İndi hamı ulduz olmaq həvəsindədir

Professor Ramiz Zöhrabov: "Məhəbbət mövzusunda o qədər yazırlar ki, bu hissi də ucuzlaşdırıblar"

 

Azərbaycan professional musiqisinin səviyyəsi dünyaya çoxdan məlumdur. Lakin sözügedən sahədə problemlər az deyil.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov musiqimizin çağdaş problemləriylə bağlı ittifaqın daim çalışdığını, Azərbaycan musiqisinin soraqlarının ciddi səviyyədə dünyaya təqdim edildiyini bildirdi: "SSRİ dövründə ictimai qurumlar bütün sahələrdə fəal iştirak edirdilər. O dövrdə bu cür qurumlara tələbat çox idi. Yaxşı haldır ki, bu gün sözügedən təşkilatlar fəaliyyətlərini davam etdirirlər. Bir vaxtlar bu qurumları bağlamaq istəyirdilər. Biz bəstəkarlar fikrimizi əsaslandırdıq ki, ittifaq lazımdır. Musiqi sahəsində ali təhsil almış şəxslərə xüsusilə müstəqil yaradıcılıqlarının ilkin dövründə kömək lazımdır. Sovet dövründə gənc bəstəkarlar təkmilləşmək üçün SSRİ-nin müxtəlif yerlərində olan yaradıcılıq evlərinə gedirdilər, orada əsərlərini yazırdılar. İttifaq bu əsərlərin alınmasına, köçürülməsinə, ifasına kömək edirdi. Sovet dövründə tez-tez ayrı-ayrı janrlara həsr olunmuş plenumlar, festivallar, baxışlar keçirirdik. Məhz Azərbaycan bəstəkarlıq məktəbinə daim ciddi kömək olduğu üçün bu sahədə nəzərə çarpacaq irəliləyişlər olub. Sovetlər dövründə ayrı-ayrı şəhərlərdə plenumlar, festivallar keçirilirdi, bəstəkarlarımız o tədbirlərdə iştirak edirdilər. Musiqiçilərimiz belə tədbirlərdə həmişə uğurla çıxış ediblər. Dəfələrlə Azərbaycan professional musiqisi haqqında kənar yerlərdə yüksək səviyyəli qənaətlər eşitmişəm. Vaxtilə D.Şostakoviç deyirdi ki, Azərbaycan Bəstəkarlar İttifaqında əsər səsləndirmək çox çətin işdir, çünki hər bəstəkar burada bəyəniləcəyini güman etmir. Bu gün ümidverici bəstəkarlarımız çoxdur".

Bu gün Azərbaycanda müxtəlif zövqlərin, dünyabaxışlarının toqquşması daha açıq-aydın şəkildə görünməkdə, bilinməkdədir. Sovet dövründə - qapalı sistemdə 70 illik əsarət dövrünü yaşayan Azərbaycanda müstəqillikdən sonrakı dövr sözün böyük mənasında milli-mənəvi dəyərlərə qayıdış üçün geniş imkanlar açdığı dərəcədə də digər tərəfdən bu, başqa, daha doğrusu yad, özgə təsəvvürlərin, baxışların yurdumuza ayaq açması, cövlan etməsi ilə müşahidə olundu.

Təəssüf ki, bu gün xalqın sözün böyük mənada dünyabaxışının, yaşam tərzinin formalaşdırılması yönündə ciddi iş görə biləcək əhəmiyyətli yaradıcı sahələr hələ də gərgin dövrünü yaşamaqdadır. İncəsənətin demək olar, bütün sahələri bu ya digər dərəcədə tərəddüd çaşqınlıq içindədir. Azərbaycan ruhunun ifadəsində xalq mahnılarımız əhəmiyyətli rol oynayır. R.Zöhrabov hesab edir ki, bu gün xalq mahnılarının ruhunun qorunması təkcə xanəndələrin müğənnilərin yox, hər bir soydaşımızın təəssübkeşlik əməli olmalıdır. 50-60- illərdən bəri Azərbaycan musiqisinin zənginliyini daha da artıran tanınmış bəstəkarlarımızın - Səid Rüstəmovun, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Emin Sabitoğlunun, Vasif Adıgözəlovun başqalarının yaratdığı mahnılar hər mənada bu gün insanların ürəyini ovsunlayır: "Həmin dövrdə yaranmış mahnıların sözləri olduqca mənalı idi. Amma indi mahnı yazan həm mahnının sözlərini yazır, digər tərəfdən mahnını özü oxuyur. Necə ola bilər ki, bir nəfər hər şeyi bacarsın? İnsan əgər hər şeydən bir az bacarırsa, bu, o deməkdir ki, o, böyük mənada yaradıcılığını ortaya qoya bilməyəcək". Müstəqillikdən sonra milli musiqimizin ziyan çəkdiyini deyən Ramiz Zöhrabov ittifaqdan asılı olanların həlli yönündə daim çalışdıqlarını deyir: "Əsil bəstəkar gərək bütün janrlarda yaza bilsin. Opera, balet, kantata başqa sahələrdə bizdə işlər yaxşı gedir. Amma mahnı janrı sahəsində vəziyyət hələ istənilən səviyyədə deyil. Bununla belə professionallarımız daim çalışırlar. Bizdə qələbəyə, vətənpərvərliyə çağıran mahnılar azdır. Sovet dövründə məhz bu yöndə əsərlər yazdığına görə Səid Rüstəmov SSRİ dövlət mükafatına layiq görülmüşdü. Adətən bəstəkarlara bu mükafatı iri həcmli əsərlərə görə verirdilər. Təkcə sevgi-məhəbbət şeirləri olmaz ki? Məhəbbət mövzusunda indi o qədər yazırlar ki, bu hissi ucuzlaşdırıblar. İndi belə mahnılarda daha çox "qarğış intonasiyaları" güclüdür. Bu cür mahnılar adamı daha da əsəbiləşdirir. qədər acı olsa da, gerçəklikdir ki, bu gün Qarabağımız əlimizdə yoxdur. Amma gec-tez o torpaqlarımız qaytarılacaq. Biz bəstəkarlar vətənpərvərlik mövzusunda yeni-yeni əsərlər yaratmalıyıq. Yaradıcı adamlar məsuliyyətlərini bir an da unutmamalıdılar".

Sənət daim milliliyi, bəşəriliyi ifadə etməlidir. Sənətin mayasında insanilikdən soraqlar kifayət qədərdir. Ancaq bu gün sənət adına kifayət qədər antixəlqi, antibəşəri istiqamətlər, yanlış təsəvvürlər mövcuddur. Balaca təsəvvürlər burulğanında xəlqi bəşəri istəklər bəzən heçə çıxarılır, millətlər əyləncəyə, pis mənada mücərrəd mədəniyyətə sürüklənirlər. Musiqinin mayasında ümid var. Musiqi əslində inamdan, ümiddən yoğrulub. Məhz daim insaniliyin sorağını yaymalı olan musiqi bu gün əksər hallarda eybəcər istəklərə, antixəlqi, antibəşəri maraqlara xidmətçi olmaqdadır. Ramiz Zöhrabov deyir: "Təbiidir ki, hər bir müsabiqə öz qarşısına müəyyən məqsəd qoyur. Əlbəttə, bütün müsabiqələrin hamısına bir gözlə baxmaq olmaz. Müxtəlif yönlü müsabiqələr keçirilir. Təcrübə göstərir ki, eyni mövzulu, məsələn, mahnı mövzusunda müsabiqələrin tez-tez keçirilməsi yaxşı effekt vermir. Bu, ilk növbədə onunla xarakterizə olunur ki, müsabiqələrin tez-tez keçirilməsi hər dəfə yeni talantların aşkara çıxmasına səbəb olmur. Çünki talantlı ifaçılar tez-tez meydana çıxmır. Bu səbəbdən müsabiqələr arasında müəyyən bir dövr olmalıdır. Adətən mahnı müsabiqələrində bir az səsi olan hər kəs iştirak edə bilir. Digər tərəfdən bu şəxslər çox hallarda təhsil almamış olurlar. Adətən vokalçılar belə müsabiqələrdə iştirak etmirlər. Ona görə bu müsabiqədə iştirak edənlərin çoxu həvəskarlar olur onlar belə müsabiqələrə məhz məşhurlaşmaq, "ulduz" olmaq həvəsi ilə gəlirlər. Bu cür müsabiqələrdə iştirak edənlərin istedadlı repetitorlar vasitəsilə istiqamətləndirilməsi olmur. Həvəskarlardan da hər şey tələb etmək mümkün deyil. Çünki o, həvəskardır. Amma vokalçı bilir ki, necə oxumaq lazımdır. Maraqlı cəhət burasındadır ki, həvəskarlar çox vaxtlar dəbdə olan xarici mahnılara üstünlük verirlər. Bəzən belələri əllaməlik edərək xalq mahnılarımızı istədikləri formada oxuyurlar. Belə müsabiqələrdə türk mahnılarına çox yer verilir. Tarixən Azərbaycanda bəstəkarlıq məktəbi çox güclü olub. Bizdə bu sahədə zəngin ənənə yaranmasına baxmayaraq təəssüf ki, mahnı müsabiqələrində iştirakçılar daha çox əcnəbi musiqilərə üstünlük verirlər. Şübhəsiz ki, ilk növbədə öz mahnılarımıza üstünlük verilməlidir. Müsabiqə keçirənlər unutmamalıdırlar ki, əgər söhbət "ulduzlar"ın meydana çıxarılmasından, ictimaiyyətə təqdimindən gedirsə, ilk növbədə onların milli mahnılarımızı, öz bəstəkarlarımızın əsərlərini necə ifa eləmələri əsas götürülməlidir. Həm bir böyük bəla burasındadır ki, indi hamı ulduz olmaq həvəsindədir. Heç zaman böyük korifeylərimiz olan Rəşid Behdbudova, Şövkət Ələkbərovaya, Bülbülə "ulduz" deyilməyib. Amma indiki mahnı müsabiqələrində ilk yerləri tutanlar o saat "ulduz" olurlar. Sonra da özlərindən belələri çox bədgüman olurlar. Bu cür mahnı müsabiqələrinin məqsədi estrada mahnıları üzrə "ulduzları" meydana çıxarmaqdır".

R.Zöhrabov muğam müsabiqələrinin belə mahnı müsabiqələrindən tamamilə fərqləndiyi qənaətindədir: "Muğam müsabiqələrinə ancaq professionallar dəvət olunur. Çünki burada heç zaman qeyri-professional at oynada bilməz. Söhbət ondan gedir ki, belə şəxslər professional muğam təhsili alanlardır. Üzeyir Hacıbəylinin 1925-ci ildə yaratdığı üçpilləli tədris proqramına görə muğam dərsi alacaq şəxs əvvəlcə uşaq musiqi məktəbində oxumalı, sonra orta ixtisas musiqi məktəbində təhsilini davam etdirməli, daha sonra isə ali musiqi təhsilinə yiyələnməlidir".

 

Xalq cəbhəsi.- 2008.- 6 dekabr.- S. 14.