İbrahimova S.

 

Köləlikdən uzaq olan sənətkar

 

Alim Qasımov Qədir Rüstəmovla oxşar tərəflərindən danışdı

 

Dünyanın dörd bir yanını qarış-qarış gəzən Xalq artisti Alim Qasımov artıq uzaq səfərlərə sıradan baxdığını deyir. Sadəliyi mükəmməl ifası ilə tamaşaçısının qəlbində taxt-tacını quran sənətkarı artıq bütün dünya dinləyir. Onun kimi dinlədiyi isə çox maraqlıdır. Bəzən deyirlər ki, Alim Qasımov hər ifaçını bəyənmir. Lakin o, sadəliyini bir daha sərgiləyərək, hər bir ifaçının sənətinə hörmətlə yanaşdığını söylədi: "Bütün ifaçılara qulaq asıram. Eşitdiyim hər xalq musiqisindən özümə nəsə götürməyə çalışıram. Eləsi olur əhvalımı tamam korlayır, bu başqa məsələdir. Amma hamıya, xüsusən cavanlara diqqətlə qulaq asıram. Mən muğamı öyrənəndə ustadlara müraciət etmişəm. Qədir Rüstəmov, Rübabə Muradova, Yavər Kələntərli hal əhli olan xanəndələrdir. Əvvəlki ustadların hərəsindən bir az sənət götürmüşəm. İndi muğam oxuyan cavanlar çoxdur. Kim yaxşı oxuyur, onun ifasına hamı əl çalır, o cümlədən mən".

Alim Qasımov haqqında səslənən fikirlərdə onun özünü Qədir Rüstəmova oxşatdığı deyilir. Bənzətmənin elə-belə yaranmadığını deyən xanəndə belə bir fikir irəli sürdü: "Qədir müəllim maraqlı insan olmaqla yanaşı, o da bir sənətkar kimi köləlikdən azad olmağa çalışır. Ola bilsin ki, bizim oxşarlığımız buradan yaranır. Onun da özünəməxsus yaratdığı bir sənəti var. Vacib deyil ki, bir xanəndənin saatlarla lent yazısı olsun. Qədir Rüstəmov heç az da oxumayıb, amma yüz mahnının içində onun "Sona bülbülləri"ni eşidəndə gərək ayaq saxlayasan. Keçib getmək olmur, gərək o mahnının, ifanın eneryisini alıb sonra yoluna davam edəsən. Hər ifaçıdan nişanə qalan gül xalqın gülüzarına çevrilir".

Söhbəti Alim Qasımovun qastrol səfərlərinə yönəldib, bir məsələdən xəbər tutmaq istədik. Onun haqqında həm bunu deyirlər ki, xanəndə xaricdə məşhurlaşandan sonra Azərbaycanda qəbul olundu. Bu fikrə münasibətini bildirən A.Qasımov bir qədər düşünüb, sözünə davam etdi: "Belə şey ola bilməz ki, ifaçı Azərbaycanda sevilməsin, dünyada bəyənilsin, sonra Azərbaycana qayıdanda hamı onu çox istəsin. Bu, bəlkə başqa peşələrdə ola bilər, amma muğamda yox. Söz düşmüşkən, onu da deyim ki, qızım Fərqanə ilə birgə "Leyli Məcnun"dan ifa etdiyimiz parçalar tərəddüdlə qarşılanmışdı. Amma sonradan qəbul olundu. Tarix boyu belə hadisələrə çox rast gəlinib. Bəzən sənətkar dünyasını dəyişəndən sonra onun hansısa əsərinin əslində çox mükəmməl olduğu ortaya çıxıb. Bu cür yanaşmalara normal baxıram. Xatırladım ki, sözügedən milli operadan yazılan ayrı-ayrı parçalar xaricdə lentə alınmışdı. Bu yaxınlarda onu bir az genişləndirmək istəyirik. Fikirləşirəm ki, operadan müəyyən səhnələr ifa olunsun arada müxtəlif musiqilər səslənsin. Bu, maraqlı yenilik ola bilər. Hələ ki, bu layihə üzərində çalışırıq".

 

Kaspi.- 2008.- 16 dekabr.- S. 15.