Dünyanı fəth edən musiqi

 

Dekabrın birinci həftəsində Brüsseldəki Zərif sənətlər sarayında İtaliya rejissorları Oskar Pittso və Quido Qarnierinin "Alkamandjati" - "Skripkaçı" tamaşası göstərilib.

İsrailli dramaturq Amira Naasın əsəri əsasında hazırlanmış bu tamaşa Avropada böyük əks-sədaya səbəb olub. Tamaşanın musiqisini həmvətənimiz, dünya miqyasında geniş şöhrət qazanmış bəstəkar Firəngiz Əlizadə yazıb. Musiqişünas mütəxəssislər tamaşanın uğurundan söhbət açaraq xüsusi qeyd ediblər ki, bu işdə səhnə əsərini müşayiət edən gözəl musiqi, onun tamaşaçıya emosional təsiri böyük rol oynayır. İki gün sonra isə Azərbaycan bəstəkarını Almaniya Kral Qəsrinin Ağ zalında alqışlayıblar. Burada Almaniyada Azərbaycan Mədəniyyəti İlinin yekun konsertində Firəngiz Əlizadə təkcə musiqinin müəllifi kimi deyil, həm də dirijor və pianoçu kimi çıxış edib. Orta əsrlər dövrünə və zəmanəmizə aid Azərbaycan musiqisinin çox maraqlı dialoqu şəklində təqdim edilən yekun konsertinin bütün layihəsi ona məxsus olub.

Almaniyada Azərbaycan Mədəniyyəti İlinin yekun akkordu olmuş "Crossings"- "Kəsişmələr" əsəri gurultulu alqışlarla qarşılanıb. Adlı-sanlı bəstəkarın bu əsəri konsertin bütün iştirakçılarının ifasında təqdim edilib.

 

Mədəniyyət.- 2008.- 13 dekabr.- S. 5.