İsgəndərov B.

 

“Aşıq Nəsibin sənət dünyası”na bir nəzər

 

Azərbaycan xalq ədəbiyyatının xüsusi qolu olan ozan-aşıq sənəti ta qədimdən Azərbaycan türklərinin tarixi, etnik-mədəni və bədii dünyagörüşünün tərkib hissəsi kimi zaman-zaman xalqımızın sosial-siyasi və ictimai-mədəni həyatında da önəmli rol oynamışdır.

Ağız ədəbiyyatında böyük bir mərhələni təşkil edən aşıq yaradıcılığı keçən əsrin 20-30-cu illərindən başlayaraq folklorşünaslığımızın xüsusi tədqiqat obyektinə çevrilmişdir. Həmin tədqiqatlar bu gün uğurla davam etdirilir. Belə tədqiqatlardan biri filologiya elmləri namizədi, SDU-nun dosenti Avtandil Ağbabanın bu yaxınlarda çapdan çıxan "Aşıq Nəsibin sənət dünyası" (Bakı, "Elm" nəşriyyatı, 2008) adlı monoqrafiyasıdır. Əsərin elmi redaktoru filologiya elmləri doktoru, professor Hüseyn İsmayılov, rəyçisi isə filologiya elmləri doktoru, professor İsrafil Abbasovdur.

Bəri başdan qeyd edək ki, əsəri folklorşünaslığımızın son uğurlarından biri saymaq olar. Alim tədqiqat əsərində Azərbaycan aşıq yaradıcılığı tarixində önəmli yer tutan, ötən əsrin qırxıncı illərində dünyasını dəyişmiş böyük el sənətka, Ağbaba-Çıldır aşıq mühitinin nümayəndəsi Aşıq Nəsibin həyatını, dövrü və yaradıcılığını ətraflı şəkildə tədqiq etmişdir. Tədqiqatçı monoqrafiyada ilk olaraq Aşıq Nəsibin yetişdiyi aşıq mühitinə diqqət yetirmiş Ağbaba-Çıldır aşıq mühitini öz regional özəlliyi ilə seçilən, özünəməxsus sənət elementlərinə malik olan bir mühit kimi qiymətləndirmişdir. Müəllif bu barədə yazır: "Azərbaycan aşıq yaradıcılığının ən qədim zəngin qollarından birini təşkil edən Ağbaba-Çıldır aşıq mühiti, bu mühitin nümayəndələri, klassik regional dastanlar, ifaşılıq ənənələri, keçdiyi tarixi inkişaf yolu onun özünəməxsus mövqeyini müəyyənləşdirməkdədir. Müxtəlif zaman kəsimlərində bu mühitin Azərbaycan aşıq sənətindən müəyyən qədər təcrid olunması onun musiqi söz repertuarının formalaşmasına öz təsirini göstərmişdir (s.4). Qeyd edək ki, bu mühit klassik ifaçılıq ənənələrini qoruyub saxlayan bir bölgə kimi diqqət çəkməkdədir. Fikrimizə qüvvət kimi, "Ağbabayı", "Ağbaba gözəlləməsi", "Çıldır çuxurobası", "Sarı yaylıq", "Köşəbaşı", "Atüstü" "Dərbədəri" kimi klassik saz havalarını göstərə bilərik. Bu şeir ocağına məxsus saz havaları içərisində "Nanaylar" "Sufi" havaları da diqqəti cəlb edir.

Aşıq Nəsibin mənsub olduğu sənət şəcərəsi tarixən çox uzaqlara gedib çıxır. Belə ki, tarixin müxtəlif dövrlərində Ağbaba-Çıldır aşıq mühitində Pir Sultan Abdal (XVI əsr), Aşıq Ömər (XVII əsr), Aşıq Həsən (XVIII əsr) Aşıq Nəsibin ustadı Aşıq Şenlik (XIX-XX əsr) kimi onlarca adla bizə məlum olmayan ulu ustadlar yetişmişlər. Qədim oğuz yurdu olan Ağbaba-Çıldır aşıq mühitinin tarixi genetik qaynağından bəhrələnən Aşıq Şenlik onun yetirməsi Aşıq Nəsib, demək olar ki, Ağbaba-Çıldır sənət ocağının son aşıqlarından olmuşlar çiyinlərində daşıdıqları çoxçeşidli sənət yükünü özlərindən sonrakı aşıqlara ötürmüşlər. Aşıq Nəsibin bizlərə yadigar qoyduğu zəngin yaradıcılıq nümunələri - gəraylıları, qoşmaları, divaniləri müxəmməsləri sübut edir ki, Aşıq Nəsib qaynar təbli şair-aşıq olmuşdur. O, ustadı Aşıq Şenlikdən sənətin bütün sirlərini mənimsəyərək qısa bir zamanda Ağbaba-Çıldır, Qars-Axırkələk bölgələrində ağır məclislər keçirib qüdrətli şair mahir saz ifaçısı kimi şöhrət qazanmışdır. Bu barədə müəllif yazır: "Aşıq Nəsib həm gözəl məclis aparmağı bacaran ustad aşıqlardan olmuşdur. Yüksək zil səsi, qəmli dastanları danışarkən tez-tez kövrəlib ağlaması, çevik hərəkətləri, məclisi birnəfəsə dörd-beş dəfə oxuya-oxuya dolanması onun özünəməxsus ifaçılığını göstərən amillərdəndədir" (s.15). "Aşıq Nəsibin göstərdiyi mühüm xidmətlərdən biri Ağbaba-Çıldır saz havalarını qoruyub mühafizə edərək özündən sonrakı nəsillərə ötürməsidir" (s.15).

Sənət dərsini Aşıq Şenlikdən alan Aşıq Nəsib ustadına layiq bir aşıq olmuşdur. Onun Dədə Ələsgərlə deyişməsi göstərir ki, o, öz zəmanəsinin ustad aşıqları sırasında layiqli yerini tuta bilmişdir. Güclü hafizəyə malik olan aşıq ustadından öyrəndiyi yüzlərlə şeir, əhvalat dastanları gözdən əlil olduğu üçün şifahi şəkildə qavramışdır.

Monoqrafiyanın "Aşıq rəvayətləri: Tarix. Həqiqət şəxsiyyət" bölməsində ustad aşığın xalq arasında keçirdiyi məclislərin, aşıqla xalq arasındakı ülvi, səmimi münasibətlərin ən maraqlı məqamları təsvir olunmuşdur ki, bu da aşığın oxucular tərəfindən daha yaxından dərk edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

İnanırıq ki, Aşıq Nəsibin yaradıcılığı, onun ozan-aşıq sənətimizdəki müstəsna yeri ümumilikdə Ağbaba-Çıldır aşıq mühiti uzun müddət folklorşünaslığımızın tədqiqat obyekti olacaq folklorşünas Aftandil Ağbaba dönə-dönə bu mövzuya müraciət edərək sanballı tədqiqatları ilə oxucuları sevindirəcəkdir.

 

Azərbaycan müəllimi.- 2008.- 12 dekabr.- S. 8.