İbrahimova S.

 

Habil Əliyev kamançasının muzeyə verilməsini vəsiyyət edib

 

"Yaxşı sənətkarların ifasını məmnuniyyətlə dinləyirəm"

 

Ötən il yubileyi qeyd olunan Xalq artisti, kamança ustadı Habil Əliyev sənətdən tamamilə uzaqlaşıb. Ömrünün ahıl çağını ailəsi, nəvələri ilə birlikdə keçirən Habil müəllim "Kaspi"yə kiçik açıqlama verdi: "Bir ilə yaxınlaşır ki, televiziya kanallarına çıxmıram, tədbirlərə getmirəm. Sənətdən demək olar ki, tamamilə uzaqlaşmışam. Bu, əvvəlcədən düşünülmüş bir addım idi. Söz verdim ki, yubileyimdən sonra səhnəyə çıxmayacağam. Evdə oturub ömrümün qalan hissəsini ailəmlə birlikdə keçirəcəyəm".

Habil müəllim kamança üçün darıxdığını etiraf etsə də, onu əlinə almayacağını qətiyyətlə söylədi: "Artıq səhnədə çıxış edəcək vəziyyətdə deyiləm. Yaş öz işini görüb. Özümü birtəhər idarə edirəm. Amma yaxşı sənətkarların ifasını eşidəndə məmnuniyyətlə dinləyirəm. Məni 81 il yaşadan həmin musiqilər olub".

Söhbətinin davamında şəxsi musiqi arxivində bu günə kimi onlarla kamança alətinin olduğunu deyən Habil Əliyev onlardan birini, Avstraliyadan gətirilmiş aləti özünə daha yaxın hiss edib. Musiqiçi bu qənaətə gəlib ki, sevimli aləti muzeydə qorunsun. Bu barədə həyat yoldaşına vəsiyyət edən Habil müəllim bunları qeyd etdi: "Həyat yoldaşıma vəsiyyət etmişəm ki, mən öləndən sonra həmin aləti muzeylərdən birinə versin və tarixin yaddaşına köçsün. Onun buna haqqı var. Çünki həmin alət mənə uzun illər xidmət edib. O, ondan əvvəl və sonra gələn kamançalardan da artıq sevilib və qorunub".

Habil Əliyev dəsti-xəttinin yaşadığını vurğulayan kaman ifaçısı bunu yetişən tələbələrdə gördüyünü dedi: "Müsahibələrimdə tələbəmin olmadığını həmişə etiraf etmişəm. Amma rəhmətlik Ədalət Vəzirovdan bu yana bir çox musiqiçi mənim dəsti-xəttimi yaşadır. Onlar mənim lent yazılarımdan bəhrələnirlər. Bununla fəxr edirəm".

 

Kaspi.- 2008.- 16 dekabr.- S. 16.