Vaqif Mustafazadə yenidən doğulmayacaq

 

Əzizə Mustafazadə: "Mən onun musiqiləri ilə böyümüşəm"

 

Azərbaycanın caz ifaçısı, dünya şöhrətli cazmen Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə Heydər Əliyev Sarayında konsert verdi. "Art Community"nin təşkilatçılığı ilə keçirilən iki saatlıq konsertdə Əzizə Mustafazadə öz bəstələri ilə yanaşı, Vaqif Mustafazadənin dünya klassik bəstəkarlarının əsərlərini ifa etdi. O, tamaşaçıları salamlayaraq, yenidən Bakıda konsert verməkdən məmnun olduğunu bunun üçün xüsusi bir proqram hazırladığını bildirdi.

   Qeyd edək ki, tanınmış cazmen rus dilində danışsa da, bütün ifa etdiklərinin Azərbaycan mahnıları olduğunu qəlbinin hər zaman Azərbaycanla döyündüyünü dilə gətirdi. Atası Vaqif Mustafazadənin mahnılarından bir neçəsini səsləndirən gənc cazmen onun musiqiləri ilə böyüdüyünü vurğuladı: "Mən onun musiqiləri ilə böyümüşəm bu gün o musiqilərsiz yaşaya bilmirəm. Amma Vaqif Mustafazadədən bir olmayacaq, o, yenidən doğulmayacaq".

   Sonra o, Heydər Əliyevə ithaf etdiyi "Hər zaman" kompozisiyasını ifa etdi. Daha sonra "Ürək döyüntüləri", "Romantik axşam", "Oxuyan təbiət", "Mən sevsəm əbədi sevəcəyəm" caz musiqiləri bir-birinin ardınca səsləndi. Əzizə Mustafazadə Xocalı faciəsinə həsr etdiyi "Ağlayan torpaq" musiqisini pianonun dili ilə səsləndirdi. Həmçinin tamaşaçılarla Xocalı faciəsi haqqında fikirlərini bölüşdü bildirdi ki, həmin faciədə dünyasını dəyişən günahsız insanları heç zaman unutmayacaq.

   Konsert bitdikdən sonra tamaşaçıların kəsilməyən alqış sədaları altında ikinci dəfə səhnəyə qayıdan Əzizə Mustafazadə müəllifi olduğu məşhur "Mart" kompozisiyasını səsləndirdi. O, ənənəvi olaraq pianoda kompozisiyaları yüksək səviyyədə ifa etməklə yanaşı, çaldığı mahnıları canlı oxudu. Konsertdə caz ifaçısını amerikalı musiqiçilər Ralf Çetto Simon Çimbardo müşayiət edirdi.

   O, Bakıda konsertlərinin çox olacağına söz verdi.

  

Üç nöqtə.- 2008.- 23 dekabr.- S. 14.