Qocayeva A.
Əfsanəvi qəhrəman
Mixaylo xalqın qəlbindədir
Azərbaycan
xalqının tarixi qəhrəmanlıq
səhifələrində əbədi yer tutan
vətənpərvər insanlardan biri də Sovet İttifaqı
Qəhrəmanı Mehdi Hüseynzadədir. M.Hüseynzadə 1918-ci il dekabrın 22-də Bakının Novxanı kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq
Məktəbini bitirmiş,
Leninqrad (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda və Bakıda - indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır.
1941-ci ildə orduya
çağırılmış, 1942-ci ildə Tbilisidə
piyada hərbi məktəbini qurtarmışdır. Həmin ilin iyulunda Stalinqrad ətrafında gedən döyüşlərdə iştirak
etmiş, avqustda Kalaç şəhəri
yaxınlığında ağır
yaralanaraq əsir düşmüşdür. Ukrayna,
Polşa, İtaliya və keçmiş Yuqoslaviyanın hərbi əsir düşərgələrində
olmuşdur. M.Hüseynzadə
1944-cü ilin əvvəllərində
bir qrup yoldaşı ilə əsirlikdən qaçmış
və Yuqoslaviya partizanlarına qoşulmuşdur.
Partizan hərəkatının
lideri, "Mixaylo"
təxəllüsü ilə
tanınan Mehdi hitlerçilərə qarşı
mübarizədə cəsurluğu
ilə əfsanəvi
şöhrət qazanmışdır.
Məlumatların toplanmasında, düşmən
qərargahlarının, körpülərin,
hərbi eşelonların,
döyüş sursatı
anbarlarının partladılmasında,
hərbi əsirlərin
azad edilməsində fəal iştirak etmişdir. 1944-cü ilin payızında M.Hüseynzadənin
başçılığı ilə bir qrup
partizanın İtaliyanın Udine şəhərindəki
faşist həbsxanasına
hücumu nəticəsində
700 hərbi əsir, o cümlədən 147 sovet əsgər və zabiti azad edilmişdir. Mehdi keçmiş Yuqoslaviya Xalq Azadlıq Ordusu 31-ci diviziyasının qərargahı
yanında xüsusi kəşfiyyat qrupu yaratmış və onun başçısı
olmuşdur. Faşistlər
"Mixaylo"nu ələ keçirən,
yaxud öldürən
adama 400 min lirə mükafat təyin etmişdilər. Növbəti tapşırığı yerinə yetirib geri qayıdarkən faşistlərlə üz-üzə gəlmiş əfsanəvi qəhrəman
qeyri-bərabər döyüşdə xeyli
düşmən məhv
etmiş və ələ keçməmək
üçün son gülləsini özünə
vurmuşdur. Əvvəl
Vitovle, sonra isə Çepovani kəndində dəfn olunmuşdur.
Mehdi uşaqlıqdan qeyri-adi istedadı ilə çoxlarını
heyran edirdi. O, bacarıqlı üzgüçü,
istedadlı rəssam idi. Mehdinin təhsil
aldığı 19 nömrəli
məktəbin direktoru
yazıçı S.S.Axundov,
ilk müəllimi isə məşhur bəstəkar S.Rüstəmov
olmuşdur. Onda vətənə, xalqa, torpağa, millətə dərin sevgi hisslərini məhz bu böyük şəxsiyyətlər formalaşdırmışlar.
Bu gün məşhur azərbaycanlı qəhrəmanın
adını daşıyan
məktəb fəaliyyət
göstərir, bundan başqa, qəsəbə,
küçə və
bir gəmi onun adınadır.
1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə Qələbə
meydanında unudulmaz qəhrəmanın heykəli qoyulmuş, haqqında kitablar, o cümlədən tanınmış yazıçılar
H.Seyidbəyli və
İ.Qasımov onun qəhrəmanlıqlarını əks etdirən "Uzaq sahillərdə" povestini yazmış və 1957-ci ildə eyni adlı film çəkilmişdir.
Kinorejissor Tahir Əliyev
Sloveniyada olmuş, Mehdinin sevdiyi qızla və 10 nəfər
sloveniyalı döyüş yoldaşı ilə
görüşmüş, birlikdə qəhrəmanın
məzarını ziyarət etmişlər. Rejissor bu görüşün
nəticəsi olaraq
"Mixaylo" sənədli
filmini çəkmişdir.
T.Əliyev Mehdinin azərbaycanlı partizan yoldaşları Cavad Həkiminin, Cabbar Quliyevin, Mirdamət Seyidovun, Mikayıl Qulubəyovun və digərlərinin Sloveniyada
ehtiramla xatırlandığını
bildirmişdir. Nəzərə
çatdıraq ki, onların hamısı dünyalarını dəyişmişlər.
2006-cı ildə
Prezident İlham Əliyevin Sloveniyaya rəsmi səfəri
zamanı razılaşdırılmaya əsasən 2007-ci
ildə M.Hüseynzadənin abidəsi açılmışdır.
Döyüş
dostları qeyri-adi rəşadətə, çevikliyə
və zəngin biliyə malik olan mərd azərbaycanlı
partizanın həyatı, maraqlı döyüş yolu
haqqında xatirələrini həmvətənlərinə
danışmışlar. M.Hüseynzadə
dəfələrlə alman
zabiti, italyan karabineri və ya kəndlisi libasında düşmən
yuvasına girərək
lazım olan məlumatları toplamışdır.
O, bir neçə dildə yaxşı danışır, istehkamçı
işini əla bilir və avtomaşını
ustalıqla idarə edirdi.
"Mixaylo"
təxəllüsü ilə tanınan Mehdinin
şöhrəti artıq bütün partizan
birləşmələrinə yayılmışdı. O,
səmimi insan, qayğıkeş, mehriban
dost olmuşdur. Onun düşmənə endirdiyi zərbələrin
sayı-hesabı yox idi. Bütün
yoldaşları bu cəsur insanla fəxr edərdi.
M.Hüseynzadə
keçmiş Yuqoslaviyanın Qabaredo qəsəbəsində
yerləşən IX korpusun nəzdində kəşfiyyat
komandiri vəzifəsində çalışarkən daha məsuliyyətli
və hər an təhlükələrlə
üzləşən tapşırıqlar yerinə
yetirmişdir. Bu vaxtlar Mixaylo
Triyest şəhərindəki
faşist hərbi xəstəxanasını partlatmış,
Opçinodakı 270 nəfərlik
kinoteatrı yerlə-yeksan etmiş, Qoritsiya şəhərində
hərbi ləvazimatla
dolu bir maşını qaçırmışdı.
Mixaylonun adı gələndə bərk qorxuya düşən faşistlər onu hər yerdə cidd-cəhdlə axtarırdılar. Sonuncu döyüşdə axırıncı
gülləsini əsir
düşməsin deyə,
öz ürəyinə
sıxmış Mixaylonu
partizan yoldaşları
böyük ehtiramla dəfn etmişlər. Çepovani adlı bir yerdə qəhrəmanın qəbir
daşında bu sözlər həkk olunmuşdur: "Rahat
yat, Azərbaycan xalqının qəhrəmanı,
əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz
rəşadət dostlarının
qəlbində daim yaşayacaqdır".
Qəhrəmanın
xatirəsinə dəyərli töhfə olan "Uzaq
sahillərdə" bədii filmində Mixaylo rolunun
əvəzolunmaz ifaçısı, xalq artisti Nodar
Şaşıqoğlundan bu roldan sonra xalq arasında ona
münasibətin necə olduğunu soruşanda aktyor
demişdir: "Filmin şöhrəti doğrudan da,
böyük idi. Bakıda hər hansı bir restorana girməyim
kifayət idi, pulsuz-parasız qulluq göstərir, avtoqraf istəyirdilər. Yadımdadır, 1958-ci ildə
Asiya və Afrika xalqlarının kinofilmlərinin Daşkənd
festivalında filmin ilk baxışından sonra Tofiq Tağızadə
ilə küçəyə
çıxmışdıq. Bizi saysız-hesabsız tamaşaçı
qarşıladı. Bu
filmdən sonra mən tamaşaçılardan,
hətta almanlardan minlərlə məktub almışdım. Film Amerika, Polşa, Çexoslovakiya və digər ölkələrdə
uğurla nümayiş
etdirilmişdi.
"Mixaylo"dan sonra
tamaşaçılar heç bir rolumu qəbul
etmədilər. Bütün rollarımda məni yalnız Mixaylo kimi gördülər."
Bu çoxsaylı tamaşaçı məhəbbətinin
əsasında azərbaycanlı
qəhrəmanın rəşadəti,
igidliyi, vətənə,
xalqa, torpağa sədaqəti dururdu.
Onun həyat yolu indiki
və gələcək nəsillər üçün bir
örnəkdir.
M.Hüseynzadənin qəhrəmanlığı
haqqında xaricdə də çoxlu kitablar çap olunmuşdur.
Hər il dekabrın
22-də Mehdi Hüseynzadənin - partizan "Mixaylo"nun
xatirəsi ehtiramla anılır, gənc nəsil
qəhrəmanın oxuduğu Novxanı kənd orta
məktəbində tədbirlər keçirir, onun heykəli
önünə tər çiçəklər
düzürlər. Qəhrəmanlar
heç vaxt ölmürlər. Onlar öz əməlləri ilə mənsub olduqları xalqın qəlbində əbədi
yaşayırlar.
Azərbaycan.- 2008.- 23
dekabr.- S. 7.