Məhərrəmova T.

 

Həm sənətdə, həm də öz içimdə səmimi olmağa çalışıram

 

Rafiq Quliyev, operator: "Bir çox reyissor əski sovet

sistemində olduğu kimi işləməyə çalışır"

 

Rafiq Quliyev Azərbaycanda fəaliyyət göstərən çox az peşəkar kinooperatorlardan sayılır. Bir sıra bədii və sənədli filmlərin operatoru kimi tanınan R.Quliyevin filmoqrafiyasında həmçinin reyissoru, ssenari müəllifi və prodüseri olduğu filmlər də yer alıb.

Hazırda reyissor Fikrət Əliyevin "Ölüm növbəsi" filminə operator kimi "Sınaqfilm" prodüser mərkəzi tərəfindən (baş prodüser Tofiq Musayev) dəvət alan kinooperatorun sənətdə özünəməxsus prinsipləri, tələbləri var. Onun üçün ən əsası azad sənətkar olmaqdır.

 

- Bir neçə il bundan əvvəl mənimlə müsahibənizdə özünüzü kinematoqrafçı kimi itirilmiş nəslin nümayəndəsi adlandırmışdınız. Bu gün kinoya dövlət qayğısı var: filmlər çəkilir, festivallara çıxır, müəyyən uğurlar əldə olunur. Bütün bu irəliləyişləri görəndən sonra fikriniz dəyişibmi?

- Həqiqətən, o dövrdə biz kinematoqrafçılar özümüzü itirilmiş nəsil hesab edirdik. Diqqət yox idi, filmlər çox az çəkilirdi, büdcələr olduqca aşağı idi. İstənilən halda bir operator kimi müəllif, reyissor yozumunu ekranlaşdıranda özümüzü çox zəif hiss edirdik. İstədiyimiz texnologiyalar yox idi. İndi isə hər şey tam bizi qane edəcək səviyyədədir. Hər halda kinonun tərəqqisi yolunda başlanğıca start verilib. Bu, ilk növbədə filmlərin büdcələrinin artırılması, kənardan yeni, müasir texnologiyaların əldə olunması, nəhayət, müəyyən prodüser mərkəzlərinin yaradılmasında özünü göstərir. Düzdür, deyə bilmərəm ki, indi prodüser mərkəzləri tam formalaşıb. Hər halda bu prosesə start verilib. Yəqin elə vaxt gələcək ki, prodüser mərkəzlərinin özləri də dövlət büdcəsi ilə yanaşı, kənardan maliyyə vəsaiti əldə edib çoxbüdcəli filmlərin çəkilişlərini həyata keçirəcək. Biz yalnız bundan sonra müasir dövrdə əcnəbi filmlərlə rəqabətə tab gətirəcək və bazarda özünə yer edə biləcək filmlərin çəkilməsinə zəmanət verə bilərik. Artıq kino biznesə çevriləcək. Kino biznesə çevrilməyincə, onun inkişafına zəmanət vermək çətindir.

- Bir ara kino ilə bağlı arzularınızı gerçəkləşdirmək üçün Moskvaya gedib gəlirdiniz. Məqsədiniz oradakı ab-havanı, o mühiti burada yaratmaq idi. Cəhdləriniz nə qədər alındı?

- Bu cəhdlər o zaman alınmadı. Yadınızdadırsa, bir neçə reyissorun Azərbaycana gəlişi ilə bağlı dəfələrlə Moskvaya gedəsi oldum və oradakı prodüserlərlə əlaqə saxladım. Bu elə bir prosesdir ki, tam güclə işləmək üçün şərait olmalıdır. O vaxt belə bir şərait yox idi. Hazırda bu şərait yaranıb. Sizi inandırıram, nəhayət, elə bir şərait yaranıb ki, peşə məharəti səviyyəsində kimin kim olduğu çeşidlənir. Artıq yüksək səviyyəli peşəkarların, o cümlədən, Azərbaycanla bağlı olan yaradıcı insanların ölkəmizə dəvət edilib film istehsalı ilə məşğul olmasına şərait yaradılıb.

- Belə bir fikir var ki, kinoya yeniliyi yeni nəsil gətirəcək. Bu fikri də bəzi prodüser mərkəzləri daha çox özləri haqqında səsləndirirlər. Yaşlı nəslə məxsus reyissorlar bu mərkəzlərin istehsal etdiyi filmləri birmənalı qarşılamır. Bu ikili baxışa sizin münasibətiniz necədir?

- Kinooperator kimi yox, kənardan baxan bir adam kimi deyim ki, bir çox yaradıcı insanlarımız yeni istehsalat münasibətlərinə alışmayıblar. Prodüser mərkəzlərinin yaranması yaradıcı mexanizmin yeniləşməsi, dəyişməsi, yeni tələblərin irəli çıxması və bu tələblər səviyyəsində iş prosesinə hazır olmaq deməkdir. Ona görə ortalığa sual çıxır: "Hamı buna hazırdırmı?" Bir çox reyissor əski sovet sistemində olduğu kimi işləməyə çalışır. Prodüser sistemində isə hətta quruluşçu reyissordan öndə prodüser dayanır. Nəinki istehsal məhsulunun çəkilməsində, həmçinin ərsəyə gətirilməsində, sabah bazara çıxarılıb orada realizə edilməsində prodüser əməyindən çox şey asılıdır. Belə olan tərzdə təbii ki, prodüser özü ortaya tələblər qoyur. Bu, əsasən konkret maliyyə çərçivələrində istehsalatın reallaşdırılması və konkret müddət ərzində istehsalatın sona çatdırılması tələbləridir. Ancaq hamı buna hazır deyil. Həm də təkcə reyissorlarımız yox, bir sıra yaradıcı insanlar da buna hazır deyillər. Ancaq prodüser ortaya konkret tələb qoyur: bunu bir günə çəkməliyəm! İstehsalat tələblərinə hazır olmayan insanlar prodüserlər tərəfindən dəvət olunmur. Təbii seçim deyəndə, mən bunu nəzərdə tuturam. Ancaq bir yaradıcı insan kimi mənim prodüser mərkəzlərinin özlərinə də çoxlu iradım var. Mən 90-cı illərdən bəri yalnız prodüser mərkəzlərində işləmişəm. Amma çalışdığım prodüser mərkəzlərinin hamısından razı qalmamışam. Bu dövrdə dövlət xətti ilə yalnız Eldar Quliyevlə "Girov", Oqtay Mirqasımovla "Günaydın, mələyim" filmlərini çəkmişəm. Nəyə görə hal-hazırda "Sınaq film" və "Bizim kino" prodüser mərkəzləri ilə işləyirəm? Çünki filmin yüksək səviyyəli təsviri ilə məşğul ola bilən operatorun özünün müxtəlif tələbləri var. Maddi tələblərdən əlavə, bu, istehsalata tab gətirə biləcək texnologiyaların əldə olunması tələbidir.

Açığını deyim, çalışdığım hər iki prodüser mərkəzlərinə hansı tələbi irəli sürmüşəmsə, həmin şəraiti yaradıblar. Ona görə aramızda heç bir problem yoxdur. Sirr açmaram ki, bir çoxları məni problemli, "kapriz"li operator kimi tanıyır və qələmə verirlər. Mənim "kapriz"lərim yalnız istehsalat çərçivəsindədir. Mən bu çərçivədə konkret vəsait və şərait tələb edirəm. Bu gün mənə şərait yaradılır və bu məni tam qane edir. Buna görə də nə münasibətləri korlayıram, nə də əsəbiləşirəm. Gələcəkdə də təklif olarsa, belə prodüser mərkəzləri ilə işləyərəm. Elə prodüser mərkəzləri ilə də işləmişəm ki, dəvət edib, ancaq nə müqavilə bağlamaq istəyib, nə də texnika verib. Sonunda isə yüksək səviyyəli film istəyib. Biz axı sehirbaz deyilik. Biz sadəcə, əldə olan texniki vasitələrlə müəllif yozumunun ifadəçisiyik. Ona görə də bizə müəyyən texnoloyi vəsaitlər lazımdır. Prodüser mərkəzləri bu tələbləri ödəməlidir.

- Bir neçə il bundan əvvəl fəaliyyət istiqamətini dəyişərək kino lentində deyil, videoya çəkirdiniz. "Lider" televiziyasının "Azərbaycan" redaksiyasında işlədiyiniz dövrü nəzərdə tuturam. Televiziyanın ritminə uyğunlaşa bildinizmi? Ümumiyyətlə, o dövr yaradıcılığınıza nə əlavə etdi?

- Mənə elə gəlir ki, mən televiziyaya kino istehsalatı prosesinin mexanizmini gətirdim. Həmçinin televiziyada Azərbaycan kinosunun gələcək inkişafında öz potensialından istifadə edə biləcək gənclərlə tanış oldum. Onların tapılmasında, seçilməsində, püxtələşməsində müəyyən işlər gördüm və o dövrü fövtə vermədim. Peşəkar reyissor birdən-birə yaranmır. Yalnız mühazirələr eşidən reyissor istənilən halda uzun müddət istehsalat prosesində təcrübə yığmalıdır. Deyə bilmərəm ki, televiziyada işlədiyim dövr itirilmiş illərimdir. Əksinə, çox qazandım. Bir kinematoqrafçı kimi əlbəttə, itkilərim də oldu. Çünki həmin dövrdə yaradıcı insan kimi cəmi bir neçə film çəkdim. Qalan vaxtda isə gənclərə dəstək verməyə çalışdım.

- "Mən reyissor olmayan yerdə reyissoram" - bu sözləri özünüz haqqınızda demisiniz. Yenədəmi bu yanaşma tərzi ilə film çəkərsiniz?

- Bu sözləri bədii kino haqqında yox, sənədli kino üçün demişdim. Həqiqətən, əgər içimdə müəyyən hisslər olur, konkret mövzuya ürəyim yatırdısa və bilirdim ki, bunu başqa reyissor çəkə bilməyəcək, onu edirdim. Bundan sonra da bundan imtina etməyəcəyəm. Amma yenə deyirəm: bədii kinoda mənim öz sənətim var. Müəllimim Monaxovun sözləri həmişə qulağımdadır: "Mundirinin ləyaqətini qorumağı bacar. Heç vaxt birinci olmağa çalışma. Öz dəst-xəttini formalaşdırmağa çalış. Onda rahat nəfəs alacaqsan. Kiminləsə rəqabət aparma. Dünəninlə, bugününlə rəqabət apar. Bəlkə sabaha addımlaya biləsən". Bax, sədləri bu cür aşa bilmişəm. Təbii ki, hələ qarşıda görüləcək böyük işlər var. Əgər yadınızdadırsa, mən beş-altı il bədii kino çəkmədim. Sizi inandırıram ki, bu fasilədən sonra "Girov" filminə başlayanda nə qədər həyəcan keçirirdim. Yalnız bundan sonra çəkdiyim "Günaydın, mələyim" filmində özümü formada hiss etdim. Bu, normal bir prosesdir.

- Çox şeydən danışdıq, ancaq bu gün Azərbaycanda operator məktəbinin vəziyyətinə toxunmadıq. Söz düşmüşkən, köhnə nəsil operatorlar bu məktəbin bitib-tükəndiyi, yeni kinooperatorların yetişmədiyi qənaətindədirlər.

- Bizdə çox hörmətli və peşəkar bir sənətkar vardı. O, hər filmdən sonra: "Ola bilsin, bu mənim axırıncı filmimdir və ümumiyyətlə, kino daha inkişaf etməyəcək" - deyirdi. Belə bədbin insanların psixoloyi durumu aydındır. Ancaq həyat davam edir. Cəmiyyət inkişaf edir. Sadəcə, hər dövrün öz estetikası, öz tələbi var. Deməzdim ki, Azərbaycanda operator məktəbi tükənmək üzrədir. Hal-hazırda ölkəmizdə bir neçə gənc operator fəaliyyət göstərir. Onlar yavaş-yavaş formalaşır, püxtələşirlər. Sənətkar birdən-birə yetişmir. Mən illər uzunu işlədikdən sonra İncəsənət Universitetini bitirib Ümumittifaq Kinematoqrafiya İnstitutuna daxil oldum və oranı fərqlənmə ilə bitirdim. Ona qədər mən yetişmişdim, təcrübəm vardı. Sadəcə, sənətkarlıqla bağlı müəyyən cilalanma prosesinə ehtiyacım olduğundan Moskvaya getdim. Təbii ki, yeni biliklər əldə etdim. 30 yaşında qayıdan kimi bir neçə film çəkdim. Bunların arasında tarixi filmlər də vardı. İndi isə tələbələr instituta 18-20 yaşlarında daxil olurlar. Dörd il oxuyandan sonra hərbi xidmətə yollanır və qayıdandan sonra bir neçə film çəkirlər. Biz onlardan dərhal quruluşçu operator olmağı tələb etsək, haqsızlıq olar. Operatoru operator edən nə universitet, nə də dost-aşnadır. Operatoru yetişdirən reyissordur. Mən Kinematoqrafiya İnstitutunda oxuyanda diplom işimlə bərabər doqquz film çəkdim. Səkkiz filmimi çəkəndən sonra həmişə özümə sual verirdim: "Bu sənəti seçməkdə yanılmamışam ki?.." Yalnız Mixail Kosorevlə "Gənc Mixailin görüntüsü" filmini çəkəndən və bu həm ona, həm də mənə böyük uğurlar gətirəndən sonra başa düşdüm ki, bu sənəti seçməkdə yanılmamışam. Əgər bizim kinoda da ciddi, tələbkar reyissorlar yetişəcəksə, operatorlar həmişə olacaq.

- Bayaq dediniz ki, çoxları sizi problemli insan kimi qələmə verir. Onu da deyirlər ki, həyatınızın yarısı imtinalardan ibarətdir. Əgər doğrudan da belədirsə, bu imtinalarla karyeranız üçün açılan qapıları tərəddüdsüz-filansız öz əllərinizlə bağlamamısınızmı? Ya bəlkə səhv edirəm, bu xarakterlə daha çox udmusunuz?

- Mən ləyaqətimi qorumuşam. Şəxsi ləyaqətimdən danışmıram, sənət ləyaqətimi. Mundirimin ləyaqətini qorumağa çalışmışam. Heç vaxt heç kəsə imkan verməmişəm ki, sadəcə Rafiq Quliyevin yox, kinooperator sənətində çalışan Rafiq Quliyevin ləyaqətini tapdalasın. Həm sənətdə, həm də öz içimdə səmimi olmağa çalışıram. Görəndə ki, filmdən film alınmayacaq, çəkilişə başlamadan çıxıb getmişəm. Çünki bizdə belə bir yazılmamış qanun var: bir kadr çəkdinsə, axıra qədər aparmalısan. Ona görə çəkilişə başlamadan getmişəm ki, həmin filmlə istədiyimi edə, onun ifadəçisinə çevrilə bilməyəcəyimi, səmimi olmayacağımı başa düşmüşəm.

- Heç şübhəsiz, işiniz sizin üçün təkcə texniki vasitə deyil, həm də fəlsəfi mahiyyət kəsb edir. Bəlkə bu sirri özünüz açasınız.

- Ürəyimə yatan ssenarilər, yüksək peşə səviyyəsində öz yaşantılarını reallaşdırmaq istəyən səmimi reyissorla işləmək, yaşantımı təmin edə biləcək maddi vəsait və rahat yaşamaq - başqa heç nə istəmirəm.

 

Kaspi.- 2008.- 4 dekabr.- S. 11.