"Təxəllüsü Mixaylo"

 

Azərbaycan Kinematoqrafçılar İttifaqında Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 90 illiyi münasibətilə çəkilən "Təxəllüsü Mixaylo" sənədli filminin ilk nümayişi keçirilmişdir. Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi İntiqam Qasımzadədir.

Çəkilişləri Azərbaycan, Rusiya, Sloveniya, İtaliya və Avstriyada aparılan film "Salnamə" studiyasında istehsal olunmuşdur. Tədbirdə çıxış edən filmin rejissoru Tahir Əliyev kino əsərin avtobioqrafik formada olduğunu qeyd etmişdir. Onun sözlərinə görə filmdə Mehdi poetik insan kimi göstərilir. Mehdi Hüseynzadə ilə birgə partizanlıq edən Azərbaycan əsilli şəxslərdən heç kimin sağ qalmadığını bildirən rejissor deyib ki, onun Sloveniyadan olan partizan yoldaşları hələ yaşayırlar. "Uzaq sahillərdə" filmindən bizə tanış olan Anjelikanın, yəni Mehdinin sevdiyi qızın sağ olduğunu deyəndə inana bilmədik. Mehdinin Sloveniyada partizan hərəkatında iştirak edən vaxt sevdiyi qızın adı Anjeldir. O əslən sloveniyalıdır. Biz Anjel xanımla böyük təkidlərdən sonra görüşə bildik və müsahibə aldıq.

 

Bakı.- 2008.- 19-25 dekabr.- S. 3.