Samirə

 

Minskdə ilk qala-konsert

 

Dekabrın 21-də Belarus Dövlət Filarmoniyasının Böyük zalında Azərbaycan və Belarus respublikalarının tanınmış musiqiçilərinin iştirakı ilə ilk qala-konsert keçiriləcək. Ölkəmizin Belarusdakı səfirliyi və Belarus Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə "Hisslərin mifologiyası" adı altında tərtib edilmiş konsert iki ölkənin diplomatik əlaqələrinin 15-ci ildönümünə və azərbaycanlıların həmrəylik gününə həsr olunur. Konsertdə iştirak edəcək beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin verdiyi məlumata görə, layihənin müəllifi Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyevdir. Musiqili tədbirdə tarzən Ramiz Quliyev, Belarusdan isə xalq artisti, Minsk filarmoniyasının direktoru Vyaçeslav Bortnovski, pianoçu, beynəlxalq müsabiqələr laureatı Pavel Netuk iştirak edəcəklər. Belarusun ən tanınmış kollektivlərindən olan Dövlət Akademik Simfonik Orkestrinin ifasında Azərbaycan və Belarus bəstəkarları Qara Qarayev, Hacı Xanməmmədov, O.Soninin əsərləri ifa olunacaq. Proqrama həmçinin Mixail Qlinka, Pyotr Çaykovski və K.Sen-Sansın da məşhur bəstələri daxil edilib.
   

Xalq cəbhəsi.- 2008.- 16 dekabr.- S. 13.