Məhərrəmova
T.
Dağlarda
duman gözəldi
Xalqın
nəğməkar şairi Ənvər Əlibəyli öz
insanpərvərliyi ilə hamının sevimlisi idi
İ.Əbilov adına Mədəniyyət Evi ənənəsinə uyğun olaraq yenə də hamını bir araya gətirdi. Əməkdar incəsənət xadimi Ənvər Əlibəylinin xatirə gecəsinə yığışanları bu gözəl məkanda şairin həyat və yaradıcılığı, onunla bağlı maraqlı xatirələrlə tanış etdi.
Mədəniyyət evinin bədii rəhbəri Mirəhməd müəllim Ənvər Əlibəylinin xalqın nəğməkar şairi kimi sevgi qazanmasından söhbət açdı: "Uşaqlıqda eşitdiyi şirin laylalar, bayatılar onun hisslərində, beynində bir-birinə qovuşmuşdu. Anası Tükəzban xanım elə o zaman ziyarətgahları gəzən sinədəftər bir qadın olub. El məsləhəti ondan alarmış. Sonralar şair uşaqlıq illərini xatırlayanda şairliyinə görə anasını minnətdarlıqla yad edirdi".
Uşaqlıq xəyallarının arzulara çevrildiyi çağlarda Vətənin başı üstünü bir gün duman alacağını o, ağlına belə gətirməzdi. O vaxtlar gözəl bir qıza nişanlı idi gənc Ənvər. Müharibə
başlayanda Vətənin bir oğlu kimi döyüşə yollandı. 416-cı Taqanroq diviziyasından başladı döyüş yolu. Qızğın döyüşlər vaxtı sinəsini topa gərən igid zabit, döyüşdən sonra isə odlu şerləri ağ
vərəqə düzülən şair olurdu. Boranda, şaxtada, dərin səngərlərdə o, çox yatmışdı. Uzun gecələrdə soyuq küləklər
qılınc kimi iliyindən keçsə də, soyuq onu
dondura bilməmişdi. Çünki arxada ona həyat
verən Vətəni, anası, bir də sevimli
Şövkəti vardı. Quş qanadlı məktublar
uçurdu doğma elinə. Bahar növrağını
arzulayan qaranquşlar kimi o da azadlıq arzulayırdı.
Dəfələrlə ölümlə həyat arasında
qalsa da, onu ölümün əlindən alacaq Tanrının
qismətinə inamını itirməmişdi. Arabir
döyüşlər sakitləşəndə gənc zabit
qazma torpaqda, hisli-hisli közərən
çırağın işığında əlində
tutduğu şəkilə baxar, sevgisinin ilk dəmləri keçərdi
xəyalından. "Sakit illər, xoş saatlar, sevdalı
çağlar, qara gözlər, şirin sözlər,
nərmin dodaqlar... Nə gözəldi o zamanlar!.."
həsrəti qopardı könlündən. Ancaq şirin
xatirəli günlər onu alovlu döyüşlərə
çəkər, intiqama səslərdi. Düşmən
üstünə hücuma keçən zaman yeni qüvvət
alardı sevgilisinin xəyalından.
Ənvər
Əlibəyli dörd il müharibədə vuruşub
döyüşlərin birində çiynindən
ağır yaralanmışdı. Müharibədən
qayıdanda sinəsini "Qırmızı ulduz",
İkinci dərəcəli "Vətən
müharibəsi" ordenləri bəzəyirdi. Onu
Mərdəkan hospitalına gətirib müalicə
edirlər. Hospitalda ikən qələbə xəbərini
eşidir. O, müharibə əlili olsa da, nədənsə
kitabçasından heç vaxt istifadə etmirdi.
Qızı
Şəfəq xanım: "Atam xalqının musiqi
xəzinəsinə bağlı idi. Sözlərinə
yazılan mahnılar həm də ona olan dərin
məhəbbətin ifadəsi idi. O, radio və televiziyaya
rəhbərlik etdiyi bütün illər ərzində
Azərbaycan müsiqisinin inkişafına və
təbliğinə çalışmışdı. Atam
vəzifə sahibi idi, ancaq hamının qəlbində
yaxşı insan olduğuna görə yaşayır. Onu bir
dost, çətin anlarda hamıya əl tuta biləcək
xeyirxah bir insan kimi sevirdilər. O, dost yolunda
bacardığı hər şeyi etməyə, nəyi
vardısa verməyə hazır idi".
Radio və
Televiziya Komitəsində sədr işlədiyi illər indi
çoxlarının yadındadır. O, adi
kuryerlikdən sədr vəzifəsinədək
yüksəlmişdi. Ənvər Əlibəyli bütün
xüsusiyyətləri ilə hamının sevimlisi idi.
Övladları hər dəfə onun qəbri üstə - Fəxri
xiyabana gedəndə orada təzə güllər
görürlər. Onu unutmayanlar gəzintiyə
çıxanda məzarı üstə gül qoyur, ya da yasin
oxutdururlar. İş yoldaşları Ənvər
Əlibəylinin onlara qarşı çox diqqətli
olduğundan indi də danışırlar. Yaradıcı
kollektivdən fərqli olaraq, texniki işçilərə
də xüsusi qayğı göstərərdi. Novruz bayramında bank pul vermədiyindən
işçilər əməkhaqqı ala bilmədikləri
üçün o, Şövkət xanıma, Rəşid
Behbudova zəng vuraraq heç olmasa texniki
işçilərin əmək haqqını vermək
üçün borc pul istəyir. Ənvər Əlibəyli
çox qayğıkeş rəhbər və gözəl
dost olub. O, şairlə şair, bəstəkarla
bəstəkar idi. O, rəssamla rəssam kimi, reyissorla reyissor
kimi, artistlə artist kimi danışmağı bacarır,
operatorun da, diktorun da, redaktorun da işinə nüfuz edirdi.
Hamının qayğısını çəkən,
hamıya kömək edən qəlbi vardı.
Ölümündən
sonra dostlarının söylədiyi ürək
sözləri o gözəl insanı bir daha tanımağa
kömək edir. Seyfəddin Dağlı deyib ki,
"Ənvər hər şeydən çox sevdiyi insana
həqiqi dost idi. Onun şair qəlbi dostluqla əkiz
yaranmışdı. Necə də qəribə bir
ünsiyyətlə mahnını insan dostuna, insan
dostluğunu mahnıya çevirərdi. Eyni məhəbbətlə
o, iş dostluğunu şəxsi dostluğa, şəxsi
dostluğu ailə dostluğuna çevirir, ataların
dostluğunu balaların dostluğunda davam etdirirdi. Bu,
hamıya müyəssər olmayan fitri bir istedaddır.
Belə bir dostdan necə ayrılasan?"
İlyas
Əfəndiyev isə Ənvər Əlibəylini belə
dəyərləndirirdi: "Bizim xalq arasında belə bir
ifadə var: "Filankəs karlı adamdır". Yəni
bərk ayaqda ona kürək çevirmək olar. Ənvər
müharibədə igidliklə vuruşduğu kimi, dinc
günlərdə də mərdliklə
yaşayıb-yaradırdı. Onun hər sözündə
alicənablıq, mədəniyyət hiss olunurdu. Bu adam daim
təmiz duyğularla yaşayır, təmiz niyyətlə
nəfəs alırdı. Ənvər Əlibəyli
həqiqi və bütöv insan idi".
Bəxtiyar
Vahabzadə şair dostunu əsl insan etalonu adlandırıb:
"Bütün ömrüm boyu onu belə
tanımış, belə görmüş və
beləcə də sevmişəm".
-
Hamımız onun arzuları ilə sənətimizə
bağlandıq. O, bizi tərbiyə edəndə artıq
seçəcəyimiz sənətə
istiqamətləndirmişdi. Sanki ömrünün qısa
olacağından xəbəri varmış. Mən rus
məktəbində oxuyurdum. O, məni 3-cü sinifdə 190
saylı məktəbə keçirdi ki, orada fars dilini
öyrənim. Səbəbini soruşanda dedi ki, bizim klassik
irsimiz fars dili ilə əlaqədardır. İstəyirəm
ki, sən bu işlə məşğul olasan. Şərqşünaslıq
fakültəsinə daxil olmağımın
səbəbkarı da o oldu. Qardaşıma da deyirdi ki,
sənin qabiliyyətin, istedadın var, telereyissorluqda uğur
qazana bilərsən. Bacım Şəlalə çox
kiçik idi. Ona yazılarını diktə edəndə
deyərdi ki, səni yazdıra-yazdıra yurnalist
edəcəyəm. Doğrudan da bacım atamın
davamçısı oldu. Atam çox təmkinli idi.
Əsəbiləşəndə də bunu büruzə
verməzdi. Həddindən artıq yumşaqlığı
və zəhmi vardı. Bu, çox təzadlı
xüsusiyyətdir. O, çox nəvazişli idi. Onun çox
qəribə tərbiyə üsulu vardı. Atam psixoloyi
məqamları tutmağı çox gözəl
bacarırdı. Gəncliyi çox sevirdi. Gənc
bəstəkarların, gənc musiqi ifaçılarının
inkişafına kömək edir və bundan sonsuz fərəh
duyurdu.
Ənvər
Əlibəylinin həyat yoldaşı Şövkət
xanıma çox gözəl münasibəti vardı. Bu
sevgini od-alovun içərisindən keçərək
qorumuşdu. Sonralar da qədrini bilmişdi onun.
Övladlarına gözəl ana olan Şövkət
xanıma bircə dəfə də güldən ağır
söz deməmişdi. Namərd ölüm
qapısını qəfil kəsəndə
"Şövkət, səni qoydum uşaqların
əlində" iniltisi qopmuşdu köksündən.
Şövkət
xanım onunla çox gözəl və maraqlı
günlər yaşamışdı. Gözəl bir
insanın həyat yoldaşı, dostu olduğuna görə
çoxları həsəd də çəkmişdi ona.
Ancaq... xoşbəxtlik onu bir anda tərk etdi.
Əvvəlcə bu acı həqiqətə inana
bilməmişdi. İnana bilməmişdi ki, Ənvər
həyatdan həmişəlik köçür və bir daha
geri dönməyəcək. O, xatirələrin
işığına bürünüb Ənvərin
yarımçıq arzularını başa çatdırmaq
üçün övladlarını tək
böyüdərək onlara həm qayğıkeş ata,
həm də əzabkeş ana oldu. Çoxları kimi
Şövkət xanım da heyfsləndi: "Ənvərin
ömür yolu belə vaxtsız bitməsəydi, o,
hələ nə qədər gözəl
nəğmələri ilə incəsənətimizi
zənginləşdirəcəkdi. İnsanlara lazım
olduğu qədər yaşamaq istəyən şair
hələ lazım olacaqdı onlara..."
Ənvər
Əlibəyli baharı sevir, baharı duyurdu. Bahar öz
nəğməsiylə onun şerlərinə təravət,
güclü nida və ahəng verirdi. İndi də hər
gün efirdən onun sözlərinə yazılmış
mahnılar eşidilir: "Azərbaycanım",
"Sevgilim", "Dağlarda duman gözəldi",
"Zibeydə".
Budur,
Mədəniyyət evinin balaca müğənniləri də
şairin sözlərinə yazılmış
mahnıları oxuyur, şeirlərini səsləndirirlər.
Onların səsi oynaq ləpələr kimi cilvələnir,
büllur çeşmələr kimi qaynayır,
şəlalələr kimi daşır... Zala
yığışanlar isə nəfəslərini
dərmədən dinləyirlər. Bu şeirlər,
mahnılar hamını uzaq keçmişə aparır.
Xalqın qəhrəmanlıqla dolu tarixinin
səhifələrini bir-bir vərəqləyir.
Ənvər
Əlibəyli baharı sevirdi. Elə bir bahar günü
də (mayın 7-də) dünyaya vida dedi. Həmin gün
Radio günü idi. Azərbaycan Televiziya və Radio
Verilişləri Komitəsinin sədri kimi M.Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasında
keçiriləcək təntənəli gecədə
məruzə etməli idi. Ancaq... Həmin gün
dəstə-dəstə müxtəlif sənət,
peşə adamları mərhumun cənazəsi ilə
vidalaşmaq üçün gəlirdi. Bu zaman ortalığa
bir stul qoyuldu. Diktor A.Qaradağlı " Ənvər
müəllim ölümündən bir neçə gün
əvvəl vəsiyyət edib ki, Habil Əliyev onun
cənazəsi önündə "Yetim segah"
çalsın"- dedi.
Baharı sevən şair həyata da
baharda vida dedi.
Kaspi.- 2008.- 2 dekabr.- S. 11.