Təranə

 

Kinoda yenidən intibah dövrü başlayacaq

 

Əsəd Əsədov, səs operatoru: "Tamaşaçını cəlb etməyin yolları axtarılıb tapılmalıdır"

 

Əsəd Əsədov "Azərbaycanfilm" kinostudiyasının qocaman işçilərindəndir. Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirəndən sonra taleyini kinostudiyaya bağlayıb. Artıq 38 ildir ki, səs operatoru vəzifəsində çalışır. Bu sənətə gəlişi təsadüfi olsa da, indi bunu taleyin yazısı adlandırır.

Əməyinə verilən qiymətdən də narazı deyil. Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı, "Qızıl çıraq" milli mükafatçısıdır. Fəaliyyəti boyunca bir sıra fəxri fərmanlara layiq görülüb.  

- Bu sənətə gəlişim sırf təsadüf olub. Orta məktəbi Qubada bitirmişəm. Sənədlərimi Azərbaycan Neft və Kimya İnstitutuna verəndə başqa ölkələrdə oxumaq üçün də sənəd qəbul olunduğunu öyrəndim. Ali məktəblər sırasında Leninqrad Kino Mühəndisləri İnstitutunun adı diqqətimi çəkdi. Sənədlərimi verdim və qəbul olundum. Bilirdim ki, gələcəyim kino ilə bağlı olacaq. Bütün cavanlar kimi mənim də kinoya böyük həvəsim var idi. Çox maraqlı ixtisas idi və tanınmış mütəxəssislərdən dərs alaraq səs texnikası üzrə ixtisaslaşdım.

Təyinatımı "Azərbaycanfilm" kinostudiyasına verdilər. Artıq 38 ildir ki, burada çalışıram. Fəaliyyətim dublyaydan başladı. Kinoda isə səs operatoru kimi 1970-ci ilin ortalarından işləmişəm. O zaman həm keçmiş sovet respublikalarında çəkilən filmlər, həm bizdə istehsal edilən filmlər, həm də əcnəbi filmlərdən ibarət 60 filmi dublyay edib kinoteatrlarda göstərirdik. Dublyaya olduqca ciddi yanaşırdıq.

- Siz kinostudiyaya gələn vaxtlar kinomuzun ən qaynar dövrü idi. Orada çalışan məşhur insanların cərgəsinə necə qatıldınız? Sizi necə qəbul elədilər?

- Bunda mənim şəxsi keyfiyyətlərim rol oynadı. Həmişə insanlarla tez ünsiyyət yaratmaq qabiliyyətim olub. Tamamilə başqa bir mühitə düşmüşdüm. Televizorda gördüyüm insanlarla birdən-birə eyni pilləkəndə, liftdə qalxmaq, dəhlizdə rastlaşmaq çox fərəhli idi. Bir dəfə Həsən Turabovla liftdə bir yerdə qalxdıq. Həsən müəllim o vaxt "Yeddi oğul istərəm" filmində çəkilmişdi. Evə gəlib böyük fəxrlə bu hadisəni danışdım. Onda mənim 23 yaşım var idi. Sonradan iş prosesində bir-birimizi yaxından tanıdıq. Əlbəttə, işdən sonra da çay içir, söhbət edirdik.

- Deyə bilərsinizmi, 70-ci illərin kino ab-havası ilə bugünkü ab-hava nə ilə fərqlənir?

- Çox fərqlidir. O vaxt kinostudiyada mindən çox işçi var idi. İş də çox idi. İldə Moskvanın və "Qoskino"nun sifarişi ilə 8 film, 30 adda sənədli film, animasiya filmləri, "Mozalan" süyetləri çəkilirdi. 60 dublyay olunurdu. Bir sözlə, kinostudiyada həyat qaynayırdı. İndi yenə də tədricən irəliləyiş hiss olunur. Çünki kinoya dövlət qayğısı var. Dünyanın bütün ölkələrində kinoya dövlət qayğısı olmasa inkişaf olmaz. Hesab edirəm ki, kinoda yenidən intibah dövrü başlayacaq. Çünki filmlərin sayı çoxalır, yeni-yeni istedadlar üzə çıxır. Şübhəsiz ki, nəsə bir irəliləyiş olmalıdır.

- Səs operatoru kimi ilk debütünüz hansı filmdə oldu?

- 1974-cü ildə Tofiq İsmayılovun çəkdiyi "Çarvadarların izi ilə" bədii filmi ilk debütüm oldu. Görünür, bədii filmə dəvət almağımda düblyayda mənim haqqımda verilən rəy rol oynamışdı. Mən Tofiq müəllimin dəvətinə böyük məmnuniyyətlə razı oldum. O vaxtdan da bədii film çəkilişlərində işləyirəm. Bu illər ərzində 43 bədii filmdə çalışmışam. Bundan əlavə, uzun müddət "Mozalan" satirik yurnalında işləmişəm.

- Deyə bilərsinizmi, çəkilən filmin gələcək taleyi sizdən nə qədər asılıdır?

- Bunun faizini hesablamaq çətindir. Filmin sahibi reyissordur. Bütün yaradıcı heyət reyissorun dediklərini keyfiyyətli icra etməyə məcburdur. Bilavasitə reyissorun işinə xələl gətirməmək lazımdır. Əgər filmdə səs uğurlu alınmazsa, bu, ümumi filmə ziyandır.

- Dublyayda çalışmağınızla filmdə işiniz arasında hansı fərqlər vardı?

- Dublyayda yalnız danışıqları yazırdıq. Müsiqi, kənar səslər hazır gəlirdi və biz onları lentə köçürürdük. O vaxt avadanlıq müasir sayılırdı. İndi artıq həmin avadanlıq köhnəlib və kompyuter sisteminə keçilib. Bu, müasir tələbdir və kompyuterin imkanları da genişdir. İki ilə yaxındır ki, kinostudiyada köhnə avadanlıq işləmir. Səsə aid müasir avadanlıq alınıb. Bundan sonra həmin avadanlıqla işləyəcəyik.

- Bir peşəkar kimi bu gün dublyayın səviyyəsi sizi qane edirmi?

- Hazırda dublyay 5-10 il bundan əvvəlki səviyyədən bir qədər yaxşılaşıb. Çünki bu, yeni işdir. Ancaq yüksək səviyyədə deyil. Biz o vaxt hər hansı bir filmi səsləndirəndə ona olduqca çox vaxt sərf edirdik. Dublyayda Rasim Balayev, Şahmar Ələkbərov, Səməndər Rzayev, Sadıq Hüseynov, Yusif Vəliyev, Məlik Dadaşov, Amalya Pənahova, Şəfiqə Məmmədova və b. kimi görkəmli aktyorlar iştirak edirdilər. Onlar böyük usta idilər. Yəqin indikilər də nə vaxtsa həmin səviyyəyə çatacaqlar. Fikrimcə, dublyayın səviyyəsi həm də tərcümənin dəqiqliyi ilə əlaqədardır. İndi tərcümələr bir qədər səthi olunur. Bəzən danışıq dilinə, mətnə uyğun olmayan sözlər işlədilir. Buna baxmayaraq, bəzi studiyalarda yaxşı dublyaylar olunur. Ancaq elə toxunulmaz filmlər var ki, onları dublyay etmək düzgün deyil. Məsələn, "Əsgər atası" filmi elə çəkilib ki, burda gürcü aktyoru öz ləhcəsində danışır. Onu tərcümə edəndə çox mənasız səslənir. Bu baxımdan "Space" kanalı çox düzgün yol tutaraq filmləri subtitrlə səsləndirir.

- Hansı reyissorlarla işləmək sizin üçün daha maraqlı və yaddaqalan olub?

- Hər bir filmdə maraqlı bir insanla görüşürsən. Təbii ki, bunlar bir-birindən fərqlənir. Ancaq işlədiyim reyissorların hər biri ilə çalışmaq mənim üçün maraqlı olub. Onu da deyim ki, reyissorların gənc və ya yaşlı olması mənim üçün əhəmiyyət kəsb etməyib, əksinə, gənclərlə işləməyi daha çox xoşlayıram. Ümumiyyətlə, kinoda yeniləşmə olmalı, gənclər gəlməlidir. İnanıram ki, gənclər öz sözünü deyəcək. Çünki indiki görkəmli reyissorların hamısı ən yaxşı filmlərini gənc vaxtlarında çəkiblər. İndi isə peşəkarlığın hesabına çəkirlər. Gənclik yeni nəfəs, yeni üslub gətirir. Hazırda gənc reyissor Samir Kərimovla "Ziyarət" filmində işləyirəm. Bu, onun kinoda ilk debütüdür. Həmin filmdə Pərviz Ramizoğlu adlı gənc səs operatoru da çalışır.

- Şəxsən sizin üçün bədii filmdə, dublyayda, sənədli filmdə, yoxsa "Mozalan"da işləmək daha maraqlıdır?

- Elə sənədli film olub ki, çox məmnuniyyətlə işləmişəm. Məsələn, Şamil Nəcəfzadənin görkəmli şair Hüseyn Cavidə həsr olunan "Səma şairi" filmi. Eləcə də bir-birindən fərqli "Mozalan" süyetlərində həvəslə işləmişəm. Onların hər biri bir film idi. Dublyayın da öz marağı var idi. Sadəcə, bədii filmə keçəndən sonra dublyayda işləməyə vaxtım olmadı.

- Bu gün necə, işiniz yenə də çoxdurmu?

- Hələlik yox... Sonuncu dəfə Elxan Qasımovla "Biz qayıdacağıq" filmində işləmişəm. Daha sonra fasilə yaranıb. Arada "Qurani Kərim"i Azərbaycan dilində səsləndirmişik. İndi yenidən bədii filmə dəvət almışam.

- Hazırda səs operatorluğu üzrə davamçılarınız yetişirmi?

- Bizdə bu ixtisasla bağlı heç bir fakültə yoxdur. Ancaq davamçılar var.Məsələn, Teymur Abdullayev Sankt-Peterburqda qurtarıb. Bu peşə ilə məşğul olanların bəziləri yaşa dolub, bəziləri dünyasını dəyişib. Köhnələrdən qalan ancaq mənəm. Estafet mütləq olmalıdır. Bəzən məni "Öz yerinə niyə davamçı hazırlamırsan?" - deyə qınayırdılar. Sadəcə, bu işə həvəs göstərən adam olmalıdır. Həvəs göstərən isə az idi. Hazırda Pərviz Ramizoğlu adlı bi gənci yetişdirirəm. Baxmayaraq ki, mənim qurtardığım institutu bitirməyib, mənə elə gəlir ki, o, gələcəkdə yaxşı mütəxəssis olacaq. Söhbət peşəkarlıqdan gedirsə, əksəriyyəti özfəaliyyətdir. Heç bir məktəb görməyiblər, sadəcə, həvəs göstəriblər. Ancaq kinonun səsi ilə kliplərin, qısametraylı televiziya filmlərinin səslənməsi tam fərqlidir. Çünki bədii film kinoteatr üçün hesablanıb.

- Hər hansı film çəkildikdən sonra üzdə olan aktyorlar olur və reyissorun adı hallanır. Yaradıcı heyətin kölgədə qalan üzvləri sırasında siz də varsınız. Bu, hardasa sizi həvəsdən salmırmı?

- Bu, xarakterdən asılıdır. Mən heç vaxt ön planda olmağı qarşıma məqsəd qoymamışam. Populyar olmağı uşaqlıqdan sevməmişəm. Əsas odur ki, işimi çox sevirəm. Sevməsəydim, 38 il işləyə bilməzdim. İnsan sevmədiyi işlə uzun müddət məşğul ola bilməz. Düzdür, bəzən bir qədər soyuyuram, görünür, bu da yaşla əlaqədardır.

- Bəzən aktyorlar və ya filmin operatoru da film çəkmək həvəsinə düşür. Sizin belə bir arzunuz olmayıbmı?

- Cavan vaxtlarımda "Sənin istedadın var" -deyə reyissorluq kursunda oxumağı mənə təklif etmişdilər. Ancaq mən özümdə hiss eləmirdim ki, hamıdan yaxşı film çəkə bilərəm. Reyissorluq böyük sənətdir. Hətta mən buna görə çəkinmişəm. Orta səviyyəli reyissor olmağı isə istəməmişəm. Mənə görə, yaxşı səs operatoru orta səviyyəli reyissordan qat-qat yaxşıdır.

- Əlinizdə ixtiyar olsaydı, öz işinizlə bağlı kinoda nəyi dəyişərdiniz?

- Kinonun problemi tamaşaçı yoxluğu ilə bağlıdır. Adamlar kinoteatrlara getmir. Vaxt vardı, alverçilər axşam seansları üçün kinoteatrların qarşısında bilet satırdılar. İndi tamaşaçını kinoteatra qaytarmaq lazımdır. Çünki tamaşaçı olanda filmi çəkən reyissor məsuliyyət hiss edir. Mənə elə gəlir ki, indi "onsuz da tamaşaçı yoxdur" deyə bir az məsuliyyət azalıb. Tamaşaçı bir dəfə premyeraya baxır, sonra film kinoteatrlarda nümayiş olunmur və ictimai fikir yaranmır. Reyissor yaxşı və ya pis film çəkdiyini bilmir. Filmə qiyməti tamaşaçı verir. Amma yenə də nikbinəm. Prezident kinonun inkişafı ilə bağlı sərəncam verib. Yəqin ki, kinoteatrlara yiyələnən insanlar olacaq. Kino biznes növünə çevrilsə, tamaşaçılar kinoteatra qayıtsa, kino inkişaf edəcək. Bu proses artıq Rusiyada gedir. Tamaşaçını cəlb etməyin yolları axtarılıb tapılmalıdır.

 

Kaspi.- 2008.- 17 dekabr.- S. 11.