Ağaoğlu T.

 

Səsin sehri var...

 

Ötən əsrin 75-ci ilində muğam-mahnılarımızı varlığı qədər sevən, ömrünün ixtiyar çağını yaşayan Xan əmi ilə Şuşada görüşmüşdük. Söhbətləşib dediklərini, məsləhətlərini dinləmişdik. Onun bu sözlərini tez-tez xatırlayıram:

- Oğul, bizlər gəldi-gedərik. Dünya isə daimidir. Soruşuram, hanı Dirili Qurbani, Aşıq Alı, Aşıq Ələsgər, Cabbar Qaryağdıoğlu... Xalqımızın böyüklüyü ondadır ki, keçmişini unutmur, gələcəyini düşünür. Yadınızda saxlayın: Arif Babayev, İslam Rzayev, Süleyman Abdullayev çox keçməyəcək ki, milli musiqimizin korifeyləri kimi tanınacaqlar. Qədirbilən xalqımız tarix boyu sözə, sənətə qiymət verib, verəcək !..

Süleyman Abdullayev 70 il əvvəl doğma Qarabağın Qoçəhmədli kəndində dünyaya göz açıb. Doğma yurd yerlərinin həzin, təmiz havası çoxları kimi onu da təbiət gözəlliyinə sevgi üstündə muğama, musiqiyə kökləyib. Onunla ilk görüşüm 45 il əvvəl olmuşdu. Onda incə qəlbli, zərif ürəkli, həssas duyumlu bəstəkar Bəhram Nəsibov ömrünün bəxtəvər çağlarını yaşayırdı. Süleymanın səsinin vurğunu idi. İfasını eşidəndə qüvvə tapar, ruhlanardı. Ayların-illərin xoşbəxt çağları - ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrü idi. Qarabağ cənnət ömrünü, dövrünü yaşayırdı. Belə şad-xürrəm günlərin birində mərhum Bəhramla Füzuliyə doğru gedirdik. Elə bil qismət payı kimi radiodan Süleymanın səsi eşidildi. "Ya rəbb, əhd etmişəm, bəxtim üzümə gülsün..." misrası ilə oxuduğu muğam Bəhramı yerindən tərpətdi. "Belə yanğılı, dərdli-qəmli səs olar? Allahım, bu sevgidi, paydır ona vermisən?!" - dedi.

S.Abdullayevin nümunə göstəriləsi bir cəhəti var: kiminsə diqqətini çəkmək üçün, "çox sağ ol" ifadəsinə görə yox, səsini eşitdirmək üçün səhnəyə çıxır. Elə oxuyur ki, avazı yaddaşlarda qalır. O, ömrü boyu əyilməyib, sınmayıb, yaltaqlanmaq, yarınmaq olduğunu bilməyib, bəxt payını unutmayıb. Seyid Şuşinskidən qayğı görüb. A.Zeynallı adına Musiqi Texnikumunu bitirib. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əmək fəaliyyətinə başlayıb. Daha sonra təhsilə marağı onu hazırkı Azərbaycan İqtisad Universitetinə aparıb. Ali təhsilini qiyabi yolla başa vurub. Yaşının bu çağına kimi yalnız səsinə güvənib, ifaçılıq məharətinə arxalanıb.

Xalq artisti, ifaları ilə əbədi şöhrət qazanmış Əbülfət Əliyev deyərdi: "Süleymanın səsi Allah vergisidir". Süleyman Abdullayevin 70 illik yubileyi ərəfəsində görüşüb söhbətləşdik. O dedi:

- Dünyanın çox ölkəsində olmuşam, rəngarəng konsert proqramları ilə çıxışlar etmişəm. Dinindən, dilindən, irqindən asılı olmayaraq, dinləyicilər ifalarımı alqışlarla qarşılayıblar. Qol götürüb oynayanları da görmüşəm. Heç vaxt, heç zaman - həyatda, səhnədə, televiziya ekranlarında sinəmə döyüb deməmişəm ki, mən oxuyanam, müğənniyəm. Xalqımız böyük, müdrik xalqdır. Əyrini düzdən çox yaxşı seçir.

Sənətdə öz istedadın ilə tanınmalısan. Elə etməlisən ki, xalq səni sevsin. Məgər Dirili Qurbani xalq aşığı fəxri adı almışdı? Onun qiymətini xalq vermişdi. Məşhur müğənni Ağabala Abdullayev mahnı, təsnif, muğam oxuyanda səmada uçan quşlar da qanad saxlardı. Əvəzində o deməliydi ki, mənə fəxri ad verin! Lovğalıq olmasın, camaat arasına çıxanda, xeyir-şər məclislərində "Necəsən, Dədə Süleyman?" - deyə, o qədər soruşurlar ki, vallah, cavab verməyə çətinlik çəkirsən. Dövlətimiz tərəfindən gördüyüm qayğı bəsimdir. Sözə, sənətə, sənətkara daim diqqət yetirən, milli musiqimizin lazımınca qədir-qiymətini bilən, onun şərəflə yaşamasına var gücü ilə çalışan ulu öndər Heydər Əliyevin qayğısı ilə fəxri Prezident təqaüdçüsüyəm.

Son beş-altı ildə milli musiqimizə maraq, diqqət, qayğı daha da artıb. Bu xeyirxah, müqəddəs işin səbəbkarı da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva olmuşdur. Neçə-neçə muğam festivalları keçirib, gələcəyin mahir ifaçıları seçilib. Hazırda dünya ölkələrində muğamlarımızı həvəslə dinləyir, maraqla qarşılayırlar. Mehriban xanımın təşəbbüsü ilə "Qarabağ xanəndələri" fotoalbomu sənətsevərlərin istifadəsinə verilib. Məhz onun qayğısı sayəsində mən Heydər Əliyev Fondunun təqaüdünə layiq görülmüşəm. İfaçıya bundan böyük hörmət olarmı? Taleyimdən, bəxtimdən çox razıyam. Səsimi Yaradanımız verib. Onun saflığı, yaddaqalımlığı üçün çox cəfalar çəkmişəm. Bax, beləcə gəlib çatmışam ömrümün ixtiyar çağına. Yaşlı adamlar kövrək olurlar. Ömrümün bu vədəsində doğma el-obama gedə bilmirəm, ata-anamın məzarlarına həsrət qalmışam. Neyləyim, necə edim?! Allah şeytana - işğalçı düşmənə lənət eləsin!..

Əvvəllər "stansı Horadiz" adlanan, indi Füzuli rayonunun mərkəzi olan, möhtərəm Prezidentin sərəncamı ilə şəhər statusu alan Horadizə qədər gedirəm. Yox, daha irəliləmək, Qoçəhmədli kəndinə çatmaq olmurE Özümdən asılı olmayaraq, deyirəm: İlahi, məni ata-anamın, qohum-əqrəbamın uyuduğu torpağa həsrət qoyma! Ürəyində nisgil aparanın o dünyada da ruhu göynəyər...

Süleyman Abdullayevin özünəməxsus avazı, oxumaq qabiliyyəti, vurğuları, pəsti, zili var. Elə bu cəhətlərinə görə ona valeh, vurğun olanlar, sehrli səsinin ovsununa düşənlər çoxdur.

Azərbaycan.- 2008.- 16 dekabr.- S. 7.