Müslüm
Maqomayevsiz 40 gün
O, haqqında
keçmiş zamanda danışılmağa layiq
deyil
"Həmişə
can atdığım zirvə mənim üçün əlçatmaz
olaraq qalırdı. Anladım ki, heç vaxt Tito Qobbi kimi
oxumayacağam. Buna görə də operadan vaxtında uzaqlaşdım.
Özünüz fikirləşin, artist opera
səhnəsində maksimum 20 dəqiqə olur. Bu
isə mənə azlıq edirdi. Üstəlik, fantaziyanı
nə qədər işə salırsansa-sal, repertuar, mizanlar eyni dövriyyə
ilə təkrarlanır.
Mən isə xaraktercə improvizədən
gen-bol istifadə edən insanam. Operada axı belə davranış yolverilməzdir".
Müslüm Maqomayev sənət yolunu
müşayiət edən fenomenal istedadı və
ölçüyəgəlməz dinləyici
məhəbbətinə münasibətini isə belə şərh
edirdi: "Əsas odur ki bu, həqiqətən məhz
belə olub. Buna görə də "Eto bılo, bılo..." adlı teleproqramda iştirakdan imtina etdim. Heç xoşum gəlmirdi bu verilişdən. Nədənsə, Amerikada
Frenk Sinatra (ABŞ mətbuatı Müslüm
Maqomayevi Azərbaycanın
Frenk Sinatrası adlandırmışdı - S.B.) haqqında danışanda
onu keçmiş zamana aid etmirlər,
televiziya verilişlərini
də belə adlandırmırlar. Hələ
indi Moskva televiziyalarından biri təzə proqram təqdim edir - 20 il öncə populyar olmuş sənətkarları efirə
çıxarıb vurğulayırlar
ki, onların sənəti nə vaxtsa maraq doğurub,
amma indi bu ötüb-keçib. Adam belə verilişlərə heç
baxmaq istəmir. Əgər həmin müğənnilər yaxşı
formadadırlarsa, fəaliyyətlərini
davam etdirmələrinin
nə eybi var?".
Məşhur teatr rejissorlarından birinin "sonuncu
Orfey" adlandırdığı Müslüm Maqomayevin
vəfatından 40 gün ötür. Yuxarıdakı
fikirlər dahi baritonun son müsahibəsindəndir.
Dünən Azərbaycanın
musiqi ictimaiyyəti və Müslümsevərlər
sənətkarın dəfn
olunduğu Fəxri xiyabanda onun məzarını ziyarət
etdilər. Son mənzilə özünün
bəstələdiyi və
həmişəki möhtəşəm
ifası ilə təqdim etdiyi "Azərbaycan" əsərinin
lent yazısının
sədaları, vida mərasiminə gələn
bakılıların "can"
kəlmələri, göz
yaşları, gül-çiçək dəstələri
və alqışları
altında yola salınan Müslüm Maqomayev böyük səhnəyə yenə də özünün bəstələdiyi "Proşay,
Baku" ("Əlvida,
Bakı") mahnısı
ilə vida etmişdi. Duyğusal və yaradıcı insanlardakı fəhmin bu dərəcədə qabarıq üzə çıxmasına təəccüblənməyə
dəyməz. Dekabrın
7-də baba Müslüm Maqomayevin adını daşıyan
Azərbaycan Dövlət
Filarmoniyasında ölməz
sənətkar nəvə
Müslüm Maqomayevin
xatirəsinə həsr
edilmiş konsert keçiriləcək. Konsertdə
M.Maqomayevin ömür-gün
yoldaşı Tamara Sinyavskaya da iştirak edəcək.
Əfsanəvi "Qaya" kvartetinin
solistlərindən biri Rauf Babayev Müslüm Maqomayevlə
bağlı xatirələrini "Həftə içi"nə
danışdı: "Necə xatırlaya bilərəm
Müslüm Maqomayevi? Əlbəttə ki, ən
parlaq təəssüratlarla.
Onun fövqəladə
istedada, səhnə adamı üçün zəruri olan bütün keyfiyyətlərə
tam dolğunluğu ilə malik olması öz yerində, bu, danılmaz faktdır. Vəfatından bəri keçən müddət
ərzində Rusiya telekanallarının, mədəni
ictimaiyyətinin demək
olar ki, hər gün onun yaradıcılığına,
şəxsiyyətinə yer
ayırması çox
şeydən xəbər
verir. Müslümə
olan ümumxalq məhəbbəti ikiqat idi. Çünki o, həm gözəl
sənətkar, həm
də gözəl şəxsiyyət idi. Biz, "Qaya" kvartetinin üzvləri həmişə özümüzü
xoşbəxt hesab etmişik ki, yaradıcılığımızın müəyyən bir hissəsi Müslüm Maqomayevlə bağlı olub. Dörd ay müddətində Uzaq Şərqdə, Belarusda və Pribaltikada qastrol səfərində olmuşuq.
O bizdən 4-5 yaş kiçik idi. Amma bu qastrollar
zamanı onu təxminən bek-vokal olaraq müşayiət etməyimiz, Bakıdakı
evində gördüyümüz
ünsiyyət mədəniyyəti
bizə böyük zövq verirdi. Müslüm Maqomayev sənətdə qüdrətli,
müxtəlif operaların
bütün partiyalarını
dəqiqliklə ifa edən usta vokalist, parlaq bariton olduğu kimi, adi həyatda
da hər kəsdə rəğbət
hissi oyadan insan idi.
Üç-dörd ay davam edən qastrollar
ərzində o, hər konsertin proqramını yeni
əsərlər əsasında tərtib edirdi. Konsertin birinci hissəsi
ariya və romanslardan, ikinci hissəsi isə bizimlə birlikdə ifa etdiyi estrada
mahnılarından ibarət
olurdu. Müslüm çalışırdı tamaşaçıların,
dinləyicilərin ona
olan coşqun sevgisindən sui-istifadə etməsin, onları aldatmasın. Son dərəcə məsuliyyətli idi. Həmişə deyirdi ki, səhnəyə çıxıb görsəm
ki zalda bir yer boş
qalıb, həmin gün ifaçılıq
fəaliyyətimə "əlvida"
deyərəm. Müslüm
Maqomayevlə 1967-ci ildə
Kanadada, 1972-ci ildə
Kubada da qastrol səfərində olmuşuq. Hər dəfə də müşahidə etmişik
ki, Müslüm, sadəcə, böyük
istedad sahibi deyil, böyük ürəyə, geniş dünyagörüşünə, çoxcəhətli bacarığa
malik insandır. Onun bəstəkarlığı
da mükəmməl idi, rəssamlığı,
heykəltəraşlığı da özgün idi. İtalyan mahnılarını ancaq italyanlar onun kimi qulağayatımlı
tərzdə ifa edə bilirlər.
Azərbaycan mədəniyyətini dünya
miqyasında ən layiqli şəkildə tanıdan bir
Müslüm Maqomayev idi, bir də Rəşid Behbudov. Belə
şəxsiyyətlər yüz ildə bir dəfə
dünyaya gəlirlər..."
Özünün dəfələrlə
vurğuladığı kimi, Müslüm Maqomayev əsl
azərbaycanlıdır - Tanrının ona bəxş etdiyi
maddi və mənəvi nemətləri əvəz
gözləməyi ağlına belə gətirmədən
xərcləyən, şəxsi dostluq və yaradıcı
əməkdaşlıq münasibətlərində yalnız
yüksək dəyərlərə dayaqlanan,
prinsiplərindən dönməyən insan oğlu.
Həftə içi.- 2008.- 5
dekabr.- S. 8.