İdrisoğlu A.
Arif Məlikov reallığı
və “Məhəbbət əfsanəsi” baletinin
əfsanələri
Noyabr ayının 21
və 22 tarixlərində Azərbaycan
incəsənətində tarixi hadisə baş verdi. Dünya
şöhrətli bəstəkar SSRİ xalq artisti və
Azərbaycanın xalq artisti Arif Məlikovun Heydər Əliyev
adına sarayda "Məhəbbət əfsanəsi"
baleti nümayiş etdirildi. Mədəniyyət və incəsənət
pərəstişkarları böyük bayram sevincini
yasadılar. Bu tamaşanı Sankt-Peterburqun Akademik Marinski
Teatrı təqdim etdi.
İlk öncə onu
vurğulamaq istəyirəm ki, dünya səhnələrini
fəth edən "Məhəbbət əfsanəsi"
baleti əlli il bundan qabaq məhz ilk dəfə Marinski
Teatrının səhnəsində göstərilib. O vaxtlar
Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin
bəstəkarlıq sinfini yenicə bitirmiş Arif Məlikov
görkəmli türk şairi, dramaturqu Nazim Hikmətin
librettosu əsasında "Məhəbbət
əfsənəsi" baletini yazıb və Sankt-Peterburqun Marinski
adına Teatrına təqdim edib. Həmin vaxt istedadlı
baletmeystr Yuri Qriqoroviç bu baletə quruluş verib. Tamaşanın
rəssamı isə Simon Virsaladze olub. Həmin vaxtlar hər
üçü cavan olan bu sənətkarların birlikdə
ərsəyə gətirdikləri "Məhəbbət
əfsanəsi" baleti elə ilk premyerasından onlara
böyük şöhrət gətirib. Marinski Teatrı bu
baleti dünyanın 60-dan artıq səhnəsində
göstərib. Artıq əlli ildir ki, "Məhəbbət
əfsanəsi" baleti dünya teatrlarının
repertuarında özünə layiqli yer tutub.
İndi isə dünya
teatrsevərlərini mat qoyan, insanlara böyük
əhval-ruhiyyə gətirən "Məhəbbət
əfsanəsi" baleti haqqında. "Məhəbbət
əfsanəsi" tamaşasının dirijoru Rusiyanın
xalq artisti Boris Qruzin idi. Əsas rollarda da aktyorlar dublyorlarla
çıxış edirdilər. Əsasən də
Şirinin və Fərhadın lirik partiyalarının
ifaçıları - beynəlxalq müsabiqələr
laureatı Yekatrina Osmolkina və Yevgeni İvançenko,
beynəlxalq müsabiqələr laureatı Yevgeniya Obraztsova
və beynəlxalq müsabiqələr laureatı İqor Kolb
böyük məharətlə çıxış
etdilər. Rusiyanın xalq artisti, dövlət mükafatı
və beynəlxaq müsabiqələr laureatı Ulyana Lapatkina
və əməkdar artist, beynəlxalq mükafatlar laureatı
Viktoriya Tereşkinanın ifasında Məhmənəbanu
obrazı da çox maraqlı idi. Ehtiras və zəiflik,
sevinc və kədər, məhəbbət və nifrət
Məhmənəbanu obrazının mahiyyətini
təşkil etdiyinə görə hər iki aktrisa bu
fikirləri daha qabarıq göstərə bilirdilər. Eləcə
də vəzir - İlya Kuznetsov, Naməlum şəxs - Roman
Skripkin və başqaları da öz rollarını çox
yaxşı ifa edir, tez-tez tamaşaçı
alqışlarını qazanırdılar.
"Məhəbbət
əfsanəsi" baletinin böyüklüyü ondadır
ki, bu tamaşa məhəbbətə, onun
əbədiliyinə himn kimi səslənir və
özü-özlüyündə böyük fəlsəfi
məzmun kəsb edir.
Əsərin
qısa məzmunu belədir. Şahzadə
Məhmənəbanunun bacısı Şirin ağır
xəstədir. Şahzadə bundan çox
pəjmürdədir. Əyan-əşrəf, vəzir ona
heç bir köməklik edə bilmədiklərinə görə
çox qəmlidirlər. Bu vaxt əsgərlər bir Naməlum
şəxsi gətirirlər.
O, Şirini sağaltmağa söz verir.
Şahzadə bundan
çox sevinir və onu sağaltmaq istəyən həmin
Naməlum şəxsə bütün var-dövlətini
verməyə hazırdır. Bu Naməlum şəxsə
nəinki var-dövlət, heç şahzadənin tacı da
lazım deyil.
Məhmənəbanu
öz bacısının sağalması üçün
yalnız gözəlliyini qurban verməlidir.
Şirin
üçün tikilən sarayın rəngkarlıq
işlərini görən rəssamlar arasında Fərhad da
var. Məhmənəbanu və Şirin sarayda
görülən işlərə tamaşa etmək
üçün gələndə çox gözəl və
yaraşıqlı oğlan olan Fərhadı görürlər.
Fərhad hər iki bacının xoşuna gəlir.
Elə bu vaxt məlum
olur ki, insanlar həyat mənbəyi olan sudan korluq
çəkir.
Qarşıdakı böyük, sıldırımlı
dağın o üzündə su var. Həmin suyu bura
gətirmək isə insanların gücündə deyil.
Hər dəfə
Fərhadla rastlaşan Məhmənəbanunun da ürəyi
çox pis olur. Fərhada olan məhəbbət ona
rahatlıq vermir. Amma Şirin başa düşür ki,
onların səadətinə sarayda imkan
verməyəcəklər. Ona görə də Fərhadla
qaçmağa razı olur. Döyüşçülər Fərhad
və Şirini tutub gətirirlər. Şirin bacısına
yalvarır ki, onu Fərhaddan ayırmasın. Şahzadə
isə onları bir-birindən ayırmaq üçün
Fərhadın qarşısına həll olunması çox
müşkül olan bir məsələ qoyur. O, sıldırımlı
qayadan yol açıb, suyu bu məmləkətə
gətirməlidir. Əgər Fərhad bunu bacarsa
Şirinlə evlənə bilər.
Fərhad
gözləmədiyi ağır, hall olunması çox
çətin olan təkliflə razılaşır.
Şirinə olan məhəbbətin yolunda ona heç nə
mane ola bilmir. Şirin bacısına yalvarır ki, onlar
Fərhadın yardığı, içməli
gətirmək istədiyi dağa getsinlər. Fərhad hər
dəfə külüng vurub qayanı yardıqca insanların
da inamı artır ki, bu dağ qoçaq Fərhadın
qarşısında təslim olacaq.
Şahzadə artıq
Fərhad tərəfindən qayaların
yarıldığını, qısa bir vaxtda
məmləkətə su gələcəyini görüb,
çox pis olur. O, inanmırdı ki, Fərhad bu çətin
işin öhdəsindən gələ bilər. Ona
görə də şahzadə yeni bir hiyləyə əl
atır. Fərhada təklif edir ki, onlarla birlikdə saraya
getsin.
Fərhad artıq iki
çıxılmaz yol arasında qalır. Bir
tərəfdə su deyib imdad diləyən xalq, o biri
tərəfdə isə məhəbbəti. Fərhad başa
düşür ki, xalqın inamını qırmaq olmaz. Bunu
Şirin də başa düşür. Ona görə də
onlar ayrılırlar. Fərhad ona böyük
ümidlərlə baxan xalqla birlikdə qalır. Bisütün
dağını yarmağa başlayır.
Beləcə
"Məhəbbət Əfsanəsi" baleti qəmli, amma
insanlara böyük ümid verən sonluqla bitir. Belə ki,
insan həyatda özü üçün yox, xalqı
üçün yaşamalı və ona xidmət
etməlidir.
Arif Məlikov 55
ildən artıq yaradıcılığı
dövründə yalnız xalqına xidmət edərək,
biri-birindən maraqlı "Məhəbbət
əfsanəsi", "İki nəfər", "İki
qəlbin dastanı", "Fövqəlgözəl
Yusif", "Əlibaba və qırx quldur"
baletlərini, səkkiz simfonik əsərini, Nazim Hikmətin,
Almaz İldırımın, Tofiq Bayramın, Vaqif
Səmədoğlunun və başqa şairlərin
sözlərinə bəstələdiyi kantata və vokal
simfonik poemalarını, xalq çalğı alətləri
üçün süita və pyeslərini yazıb.
Bütün bunlardan başqa iyirmi beş kinofilmlərə
musiqilər, mahnılar yazıb. Bunlardan "Sehirli xalat",
"26 Bakı komissarları", "Ulduzlar
sönmür", "Axırıncı
aşırım", "Qərib cinlər diyarında",
"İşarəni dənizdən gözləyin"
və başqaları göstərmək olar. Eləcə
də bir sıra tamaşalara yazdığı musiqilər
bəstəkarın yaradıcılığının
çox şaxəli olduğuna bir daha sübut edur. O,
sözün həqiqi mənasında həyatını
xalqının yolunda çıraq edib. Məhz buna görə
də xalqı ən çətin məqamlarında onu sevib
və onunla həmrəy olub. Hətta böyük
bəstəkar keçən əsrin 90-cı illərində
yazdığı "Mən ittiham edirəm" kitabında
həmin vaxtlar xalqımızın başına
gətirilən müsibətləri, 20 Yanvar faciəsini,
qaçqınlarımızın,
köçkünlərimizin acı taleyini yazmaqla həmin
vaxtlar Sovetlər Birliyinin və Azərbaycanın
başında dayananları kəskin ittiham edirdi. O, bir
azərbaycanlı vətəndaş kimi xalqının dərdinə
acıyırdı. Həmin vaxtlar "Mən ittiham
edirəm" kitabını böyük bəstəkar öz
şəxsi vəsaiti hesabına çap edib pulsuz yayaraq,
dünya xalqlarını başımıza gətirilən
faciələrlə tanış edirdi. Həyatda çox
sadə insan və böyük şəxsiyyət olan Arif
Məlikov özünün 75 illik yubileyində də bunu bir
daha sübut etdi. Belə ki, böyük bəstəkar
özünün bu yubileyinin təmtəraqlı
kecirilməsinə razı olmadı. Yubileyini ailəsi və dostları
ilə kiçik bir məclisdə qeyd etdi. Budur Arif
Məlikovun həm bəstəkar, həm insan, həm
şəxsiyyət, həm professor, akademik kimi
böyüklüyü, həm də onu xalqına sevdirən.
Azad Azərbaycan.- 2008.- 7 dekabr.- S. 7.