Həmidqızı S.

 

Mən vətəndaşlıq borcumu yerinə yetirmişəm

 

Əməkdar artist Təranə Vəlizadə bugünkü "Şənbə qonağı" rubrikamızın müsafiridir. Özünün söylədiyi kimi, onun fəaliyyətinin bir neçə ili Qarabağ müharibəsi dövrünə təsadüf edib. Bəlkə də elə buna görədir ki, onun repertuarının əsas hissəsini vətənpərvərlik ruhunda olan mahnılar təşkil edir. Ən çox səfər etdiyi, konsert verdiyi məkanlar da elə cəbhə bölgələri olur. Müharibə illərində əsgərlərlə çiyin-çiyinə ən qaynar nöqtələrdə olduğunu deyən Təranə xanım, mahnıları ilə vətənə xidmət edib, əsgərlərə dayaq olduğunu söyləyir.

- Mən vətəndaşlıq borcumu yetərincə yerinə yetirmişəm. Atəşkəs başlanan günədək əynimə əsgər paltarı geyinib hərbi hissələrdə konsert vermişəm. Belə çıxışlara indi təsadüfi hallarda rast gəlmək olur. Çünki indiki müğənnilər vətənpərvərlik mövzusundan çox uzaq düşüblər. Dövlət tədbirləri olmasa, müğənnilərin vətənpərvər ifalarını eşidə bilmərik. Yadıma gəlmir ki, hansısa şou-biznes nümayəndəsi vətənpərvərlik ruhunda böyük layihə hazırlasın. Şou-biznesə qulluq edən sənətçilər indi Vətənə deyil, şou-biznesə xidmət edir. Onları ancaq öz çevrəsi, dolanışığı düşündürür. Amma başa düşmürlər ki, şou-biznes onların istedadını böyük kütləyə tanıtmaqda böyük rol oynamır. Bu mühit yalnız sənəti süniləşdirmək üçün vasitə ola bilər. Onların əksəriyyətinin repertuarı, yaradıcılıq fəaliyyəti ilə tanış olan hansısa əcnəbi heç vaxt düşünməz ki, bu dövlətin 20 faizi işğal altındadır. Müğənnilərin başı şou-biznesə elə qarışıb ki, vətənpərvərlik borclarını yaddan çıxarıblar. Hətta mətbuatdan oxuyuram ki, kişilərin çoxu əsgərlik borcunu belə yerinə yetirməyib.

- Təranə xanım, sizin dövrün müğənniləri deyirlər ki, o illərdə sənətə gəlmək çox çətin idi. Çünki müğənni olmaq istəyən gənclər korifey sənətkarların qarşısında sınaqdan keçirdilər, həmin sənətkarlar tərəfindən onlara qiymət verilirdi. Maraqlıdır, bəs gənclərin sənətə gəlməsi ailələrdə necə qarşılanırdı? Çünki o dövrün tələbləri bir qədər başqa cür idi.

- Doğrudur. O zamanlar sənətə gəlməyin özü bir tərəfdən çətin idi. Evdə valideyni razı salmaq da çətinlik yaradırdı. Atam çox ciddi adam idi. Amma bununla yanaşı, çox saf, təmiz, ağıllı, təmkinli idi. Həyatda atam qədər fəxr etdiyim və sevdiyim adam olmayıb. Belə ağır təbiətli insana necə demək olar ki, mən müğənni olmaq istəyirəm? Ona görə də yalan danışmaq məcburiyyətində qaldım. Sənədlərimi Asəf Zeynallı adına Musiqi Məktəbinə verdim, muğam sinfinə qəbul oldum. Evdə isə dedim ki, fortepiano şöbəsinə daxil olmuşam. Söylədiyim kimi, atam müğənni olmağımı istəmirdi. Düz 1 il gizli şəkildə dərslərə getdim. 2-ci kursda "Lalə" qızlar ansamblının rəhbəri Ceyran Haşımova məni dəvət etdi ki, həmin ansamblda fəaliyyət göstərim. Nə isə, bizim tez-tez konsertlərimiz olurdu. Bir dəfə konserti mən bağlamalı idim. Evdə bacılarıma tapşırdım ki, atamı qoymayın televizora baxsın. Lakin səhər atam işə gedəndə iş yoldaşları onu təbrik edib ki, qızın yaxşı oxudu. Bu sözləri başqalarından eşitmək atam üçün dəhşətli olub. Bundan əsəbiləşən atam mənə xeyir-dua vermədi. Sonralar Ceyran xanımın həyat yoldaşı, gözəl sənətkar Mirhaşım müəllim atamı yavaş-yavaş razı saldı. Tələbə ikən ailə qurdum, bir övladım oldu. Müğənni kimi də həmin illərdə məşhurlaşmağa başladım. Haradasa valideynlərimi də başa düşürəm. Çünki o vaxtlar qızın sənət arxasınca getməsinə birtəhər baxırdılar. Elə bil, insanların da psixologiyası başqa cür idi. Hamı düşünürdü ki, qız ərə getməlidir. O dövrdə elə insanlar vardı ki, qızını orta məktəbə getməyə qoymurdu.

- Həyat yoldaşınız da müğənni idi. Onunla necə tanış oldunuz?

- Biz Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyurduq, orada tanış olduq və tanışlığımız dostluğa çevrildi. Elə bil, onun sehrinə düşmüşdüm. Biz bir-birimizi tamamlayırdıq. Bizi birləşdirən çox bağlar vardı. O bilirdi ki, mən əsl dostam. 11 il birgə yaşadıq. Faciəli yol qəzası nəticəsində o, dünyasını dəyişdi. O gündən sanki, arxamdan bir dağ uçdu, yelkənsiz qayıq kimi okeanın ortasında qaldım. Gözəl insan idi, təəssüf ki, çox az yaşadı. Məni də ağrıdan budur. İndi gənclər onun oxuduğu mahnılara tez-tez müraciət edirlər, amma bir dəfə də olsun adını çəkmirlər. Ondan sonra çox çətinliklərə dözdüm. Yəqin iradəm kömək etdi. Mən həddən artıq möhkəm adamam. Əyilsəm də sınmıram. Çünki daim Allaha sığınmışam. Heç vaxt heç kimin bostanına daş atmamışam. Kiminsə əyri işini görəndə susmağı danışmaqdan daha üstün saymışam. Bu illər ərzində vicdanımı qoruyub-saxlamışam. Çünki o, pulla alınmır. Bir də, mən xoşbəxt sənətkar olmuşam, çünki çox sevilmişəm. Dünyanın çox ölkələrində musiqimizi tərənnüm etmişəm. Böyük səhnələr görmüşəm. Alqışlar, tamaşaçı sevgisi və s. Mənim gördüklərim bir ömrə sığmaz.

- Bəs, nəyə görə yenidən ailə qurmadınız? Qarşınıza ürəyinizcə olan biri çıxmadı, yoxsa?

- Yox, sadəcə olaraq, ürəyim sınmışdı. Həm də evdə qız uşağı böyüdürdüm. Qadın üçün həyat qurmaq, ərə getmək asan məsələdir, amma uşağa ata tapmaq çətindir. Düşündüm ki, heç bir kişi mənim uşağıma atalıq edə bilməz. Ona görə də, onu özüm təkbaşına böyütməyə qərar verdim və bütün sevgimi də övladıma yönəltdim. Həm də, fikirləşdim ki, bu itkidən sonra xoşbəxt olmaq daha mənim üçün çətin olar. Ümumiyyətlə, daim xoşbəxt olmaq da mümkün olan bir şey deyil. Bəzən söyləyirlər ki, mən həmişə özümü xoşbəxt hesab edirəm. Bu, düzgün yanaşma deyil, yalnız səfeh adamlar belə düşünə bilər. Çünki xoşbəxtlik yalnız anlardan ibarətdir, o, insanın həyatına ani olaraq gəlir, ancaq şirin təəssüratlarla qalır.

- Bəs problemlərinizi, sevincinizi kiminlə bölüşürsünüz?

- Qızımla. Onunla rəfiqə kimiyik. Qızım ailə qurub. O, çox ağıllıdır, mən ondan çox şey öyrənirəm. Qızım məni nənə edib. Nənə olmaq qəribə hissdir. Əsas odur ki, qızım ondan razı qalsın.

- Təranə xanım, bir az da sənət aləmində baş verənlərdən danışaq. Gənc ifaçılar arasında bəyəndikləriniz varmı?

- Bu qədər müğənni axınının içərisində, əlbəttə, yaxşı ifaçılar var. Amma onlar çox çalışmalı və savadlanmalıdırlar. Mənəm-mənəmlik xəstəliyindən uzaq olsalar yaxşıdır. Efir onları ərköyün edib. Bir-iki dəfə efirə çıxan kimi elə bilirlər ki, məşhur ulduzdurlar. Kənardakılar da onlara yad münasibət göstərəndə xətirlərinə dəyir. Elə bil tamaşaçı onları tanımağa borcludur. Amma başa düşmürlər ki, hər nəslin öz müğənnisi var. Yəni yaşlı nəslin nümayəndələri səni tanımaya bilər və sən gənc olduğun üçün yalnız gənclər tərəfindən tanına bilərsən. Eləcə də biz. Etiraf etməliyik ki, elə sənətkarlarımz var, bu sənətdə öz sözünü deyib, vaxtilə ən populyar müğənnilərdən biri olub. Amma gənclər onu tanımır. Həm də, indiki gənc müğənnilərin əksəriyyəti tamaşaçıya hörmət qoymurlar, elə sərbəst hərəkətlərə yol verirlər ki, elə bil neçə illərdir səhnədədirlər.

Gözünüzün qarşısında neçə illərdir ki, sənətdəyəm, bu gün də efirə çıxanda özümdə məsuliyyət hiss edirəm. Çalışıram, elə hərəkət edim ki, tamaşaçı onu özünə qarşı təhqir kimi qəbul etməsin. Onda sənətkarın özü də hörmətli olur. Hara gedirsənsə, sənə qarşı diqqət və hörmət nümayiş etdirirlər.

- Bəs indi meydanda at oynadan tanınmış sənətçilərdə nəyi bəyənmirsiniz?

- Onların arasında da yaxşı ifaçılar var. Amma özlərinə ad qoyanlar kənardan gülünc görünür. Elə şeyləri xoşlamıram. Belə şeylər mənə həmişə gülməli gəlir. Bəzən belələri gənclərə irad tutur, onları nədəsə günahlandırır. Amma başa düşmürlər ki, onların özlərinə irad tutmaq lazımdır ki, özünə gündə bir ad qoymasın Çünki nə də olsa, gənclər özlərinə ad qoymur.

 

Üç nöqtə.- 2008.- 13 dekabr.- S. 15.