Müslüm Maqomayev – vokal
səmasının sönməz ulduzu
Dünya
şöhrətli Azərbaycan musiqiçisi Müslüm
Maqomayevin səsi vokal aləmində tayı-bərabəri
olmayan tembrə malik yüksək diapazonlu lirik bariton idi. Bu
səs onu dinləyənlərin qəlblərinə
dərindən nüfuz etməklə böyük heyranlıq
hissləri yarada bilirdi. Onun səsi bütün
registrlərdə rəvanlığını və
dolğunluğunu saxlayırdı. Buna görə də
Müslüm adi bariton repertuarının
sərhədlərini aşaraq öz professionallığı
ilə xariqələr yaradırdı . Onun səsi yeri
gələndə bas-bariton kimi gurlayır, yeri
gələndə də ona tenorsayağı oxu
texnikası nümayiş etdirməyə imkan verirdi.
Səsini tədricən
gücləndirib, sonra yavaş-yavaş
zəiflətməklə uzatmaq (buna vokalda filirovka deyilir),
mahnı təranələrini dəqiq canlandırmaq,
sözlərin tələffüzü zamanı dürüst
diksiya nümayiş etdirmək, vokal cümlələrini
ürəkdən duymaqla düzgün nizamlamaq, mahnının
ovqatını tam incəliyi ilə çatdırmaq
qabiliyyəti sayəsində Müslüm dinləyicilərin
sevimlisinə çevrilmişdi. O, Azərbaycan
bəstəkarlarının mahnılarını oxuyarkən
muğam ifası texnikası elementlərindən də bacarıqla
istifadə etməklə, onları dəfələrlə
gözəlləşdirməsi sayəsində
musiqisevərlərin böyük məhəbbətini
qazanmışdı.
Müslüm bu və ya
digər mahnının tempini ləngitmək yaxud
sürətləndirməklə , ona bəstəkarın
nəzərə ala bilmədiyi incə məqamlar qoşmaqla
ifa nadirliyi yarada bilirdi. O,
hərtərəfli savad , yüksək bədii
mədəniyyət sahibi kimi oxuduğu mahnıların— rus,
italyan, alman, Qafqaz mahnılarının milli
xüsusiyyətlərindən bacarıqla yararlanırdı.
Müslümün qeyri-adi, geniş intonasiyalı bariton
səsi çox xarakterik olduğu üçün dərhal
tanınırdı. Konsertlər zamanı
konferansye növbəti nömrəni elan etmək
üçün səhnəyə çıxıb “Oxuyur
Müslüm...” ifadəsini tam dilə gətirməmiş
“Maqomayev” kəlməsi
tamaşaçı-dinləyicilərin gurultulu və
sürəkli alqışları altında eşidilməz
olurdu.Çox hallarda Müslümü tamaşaçılar
ayaq üstə qarşılayırdılar. Bütün bunlar
böyük ifaçıya geniş xalq məhəbbətinin
bariz nümayişi idi.
Müslüm
tanınmış sovet bəstəkarlarının
mahnılarını yüksək ifa zirvələrində
reallaşdırırdı. Onun ən sevimli
bəstəkarı A. Paxmutova idi.Müslüm A. Paxmutovanın
hər bir mahnısının simfoniya qədər tutarlı
olduğunu söyləyirdi. M.Maqomayev bütün mahnı
janrlarının böyük xiridarı idi. Onun oxuduğu
mahnıları heç bir müğənni həmin
gözəllikdə ifa edə bilmirdi. Günlərin birində
bəstəkar A.Babacanyanın arvadı ( ermənilər
tarixən həmişə öz arzularına arvadları
vasitəsilə çatmalarına üstünlük vermişlər)
Müslümə zəng vurub demişdi ki, əri Arno onun
ifası üçün mahnı yazmaq arzusundadır.
Həmişə xeyirxahlığı və xoş
niyyətliliyi ilə seçilən həmvətənimiz
həmin təklifi qəbul etmişdi.
Müslümün
sayəsində bir qədər populyarlaşan erməni
xislətli Arno bir qədərdən sonra oğlunu da
məşhurlaşdırmaq məramı ilə onun
üçün mahnılar bəstələməyə
başlamışdı. Amma bunların
heç biri Arnonun oğlunu məşhurlaşdıra
bilməmişdi. Ona görə ki, oğul Babacanyan
“Müslümün ayaqqabısını geyə bilsə
də , onun yerişini yerimək qabiliyyətində
olmamışdı”. Bundan sonra erməni bəstəkarın
və azərbaycanlı müğənninin birgə
yaradıcılıq birliyinə son qoyulsa da, M. Maqomayev
erməni “dostu” öləndən sonra Moskvanın konsert
salonlarının birində onun xatirə gecəsini
keçirməklə əsl azərbaycanlı kimi öz
alicənablığını bir daha sübuta yetirmişdi.
1960 – 1970-ci
illərdə əcnəbi ölkələrdə və Sovet
İttifaqında böyük müvəffəqiyyətlə
konsertlər verən Müslüm Maqomayev həddindən artıq
şöhrət qazanmışdı. Ona
olan məhəbbət sitayiş səviyyəsinə
yüksələrək Sovet İttifaqının hər
yerinə epidemiya kimi yayılmışdı. Onun
konsertlərinə bilet tapmaq müşkül bir işə
çevrilmişdi. Müslümün oxuma manerası,
xarici görkəmi, özünü səhnədə aparma
qabiliyyəti, bir sözlə hər bir hərəkəti
adamların ağlını aparırdı. O, ideal artist
və ideal centlemen idi. Böyük Tanrı ona gözəl
səs, bənzərsiz istedad və xüsusən
qadınları heyran qoyan atletik görkəm vermişdi.
Müslüm oxuyanda
bütün enerjisini sərf etməkdən çəkinmirdi,
səs tellərinə rəhmi gəlmirdi. Səsi
bəmdə də, ortada da, zildə də öz gözəlliyini
və məlahətini saxlayırdı. Çünki bu
səs, Allah vergisi idi. Bu isə hər musiqiçiyə
qismət olmur. Müslüm operada da
müvəffəqiyyətlə çıxış edirdi. Böyük italyan bəstəkarı Coakino Rossininin
19-cu əsrin ən yaxşı komik oprelarından sayılan
“Sevilya bərbəri” operasında Fiqaronun böyük
diapazonlu səs tələb edən çoxkeçidli
kavatinasını Müslüm kimi xüsusi şövqlə
və böyük məharətlə oxuyan olmamışdır.
Bəzi məqamlarda bariton səsin onun üçün
xarakterik olmayan soprano keçidləri Müslümün
ifasını əlçatmaz edirdi.
Qalın kişi səsi
– bariton üçün yazılmış bu partiyanın
müəyyən yerində incə qadın soprano
səsinə yer verilməsinin öhdəsindən yalnız dünyanın
bir neçə məşhur baritonu , o cümlədən
musiqi ifaçılığı tarixində silinməz iz
buraxmış məşhur italyan baritonu Titta Ruffo gələ
bilirdi. Müslüm Maqomayevin də Fiqarosu
onun yüksək ifa texnikası sayəsində öz sevimli
sələfindən geri qalmırdı. Onu da deyək
ki,uşaq ikən müğənni olmaq arzusunun gerçəkləşməsi
üçün var qüvvəsini sərf edən
Müslümün gələcək karyerasına tenor
Enriko Karuzonun və bariton Titta Rufonun patefon valları öz
həlledici təsirini göstərmişdi.
Həyatda
paradokslar az olmur. Musiqi məktəbində təhsil alan zaman
uşaq xorunun solisti olmaq istəyən Müslümü
səs tembrinin xoşagəlməzliyinə görə xordan
kənarlaşdırmışdılar. O,
gələcəkdə bir müğənni kimi ad
çıxaracağına inamını itirmədiyindən
həmişə dəniz kənarına gedir və saatlarla,
həm də var qüvvəsi ilə oxuyurdu. Nəhayət,
mutasiya dövrü yetişəndə yeniyetmənin səsi
açıldı və xoş tembrə büründü.
Müslüm yeddinci sinfi bitirdikdən sonra musiqi
məktəbinin vokal şöbəsində oxumağa
başladı. Məktəbdə konsert praktikasına geniş
yer verildiyindən o, dinləyicilər qarşısında çıxışlara
başlamaq imkanı tapmışdı.
Vokal şöbəsini
bitirdikdən sonra Müslüm müxtəlif
mədəniyyət ocaqlarında çıxışları
ilə diqqəti cəlb edirdi. 1962-ci ildə isə
gənc ifaçının başına xoşbəxtlik
quşu qondu. Həmin ildə Kremlin qurultaylar sarayında
keçirilən Azərbaycan mədəniyyəti
festivalında ona “Buhenvald harayı” mahnısını və
“Sevilya bərbəri” operasından Fiqaronun kavatinasını
oxumaq nəsib oldu. Müslüm Maqomayevin ilk solo konserti 10
noyabr 1963-cü ildə Moskvanın Çaykovski adına
konsert salonunda baş tutdu. Baxın, Hendelin, Motsartın,
Rossininin , Şubertin, Çaykovskinin, Raxmaninovun,
Hacıbəyovun vokal əsərlərini sürpriz
gözəlliyi ilə oxuyan gənc müğənninin
çıxışları sürəkli alqışlarla
qiymətləndirildi.
Müğənni iki
hissədən ibarət konsertdə nəzərdə
tutulmuş on altı mahnı oxuyandan sonra proqram sona yetməli
idi. Ancaq belə olmadı.
Dinləyici-tamaşaçılar konsert salonunu heç
cür tərk etmək istəmirdilər. Hamı ayaq
üstə alqışlar yağdırmaqla
müğənnini geri çağırmaq niyyətində
idi. Müslümü müşayiət edən
orkestrin səhnəni tərk etməsini görsələr
də, öz istəklərinə nail olmaq niyyətindən
əl çəkmək istəmirdilər. Çaykovski
adına konsert salonunda belə sürəkli
çağırışların olmasını heç kim
xatırlamırdı.
Tamaşaçıların
istəklərinə etinasızlıq göstərə
bilməyən Müslüm planlaşdırılmamış
üçüncü şöbədə royal arxasına
keçərək özünün müşayiəti
ilə daha yeddi mahnı – italyan və sovet estradası
mahnılarını oxudu. Bütün bunların
şahidi olan SSRİ mədəniyyət naziri Yekaterina Furtseva
demişdi: “Nəhayət ki, bizdə də əsl bariton peyda
oldu”.
Müslüm 18
yaşında ikən Helsinkidə keçirilən
gənclər festivalında uğurlu
çıxışlarından sonra çox məşhurlaşmışdı.
Bunu nəzərə alan Moskva onun
İtaliyanın musiqi mərkəzi sayılan La Skala opera
teatrında staj keçməsini lazım bilmişdi.
Neapolda 1964–1965-ci illərdə məşhur vokal
müəllimi maestro Cenarro Barradan mükəmməl vokal
dərsi almış, yüksək ifaçılıq texnikasına
yiyələnmişdi. O, həmçinin Coakkino
Rossininin məşhur “Sevilya bərbəri” operasından
hiyləgər bərbər Fiqaronun və Cakomo
Puççininin ümümdünya şöhrəti
qazanmış “Toska” operasından zalım polis rəisi
Skarpianın partiyalarını və s.
hazırlamışdı.
1963-cü ildə Azərbaycan Opera və Balet Teatrının
solisti kimi fəaliyyətə başlamış
Müslüm Maqomayev eyni zamanda çox sevilən estrada
mahnılarından ibarət uğurlu konsert proqramları
ilə də tamaşaçıların sevimlisinə
çevrilmişdi. Opera solistinin eyni zamanda estrada
mahnıları ifaçısı kimi
çıxışları görünməmiş bir
hadisə idi. Dünyanın musiqi meridianlarında belə bir
geniş ifa imkanlı müğənni heç vaxt çox
olmamışdı.
Sonsuz populyarlıq
qazanmış Müslüm 1966-cı ildə Parisin
möhtəşəm “Olimpiya” konsert salonunda ilk konsertini
vermişdi. “Olimpiya”nın direktoru Bruno Kokatris
Müslümün daha bir il Parisin bu salonunda oxuması
üçün kontraktı uzatmaq təklifini bildirmiş,
onun az bir müddətdən sonra beynəlxalq miqyaslı ulduza
çevriləcəyini vəd etmişdi. SSRİ
Mədəniyyət Nazirliyi bu təklifə razılıq
verməmişdi. Əsas səbəb kimi Müslümün
hökumət konsertlərində
çıxışlarının vacibliyi
göstərilmişdi. Parisin mühacir dairələri də
müğənninin Parisdə qalması və qeyri-leqal
emiqranta çevrilməsi təklifini irəli
sürmüşdülər. Müslüm onlara demişdi ki,
“Azərbaycanı canımdan artıq sevdiyim üçün
Vətənsiz qala bilmərəm”.
Şöhrəti
durmadan artan müğənni sənətinin
təkrarsızlığı ilə digər məşhur
ifaçıları xeyli üstələmişdi. Ona vətənində və uzaqlarda
məhəbbət durmadan artırdı. Müslüm 1969-cu
ildə Polşanın Sopot şəhərində
keçirilən beynəlxalq estrada mahnıları
festivalında birinci mükafata, Fransanın Kann
şəhərində keçirilən beynəlxalq festivalda
isə “Qızıl val”a layiq görülmüşdü.
Ötən əsrin
60-cı illərində Müslüm Maqomayev SSRİ-nin
böyük şəhərlərində “Toska” və “Sevilya
bərbəri” tamaşalarında uğurla iştirak
etmişdi. O, “Bolşoy teatr”ın truppasına
keçmək təklifi ilə razılaşmamış,
estrada müğənnisi kimi qalmağı üstün
tutmuşdu.O, deyirdi: “Həyatımın 2–3 ilini operaya sərf
etmişəm. Sonralar başa düşdüm ki, opera
çərçivəsi məni sıxır. Ona görə
ki, opera partiyası ən çoxu 40 dəqiqə
çəkir. Tamaşa qurtarır. Mən isə elə hey
oxumaq istəyirəm. Ona görə də solo konsertlər
verməklə istəyimi reallaşdııra bildim. Solo
konsertlərim olanda birinci şöbədə klassik
əsərlər, ikinci şöbədə isə estrada
mahnıları oxuyurdum. Buna görə də məni
gözəgötürməyənlər məzəmmət
etməyə başladılar. Və etirazlarını o
vaxtkı mədəniyyət naziri Yekaterina Furtsevaya
çatdırdılar”. Nazir qadın bu bədxahlara belə
demişdi: “Bunun nəyi pisdir axı?! Oğlan yaxşı
oxuduğu üçün konsertlərinə
saysız-hesabsız tamaşaçı gəlir. Onlar estrada
mahnıları dinləmək üçün
gəlirlər, Müslüm onları həm də klassikaya
qonaq edir. Buna ancaq sevinmək lazımdır”.
Müslüm Maqomayev
SSRİ-də ilk xarici pop-mahnılar oxuyan müğənnilərdən
biri idi. Bu, yüksək vəzifəli
şəxslərin – Xruşşovun, Brejnevin, Andropovun,
habelə Yekaterina Furtsevanın gənc müğənniyə
yaxşı münasibətlərindən irəli gəlirdi.
Həmin vaxtlar Müslümü stadionda verdiyi solo
konsertinə görə xəbis məmurlara çox
görünən miqdarda qonorar alması səbəbindən
cəzalandırmışdılar. Onun yarım il
ərzində səhnəyə çıxmasına qadağa
qoymuşdular. Müğənni deyirdi ki, “bunun mənə
xeyri o oldu ki, Bakıya qayıdıb konservatoriyanı bitirib
diplom ala bildim».
Bir dəfə SSRİ
Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Y.
Andropov Y. Furtsevaya zəng vurub demişdi: “Bu yaxınlarda
DTK-nın yubileyidir. İşçilərim
Maqomayevə qulaq asmaq istəyirlər». Y. Furtseva buna cavab
olaraq demişdi ki, ”Müslümün
çıxışına qadağa qoyulmuşdur".
Y.Andropov qətiyyətlə: “O, bizim siyahımızda son
dərəcə təmizdir! Onun gəlişini təmin edin”—
demişdi.
Müslüm Maqomayevin
repertuarı çox rəngarəng idi. Onun
konsertlərində rus dilində populyar mahnılardan
savayı, italyan şlyagerləri və dünya xitləri ,
kinofilmlərdən , müziklərdən ən seçmə
mahnılar səslənirdi, çox vaxt da
özü-özünü fortepianoda müşayiət edirdi.
Axı, Müslüm həm də əla pianoçu idi,
Azərbaycan konservatoriyasının eyni vaxtda fortepiano sinfini
də “beş üstəgəl ilə” bitirmişdi. Müslümün ifasında Paxmutovanın,
Feltsmanın və özünün bir-birindən gözəl
mahnıları dinləyicilərin yaddaşlarında
silinməz izlər buraxmışdı. Hər
istəyənə mahnı yazmaqdan vaz keçən
məşhur bəstəkar Boris Feltsman Müslüm Maqomayev
haqqında belə demişdi: “O, mənim
müğənnimdir. Yazdığım mahnıları
mənim istədiyimdən də yaxşı,
ürəkdən oxuyur”.
Lakin aşağı
eşelonlardakı kiçik məmurların
Müslümdən xoşları gəlmir, ona hər cür
pislik etmək məramlarında qalırdılar. Ona
görə də Müslümə SSRİ xalq artisti fəxri
adı verilməsi üçün sənədlər Moskvaya
göndəriləndən sonra bu təqdimata uzun müddət
əhəmiyyət verilməmişdi. Müslümə
belə bir münasibət Azərbaycan xalqının atası
sayılan Heydər Əliyevi çox narahat etmişdi. Bir
dəfə L.İ. Brejnevlə söhbət zamanı
Heydər Əliyev bu məsələyə aydınlıq
gətirilməsini istəmiş və soruşmuşdu:
“Bəlkə Müslümə bu adın verilməsini onun
azərbaycanlı olmasına görə
süründürməçiliyə salıblar?”. Ulu öndərimizin sözləri baş katibə
təsir etdiyindən tezliklə 31 yaşlı Müslüm
Maqomayevə ”SSRİ xalq artisti" fəxri adının
verilməsi barədə fərman imzalanmışdı.
Müslüm Maqomayev həmin yaşda bu böyük ada layiq
görülmüş ilk ifaçı idi.
1960 – 1970-ci illərdə SSRİ-də
Müslüm Maqomayevin populyarlığı
görünməmiş vüsət almışdı. Onun
stadionlarda verdiyi konsertlərə ən gözəl estrada
mahnılarını dinləyib zövq almaq üçün
on minlərlə adam gəlirdi , Hətta bir dəfə Lujniki
stadionunda konsert vermək üçün stadiona gələn
müğənninin avtomobilini fanatlar başları
üzərində havaya qaldıraraq xeyli apramış və
sonra da ehmalca yerə qoymuşdular.
Maqomayev bir neçə
nəslin sevimlisi idi. Onun konsert repertuarında 600-dən
artıq əsər – rus romansları, klassik mahnılar, estrada
və neapolitan mahnıları yer almışdı. O, “Nizami”,
“Oxuyur Müslüm Maqomayev” və “Moskva notlarda”
filmlərində çəkilmişdi. Maqomayev
20-dən artıq mahnı müəllifi idi,
kinofilmlərə musiqilər yazmışdı. Onun
məşhur “Toy” mahnısını dinləyən
musiqiçi dostları zarafatla deyirdilər ki, əgər
Müslüm bu mahnını toylarda oxusaydı yaxşı
qazanardı. Müğənni özü isə
müsahibələrinin birində həmin mahnını bir o
qədər də sevmədiyini etiraf etmişdi. O, Amerika
müğənnisi Mario Lansanın sənətinin vurğunu
idi. Bu məşhur müğənninin həyat və
yaradıcılığına həsr olunmuş televerilişlərin
müəllifi və aparıcısı kimi fəaliyyət
göstərirdi. Mario Lansa haqqında kitab da
yazmışdı.
Müslümdə
heykəltaraş və qrafika ustası istedadı da vardı.
O, yaxşı şəkillər çəkir,
heykəllər yapırdı. Yaxşı
təşkilatçı kimi də tanınırdı.
Yaratdığı Azərbaycan dövlət simfonik-estrada
orkestrinin 1975-ci ildən başlayaraq 1989-cu ilədək
bədii rəhbəri olmuş, SSRİ şəhərlərində
dəfələrlə konsertlər vermişdi. Onun
mahnıları yazılmış vallar böyük tirajlarla
çıxırdı.
Azərbaycanın
məşhur bəstəkarı və dirijoru Müslüm
Maqomayevin şərəfinə Müslüm adı
verilmiş bu zəkalı nəvə uşaqlıq və
məktəb illərini doğma əmisi Camaləddin Mavqomayevin
himayəsində keçirmişdi. Müslümün
teatr rəssamı olan atası Məhəmməd almanlarla
savaş meydanında, müharibənin qurtarmasına 2—3
gün qalmış həlak olmuşdu. O,
müharibəyə gedəndə Müslüm
bələkdə idi, oğlunun xoşbəxt
gələcəyinə inam bəsləyən ata
döyüş bölgəsindən oğluna məktub da
yazmışdı. O, həmin məktubunda oğlunun
ədalətli və xoşniyyət insan kimi
böyüyəcəyinə inamını
bildirmişdi. Atanın bir arzusu da Müslümün yaxın
gələcəkdə həmin məktubu oxuması idi. Müslümə ata nəvazişini duymaq
xoşbəxtliyi nəsib olmadı. Əmisi Camaləddin
Müslümü atadan da yaxşı saxladı və
ərköyün böyütdü. Müslüm musiqi
məktəbində dəcəl şagird kimi tanınırdı.
Hətta bir dəfə onu cəzalandırmış,bir
müddət pioner qalstuku taxmamasına qərar
vermişdilər. Bundan sonra Müslüm özünü
çox rahat hiss etməyə başlamışdı.
Demişdi ki, qalstuk taxmamaq daha yaxşıdır,
çünkü yazı yazanda onun ucları
mürəkkəb qabının içinə girərək
bulaşır.
Müslüm
telemüsahibələrin birində söyləmişdi ki,
Camaləddin əmisi dünyasını
dəyişəndən sonra bir müddət özünü
tənha hiss etmiş, sonra ulu öndər Heydər Əliyev
ona ata qayğısı göstərmiş, uğurlarına
yol açmaq üçün əlindən gələni
əsirgəməmişdi. Müslüm evlənib Tamara
Sinyavskayanı alandan sonra toy səyahətinə Vətəni
Bakıya gələndə SSRİ xalq artisti, beynəlxalq
mükafatlar laureatı, “Bolşoy teatr”ın primadonnası
Tamara xanımı Azərbaycanın gəlini kimi
hərarətlə qarşılamışdılar. Ulu
öndər gənc ər-arvadın şərəfinə
təntənəli qəbul düzəltmişdi.
Doğma
Azərbaycanı bütün varlığı ilə
sevən və onu ana vətəni hesab edən Müslüm
Maqomayev obyektiv səbəblərdən Moskvada sonadək bir
bakılı kimi yaşamış, Rusiya
vətəndaşlığı almamışdı. O, ümummilli lider Heydər Əliyevin yanına
gəlib demişdi: “Bilirsiniz ki, mən çoxdandır
Moskvada yaşayıram , lakin oranın vətəndaşı
deyiləm. Gördüyünüz kimi, Rusiyada ehtiraslar
getdikcə qızışır. Ola bilsin ki, günlərin
bir günü kimsə gəlib mənə desin ki, nə
üçün burada qeydiyyatsız yaşayırsan? Ona
görə də Moskva qeydiyyatına düşmək
istəyirəm” . Ulu öndərimiz Müslümə belə
cavab vermişdi: “Sən çoxdanın moskvalısısan,
sənin Moskva pasportun olmalıdır”. Müslüm Bakı
bağlarının birində dincələn zaman ona
Azərbaycan pasportu təqdim etmişdilər. Müslüm
Maqomayev Heydər Əliyevdən bunun səbəbini
soruşanda belə bir cavab almışdı: “Sən Rusiya
vətəndaşısan, lakin biz səni heç yerə buraxmarıq.
Bilməlisən ki, sən həm də Azərbaycan
vətəndaşısan”.
Müslüm Maqomayev
böyük səxavət sahibi idi. Bir vaxtlar Moskvanın
“Rossiya” mehmanxanasının beşotaqlı lyuksunda
yaşayanda Müslümün qazancı dostlarına və
banketlərinə xərclənirdi. Hamı onu
milyonçu sayırdı. Amma o, milyonçu deyildi,
sadəcə, çox səxavətli adam idi, pul
xərcləməkdən zövq alırdı
.Müslümün solo konsertlər verməsinə son qoymaq
xəbərini eşidən “dostlar” yavaş-yavaş aradan
çıxmağa başlamışdılar. O, Tamara
xanımla ailə həyatı qurduqdan sonra
bədxərcliyinin daşını atmışdı. Pul
qazanmaq lazım gələndə ildə bir dəfə
arvadı ilə birlikdə konsertlər verirdi.
Azərbaycan prezidenti
Heydər Əliyev Müslümün ifaçılıq
karyerasına son qoymasından sonra ona və arvadına
aylıq dövlət müavinəti ayırmışdı. Müslüm
Prezident İlham Əliyevin atasının
ənənəsinə sadiq qalaraq onun maddi
təminatını bir qədər də artırmasından
çox razılıq edirdi.
Müslüm öz
qədir-qiymətini bilən adam idi. İran
şahı Məhəmməd Rza Pəhləvi öz
arvadı Fərəhlə Bakıya gələn zaman
Müslümlə tanış olmuş və onu İrana
dəvət etmişdi. Şah sarayında qəbul vaxtı
Müslüm özünün zəngin repertuarından
seçmə mahnılar oxumuşdu. Məhəmməd Rza
Pəhləvi heyranlığını bildirməklə
yanaşı, Müslümə iri məbləğdə pul
da hədiyyə etmişdi. Müslüm bütün bunlara
görə şaha razılığını bildirmiş
və nəzakətlə pulu qaytararaq demişdi: “Mən qonaq
olduğum yerdə pul almıram”. Müslüm Maqomayevin bu
nəcibliyini yüksək qiymətləndirən şah ona
öz üzüklərindən birini
bağışlamışdı. Müslüm həmin
üzüyü həmişə barmağında
gəzdirirdi. Azərbaycanlılar Müslümün bu
hərəkətini kişilik adlandırmışdılar,
Moskva məmurları isə qəzəblənmiş və
müğənnini məzəmmət etmişdilər.
Müslüm
səhnə fəaliyyətini dayandırdıqdan sonra bəzi
sözgəzdirənlər şayiə yaymağa
başlamışdılar ki, guya, müğənninin səsi
batıb. Amma onun səsi əvvəlki kimi yerində idi.
O, səhnədən ləyaqətlə getməyə
üstünlük vermişdi. Hamının yaddaşında
şahanə səsi ilə qalmasını istəmişdi.
Bir dəfə görkəmli incəsənət
xadimlərindən kiminsə doğum günü
münasibətilə təşkil olunmuş məclisdə
gözlənilmədən royal arxasına keçərək
“Piter boyu”, “İtalyano” və daha bir neçə
mahnını oxumuşdu. Salonda əyləşənlər
Müslümün tam dolğun və çox mələhətli
səslə oxuduqlarından vəcdə gəlib alqış
qoparmışdılar. Məşhur bariton İosif Kobzon
heyranlıqla demişdi: “Belə səsi olan da
səhnədən gedər?” Müslümün isə
cavabı belə olmuşdu: “Gedər, vaxtında gedər.
Adamların səni fikrən yola salmasını
gözləmədən gedər. Bir də ki,mən,
böyük çıxmasın, bülbül
xislətliyəm. İstəyəndə oxuyuram,
istəməyəndə yox”.
Müslümü xeyli müddət qastrollarda müşayiət
etmiş istedadlı pianoçu Çingiz Sadıxov
danışırdı ki, Moldaviyanın paytaxtı
Kişinyovda təntənəli konsertdən sonra otelə
qayıdan Müslüm küçədən onu
çağıranların kimlər olduğunu bilmək
üçün pəncərədən baxanda görmüşdü
ki, az qala böyük bir tamaşaçı ordusu
yığışıb onun oxumasını inadla
tələb edir. Bu adamlar Müslümün konsertinə
düşə bilmədikləri üçün onu otelin
eyvanından dinləmək arzusunda olanlar idi. O,
Çingizdən soruşmuşdu: “Musiqi müşayiəti
olmadan necə oxuyum? Onda gəl belə edək, sən get
restoran çalğıçılarından
akkordeonlarını al gətir, çal, mən də oxuyum”.
Dinləyicilərini heç vaxt naümid qoymayan Müslüm
qaldığı otel nömrəsinin eyvanından akkordeonun
müşayiəti ilə yenidən konsert vermişdi.
Bir dəfə də
Moskva restoranlarının birində keçirilən Tamara
Sinyavskaya ilə toy mərasimində küçədə
toplaşmış fanatları üçün
pəncərəni açıb mahnılar oxumuşdu. Soyuq
havada verdiyi “konsert” nəticəsində
əməlli-başlı soyuqlamışdı. Müslüm
fanatlarını son dərəcə çox sevən və
onlar tərəfindən dəlicəsinə sevilən nadir müğənni
idi.
Əfsanəvi
müğənni son zamanlar ürəyin işemik
xəstəliyindən və qan damarlarının
aterosklerozundan əziyyət çəkirdi. Buna görə də dəfələrlə
xəstəxanada yatmalı olmuşdu. 2008-ci il oktyabr
ayının 25-də Müslümün ölüm
xəbəri bütün pərəstişkarlarını sarsıtdı.
Moskvanın Çaykovski adına konsert salonunda – gənc
yaşlarında solo konsertlə çıxış etdiyi
musiqi ocağında izdihamlı vida mərasimi Bakıda,
babasının adını daşıyan Azərbaycan
Dövlət Filarmoniyasında davam etdirildi. Azərbaycan
Prezidenti İlham Əliyevin iradəsi ilə (Müslüm
Maqomayevi böyük rus balerinası Aqreppina Vaqanovanın
adı ilə bağlı Vaqanova məzarlığında
dəfn etmək qərara alınmışdı)
əfsanəvi müğənninin cənazəsi xüsusi
təyyarə ilə Bakıya gətirildi və 29 oktyabr
2008-ci ildə Fəxri Xiyabanda, babası Müslüm
Maqomayevin yanında Vətən torpağına
tapşırıldı. Sənət fədaisi 66
yaşında əbədiyyətə qovuşdu.
1997-ci ildə
Günəş sisteminin kiçik planetlərindən
birinə “974 SP” kodu altında “4980 Maqomayev” adı
verilmişdi . Onu sevənlərə elə gəlir ki,
Müslüm Maqomayev ölməmişdir, sənətkarın
ruhu onun adını daşıyan planetin trayektoriyası
ilə kainatı dolaşır və kosmosdan bütün
dünyaya mahnılar ərmağan edir.
Xalq qəzeti.- 2008.- 5 dekabr.- S. 6.