Xəlilzadə F.
Məlumdur ki, hələ sovet dövründən orta məktəblərdə musiqi
fənni tədris olunur. Amma təəssüf
ki, ümumtəhsil məktəblərimizin ibtidai
siniflərində bu fəndən dərs deyən müəllimlərin
əksəriyyəti ixtisaslı
mütəxəssis deyillər.
Nədənsə həmişə
bu fənnə ögey münasibət bəslənilib. Musiqi hazırlığı olmayan
ibtidai sinif müəllimlərinə bu
fənnin tədrisini tapşırmaq əslində
adi hesabı bilməyənə riyaziyyat
fənnini tədris etməyi etibar etmək deməkdir. Hər bir elmin
əsası ibtidaidən
başlanır. Bəzən
də bəhanə edilir ki, orta
məktəbdə dərs
deməyən müəllimlər
üçün musiqi
vəsaitləri kamil deyil, yaxud da
yox dərəcəsindədir.
Bəzi hallarda da bu fənn
adi "Nəğmə
dərsi" kimi keçilib.
Bəlkə də
müəyyən mənada haqlı narazılıqdır ki,
vəsait çatışmır. Bunun üçün
fono müntəxəbatlar,
elektron dərsliklər
və eyni zamanda məktəblilər
üçün dərsliklər,
iş dəftərləri
olmalıdır. Ümumtəhsil
məktəblərində musiqi
fənninə ikinci dərəcəli fənn
kimi yanlış münasibətin nəticəsidir
ki, bəzən məktəb jurnallarında bu fənnin adı "Musiqi" əvəzinə
"Musiqi və nəğmə" kimi yazılır. Mütəxəssislərlə
apardığımız sorğular
nəticəsində bir
fikir vurğulanır ki, bu çox
səhvdir. Nəğmə
və musiqi ayrı-ayrı janr deyildir. Nəğmə musiqinin janrlarından biridir.
Bu gün orta
məktəblərdə fəaliyyət göstərən
bədii-kollektivlərin də vəziyyəti
ürəkaçan deyildir. Son zamanlar
Azərbaycan bəstəkarlarının
məktəblilər üçün
müxtəlif janrlı
musiqi nümunələrini
yaratmamaları, mövcud
telekanallarda uşaq musiqisinin az səsləndirilməsi də
böyüməkdə olan
gənc nəslin estetik tərbiyəsinə
zərbə vurur.
O cümlədən orta
məktəblərdə musiqi
fənninin yenə də ibtidai sinif müəllimləri tərəfindən tədrisi
və ixtisaslı müəllimlərin sinədən
itələnməsi acınacaqlı
vəziyyət yaradır.
Son illərdə
respublikamızda yüzlərlə yeni məktəb
tikilərək, yaxud da bərpa edilərək
istifadəyə verilib. Bu tədris ocaqlarında mütləq estetik silsiləli fənnlərin
tədrisi üçün
kabinetlər yaradılmalı
idi və həmin siniflərdə musiqi alətləri, musiqi səsləndirən
vasitələr və
s. mütləq olmalıdır. Təəssüf
ki, musiqi fənnləri keçən
müəllim heç
bir vəsaiti olmayan, düzgün uyğunlaşdırılmamış siniflərdə dərs prosesini aparmağa məcbur olur.
Bəlkə də bu
gün musiqili meydanlarda baş alıb gedən bayağı,
şit musiqilərin ona görə dinləyicisi var ki, orta
məktəblərdə musiqi zövqü düzgün
formalaşdırılmır. Nəyin
pis, nəyin yaxşı olduğu məktəblilərə dərindən
izah edilmir. Bu səbəbdən də natamam musiqi zövqü olanlar eşitdiyi hər bir səsi,
gurultunu qəbul edir, dinləyir, beləliklə də bayağılığın meydanı
genişlənir. Bu gün telekanallarda, konsert salonlarında baş alıb gedən yöndəmsiz musiqi proqramlarının ayrı-ayrı zövqsüz verilişlərin
çoxalmasına bir
səbəb də gənclərdə musiqi savadının olmamasıdır.
Hamının musiqiçi
olması vacib deyildir. Amma hər kəsin öz milli musiqisindən,
sənətdən, klassikadan,
eləcə də onun tarixindən orta məktəb səviyyəsində məlumatı
mütləq olmalıdır.
Nəhayət,
müəllimlər üçün orijinal vəsait
yarandı
Bu yaxınlarda Təhsil
Nazirliyinin göstərişinə əsasən,
müəllimlər üçün "Musiqi" adlı
vəsait (Azərbaycan və rus dillərində) çapdan çıxmışdır.
Bu kitabın spesifik xüsusiyyəti ondan ibarətdir ki, hələlik birinci sinifdə "Musiqi" fənnini tədris edən müəllimlər üçün
yeni bir mənbə vardır. Qeyd etmək lazımdır ki, belə bir vəsait
ilk dəfədir ki, çap olunur. Nəhayət, musiqi tərbiyəsi sahəsində bu vaxta qədər buzlaşma əriməyə
başladı.
Vəsaitin
müəllifləri pedaqoji elmlər doktoru, professor,
bəstəkar Oqtay Rəcəbov, metodist Nərgiz
Rəcəbova, "Musiqi" müəllimi Şəhla
Quliyevadır. Vəsaitin elmi məsləhətçiləri
xalq artistləri, professorlar Firəngiz Əlizadə və Fərhad Bədəlbəylidir.
"Musiqi"
ümumtəhsil məktəblərinin I sinfində bu fənni
tədris edən müəllimlər üçün
nəzərdə tutulmuşdur. Vəsaitdə
tədris olunmuş dərs planları interaktiv dərsin quruluşu baxımından
metodik göstərişlər
kimi işlənmişdir.
Burada müxtəlif mövzulara aid illüstrasiyalardan, cədvəl
və sxemlərdən
geniş istifadə edilmişdir. Bunların nümunəsindən müəllimlər
iş vərəqələri,
paylayıcı materiallar
və s. hazırlaya bilərlər.
Vəsaitdə musiqi
lüğətinin verilməsi də çox
gərəklidir. Hər bir dərsdə musiqi haqqında qısa və aydın biliklər verilərkən mütləq
bu lüğətdən
istifadə olunacaq.
Əlbəttə,
vəsaitin ayrı-ayrı bölmələrini, məzmununu
təhlil etmək fikrində deyilik. Bizi sevindirən
odur ki, nəhayət, orta məktəbdə "Musiqi"
fənnindən dərs
deyən müəllimlər
üçün gərəkli
vəsait meydana çıxıb. İndi
bizdən asılı
olan odur ki, musiqi tədrisində
səviyyə qaldırılsın,
musiqi təlim sistemi düzgün yaradılsın. Bunun
üçün də
yeni didaktik vəsaitlər də müntəzəm surətdə
işıq üzü
görsün.
Azərbaycan.- 2008.- 17 dekabr.- S. 7.