Rzalı R.
Beşik nəğməmiz qədər doğma,
əziz CÜCƏLƏRİM
60 ildir ki,
azərbaycanlı körpələrin dilində "cip-cip
cippildəşən" tükü ipək
"Cücələrim"ə millətindən,
dilindən, dinindən, irqindən asılı olmayaraq
dünyanın bir çox xalqlarının
körpələri də səs verib, öz dillərində
bu gözəl, sevimli uşaq mahnısını ifa edirlər.
"Cücələrim" artıq bir xalqa aid uşaq
mahnısı anlayışından çıxaraq
beynəlmiləlləşib, bəşəriləşib.
Ecazkar ifa tərzi, sadəliyi, aydınlığı və
gözəl musiqisi ilə seçilən
"Cücələrim" mahnısı dünyanın
bütün balacalarının dilində sevə-sevə
oxunaraq uşaqları bir-birinə yaxınlaşdırır,
sevdirir. Bu gözəl uşaq musiqisi uzun illərdir ki,
dünyada xalqımızı təmsil edir.
"...1955-ci ilin
payızında sovet nümayəndə heyəti
İsveçrədə Sürix aeroportunda
qarşılanarkən əziz qonaqları bir qrup
isveçrə məktəblisi "Cücələrim"
mahnısının ifası ilə salamladı". (B.Hüseynli, V.Xəlilov, "Bəstəkar
Qəmbər Hüseynli". "Gənclik",
1997). Vaxtilə kino xadimlərimiz Fransada olarkən
dünya şöhrətli Çarli Çaplin
gələnlərin Azərbaycandan olduqlarını
biləndə piano arxasına keçərək
"Cücələrim"i ifa edir və qonaqlara üz
tutuaraq: "Demək siz bu melodiyanın
vətənindənsiniz?! Məndən o bəxtəvər
bəstəkara salam yetirin!" söyləmişdir. Musiqi nəzəriyyəçilərinin,
sənətşünasların qənaətinə
görə indiyədək "Cücələrim"
qədər dünyada geniş yayılan, həm uşaqlar,
həm də böyüklər tərəfindən
sevilə-sevilə ifa olunan və dinlənilən, eyni zamanda,
öz müəlliflərini dünyada bu qədər tanıtdıran
ikinci belə bir uzunömürlü mahnı
olmamışdır.
Azərbaycan
bəstəkarlıq məktəbinin, professional musiqi
sənətinin, eyni zamanda, uşaq mahnı
antologiyasının yaranmasında və
zənginləşməsində böyük xidmətləri
olan görkəmli bəstəkar Qəmbər Hüseynli
də 45 illik qısa ömrünü heç kimə
bənzəmədən, fərqli yaşadı və
bənzərsiz əsərlər yaratdı. O,
ömrünün sonunadək Azərbaycan ədəbiyyatı
klassiklərinin həyatını, keçdiyi
yaradıcılıq yolunu özünə örnək
seçmişdi. Onların yaratdığı qüdrətli
söz incisinə həssaslıqla yanaşmış, bu
incilərdən istifadə edərkən də ehtiyatlı
olmuşdur. Bəlkə elə buna görədir ki,
qüdrətli söz ustadı Nəsiminin sözlərinə
musiqi bəstələyən ilk Azərbaycan
bəstəkarı da Qəmbər Hüseynli olmuşdur.
Nizaminin, Füzulinin, Natəvanın sözlərinə də
romanslar yazmışdır.
Qəmbər Muxtar
oğlu Hüseynli 1916-cı il aprelin 16-da Gəncədə
dünyaya göz açmışdı. Kiçik
yaşlarından doğma Gəncənin musiqi və poeziya
mühitindən təsirlənərək qrammafon vallarına
qulaq asmaqdan yorulmaz, tez-tez keçirilən aşıq musiqisi
gecələrinə gedər, səhərədək
onları dinləməkdən doymazmış. 1927-ci ildə
orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi
məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə
isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil
illərini sonralar Azərbaycanın böyük bəstəkarı
olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla
birgə addımlayırdı. "Rast"ı,
"Şur"u, "Zabul segahı"nı və başqa
muğamları tarda məharətlə ifa edən gənc
və istedadlı Q.Hüseynli hələ tələbə ikən
aşıq və el havalarını toplayıb nota
alırdı.
O, 1935-ci ildə təhsilini
davam etdirmək məqsədilə Azərbaycan Dövlət
Konservatoriyasının hazırlıq şöbəsinə
daxil olur və görkəmli sənətkarlardan dərs
alır. Gənc bəstəkarın aşıq
musiqisinə və qədim el havalarına sevgisini görən
böyük Üzeyir Hacıbəyov ona Dövlət
Filarmoniyasında sazçı qızlar ansamblı
yaratmağı məsləhət görür. Bütün
yaradıcılığı boyu dahi Üzeyir bəyin
ənənələrinə əsaslanan Qəmbər
Hüseynli ustadının ona güvəninə
sevinərək tezliklə sazçı qızlar
ansamblını yaradır. Sonralar həmin
kollektivin ifasında onun Aşıq Ələsgərin,
S.Vurğunun, A.Aslanovun sözlərinə yazdığı
"Söz qanan ola", "Buxağa düşür",
"Dağlar", "Dolanım başına",
"Nədən oldu", "Sonalar kimi" könül
oxşayan mahnıları səslənir. Onun
çoxcəhətli musiqi irsi var idi. Xalqımızın
mənəvi zənginliyinin tərcümanı olan musiqinin
müxtəlif janrlarında bir-birindən dəyərli
əsərlər yaratmışdır. Mahnı
və romans janrının mahir sənətkarı kimi
tanınırdı. "Ay işığında",
"Tel nazik", "İlk məhəbbət",
"Tellər oynadı", "Çeşmə
başında", "Gülə-gülə",
"Sənsən", "Düşür yadıma",
Gecələr uzanaydı" və
yaradıcılığının böyük bir
hissəsini təşkil edən uşaq
mahnıları ilə bir mahnı müntəxabatı
yaratmışdı. Yaratdığı bənzərsiz
mahnı və romansların bir çoxu Şövkət
Ələkbərova, Rübabə Muradova, Sara Qədimova,
Tükəzban İsmayılova kimi korifey sənətkarların
ifasında radio və televiziyanın Qızıl Fondunda nadir
inci kimi qorunur.
Mütəxəssislərin
fikrincə, böyük bəstəkar Qəmbər
Hüseynli ən böyük sənət incisini hələ
yaratmamışdı - 1948-ci ilə qədər. O, 60 il öncə musiqi dilinin qeyri-adiliyi ilə daha
parlaq şəkildə zirvəyə yüksələn bir
sənət nümunəsi yaratdı. Yarandığı
gündən beşik nəğməmizə çevrilən,
dünyanı diyar-diyar dolaşan misilsiz bir sənət incisi
- "Cücələrim".
Mahnının mətninə gəlincə, öyrəndik ki,
bəstəkar bu, şən, oynaq uşaq mahnısının
sözlərini ilk dəfə böyük şair Abbas
Səhhətin eyni adlı şeirindən götürüb. Lakin şeirin dili uşaqlar tərəfindən
çətin başa düşüldüyündən və
ifa edilərkən sözlər ağır olduğundan
"Cücələrim"in mətninin indiki
variantını şair Tofiq Mütəllibov yazmış,
necə deyərlər, iki böyük sənətkar bu
mahnıya öz möhürlərini vurmuşlar.
"Cücələrim" mahnısı bu gün nəinki
balaca balaların, 60 yaşlı ata-anaların,
nənə-babaların da bir vaxtlar dil açıb oxuduğu
ilk nəğməsi olub.
Aşıq Pənah
Pənahovun xatirələrindən: "1967-ci ildə
Hindistanda qastrolda idik. Zaldan xahiş etdilər ki,
"Cücələrim"i oxuyaq. Əvvəlcə mat
qaldıq ki, neynəyək?! İcazə istəyib
səhnə arxasına keçdik. Yoldaşlarıma dedim ki, gəlin
tez məşq edək. Aşıqlar dedi ki, ay Pənah, saz
hara, cücələrim hara?! Nə isə,
birtəhər məşq edib çıxdıq
səhnəyə. Elə təzəcə
başlamışdıq "Cip-cip cücələrim"
deməyə, bir də gördük 30 minlik açıq
tamaşaçı salonu bizimlə bərabər, amma hind
dilində "Cücələrim" oxuyur"
("Gəncə" jurnalı, ¹3, 2006). Çox
keçmədən
"Cücələrim"in bütün dünyada triumfial
yürüşü, kütləviləşməsi
Gəncədə Uşaq və məktəblilər
parkında dünyada nadir fakt kimi təqdir olunan
"Cücələrim" mahnı muzeyinin yaranmasına
səbəb oldu. T.İsmayılov adına Bakı
Şəhər Uşaq və Məktəblilər
Sarayının vokal-xoreoqrafiya ansamblı da uzun illərdir ki,
"Cücələrim" adını daşıyır. Az
bir vaxtda bu gözəl, ritmik mahnının nəinki
ölkəmizdə, dünyada uğur qazanması
bəstəkarı uşaq mahnı janrının
inkişafı naminə yorulmadan yazıb-yaratmağa
səfərbər etmişdir. O, altmışdan çox
bir-birindən dəyərli uşaq və məktəbli
mahnısı bəstələmişdir.
"Cücələrim"in
ilk ifaçısı Gəncədə yaşayan
Səmayə Mirzəyeva olub. O, həmin unudulmaz
günləri belə xatırlayır: "1947-ci ilin yayı
idi. Qəmbər Hüseynli Gəncə filarmoniyasında
bədii rəhbər işləyirdi. Biz bir dəstə qız
onun yenicə yaratdığı sazçı qızlar
ansamblına üzv yazılmışdıq. Qənbər
müəllim fortepianoda "Cücələrim"
mahnısının melodiyasını ifa etdi. Bu mahnını
mən təzə eşidirdim. Şən, oynaq musiqi yaman
xoşuma gəldi. Xəbər aldı ki, sən onu oxuya
bilərsən? Utandım, çiynimi çəkdim. Sonra biz
bəstəkarla mahnını dönə-dönə ifa
elədik. Mən solonu öyrəndim, qızlar xoru.
Konsertlərin birində səs-səsə verib ilk dəfə
"Cücələrim"i ifa etdik. Sonra Bakıya
getdik..."
"Cücələrim"in
uzun və şərəfli yolu belə başlayır. O zaman
Bakıda fəaliyyət göstərən Bakı pioner
və məktəblilər sarayının gənc
ifaçıları mahnıya çox böyük qol-qanad
verdilər. Burada məxsusi olaraq
"Cücələrim" ansamblı da yaradıldı.
Ansambl dünyanın harasına getsə, ilk
çıxışını bu mahnı ilə
başlayırdı. Hansı ölkədə olurdusa həmin
diyarda "Cücələrim" həmin xalqın dilinə
tərcümə olunurdu. İndiyədək bu mahnı
ingilis, alman, fransız, ərəb, ispan dilləri
ilə yanaşı, Çin, yapon dilinə də
tərcümə olunub" (Əhməd İsayev,
"Gəncə və gəncəlilər", Bakı,
"Azərnəşr", 1991)".
Yaradıcılığı
Azərbaycan milli musiqi mədəniyyətinin parlaq
guşələrindən birini təşkil edən, mahnı
janrına bir sıra yeniliklər gətirən, 300-dən
çox sevilən musiqi əsərinin müəllifi olan
Qəmbər Hüseynli heç də rahat həyat
yaşamamış, çəkdiyi
əzab-əziyyətlərə tab gətirməyən
səhhəti onu ömrünün 45-ci baharında bu
dünyasından, sevdiyi peşəsindən
ayırmışdır. Böyük bəstəkar
xalqımızın millətsevər övladları Hüseyn
Cavidi və Əhməd Cavadı müdafiə etdiyinə
görə həbsxana küncünə atılır. Bu
"cinayət"ə görə repressiya qurbanına
çevrilən Qəmbər Hüseynli həbsxanada da
çalıb-oxuyanları ətrafına toplamış,
hətta özü tar da düzəldibmiş.
Həbsdən
qayıtdıqdan sonra bəstəkar ailəsi ilə
birlikdə Bakıda zirzəmini xatırladan yarıqaranlıq
mənzildə yaşamalı olur. Lakin bir gün də
olsa yaradıcılığından qalmır. Sanki
Yaradanın ona verdiyi ömrün çox qısa olduğunu
bilirmiş deyə, hər şeyə tələsir,
gecə-gündüz çalışırmış. Sonralar
Qəmbər Hüseynliyə təzə mənzil
versələr də, həbsxana həyatı, neçə
illər yaşadığı rütubətli ev "xalq
düşmənləri"ni müdafiə etdiyinə
görə aldığı tənələr,
zərbələr öz işini görmüşdü.
Ağır xəstəlik onu 44-45-də yaxalayır və
çox keçmədən - 1961-ci il iyulun 31-də 45
yaşında əbədi olaraq gözlərini yumur.
Təzə mənzilində iki il də yaşaya bilmir.
Böyük
bəstəkar qısa həyat sürüb, lakin onun misilsiz
musiqi əsərləri, bəstələdiyi mahnılar
və xalqımızın beşik nəğməsinə,
laylasına çevrilən "Cücələrim" 60
ildir yaşayır və heç şübhəsiz,
hələ çox belə onilliklər də nəinki
xalqımızın, dünyanın bütün
uşaqlarının sevimli nəğməsi kimi səslənəcək.
Hər səsləndikcə də müəllifini
yaşadacaq.
Azərbaycan.- 2008.- 23 dekabr.- S. 8.