Akifqızı Ş.

 

"Karnegi" konsert salonunda Qara Qarayevin yubileyi qeyd edilmişdir

 

Noyabrın 28-də Nyu-Yorkun məşhur "Karnegi" konsert salonunda Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli bəstəkar Qara Qarayevin 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilmişdir.

Tədbirdə BMT yanında akkreditə olunmuş diplomatik korpusun, BMT Katibliyinin, ABŞ siyasi partiyalarının, eləcə də Azərbaycan icmasının və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Azerbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev Azərbaycan mədəniyyətinin dünya medəniyyətinə verdiyi önəmli töhfələrdən danışmış, Qara Qarayev yaradıcılığının mədəniyyətimizin ayrılmaz hissəsi kimi bu şərəfli missiyada xüsusi yer tutduğunu diqqətə çatdırmışdır. O, həmçinin Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfıri Mehriban xanım Əliyevanın iştirakçılara müraciətini oxumuş, onlara Azərbaycanın birinci xanımının təbriklərini çatdırmışdır.

Konsertdə pianoçu, Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Fərhad Bədəlbəyli, Namiq Sultanov, klassik musiqi ifaçısı Gülnaz İsmayılova, Validə Rəsulova, David Leefvre, Dmitri Yablonski, Erin Keefe, Nurit Pakxt, Bes Quterman, Andrey Çekmazov və Manhetten simfonik orkestrinin ifalarında dahi bəstəkarın "Yeddi gözəl" baletindən Adajio və Vals, III Simfoniya, "Gürcüstan təpələrində", "Tsarskoye selo heykəli", kvartet və romansları səsləndirilmişdir.

Azərbaycan musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq ABŞ-da keçirilən bu cür konsertin yekunu rəngarəng dinləyici auditoriyası tərəfindən alqışlarla müşayiət olunmuşdur.

 

Azərbaycan.- 2008.- 2 dekabr.- S. 7.