Xaçınçaylı Q.

 

Bərdənin Üzeyiri

 

Çingiz Ağayev: "Muğam Azərbaycana məxsusdur"

 

Çingiz Ağayev uzun müddətdir Bərdə şəhər 1 saylı musiqi məktəbinin direktoru olub. Qarabağdan çıxmış məşhur musiqiçilərin, sənət adamlarının yetişməsində onun böyük xidmətləri olub.

Ç.Ağayevin ailəsini musiqiçilər ailəsi adlandırsaq, səhv etmərik. Nəvəsi Pərvaz İbrahimli "Musiqi-2005" telemüsabiqəsinin qalibləri sırasında olub. P.İbrahimli bu gün xarici ölkələrdə muğamlarımızı təbliğ edir. 14 yaşında bu yeniyetmə prezident təqaüdünə layiq görülüb. Hazırda qızı Xırda İbrahimova Bərdə rayon 2 saylı musiqi məktəbinin direktoru olmaqla atasının yolunu davam etdirir. Ç.Ağayev ömrünün bu ahıl dövründə musiqi sənətindən ayrılmır. Onu el arasında "Bərdənin Üzeyiri" adlandırırlar. Gözəl tarzən onlarca mahnı müəllifi Ç.Ağayev muğamlarımızla bağlı dedi: "Tədqiqatçılarımız yazırlar ki, hələ lap qədimdən muğam Şərq poeziyasının yol yoldaşı olub. Bu sənət Azərbaycan musiqi mədəniyyətinin, həmçinin bütün Şərq xalqlarının, o cümlədən türklərin, farsların, ərəblərin hindlilərin musiqi mədəniyyətinin inkişafında böyük rol oynayıb. Lakin mən bu sirli xəzinəyə bir bələdçi kimi çəkinmədən, ürəklə deyə bilərdim ki, muğamat ancaq ancaq Azərbaycana, azərbaycanlılara məxsusdur. Ona görə ki, sirri açılmamış bir xəzinə olan muğamat Quran musiqisidir. Məhz bu baxımdan da keçmişdə mədrəsələrdə Quranla yanaşı, muğamat da öyrədirdilər. Şəxsən mən belə hesab edirəm ki, muğamlarımız da Allah-Təala tərəfindən dünyamıza nazil olmuşdur. Allahın biz insanlara göndərdiyi əvəzsiz sərvətdir. Eyni zamanda belə bir qənaətə gəlirəm ki, Quranı Allah-Təala Ərəbistana nazil etsə , ancaq onu oxuyacaq şəxsləri yüksək səs tembrinə görə Azərbaycan xalqına verib".

Ç.Ağayev önəmli bir faktı da söylədi: "Dahi bəstəkar Üzeyir bəyə qədər bir çox xalqlar iddia edirlər ki, muğam ancaq farslara aiddir. Lakin dünyaşöhrətli bəstəkar Üzeyir bəyin 1925 - 1945-ci illər arası 20 illik müddətdə "Azərbaycan musiqisinin əsasları" adlı elmi kitabını yığıb nəşr etdirdikdən sonra o isbat etdi ki, muğam heç kimin deyil, muğam Azərbaycanındır. Elmi-nəzəri yollarla yeni səs düzümləri tetraxotları (dörd səslilər), eləcə tetraxotların bir çox birləşmələrini kəşf etməklə sübut etdi ki, muğamat ancaq əruz vəznində olduğu üçün Azərbaycana məxsusdur. Muğam musiqimiz o qədər zəngindir ki, böyük Üzeyir bəy bir daha muğam yaratdı onu əbədi yaşatdı. Yaxın Şərqin böyük dünyamızın şah əsərlərindən sayılan "Leyli Məcnun", "Koroğlu", "Əsli Kərəm", "Arşın mal alan" digər operalarımız muğama istinad olunaraq yazılıb. Məhz bu baxımdan da demək olar ki, böyük Üzeyirin operalarının "muğam operası" adlandırılması təsadüfi deyil. Ancaq təəssüflə qeyd edim ki, muğamlarımız qədimdə çox zəngin olmasına baxmayaraq, əsrlər boyu bir çox hissələri itib-batmış, yaddaşlardan silinmişdir. Vaxtilə 40 hissəyə malik olan "Şur dəsgahı"mız hazırda 16 hissədən ibarətdir. 36 hissədən ibarət "Çahargah dəsgahı"nın isə hazırda 12 hissəsi oxunur. Bu fikirləri həmçinin digər dəsgahlarımız haqqında da söyləmək olar. Hazırda Azərbaycanımızın 7 əsas muğamı əsas muğamlardan törənən 12-dən çox digər muğamları var. Bunların hamısı tədris edilir.

Muğamlarımızın indiki dövrdə dünya səviyyəsində tanıdılmasında xalqımızın birinci xanımı Mehriban Əliyevanın zəhməti əvəzsizdir. Onun təşəbbüsü ilə həyata keçirilən "Muğam televiziya müsabiqəsi" muğamlarımıza yeni həyat bəxş etməklə yanaşı, qədər istedadlı uşaqlarımızın aşkara çıxarılmasında, onların tanıdılmasında, istedadlarını nümayiş etdirmələrində ölçüyəgəlməz əhəmiyyətə malikdir. Həmin müsabiqənin qaliblərinin muğamlarımızın ustad ifaçıları biliciləri ilə rayonumuzda görüşlərinin keçirilməsi, konsertlərinin təşkili bu sahəyə marağın artırılmasında çox böyük rol oynadı".

Ç.Ağayev həmçinin vurğuladı ki, Bərdədə ilk musiqi məktəbi 1961-ci ildə açılıb: "Fortepiano, tar, kamança, qarmon şöbələri fəaliyyət göstərib. İlk müəllimi mən olmuşam. Ötən müddət ərzində isə ilk məktəbin 40-dan çox buraxılışı olub. Yüzlərcə şagird sirli-sehrli musiqi dünyamıza bələd olduqdan sonra məzun adını daşıyıb. Hazırda isə rayonumuzda 6 musiqi məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə hər il 2000-ə yaxın şagird musiqi təhsili alır. Onlarla 900-ə yaxın mütəxəssis məşğuldur. Bu illərdə bir çox nailiyyətlərimiz olub. Xalq çalğı alətləri üzrə keçirilən ümumrespublika müsabiqəsində şəhid F.Quliyev adına 2 saylı musiqi məktəbinin şagirdi Rövşən Bayramov 1-ci yeri tutdu. Digər 5 yerdən isə yenə 2 yerə həmin məktəbin şagirdləri layiq görülüblər.

"Muğam-2005" müsabiqəsinin laureatı isə Pərvaz İbrahimli olaraq prezident təqaüdünə layiq görülüb. Musiqi dünyamıza, muğamlarımıza verilən hər bir qiymət bütün musiqiçilər kimi, məni sevindirir. Muğam söz sənətinin yaşamasında, sevilərək nəsildən-nəslə çatdırılmasında Bərdəmizdə zəhməti, əməyi olanlar çoxdur. Rayonumuzun qayğıkeş, qədirbilən insanlarının təşübbüsü ilə şəhərimizin mərkəzi Nizami küçəsində Muğam evi inşa edilib. Artıq bu gözəl sarayda son tamamlama işləri görülür. Hər bir muğamsevərlər kimi, mənim qəlb evim, könül mülküm saydığım bu musiqi ocağında tezliklə balalarımız musiqi təhsili alacaq".
   
 
Həftə içi.- 2008.- 19 dekabr.- S. 6.