Məşhur musiqiçilər Bakıya
toplaşıblar
Dekabrın 9-dan başlayaraq
Bakıda II Beynəlxalq
Rostropoviç Festivalı
keçirilir. Tədbirdə
bir çox ölkədən olan tanınmış musiqiçilər
iştirak edirlər. Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun bildirdiyinə
görə, beynəlxalq
festivalda Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xalq artisti, professor
Rauf Abdullayev, Rusiyanın Xalq artisti Yuri Başmetin
rəhbərliyi ilə
"Moskva solistləri"
Kamera Orkestri, İtaliyadan tanınmış
vokalçılar - Angela
Kyara, Mario Malaqnini, Zayan Ath, Katarina
Karneus, Rusiyanın tanınmış skripkaçısı
və diriyoru Maksim Vengerov, Fransadan məşhur violonçel ifaçısı
Xavyer Filips, Beynəlxalq müsabiqələr
laureatı, Əməkdar
artist Murad Adıgözəlzadə, görkəmli
opera müğənniləri
Makvala Kasraşvili, Badri Maysuradze, Qalina Vişnevskayanın Opera Mərkəzinin solistləri İrina Dubrovskaya və başqaları çıxış edirlər.
Qeyd edək ki, festival çərçivəsində
Heydər Əliyev Sarayında İtaliyanın
məşhur Cüzeppe
Verdi di Milano Orkestri və Xorunun ifasında Cüzeppe Verdinin "Rekviyem" əsəri səslənəcək.
Tədbir Heydər Əliyevin xatirəsinə
həsr olunacaq. Bakıya səfər edən tanınmış
sənətçilər Heydər
Əliyev Sarayında dünya opera sənətinin klassikləri
- Cüzeppe Verdi, Yory Bize, Cakkomo
Puççini və
Pyetro Maskanyinin opera səhnələrini ifa edəcəklər.
Xatırladaq ki, festivalda Rostropoviç Fondunun prezidenti, mərhum sənətkarın
qızı Olqa Rostropoviç iştirak edir. Beynəlxalq tədbir Heydər Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin və Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilir və dekabrın 14-nə kimi davam
edəcək.
Kaspi.- 2008.- 11 dekabr.- S. 16.