Paşasoy E.

 

“Sovet vaxtındakı toylara həsəd apa­rıram”


Firuz Səxavət: “SMS-li yarışmalarda reklamçılar pul qazanır, amma xalqımız da bədbəxt günə salınır
“Camaat toya istirahət eləməyə gedir, biz işləməyə”

“Qaqa, Ağdamda toydayam, Bakıya qayıdanda görüşərik”. Ötən həftə telefonuna zəng edəndə cavabı belə olmuşdu. Bu gün böyük bir hissəsi düşmən tapdağına çevrilmiş Ağdamın işğal olunmayan kəndlərində keçirilən toy məclislərində iştirakı mənəvi borc sayır müsahibimiz.

Deyir ki, toylar bəhanə olur, doğulduğu yurd yerinə yaxın obalara baş çəkəndə həm bu itkinin təsirini daha artıq hiss edir, həm də o yerlərə qayıtmaq həsrətilə alışıb-yanır. Söhbət boyu onunla başqa bir itkidən də danışdıq - onunçün ustad, xalqımız üçünsə böyük sənətkar olan Səxavətin itkisindən. Beləliklə, həmsöhbətimiz əməkdar artist Firuz Səxavətdir. Elə görüşəndə etiraf etdi ki, bir az gecikməyinin səbəbi axşam toyda olması və bu səbəbdən gec oyanmasıdır. Elə toy mövzusundan başladıq:

- Firuz bəy, özünüzü toy müğənnisi hesab edirsiniz?

- Bizim sənətimiz xanəndəlik, müğənnilikdirsə, əlbəttə, toya da gedirik, konsertə də, başqa tədbirlərə də. Nəinki ölkə daxilində, hətta xaricdə də hara dəvət eləsələr, gedirik. MDB ölkələrində də toylarda oluruq. Təbii ki, azərbaycanlılar dəvət edir. Moskvada, Permdə toyda olmuşuq. Təbii ki, bizi ora aparırlarsa, yol xərcimiz, apardığım ansamblın xərcini də ödəyirlər.

- Adətən toy qiymətləri ilə bağlı mübahisələr olur. Bəzi müğənnilər bahalı olması, bəziləri isə toylara ucuz getməsi ilə fəxr eləyir. Sizin toy qiymətləri necədir?

- (Gülür) Bizdə bu, insana baxır. Əgər bizi arzulayırsa, çalışırıq ki, gedib toyu yola verək. Yəni orda qiymətin az-çox olmasında problem yoxdur. Adam var ki, imkanlıdır, amma pul vermək istəmir. Elə adam mənə nə qədər təkid etsə, gedib o toyda oxumaram. Çünki o sənə pul vermək istəmədiyi halda, estrada müğənnisinə 5-10 min verir, di gəl sənə 5 manat verəndə canı çıxır. Elə adamın toyuna getmək düzgün deyil. Çünki onun musiqidən xəbəri yoxdur. Lakin adam da var imkansızdır, “baş üstə” deyib onun toyunda oxuyaram.

- Toylarda sizi ən çox nələr narahat edir? Yəqin ki, bütün toylarda özünüzü rahat hiss eləmirsiniz...

- Yox vallah. Deyərdim toyların cəmi 1-2 faizi mənə müsbət təsir edir. Qalan 98 faizi toy deyil, şoudur. Elə bil Rusiyada hansısa diskotekaya düşmüşük. Düşürlər ortaya, yarım saat fasiləsiz oynayırlar. Ə, nə qədər oynamaq olar? Mən oynamağın da tərəfdarıyam, oxumağın da, söz deməyin də. Amma hamısı yerində olanda gözəldir. Artıq Bakı kəndlərində də qabaqkı toylar deyil. Bununla belə, Bakı kəndlərində tar, kamança, xanəndə “trio”su oturur, müğənni oxumağa başladısa, qulaq asırlar. Mahnı bitincə xanəndəyə heç bir söz deməzlər. Ən çox da Bakı kəndlərində milli rəqslərimizin dəbdə olmağı mənə ləzzət edir. “Süleymani”, “Papaq”, “Tərəkəmə”, “Cütçü”yə oynayırlar. Əgər oynamaq istəyirsənsə, bu mahnılara oyna da. Gərək “Ay xalam qızı”na oynayasan? Bu saat şadlıq evlərində ancaq belə mahnılar çalınır. 

- Bəlkə sənət adamlarının hansısa təşəbbüslə çıxış eləməsi vəziyyətə müsbət mənada təsir göstərərdi...

- Bununla da düzələsi deyil. Zamanın özünün tələbi var. Deyirlər elə şey var ki, onu zaman həll edir. Bu saat biz elə dövrdə yaşayırıq. Kim nə qədər desə, tənqid eləsə, xeyri yoxdur. Müəyyən vaxtdan sonra vəziyyət dəyişəcək. Məsələn, 5 il qabaqkı ilə indiki arasında xeyli fərq var. Onda lap pis idi. Son muğam müsabiqələrinin keçirilməsindən, dövlətimiz tərəfindən muğamlara önəm verilməsinə başlanılandan bəri camaatın zövqündə elə bil dəyişiklik baş verib. Toyların 80 faizində yarım saat da olsa, muğama yer verirlər. Amma 5 il qabaq heç bu da yox idi. Sovetin vaxtındakı toylar indi yoxdur. Mən o toylara həsəd aparıram. Həmin illər mənim uşaqlığıma düşüb, ancaq indiyədək çox gözəl yadımdadır. Həmin illər musiqiyə tamam başqa cür yanaşırdılar. Fikirləşirəm ki, onda toyda nə qədər gözəl ənənəmiz, millətimizin musiqiyə qulas asmaq mədəniyyəti var idi. Adamlar diqqətlə qulaq asırdılar ki, görək bu hissədə xanəndə necə oxuyacaq, yaxud tar çalan necə ifa edəcək. Amma indi belə şeyə fikir verən yoxdur. Səsli oxuyana deyirlər “bu nəyə qışqırır?” İndiki oxuyanların səsi yoxdur ki. Bu gün birinci oktavanı do kökündə oxuyanların çoxu oxuya bilmir. Əksəriyyət “so”, “lya”da oxuyur. Bununla da bir çox oxuyanlarımız erməni Bokanı yamsılayır.

- Muğam oxuduğunuz yerdə kiminsə mahnını kəsib hansısa yüngül mahnılar sifariş etməsi halları olurmu?

- Əlbəttə ki, olur. Şəxsən məni toya dəvət edən adamların çoxu xalq musiqisinə üstünlük verən insanlardır. Deyək ki, toy yiyəsi köhnə musiqiyə dəyər verir. Amma şadlıq evindəki 500 qonağın içində musiqini bilməyən o qədər adam var ki. Bir də görürsən muğam oxuduğun yerdə kimsə gəlir ki, mən bir şey oynamaq istəyirəm. Məsələn, “Ay qız, keçmə burdan” kimi mahnı sifariş eləyir. Bu, həqiqətən də, ifaçıya təsir edir, ruh düşkünlüyü yaradır. Dərhal oxuduğun mahnını qurtarırsan ki, qoy oynasınlar.

- Ara mahnıları oxuyursunuzmu?

- Toyda oxuyuram. Çünki məcburam. Bizim sənətimiz xalqın istəyini nəzərə almağı tələb edir. Ancaq kim desə, mən həmin mahnıları efirdə heç vaxt oxumaram. İndi camaat toya şənlənməyə gəlirsə, onun istəyini nəzərə almaq lazımdır.

- Ötən dəfə zəng edəndə Ağdamda toyda olduğunuzu dediniz...

- Hə, Xındırıstanda toydaydım. Orda keçirdiyim hissləri sözlə ifadə etməyə çətinlik çəkirəm. Xındırıstanla bizim kəndimiz Abdal Gülablının arası 40-50 km-dir. Adamın ürəyi parçalanır ki, necə olur buracan gəldiyim halda, yarım saatlıq yolu kəndimizə gedə bilmirəm. Düşüncələr adamı çox uzaqlara aparır. Əlimizdən nə gəlir ki?.. Bizə ancaq Allaha dua etmək, xalqımızda təpər arzulamaq qalır. Hər halda adam çox məyus olur. Öz torpağında didərgin düşmək çox ağırdır.

- Bilirik ki, siz həm də bir qardaş kimi rəhmətlik Səxavətin yoxluğu yükünü daşıyırsınız. Necə keçdi bu illər?

- 1991-ci il sentyabrın 30-da Lökbatanın yaxınlığında qəzaya düşmüşdü. Səxavət mənə dərs deməsə də, həyatda müəllimim olub. Gözümü açanda Səxavəti görmüşəm. Səxavət mənim idealımdır, hər şeyimdir. Bəlkə elə buna görədir ki, ağzımı açıb bir mahnı ifa edəndə deyirlər Səxavət kimi oxuyur. Bu, bir tərəfdən irsən olan şeydir, digər yandan içimdən gələn oxudur. Bu da Səxavətin yoludur. Təbii ki, Səxavətsiz çox çətindir. Yaxın dostları o vaxt mənə məsləhət gördülər ki, Səxavətin adını götür. Bu, Səxavətin adını yaşatmaq mənasını vermir. Səxavət bir sənətkar idi ki, yaşadığı dövrdə özünü tarixə salıb. Amma oxuduğum zaman Səxavətin adının tez-tez çəkilməsinin özü mənimçün təsəllidir. Bu baxımdan düşündüm, gördüm düz deyirlər. Qoy Səxavətin adı daha çox səslənsin. Hər mənim ifam zamanı onun da adı çəkilsin.

- Övladlarından daha çox uşaq verilişlərinin aparıcısı kimi tanıdığımız Bəxtiyarı tanıyırdıq...

- Səxavətin dörd övladı var, üç oğul, bir qız. Böyüyü Sədaqət artıq ailəlidir. Bəxtiyar istedadlı uşaq idi, gözəl verilişlər aparırdı. Sonradan fikrini dəyişib başqa yol seçdi. Universitetdə beynəlxalq əlaqələr fakültəsini bitirdi. Bundan sonra İngiltərədə magistraturanı qurtardı. İndi də Xarici İşlər Nazirliyində işləyir.

- Öz övladlarınızın səsi varmı?

- İki qızım var. Balacasının musiqi duyumu var. Hərdən baxıram ki, səsi gəlir, notları, musiqini duyur. Amma hələ uşaqdırlar.

- Bəs dərs dediyiniz tələbələr arasında fəxrlə adını çəkə biləcəyiniz şagirdlər necə?

- Mən Milli Konservatoriyada iki ildir dərs deyirəm. Bir tələbəm var, Məmməd adında. Eyni zamanda gimnaziyada da dərs deyirəm. Orda da Qəbələdən Mustafa adında tələbəm var idi, keçən il bitirdi. Yaxşı səsi var, elə bil Qədir Rüstəmovun səsidir. Mən inanıram ki, onlar yaxşı ifaçı olacaq. Gərək tələbədə istedad olsun. İstedad olmasa, müəllim onun yerinə oxumayacaq ki. Müəllim, sadəcə, istiqamət verə bilər. Bu gün başda mənim müəllimim Arif müəllim (Xalq artisti Arif Babayev-E.P.) olmaqla Ağaxan müəllim, Qəzənfər müəllim, Mənsum müəllim, Cabir müəllim, Zabit müəllim həm Asəf Zeynallıda, həm də Milli Konservatoriyada dərs deyir. Yaxşı tələbələrin hər biri Asəf Zeynallını bitirəndən sonra Milli Konservatoriyaya gedir. O baxımdan bizlərə hələ yaxşı tələbələr gəlib çıxmır. (Gülür)

- Efirə baxırsan gənclərin böyük bir qismi meyxana yarışlarına, digər hissəsi ulduz müsabiqələrinə qatılıb. SMS-li müsabiqələrə necə baxırsınız?

- Burda reklamçılar, sponsorlar pul qazanır. Amma xalqımızı da bədbəxt günə salırlar. “Yeni ulduz” yarışması var ha...Bilmirəm 7-ci, ya 8-cidir keçirilir. Başa düşmürəm, bunlar elə bil inqubator cücəsi buraxırlar, bununla nə demək istəyirlər? Hər mikrafon götürən cavanları başdan eləyir. Başqaları da deyir hamı oxuyursa, gedim mən də oxuyum. Ordan çıxan hər kəs də tökülür restoranlara ki, mən oxuyanam. Camaatı da çaşdırırlar, özləri də çaşır, üstəlik də millətimizin zövqünü, ənənəsini korlayırlar.

- Sizin əməkdar artist olmağınızda kimin rolu oldu?

- Allah rəhmət eləsin Ramiz Mirzəyevə, “Azərneftyağ” zavodunun keçmiş direktoruna. Sənətə, sənətkara çox qiymət verən insan idi. O öz hesabına zavodda ansambl yaratmışdı, indiyədək də fəaliyyət göstərir. Hardasa 70-80 nəfər orda işləyir. Bütün yaxşı oxuyanları işə götürmüşdü. İndiyədək həmin sənətkarlar orda işləyib maaş alırlar. Biz istənilən tədbirlərdə, neftçi günlərində, dövlət tədbirlərində gedib konsert verirdik, maaşımızı da alırdıq. Mənlə Könül Xasıyevanın əməkdar artist adı ilə bağlı təqdimatı da Ramiz müəllim verdi. Bundan sonra bizə ad verdilər. Yadınızdadırsa, Arif müəllim başda olmaqla biz birgə “Rast”, “Şur”, “Zabul”, “Çahargah” muğamlarını ifa edirdik. Məşqlər üçün yerin arendasını Ramiz müəllim özü ödəyirdi. İndi elə adam hanı? Muğamlarımızın iki-üçü qaldı, ondan sonra bu işi davam etdirə bilmədik. 

- Asudə vaxtınızda qulaq asdığınız sənətkarlardan kimlər var? Özünüzü dinləyirsiniz?

- Özümə hərdənbir qulaq asıram, sadəcə, harada səhv elədiyimi bilməkdən ötrü. Amma mən ancaq köhnə sənətkarlarımıza qulaq asıram. Bu saat maşında Əbülfət Əliyev, Seyid, Rübabə, Şövkətin kasetləridir. Səxavətin kasetlərinin hamısı var. Yəni mən indiki musiqidən zövq ala bilmirəm. Mən demirəm ki, belə musiqiçiyəm. Nə bacarıramsa, onu edirəm. Amma xalq musiqisi stilində çalışıram, həmin boğazları eləməyə səy göstərirəm. O baxımdan yüngül musiqiyə qulaq asa bilmirəm. Çünki mənim ruhum, qanım o deyil. Amma Əbülfətə qulaq asanda dincəlirəm. Deyirəm Allah rəhmət eləsin, insan necə oxuyarmış. Adicə muğamlarımızın arasında gedən rənglər - çalğılar var e, onlara qulaq asırsan, heyrətlənirsən. Deyirsən, bəh-bəh, musiqimiz onda inkişaf edibmiş, indi yox. İndi improvizə adı ilə musiqimizi zay eləyib qoyurlar ortaya. Olmaz. Musiqi əndazədən çıxanda onun tamam dadı-duzu itir.

- İstirahətinizi necə qurursunuz?

- Camaat toya istirahət eləməyə gedir, biz işləməyə. İstirahəti ancaq toydan sonra edirik. Bu zaman da istirahətimi müxtəlif şəkildə qurmağa çalışıram. Mən idman növlərinin çoxuna həvəskaram. Şahmat, nərd oyunundan tutmuş, voleybol, futbola qədər. Həftədə bir dəfə dostlarla futbol oynayıram, nərd heç, onu hər gün oynayırıq. Şahmatı hərdənbir oynayıram. At minməyi çox xoşlayıram. Yayda tez-tez cıdıra gedirəm. Qışda 10 gündən, iki həftədən bir gedirəm. Ən sevdiyim şeydir. Hərdən də uşaqları şəhərə çıxarıb gəzdirirəm.

Elə bu yerdə xatırladıram ki, deyəsən, istirahət qrafikini pozmuşuq. Cavabında dedi ki, eyb eləməz: “Burdan gedib bir az nərd oynayacağam. Sonra da evə gedəcəyəm. Evdə ustalar işləyir, baxacam görüm nəyi nə təhər eləyirlər. Hərdən məişət məsələlərinə də vaxt ayırırıq axı”.
Bax belə. Yoxsa çoxları elə zənn edir ki, toy-büsatda, efirdə, el şənliklərində gördüyümüz sənətkarların əlindən yalnız oxumaq gəlir...

 

Yeni Müsavat.- 2008.- 1 dekabr.- S. 5.