Əlvida Bakı, daha səni görməyəcəm
Dünən
Müslüm Maqomayevin
ölümündən 40 gün
ötdü
Müslüm Maqomayevin əvəzolunmaz
sənətkar olduğunu
deyən Azərbaycan ziyalıları onun vəfatını Azərbaycan
mədəniyyəti üçün
ağır itki hesab ediblər.
Anar:
Nə vaxtsa belə bir məmləkət vardı - Sovet
İttifaqı. Bu məmləkətdə
ən müxtəlif xalqlar yaşayırdı
- tarixləri, taleləri,
dilləri, mədəniyyətləri,
inancları fərqli millətlər. Onları birləşdirən bir şey vardısa, bu da ilk
öncə sənət
idi. Müslüm Maqomayev bu birləşdirmənin
ən parlaq rəmzlərindəndir. O, ölümüylə
də keçmiş sovet vətəndaşlarını
birləşdirdi. Minlərlə
insan böyük müğənniylə vidalaşmaq
üçün əllərində
gül-çiçək
Moskva küçələrinə
tökülüşdülər, axın-axın Çaykovski salonuna yönəldilər. Qəribəsi o idi ki,
bu vidalaşmaya göz yaşlarıyla gələnlər yalnız
Müslümün keçmiş
fanatları - haçansa
onun avtomobilini öpüşlərə qərq
eləyən, günlərlə
mənzilinin qabağında
daldalanan, saatlarla onun konsertdən çıxmasını gözləyən
indi isə nənə olan pərəstişkarları
deyildi, həm də onların nəvələri idi. Onların heç vaxt Müslümü səhnədə görməyən
nəvələri. Bu,
Moskvadaydı, amma Müslümlə vidalaşma
mərasimi keçmiş
İttifaqın hər
hansı şəhərində
keçirilsəydi, yenə
belə olacaqdı. Onun doğulduğu Bakıda da belə oldu. Son illər onunla heç bir təmasım olmasa da, intuisiyayla
güman edirdim ki, onun səhnəylə
vidalaşmasında yalnız
qürurluluq yox, həm də bir ağrı-acı var.
O,
büsbütün dəyişən,
özgələşən, yadlaşan dünyanı dərk
edərək sənətdən uzaqlaşdı. O, həyatını heykəl yapmaqla, şəkil çəkməklə,
kompüter oyunlarıyla,
İnternet ünsiyyətiylə
məşğul etsə
də, özünü,
zənnimcə, zaman qürbətində hiss edirdi. Müsahibələrinin
birində o, bu haqda deyib
ki, "Səsimi, gücümü itirdiyimi görməmək üçün
səhnədən getdim.
Məndə elə təəssürat yaranıb
ki, dünya da dəyişib. Bəlkə də bu bir az
kədərli səslənir.
Amma mənə elə gəlir ki, bu dünyada
bir az yubanıb
qalmışam. Yəqin
ki, Allah deyir: indi döz.
Gəzib dolandın, sevindin, qadınlarla oldun, şöhrət qazandın, bəsdir. Yəqin belə də olmalıdır. Hər hansı insan hər şeyə cavabdeh olmalıdır".
O, sanki şöhrətdən doymuşdu,
usanmışdı. Yorulmuşdu...
Çoxları məşhur
olmağa can atır. Məşhurlar isə bəzən unudulmağı arzulayırlar,
istəyirlər ki, hamı onları yaddan çıxarsın.
Heç bir müğənni Sovet İttifaqında da, onun sərhədlərindən
uzaqlarda da Müslüm Maqomayev şöhrətinə sahib
olmayıb.
Müslüm
insanlara təsəlli, təskinlik verirdi - onların
qəlblərində ən işıqlı, ən munis
duyğuları oyadaraq pərəstişkarlarının
çoxunun heç bir vaxt çata
bilməyəcəkləri ülvi bir aləmdən -
məhəbbət, gözəllik, ecazkar melodiyalar aləmindən
oxuyurdu.
Filarmoniyada,
dəfn mərasimində Müslümün mahnıları
səslənirdi və bizi ötən illərimizə
aparırdı. Bunlar bizim
gəncliyimizin nəğmələri
idi. Onlar nəsildaşlarımızın hamısında keçib gedən ömrümüz
üçün nostalji,
qəribsəmə duyğuları
oyadırdı. Son səslənən mahnılardan
biri Yeseninin sözlərinə yazdığı
bəstə idi.
Bu uyğunluğa
mat qalmışdım.
Elə bil mahnı məhz bu matəm mərasimi
üçün yazılmışdı.
Müslüm
oxuyurdu: "Əlvida Bakı, daha səni
görməyəcəm".
Müslümün
dul qadını əlləriylə qulaqlarını tutdu,
görünür, ağır anlarda onun dözüm
həddiydi bu...
Müslümsə
acı bir etirafla oxuyurdu: "Əlvida Bakı, türk mavisi
əlvida, qanım soyuyur, gücüm zəifləyir".
"Əlvida
Bakı, daha səni görməyəcəm"...
Cavan
Zeynallı: Müslüm mənim dostum idi. Mən onun haqqında
hamı kimi, elə-belə danışmaq istəmirəm.
Bu günlərdə televiziyalardan birinin xahişi ilə royalda bütün verilişboyu Müslümün
mahnısını ifa
etdim. Elə bilirsiniz ki, onun mahnısıını
ifa etmək mənim üçün asan idi? Hələ
Müslümün ölümündən
elə də uzun müddət keçməyib. Biz bir-birimizi yaxşı anlayırdıq, zarafatımız
var idi. Hamı deyir Allah ona rəhmət
eləsin, mən də deyirəm: Allah rəhmət eləsin. Müslüm iki əsrin - XX-XXI - yüzilliyin ən görkəmli şəxsiyyətlərindən
idi. O, həmişə
oxuyub. Hətta səhnəyə çıxmadığı
vaxtlarda belə evdə oturduğu zamanlarda da. Hətta son günlərinədək oxuyub.
Müslüm yaradıcı
adam idi. Özünə və pərstişkarlarına hörmətlə
yanaşan insanıydı.
Son illər səhnəyə çıxmaqdan
imtina etmişdi. Yəqin istəyirdi ki, hamının yaddaşında gənc, qüvvətli, yaraşıqlı
qalsın.
Lakin
təəssüf ki, ölümündən sonra hamı
başa düşdü ki, biz kimi itirmişik. Qəribədir ki, yaradıcı adamın sağlığında onun
haqqında çox sakit danışırlar, ölümündən sonra
isə nədənsə
hamı başlayır
ki, "alə, bilirsən o necə adam idi, necə fortepianoda çalırdı,
necə oxuyurdu, aləm idi aləm...".
Bax, mən bunu başa düşmürəm. Nədənsə,
bizim insanlar adamı itidikdən sonra onu necə
var, elə qəbul edirlər. Yadımdadır ki, bizdə Müslüm Maqomayevi elə də qəbul etmirdilər. Çünki
onun mahnıları beynəlmiləl idi. Sadə xalq onu tamamilə başa düşmürdü,
sadəcə sevirdilər.
Həqiqət acı da olsa, həqiqətdir.
O, dahi idi. O dahi ki, Azərbaycanda
lazım olduğu qədər qəbul edilmirdi. Amma ölümündən sonra
hamı başladı
onun üçün tökdükləri göz
yaşlarından danışmağa.
Ölümündən sonra
onun haqqında hər yerdə, hər verilişdə ağızdolusu danışmağa
başladılar. Bu, mənim
xoşuma gəlmədi.
Əslində isə onun haqqında indi ağızdolusu danışanların heç
biri Müslümü
mənim kimi qəbul etmirdilər. Çünki Cavan Zeynallı ilk dəfə oxumağa başlayanda Müslümün
mahnılarını ifa
etmişdi. "Komo-prima"
- italyan mahnısıyla.
Sonra isə repertuarının əksərindən
istifadə etdim.
Caz
məni özünə çəkənədək bu
belə oldu. Bu günlərdə
Rusiya telekanallarından
birində buz üzərində balet şousu göstərilərkən
bütün proqram Müslümün mahnılarından
təşkil edilmişdi.
Baxın,
Rusiya onu necə sevir ki, 24 rəqsin hamısı Müslümün
mahnılarının sədaları
altında ifa edilirdi və onlar bundan qürur
duyurdular. Özü də bu şouya
dünyanın milyonlarla
insanı baxırdı.
Bunu izləmək necə ürəkaçan
idi. Ölümündən
sonra Moskvada Müslümün mahnılarından ibarət
disk işıq üzü gördü, amma nədənsə Azərbaycanda bunu etmədilər. Bəlkə
sizlərin köməkliyi
ilə bunu Bakıda həyata keçirməyin nə qədər vacib olduğunu başa düşələr. Çünki
bizimkilər bu fəlsəfəylə hərəkət
edir, "aa.. bəlkə satılmayacaq,
bəlkə almadılar...".
Bu haqda düşünmək lazım
deyil. Diski ona görə buraxmaq lazım deyil ki, cümə
axşamlarında və
ya digər yas mərasimində haradasa səsləndirəsən.
Bu, tarixə və gənclərimizə
lazımdır. Onların
zövqlərini korlamamaq
üçün gərəkdir.
Onun bariton səsi o qədər
unikaldır ki, hələ sovet dönəmində Avropanın
ən mötəbər
ölkələrinə dəvət
edirdilər. Amma Müslüm Sovet İttifaqının patriotu
idi. Mənə dedilər ki, son əməliyyata getməyə razı olsaymış azından
10 il yaşayacaqmış.
Amma Müslüm inad edib. Əməliyyatdan
sonrakı 10 ili barmaqla sayıb həyəcan içərisində
yaşamaq istəməyib.
O, ölümünü də
özü seçib.
Çox istəyərdim
ki, həm Moskvada, həm də Bakıda ona abidə ucaldılsın. Moskvadakı
sənət adamları
bunun üçün
çalışırlar. Görək
bizdə necə olacaq. Mən onun ruhu qarşısında
baş əyirəm...
Azər
Zeynalov: Müslüm Maqomayevi həmişə dünya
mədəniyyət incilərinin sütunlarından biri hesab
eləmişəm. O, böyük sənətkar olmaqla bərabər, həm də böyük qəlbə malik idi. Müslümün səsinin zənginliyi haqda çox danışmaq olar. Onun səsində olan kontrast dünyanın çox nadir müğənnilərində tapılardı.
Səsdə olan əzəmət, qüdrət,
cəngavərlik və
bütün bunlarla bərabər həzinlik, mülayimlik və istilik onun səsində
cəmlənmişdi. Çox
təəssüf ki, Müslüm Maqomayev kimi insanlar bəlkə də 1 neçə yüz ildə bir dəfə
dünyaya gəlir. Müslüm sənətinə
sağlığında abidə
ucaldılmalı şəxsiyyətlərdən
idi. Düşünürəm
ki, hökumətimiz və xalqımız ölümündən sonra
da olsa, şəhərin görkəmli
yerlərindən birində
Müslümün xatirəsini
əbədiləşdirəcək.
Ədalət.- 2008.- 5 dekabr.- S. 6.