filmlərdə Rasim Ocaqovun fikir
dünyası ilə ssenarist arasında olan bir yaxınlıq
özünü büruzə verir. Sözsüz ki, Rasim Ocaqov
bu filmlərdə müasir prizmadan cəmiyyətin əxlaq
normalarına, milli-mənəvi dəyərlərinə
yanaşaraq, azərbaycançılıq
nöqteyi-nəzərindən onları tərbiyə
etməyə çalışmışdır.
Rasim
Ocaqov yaradıcılığının bütün
dövrlərində sənətə çox ciddi
yanaşmış, müxtəlif insan talelərinin
böyük bir səpkidə işıqlandırılmasına
çalışaraq, fərdin cəmiyyətdəki rolunu,
onun rast gəldiyi təsadüfləri, eləcə də,
insanların taleyində baş qaldıran acınacaqlı
hadisələri rejissor gözü ilə süzgəcindən
keçirib, ideal insan obrazlarının çox təbii
və inandırıcı bir şəkildə ortaya qoya
bilmişdir. Öz axtarışları ilə, məxsusi
ölçüləri ilə sənətdə yer qazanan
Rasim Ocaqov "Qatır Məmməd",
"İstintaq", "Bağlı qapı" və
digər filmlərində həm tarixi mövzulara toxunmuş,
həm də cəmiyyətin buxovlanmış
təbəqələrinin azadlıq hisslərini ön plana
çəkərək, dərin mənalı filmləri
ilə yaradıcılıq qalereyasının ən nəfis
nümunələrini Azərbaycan kino tarixinə həkk
edə bilmişdir. Bu və ya digər filmləri
vasitəsilə cəmiyyətdəki mənfilikləri,
neqativ halları belə öz tamaşaçısına
təqdim etmək qabiliyyətinə malik olmuşdur.
Rasim
Ocaqov dünyasını dəyişsə də, onun çox
böyük yaradıcılıq irsi bu gün kinemotoqrafiya
sahəsində tədqiq edilməyə layiq bir
nümunədir. Onun sənəti öyrənilməli,
rejissorluq sahəsinə yol açan gənc kadrlar
üçün bir məktəb olmalıdır.
Səs.- 2008.- 5 dekabr.-
S. 12.