Rəhmanlı Ə.
Musiqi mədəniyyətimizin yeni uğuru
Ölkəmizin musiqi
həyatında daha bir maraqlı hadisə baş verdi:
Alman-Azərbaycan Mədəniyyət Birliyinin (Kapellhaus) konsert
salonunda respublikanın xalq artisti, professor,
"Şöhrət" ordenli bəstəkar Tofiq
Bakıxanovun qarmon ilə fortepiano üçün
əsərləri ifa edildi. İfaçılar
respublikanın əməkdar artisti, Mədəniyyət və
İncəsənət Universitetinin dosenti, qarmon
ifaçısı Zakir Mirzəyev və Bakı Musiqi
Akademiyasının dosenti, fortepiano ifaçısı
Kəmalə Mirbabayeva idi. Tamaşaçılar
tanınmış ziyalılar, məşhur
musiqiçilər, Milli Konservatoriyanın,
Mədəniyyət və İncəsənət Universitetinin
professor və müəllim heyəti, Musiqi Kollecinin
müəllimləri, tələbələri, Təbrizdən
və Tehrandan gələn qonaqlar idi.
Konsert Zakir Mirzəyevin 65 illik yubileyinə həsr
olunmuşdu.
Məhsuldar və
uğurlu yaradıcılıq yolu keçən Tofiq
Bakıxanovla Zakir Mirzəyevin yaradıcılıq
əlaqələri zəngin bəhrəsini verdi. Kəmalə
Mirbabayevanın fortepiano müşayiəti qarmonun ecaskar
səsiylə həmahənglik, gözəl bir uyğunluq
yaradaraq bəstəkarın əsərlərindəki saf
duyğuların tamaşaçıya
çatdırılmasında mühüm rol oynayırdı.
Şair Müslüm Mahir Hikmət dedi:
- Millilikdən
kənarda əsl mədəniyyət olmur. Əsl
mədəniyyət, mədəni irs xalqın
yaddaşından gələn varislikdir. Azərbaycan musiqi
tarixində ilk dəfə idi ki, iki bölmədən
ibarət "solo-konsert"də qarmon ifa olundu. Həm də
proqrama yeni əsərlər daxil edilmişdi. Misal olaraq
"Segahsayağı" adlanan əsərin adını
çəkə bilərik. Bu əsərin təqdimində
Zakir yüksək peşəkarlıq göstərərək
özünəməxsus ifa tərzini təqdim edib, bədii
boyalarla, emosionallıqla daxili sevgini "Segahın"ın
fəlsəfi anlamına vararaq tamaşaçıya
çatdırdı.
Proqramda lirik
əsərlərlə bərabər texniki cəhətdən
mürəkkəb əsərlər də yer
almışdı. "Sevgilim" adlanan caz
sayağı musiqi tamaşaçılarda xoş ovqat
yaratdı, alqışlarla qarşılandı. Zakir
müəllim bütün əsərləri, o
cümlədən "Sevgilim"i ifa edərkən bir daha
göstərdi ki, o, geniş diapozonlu, həssas musiqi duyumlu,
yüksək ifaçılıq mədəniyyətinə
malik musiqiçidir.
T.Bakıxanovun "Salam
olsun" adlı muğam-poeması olduqca maraqlı və
təsirli əsərdir. Bu musiqi ilk dəfə idi ki,
məhz Zakir Mirzəyev tərəfindən ifa edildi.
Eləcə də "Xatirə-Konsert" də ilk
dəfə açıq konsertdə səslənirdi. Konsert
boyunca bir-birindən gözəl əsərləri ifa edən
ustad qarmon ifaçımız "Yadıma
düşdü" mahnısını
səsləndirəndə qəlbləri riqqətə
gətirdi, könülləri oxşadı. Mahnının
arasında çalınan "Dilkəş" muğamı
və onun bir şöbəsi olan "Kürdü"
qarmonun zəngin çalarları, Zakirin ürək
çırpıntıları ilə bir özgə aləm
yaradaraq ifa olunan əsəri daha da
zənginləşdirərək oradakı fikirləri
tamamladı.
Konsert ərzində
bütün tamaşaçıların diqqəti
səhnədə, Zakirdə və onun qarmonunda idi. Səsgücləndirici
aparatlarsız qarmon və fortepiano öz təbii səsilə
necə də gözəl səslənirdi.
Bəstəkarın "Xəzər balladası"
baletindən "Fəvvarələr rəqsi"ni qarmon
ustası çox böyük bacarıq və
məharətlə ifa etdi. Bu ifada əsl ifaçılıq
qabiliyyəti və çox yüksək peşəkarlıq
var idi. "Gözəlliklər məskəni" və
"Yaylaqların mahnısı" şən ovqatda, oynaq ritmlər
əsasında yazıldığından konsertə şuxluq
gətirdi.
Zakir Mirzəyev bu
solo-konserti ilə 65 yaşında da yüksək enerji, pafos,
emosional təsir və ən zəngin çalarlarla
sənət göstərərək bir də sübuta yetirdi
ki, o, qarmonda yüksək ifaçılıq
sənətinə öz möhürünü vurub. Qarmon
sənəti Zakirin misilsiz xidmətlərindən qidalanır,
nəfəs alır və inkişaf edir. Bir zamanlar xalq
havalarını, rəqs musiqilərimizi ifa edən qarmon
artıq bütün klassik muğamlarımızı,
müxtəlif janrlı musiqiləri və ən zəngin
bəstəkar əsərlərini ifa edə biləcək
səviyyəyə gəlib. Bu böyük uğur məhz
Z.Mirzəyev kimi sənətkarlarımızın
sayəsində qazanılmışdır.
"Kapellhaus"da
keçirilən belə konsert artıq möhtəşəm
saraylarda, geniş mədəniyyət ocaqlarında da
təşkil olunmalıdır. Çünki, haqqında
söhbət açdığımız konsertin olduqca
böyük uğuru bizə bunu deməyə əsas verir.
Tofiq Bakıxanov, Zakir Mirzəyev və Kəmalə xanım
Mirbabayevaya yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq.
Azərbaycan.- 2008.- 7 dekabr.- S. 16.