50 yaşlı
"Ögey ana"
Düz yarım əsr bundan əvvəl
"Azərbaycanfilm" kinostudiyasının istehsalı olan
"Ögey ana" bədii filmi ekranlara çıxdı. Bu gün də bədii dəyərini qoruyan
ekran əsərinin quruluşçu operatoru Xan Babayev,
bəstəkarı Tofiq Quliyevdir. Filmdə peşəkar
aktyorlarla yanaşı, Bakıdakı 26 saylı
məktəbin 5-ci sinif şagirdi Ceyhun Mirzəyev də
çəkilmişdi. Moskvada Dövlət Teatr Sənəti
İnstitutunun rejissorluq və aktyorluq fakültəsini
bitirmiş, Bakı, Gəncə, Mahaçkalada bir sıra
tamaşalara quruluş vermiş Həbib İsmayılov
(1906-1966) 1943-cü ildən çalışdığı
kinostudiyada bir neçə sənədli film
çəkmişdi. Həbib İsmayılovun Anna Yanla yazdığı
ssenari əsasında quruluş vediyi "Ögey ana" (1958)
filminin mövzusu şifahi və yazılı
ədəbiyyatda dəfələrlə təkrarlansa da,
özünün yeni həlli ilə diqqəti cəlb edirdi. Hələ film istehsalata buraxılarkən
gürcü rejissoru Tengiz Abuladzenin R.Caparidze ilə
yazdığı bu mövzuda "Ögey uşaqlar"
ssenariyə əsasən film üzərində
çalışdığı üzə
çıxmışdı. Ssenarinin müqayisə
edilməsi üçün göndərildiyi
"Gürcüstanfilm" kinostudiyasından gələn 29
may 1957-ci il tarixli məktubda "Bir birindən kəskin fərqlənən bu ssenarilərin birinin
kənddə yeni ailənin qurulmasından, ögey ananın
oğulluğunun sevgisini, inamını mühitin
maneələrinə baxmayaraq qazanmaq cəhdindən,
qalibiyyətindən, digərinin isə şəhərdə
atanın qoyub getdiyi kimsəsiz uşaqlara sahib çıxan
fədakar anadan bəhs etdiyi" təsdiqlənir. Filmdə atasının şəhərdən
gəlişinə sevinərək geyinib-kecinib atlanaraq
Qurbanəli kişi və çoban Ayazla pişvaza
çıxan İsmayılın (Ceyhun Mirzəyev), onunla
görüşə can atan atası Arifin (Fateh Fətullayev)
yanındakı yad qadını, onun kiçik
qızını çaşqınlıqla
qarşılaması qarşıdurmanı dərhal
nişan verir. Kəndin yeni həkimi Dilarə
xanımın (Nəcibə Məlikova) həm də
İsmayıla ana olacağını Qurbanəli kişinin
dilindən eşidən İsmayılın atını minib
aradan çıxması ilə kəndə gedən yolun
qarşısını kəsən sıldırım
qayanın təsviri dramaturji modelə qoşulacaq
gələcək məkanı göstərir. Geoloqların
dağlarda tapdıqları faydalı qazıntılara yolun
məhz İsmayılın atasının
açdığının bildirilməsi süjeti fabulaya
bağlayır. Plov süzən Qəmər nənənin,
Fatmanisə qarının (Nəsibə Zeynalova)
heyrətlənməsinə, İsmayılın yaylağa
qaçmasına rəğmən Arifin Dilarəni
ruhlandırması ümidverici amilə çevrilir. Yataqda
yuxulayan İsmayılı Arifə bənzədən
Dilarənin nəvazişi ana kimi qəbul
ediləcəyinə inamı artırır. Fırlanan
oyuncaq meymuna, qol saatına sevinən İsmayılın
atasının Cəmiləni öpməsinə
qısqanması, bikefliyin səbəbini soruşan
Qəmər nənənin kövrəlməsi, Fatmanisə
qarının "Ax, ögey ana!" deməklə problemi
qabartması melodramanın modelini cızır. Qol saatının Dilarə xanımın
hədiyyəsi olduğunun bildirilməsi ilə yumşalan
İsmayılın bir an fikrə gedərək atasından onu
da tikintiyə aparmasını xahiş etməsi ögey ana
ilə ağrılı yaxınlaşma prosesinə
hələ hazır olmadığını bildirir.
Səmədin, yol çəkməyə gedəcəyi
ilə qürrələnən İsmayılı onun pis
qiymətlərini yada salaraq: "Qol
saatını ögey anan bağışlayıb?"
deyə sancması, Dilarə xanımın tələb etdiyi
gündəliyin gizlədilməsi, nəvəsinə qahmar
çıxan Qəmər nənənin "Yetim balam"
xitabı ilə yatağı
yığışdırması, nümunə
göstərilən Cəmilənin başına ağacdan
almaların "yağması" strukturu nizamlayır.
Gündəlikdəki ikilərdən xəbərdar olan
Dilarə xanımın İsmayılı tikintiyə
aparıb-aparmamasından asılı olmayaraq bu
məsələnin Arifə bildirilməsində təkid
etməsi gərginləşməni sürətləndirir. Gündəliyi ərinə verməklə satqın
kimi qəbul edilən Dilarə xanıma Qəmər
nənənin qəzəbi münaqişənin
tərəflərini üz-üzə qoysa da,
qızının ölümünə yanan anaya Arifin
bəraət qazandırması, onu İsmayılın
rəğbətini qazanacağına inandırması
mövzunun həllinə yönəlir. Xorun
sədaları altında tikintiyə yollananların fonunda
heybəsini hazırlayan İsmayılın sonra
çəpərə dırmaşaraq atasının
dalınca hökürtü ilə ağlaması, Fatmanisə
qarının "Ögey ana, ögey ana"
sözlərindən sonra anasının portreti
qarşısında diz çökərək qolundan
çıxartdığı saatı Dilarənin
üstünə atması əşyanı yeni kontekstdə
canlandırır. Xorla oxuyaraq təcrübə
sahəsində çalışan məktəblilərin
arasında fəaliyyətsiz qalan İsmayıla Dilarə
xanımın xahişi ilə hasarı rəngləmək
üçün rəng və fırçanın
verilməsi isə ideyaya doğru yolu səciyyələndirir.
Mahnının mətnində
İsmayılın tikintiyə getmədiyinə sataşan
Səmədlə əlbəyaxa olmasına müdaxilə
edən Dilarənin bir an əvvəl acıqlı halda dağlara
üz tutaraq uçqun təhlükəsi altında asma
körpüdən keçən İsmayılı
səsləməsi gözlənilən əsas
hadisələrin məkanına işarədir. Yaylağa
qalxıb dərdini, evə qayıtmamaq qərarını
çoban Ayaza danışan, ağsaqqalın oxumaq haqqında
tövsiyəsini dinləyən İsmayılın çomağı
götürüb sürünü otarması onun daxili
təbəddülatlarının səngidiyini göstərir.
Tikintidə çalışanların nahar fasiləsində
üzünü təraş edən işçinin
xanəndə Əbülfət Əliyevin səsilə: "O, körpəmin anasıdır"
mahnısını oxuması ilə yenidən strukturda
görünən Arifə ağsaqqal Hüseyn kişinin ona
"bir evə dəyməsi, uşağın
qayğısına qalması" barədə
məsləhəti problemi göz önünə qaytarır.
Qulaqlarında Arifin "Mənim ən
böyük arzum budur ki, İsmayıl səni sevsin, səni
"Ana" deyə səsləsin, sən də ona mehriban bir
ana olasan" cümləsi səslənən Dilarənin
Şövkət Ələkbərovanın səsilə
"Laylay" oxuması nəzərdən qaçmır.
İsmayılı fərsizlikdə
günahlandıran Cəmilənin yarasa ilə
cəzalandırılması personajlararası ziddiyyətin
vizual həllini verməklə Dilarənin mövqeyini
önə çəkir. Əlindən sapandı
alınıb sındırılan İsmayılın
dəftərə yazdığı "Ögey ana"
kəlmələri mövzunu və filmin adını
qabardır. Bu kəlmələri oxumaqla qəm
dəryasına qərq olan Dilarəni pəncərə
önündəki budaqların arasından seyr edən
İsmayıl tamaşaçı mövqeyinin formalaşmasına
imkan verir. Tikintidən gələn atanın baxmaq istədiyi
gündəliyi gizlədən Dilarəyə
rəğbəti yaranan İsmayılın bir əl
hərəkətilə qlobusu fırlatması
vizuallığı gerçəyə çevirir.
Yağışlı havada, gecə vaxtı gələn
Qurbanəli kişinin yaralanan Ayazın üstünə Dilarəni
bir həkim kimi aparmaq istəməsi yeni hadisəyə
keçid yaradır. Dostu Ayazdan nigaran qalan
İsmayılın "Ayaz ölür?" sualı ilə
ümid gözləməsi, Dilarə xanımın ona
təsəlli verərək Qəmər nənəyə uşaqlardan
muğayat olmağı tapşırması ziddiyyətin
tərəflərini təmsil edən personajları fabula
daxilində yaxınlaşdırır. Tufanlı
havada Qurbanəlinin köməyilə asma körpünü
çətinliklə keçən Dilarənin Ayazın
imdadına çatması, özünü yaylağa
çatdıran İsmayılın sağalan
xəstədən "Anan məni ölümdən
qurtardı" kəlmələrini eşitməsi mövzu
həllinə istiqamətlənir. Aşığın
oxuduğu "Cəlili" havasını
dinləyənlərin fonunda İsmayılın quzulara
baxması, asma körpünün ətrafında Dilarənin
çəkməsinin bir tayını evə gətirməsi
ideyanın reallaşmasına yönələn
mərhələyə çevrilir. Güzgüdəki
əksinə baxıb razılıqla gülümsəyən
Dilarənin bağdan çiçək
yığa-yığa "Mənlə danış, gül
oğlum" mətnli mahnı oxuması, hədiyyə
saatı qoluna bağlamaq istəyən İsmayılın
vaxtilə "Ögey ana" yazdığı vərəqi
cırıb atması dramaturji düyünün
açılışına istiqamət verir. Meşədəki
qaya parçası üzərində dərslərini
hazırlayan İsmayılın hələ də ona
"Ana" demədiyindən gileylənən Dilarəyə
bozaran Qəmər nənənin "İsmayıl öz
doğma anasını yaddan çıxarıb sənə ana
deməyəcək" xəbərdarlığından sonra
kamançanın həzin naləsi
altında uşağın mərhum anasının portretini
divardan çıxarıb uzun-uzadı nəzərdən
keçirməklə tərəddüdünü
göstərməsi dramaturji düyünün
açılışını maneələri dəf
etməklə həyata keçirir. Dərslərini
hazırlaması barədə Dilarə xanımın
məktubunu atasına çatdıraraq ağır texnikaya
baxıb həvəslənməklə yolçəkən
olacağını bildirən İsmayılın
partlayıcılar üçün dəliklər
açılan qayanın üstündəki pardaqlanmış
çiçəkli kolun itburnu olduğunu öyrənməsi
bu bitkinin dramaturji struktura qoşulmasını nizamlayır.
"Kəndimiz" mahnısının meşədə
gəzən İsmayılın dilindən
səslənməsi epizodu nikbin notlarla tamamlayır. Tikintidən aldığı
təəssüratı uşaqlarla bölüşən
İsmayılı "Niyə doğma atanın yanında
qalmadın, ögey anan yadına düşdü?"
sözlərilə sancan Səmədlə növbəti
qalmaqaldan sonra İsmayılın çayı
keçməkdə kömək etdiyi Cəmilənin suya
düşərək soyuqlayıb
xəstələnməsi "bacı-qardaş"
ziddiyyətinə sığal çəkməklə finala
zəmin hazırlayır. Cəmilənin
sağalması naminə həyatını
təhlükəyə ataraq qaya üzərindəki itburnu
çiçəklərini dərəndən sonra
partlayışdan huşunu itirən İsmayılı
Dilarə xanımın yenidən həyata qaytarması
analıq hissinin əyani təzahürünə çevrilir.
Və özünə gələn İsmayılın
gözlərini açaraq Dilarəyə "Ana! Anacan!"
deyərək onun boynuna sarılması ideyanın
təntənəsinə çevrilir. Beləliklə,
tarixən eyni - əsasən mənfi planda işlənmiş
ögey ana personajı yeni bədii həllini tapır. Filmin müzakirəsi zamanı
"ağlaşmanı ucuz melodramatizm sayan, uşaqlara pis
təsir göstərəcəyini" vurğulayan dramaturq
Sabit Rəhman gələcəyin aktyoru saydığı
İsmayılı - Ceyhun Mirzəyevi studiyanın tapıntısı
hesab edərək "Onun üçün məxsusi
ssenarilər yazmaq gərəkdir" fikrini səsləndirir.
Bu zəif ssenarinin istehsalata
buraxılmasının səhv olduğuna əvvəldən
diqqət çəkildiyini yada salan, Dilarə xanımın
itirdiyi, İsmayılın tapdığı çəkmələri
artıq, hasarın rənglənməsini, uşaqların
dalaşmasını qeyri-dramaturji hesab edən Hüseyn
Seyidzadə də "Oğlan tapıntıdır. O,
hiss edərək oynayır" deməklə Ceyhun Mirzəyev
üçün məxsusi ssenarilər yazılması fikrini
dəstəkləyir. Filmdə musiqinin heç də həmişə
yerində olmadığını bildirən Ədhəm
Qulubəyov isə İsmayılın bəzən mənfi
təsir bağışlamasında rejissoru
günahlandırır. Filmdəki göz yaşları
axıdılan epizodları saxlamağın
tərəfdarı olan Muxtar Dadaşov: "Mahnılar isə
həddindən artıq çoxdur. Onlara gərək yoxdur, bu
operetta deyil axı!" cümlələrini
səsləndirir. Sonda söz verilən Həbib
İsmayılov deyir: "Deyilənlərdən belə
çıxır ki, film alınmayıb, hamısını
atmaq gərəkdir. Biz yoldaşların dedikləri
barədə düşünərik, ayrı-ayrı
məsləhətlərin xeyrinə əmin olsaq,
şübhəsiz ki, nəzərə alarıq". Bundan
sonra təkcə qəbiristanlıq səhnəsini atan
rejissorun dözümü və qətiyyəti hələ
də qocalmayan, maraqla baxılan bir ekran əsərini
tamaşaçılara bəxş edir.
525-ci
qəzet.- 2008.- 20 dekabr.- S. 21.