Azərbaycan muğam sənəti İranda

 

İranda Azərbaycan xanəndələrinin iştirakı ilə muğam gecəsi keçirilib. Gecənin iştirakçıları ilk olaraq ümummilli lider Heydər Əliyevin Azərbaycanın İran səfirliyindəki büstü ziyarət ediblər. Xalq artisti Arif Babayevin rəhbərliyi ilə musiqiçilərimizin ilk konserti Təbrizdə keçirilib. Heydər Əliyev Fondunun 2007-ci il muğam müsabiqəsinin qalibləri - Ehtiram Hüseynov, Abdin Mirzəliyev Nasir Ətapuru, tarzən Əliağa Sədiyev kaman ustası Toğrul Əsədullayev müşayiət ediblər. Müşayiət qrupunda təbrizli musiqiçilər təmsil olunub. Sonra xanəndələrimiz möhtəşəm ifalarını Tehranda davam etdirib. Paytaxtın "Bəhmən" mədəniyyət evində təşkil olunan muğam gecəsinə Azərbaycanın İrandakı səfirliyi digər dövlət qurumlarının nümayəndələri qatılıb. Musiqimizin qədim köklərə malik olduğu bir daha vurğulanıb. "Azərbaycan muğamı dünya musiqisində silinməz izlər buraxan incidir. O, insan ruhuna sığal çəkən ilahi nemətdir." - deyən şair Xosrov Sərtipi zərif sənət nümunəsini belə qiymətləndirib. Beləliklə, Tehranda keçirilən muğam gecəsi tamaşaçılarını muğam musiqisinin ecazkar zirvəsində salamlayıb. Paytaxt tamaşaçıları həmyerlilərimizin ifalarını hərarətlə alqışlayıb.

 

Səs.- 2008.- 26 dekabr.- S. 12.