Böyük musiqiçinin xatirəsinə həsr edilmiş konsert
Bakı sakinləri
dünya şöhrətli həmyerlimiz Müslüm
Maqomayevin vəfatının qırxıncı
gününü böyük ehtiramla qeyd etdilər. Bu
kədərli hadisə münasibətilə dekabrın
5-də keçirilmiş görüşün
iştirakçıları Azərbaycan xalqının
sədaqətli oğlu, öz böyük sənətini
bizə miras qoyub getmiş musiqiçi haqqında ürək
sözlərini söylədilər.
Dekabrın 7-də
isə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
unudulmaz həmyerlimiz, əfsanəvi mügənni və
bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr
edilmiş konsert oldu. O axşam Bakı Filarmoniyasına gələnlərin hər
biri sanki Müslümlə görüşə
gedirdi.
Əslində belə
düşünməyə əsas vardı: Müslüm
filarmoniyanın foyesindəki
portretlərdən, səhnə
meydançasında quraşdırılmış
ekranda nümayiş etdirilən kadrlardan boylanaraq sanki hamını salamlayırdı.
Ekranda isə bir vaxtlar bütün
sənətsevərlərin həyatına parlaq ulduz kimi daxil
olmuş bu planetar miqyaslı mügənninin çıxışlarından
fraqmentlər göstərilirdi.
Müslümün bənzərsiz
ifasında operalardan ariyalar, romanslar, mahnılar səslənir,
kadr arxasında isə bu qeyri-ordinar
insanın bioqrafiyası
ilə bağlı faktlar barədə məlumat verilirdi.
Konsertin
əvvəlində Azərbaycanın xalq artisti, dirijor Rauf
Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında
“Şah İsmayıl” operasının əzəmətli
uvertürası səsləndi. Soltan
Hacıbəyovun simfonik
əsəri, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən fraqmentlər,
M.Maqomayevin “Marş” əsəri xatirə gecəsinə gələnlərin
qəlbini riqqətə
gətirirdi. Sonra orkestr dirijor Fəxrəddin Kərimovun
rəhbərliyi ilə
Rossininin məşhur
“Seviliya bərbəri”
operasının uvertürasını
ifa etdi. Anım gecəsinin həsr edildiyi insanla müəyyən mənada bağlı olan bu əsərlərin
hər biri böyük sənətçinin
və onun sənətinin pərəstişkarlarının
ovqatına uyğun idi.
Daha sonra xorun ifasında unudulmaz Müslümü şöhrətləndirmiş “Alliluyya”, lap sonda isə böyük sənətçının
ifasında onun şah əsəri sayılmağa layiq olan “Azərbaycan” mahnısı səsləndi.
Müslüm bu mahnıda Vətənə
hədsiz sevgisini tərənnüm etmişdir.
Filarmoniyanın
foyesində Müslüm Maqomayevə - xatirəsi
qəlbimizdə əbədi yaşayacaq unudulmaz həmyerlimizə
həsr edilmiş fotosərgi açılmışdi
Xalq qəzeti.- 2008.- 11 dekabr.- S. 13.