Müslüm Maqomayev
ölməzdir, onun sənəti əbədidir
Vaxt yaman sürətlə
keçir. Azərbaycan xalqının görkəmli
oğlu, zəmanəmizin
dünyaşöhrətli və
hamının sevimlisi
olan musiqi xadimi, müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Məhəmməd oğlu
Maqomayevin vəfatından
qırx gün keçdi... Düz qırx gün...
Bu əfsanəvi
azərbaycanlı ilə əvvəlcə Moskvada, sonra isə
doğma Vətəni Bakıda vida mərasimi sanki lap yaxın
vaxtlarda olmuşdu. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin şəxsi səyləri və
təşəbbüsü sayəsində Müslüm Maqomayev
Bakıda torpağa tapşırıldı.
Müslümü və
onun bənzərsiz sənətini sevənlərin, bu
gözəl insanla bir dövrdə yaşadıqlarına
görə fəxr edənlərin hamısı onu son
mənzilə yola saldı. Vida və dəfn mərasimində ölkəmizin
Prezidenti də iştirak etmişdi.
Müslüm Maqomayev öz xalqına, doğma yurda bütün varlığı
ilə, saysız-hesabsız tellərlə sıx bağlı olan əsl vətənpərvər
idi. Buna ən parlaq sübutlardan biri onun unudulmaz, misilsiz Azərbaycan mahnısıdır. Planetimizin
bütün guşələrində
verdiyi konsertləri çox vaxt bu mahnı ilə
başlayır və ya onunla tamamlayırdı.
Buna görə də sənətkarın
qırxının onun
çox sevdiyi doğma Bakıda qeyd edilməsi tamamilə təbiidir.
..."Muğam"
klubunda böyük həmyerlimizin xatirəsinə həsr
edilmiş görüşə tanınmış
mədəniyyət və elm xadimləri, Azərbaycanın
görkəmli ictimai xadimləri, xarici ölkələrin
səfirləri gəlmişdi. Müslüm
Maqomayevin bənzərsiz
ifasında onun son lent yazıları
- operalardan ariyalar, romanslar, mahnılar səslənirdi. Divarlardan
asılmış portretlərdən
isə müğənni
özü baxırdı
- gözəl, təbəssümlü
Müslüm...
Müslüm Maqomayevin
sədaqətli ömür-gün yoldaşı,
görkəmli müğənni Tamara Sinyavskaya, Rusiya
ziyalılarının bir qrup nümayəndəsi -
məşhur həmvətənimizin dostları və
həmkarları anma mərasimində iştirak etmək
üçün Bakıya gəlmişdilər. Görüşü Müslümün
yaxın dostu, Azərbaycanın xalq artisti, kinorejissor Eldar Quliyev açdı.
O dedi ki, Müslüm haqqında keçmiş zamanda danışmaq olmaz. Müslüm dünən də vardı, bu gün də
var və onun səsi, sənəti yaşadıqca,
özü də həmişə yaşayacaqdır.
Müslümün sənəti
isə əbədidir!
Azərbaycan Prezidentinin
İcra Aparatının şöbə müdiri Fatma xanım
Abdullazadə də səmimi və emosional
çıxışında bu fikri təsdiqlədi. O dedi ki, Müslüm
Maqomayev bizim hər birimizin qəlbində yaşayır
və hər kəs öz Müslümünü xatırlayacaqdır.
Bu nurlu insan bizim hamımıza
o qədər hərarət, o qədər müsbət enerji bəxş etmişdir ki, insanlar Maqomayevin musiqi dünyasına daldıqda hökmən əvvəlkindən yaxşı
olmalıdırlar.
Görüşdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev, Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov
və başqaları Müslümün öz
Vətəninə bağlılığını xüsusi
vurğuladılar. Bəli, Müslüm Maqomayev və Azərbaycan bir-birindən ayrılmazdır! Ə.Qarayev Müslüm Maqomayevin burada, doğma torpağımızda
dəfn olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirdi. Axı, hamımızın yadındadır
ki, Müslüm hətta Rusiya Prezidentinin ona təqdim etdiyi ordeni alanda da
fəxrlə demişdi:
"Mən azərbaycanlıyam!"
Anma mərasimində
iştirak edən Rusiyanın Bakıdakı səfiri Vasili
İstratov qeyd etdi ki, Müslüm Maqomayev təkcə Rusiya
ilə Azərbaycanı deyil, vaxtilə ümumi vətənimiz
olmuş Sovetlər İttifaqı məkanındakı
bütün ölkələri və xalqları
birləşdirir. Məgər burada keçmiş İttifaqın bütün
ölkələrinin səfirlərinin
iştirak etməsi buna dəlalət etmirmi?!
Müslüm
barədə xatirələrdə onun insani
keyfiyyətlərinə dərin hörmət duyulurdu. O,
adı böyük hərflə yazılan İnsan idi. Ulu Tanrı ona çox istedadlar bəxş etmişdi: böyük musiqiçi həm də vəfalı Dost, əsl Kişi, səmimi, xeyirxah, ədalətli və təmiz adam idi. Bu sözləri
dünya şöhrətli
müğənni Yelena
Obraztsova və çıxış edənlərin
hamısı vurğuladı.
Bir tərəfdən
kədərli duyğular
oyadan, digər tərəfdən hamımızın,
həqiqətən, nurlu
insan kimi tanıdığımız Müslümün
xatirəsinin işıq saldığı
bu mərasimdə səslənən bütün
sözlər öz böyük sənətini
bizə miras qoyub getmiş insana məhəbbət və minnətdarlıq ifadəsi idi.
Sonda Maqomayevin həyat
yoldaşı Tamara Sinyavskaya Müslümün
xatirəsinə bəslədikləri ehtirama görə
hamıya təşəkkür etdi, Azərbaycan
dövlətinin başçısına xüsusi
təşəkkürünü bildirdi.
Azərbaycan.- 2008.- 6 dekabr.- S. 5.