İnsan ucalığı, sənət zirvəsi

 

Adil Rza oğlu İsgəndərov bütöv xarakterə malik şəxsiyyət olub. Ömrü boyu sözünü, amalını, əqidəsini dəyişməyib. Onu yaxından tanıyanlar bilirlər ki, Adil alicənablığına, qayğıkeşliyinə, mərhəmətinə, uzaqgörənliyinə, azərbaycanlı olduğundan fəxr etdiyinə görə müqəddəs duyğularla, amallarla ömür sürüb.

O, Gəncə şəhərində dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumunu, Moskvada A.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdi. 34 il Akademik Dram Teatrında rejissor, baş rejissor, direktor işləmişdi. Səkkiz ildən çox "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışmışdı. Çoxlu tamaşaya quruluş vermiş, indi dönə-dönə xatırlanan səhnə, kino obrazları yaratmışdı. Quruluş verdiyi məşhur "Əhməd haradadır?" filmi onun şöhrətini daha da artırmışdı. Əlli ildən artıq İncəsənət İnstitutunda dərs demişdi. SSRİ xalq artisti, Dövlət mükafatı laureatı digər fəxri adlar, orden medallar almışdı.

Adil 10-12 yaşlarında teatra sonsuz maraq göstərərdi. Gəncə Pioner evində uşaqlar üçün hazırlanan tamaşalarda fəal iştirak edərdi. Orta məktəbin sonuncu sinfində oxuyanda təşəbbüs göstərərək "Qaçaq Kərəm"ə "quruluş" verir. Həmin tamaşaya baxan unudulmaz dramaturq Cəfər Cabbarlı gənclərin işini bəyənir, Adillə yaxından tanış olur, onu Bakı Teatr Texnikumunda təhsil almağa dəvət edir. Bəzən bir diqqət, qayğı insanın taleyində böyük bir hadisəyə çevrilir. Adil İsgəndərovun həyatında belə olur. O, texnikumda nüfuz qazanır, istedadı, teatr sənətinə sonsuz sevgisi, marağı ilə tanınır. Adil İsgəndərov təhsilini başa vuran ili Moskvada Teatr Sənəti İnstitutuna daxil olur. Eyni zamanda Vaxtanqov adına teatrda işləyir. İnstitutu bitirib Bakıya qayıdanda onu - 26 yaşlı gənci Azərbaycan Dövlət Dram Teatrına baş rejissor təyin edirlər.

Əlbəttə, istedadına, qabiliyyətinə, ən vacibi, teatrsevərlər, aktyorlar tərəfindən sevildiyinə görə. Milli teatrımızın fədailərindən biri Aleksandr Tuqanov həmin vaxtlar Akademik Dram Teatrının bədii rəhbəri idi. Adil İsgəndərovun təşkilatçılığını, istedadını görəndən sonra könüllü olaraq ərizə yazıb işdən çıxır. Həmin vəzifəni gənc rejissor Adilə etibar edirlər.

28 yaşında Adil İsgəndərov teatr sənətində tarixə qızıl hərflərlə yazılmış uğur qazanır. Xalq şairi Səməd Vurğunun "Vaqif" pyesinə verdiyi quruluş orijinallığı ilə seçilir, tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. Respublika rəhbərliyi onun əməyini yüksək qiymətləndirir. Ona xalq artisti fəxri ad Dövlət mükafatı verirlər. Əsərin müəllifi Səməd Vurğundan yadigar qalan bir fikir var: "Vaqifi Tanrı yaratdı, mən yaşatdım, Adil ona ikinci ömür verdi". Vaqif obrazının bənzərsiz yaradıcısı Ələsgər Ələkbərov demişdir: "Adil İsgəndərov teatrı varlığı qədər sevir. Verdiyi mizanlar adamın canına sarı yağ təki yayılır. O, qədər yumşaq təbiətlidirsə, bir o qədər sərt adamdır. Dilinə yalan gəlməz. Rol bölgüsündə təkcə aktyorun boy-buxununu yox, həm səs tembrini, göz ifadələrini, sifət cizgilərini nəzərə alır. Adil əsl məktəbdir. Fəxr edirəm ki, mən həmin məktəbdə bilmədiyimi öyrənmişəm".

A.İsgəndərovun quruluşunda "Vaqif" tamaşası 1000 dəfədən artıq oynanılıb. Dünya teatr tarixində belə hadisəyə çətin ki, rast gəlmək olar.
Əsərdən-əsərə daha da şöhrət, tamaşaçı məhəbbəti qazanan rejissor bir-birinin ardınca "Həyat", "Fərhad Şirin", "Xanlar", "Od gəlini" tamaşalarına quruluş vermişdi. Onun "Otello"suna baxmaq üçün dünyanın çox ölkələrindən Bakıya gəlmişdilər. Məşhur rus sənətşünası Aleksandr İvanov həmin səhnə əsərindən aldığı təəssürat barədə yazmışdı: "Quruluşçu rejissor Adil İsgəndərov teatr aləmində əsl inqilab edib. Mən Azərbaycan dilini bilmirəm. Lakin ifalar o qədər maraqlı, həyat həqiqətinə uyğundur ki, sanki onların (aktyorların) dediklərini öz dilimdə eşidirdim. "Otello"ya qarşı bu cür sevgini, diqqəti, peşəkarlığı heç bir teatrda görməmişəm".

Adil İsgəndərov yüksək səviyyədə insani keyfiyyətlərə, xarakterə malik idi. O öz yaradıcılığında əsl məktəb yaratmışdı. Aktyorlar, rejissorlar onun qayğısını görmüşdü. Teatr sənəti üzrə İncəsənət İnstitutunu bitirənlərin əksəriyyətinə dərs vermişdi. Tələbələrinə deyərdi ki, rolun xarakterinə uyğun davran, oyun göstər. Əgər bacarmırsansa, sənətdən kənarlaş. Aktyor bəzən ifasına görə səhnədə əyilir, yalvarır. Lakin həyat səhnə deyil. Gərək elə yaşayasan ki, sonralar peşmanlıq hissi keçirməyəsən. Son sözü isə belə olardı: "Yadınızda saxlayın, yaşamaq - yanmaqdır. Xəcalətli, utana-utana ömür sürməkdənsə birdəfəlik ölmək daha yaxşıdır. Abır-həyasını gözləyənlər, sənətə sevgisi olanlar dünyalarını dəyişəndən sonra da unudulmurlar, ehtiramla xatırlanıb, yad olunurlar". Ötən əsrin altmışıncı illərində onu C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsinə təyin etmişdilər. O bu sahədə başucalığı qazanmışdı. Neçə-neçə kinoaktyorların yetişməsinə, formalaşmasına var gücü ilə çalışmışdı. Xalq artisti, mərhum Lütfi Məmmədbəyov deyərdi: "Adil müəllimin sənətə yeni gələnlərin bircə dəfə gözlərinə baxmağı kifayət idi ki, onlara ya "" desin, yaxud da "yox". Rasim Ocaqov, Tofiq Tağızadə, Arif Babayev, Rasim İsmayılov başqaları onun yetirmələri olmuşdu".

Kinostudiyanın direktoru işləyərkən Adil İsgəndərovun arzularından biri də "Vaqif" əsəri əsasında ikiseriyalı bədii film çəkmək olmuşdu. Amma niyyəti alınmamışdı. Çünki nəzərdə tutduğu baş qəhrəman obrazının ifaçısı - Ələsgər Ələkbərov dünyasını dəyişmişdi. O, son nəfəsinə qədər həmin filmin çəkilişinin həsrəti, nisgili ilə yaşadı.

A.İsgəndərov təkrarolunmaz, bənzərsiz kino aktyoru idi. Onun min bir həvəslə yaratdığı "O olmasın, bu olsun"da qoçu, "Qara daşlar"da Xəlilov, "Uzaq sahillərdə" Rosselini, "Romeo mənim qonşumdur"da Quliyev, "Qanun naminə" Kamilov, "Axırıncı aşırım"da Kərbəlayı, "Dərviş Parisi partladır"da Hətəmxan ağa, "Arxadan vurulan zərbə" Dadaş kino sənəti tarixinə əbədi yazılıb. O, obrazların taleyini yaşayanda, yəni çəkiliş zamanlarında təkcə qiyafəsini dəyişməyib, həm kamera önündə istedad qabiliyyətini ustalıqla, məharətlə nümayiş etdirə bilmışdır.

İstedadlı aktyor, rejissor "Əhməd haradadır?"ın ssenarisini oxuduqdan sonra ona quruluş verməyə razı olur. O, xatirələrində yazır: "Mən kəndlə şəhər arasında doğmalığı, illərlə görüşməyən dostların təsadüfən rastlaşanda sevinc-fərəhlərini incə ştrixlərlə verməyə çalışdım". Bu səbəbdən "Əhməd haradadır?" bədii, tammetrajlı film milli dəyərlərimizin, mentalitetimizin təsviri, tərənnümü kimi baxılır yaddaşlarda qalır. "Əhməd haradadır?" ekran əsərində Adil müəllim orijinal dəst-xəttə üstünlük vermişdi: zəmanəsinin sevilən aktyorları Əlağa Ağayev və Lütfəli Abdullayevin satirik, gülüş jestlərindən kifayət qədər bəhrələnmiş və onların ifalarını iri planda tamaşaçılara çatdırmışdı.

Adil İsgəndərovun vaxtı ilə dərs dediyi yetirmələri bu gün teatrımızın, kinomuzun inkişafında var gücləri ilə çalışır, istedadlı aktyor, rejissor kimi tanınırlar. "Əhməd haradadır?" filmində sürücü Əhmədi oynayan Elxan Qasımov müəllimini, qayğıkeşini ehtiramla xatırlayır: "Ustad sənətkar ilk baxışda qaya kimi sərt görünərdi. Əslində isə ipək kimi yumşaq xarakterə malik idi. Tələbələrini balası qədər istəyərdi. Hər birimizin qayğısına qalardı. Nəyə ehtiyacımız olub-olmadığını soruşardı. Biz ona güvənər, arxalanar, adını qürur hissi ilə çəkər, ardınca inamla gedərdik. Qəfil əcəl onun da, bizlərin arzusunu ürəkdə qoydu. İlin bu vədəsində - 30 il əvvəl, 68 yaşında həyatdan köçdü. Dünya kimə qalmışdı ki, ona da qalaydı?!".

Otuz ildir görkəmli aktyor, rejissor, unudulmaz pedaqoq, sədaqətli dost, səmimi insan Adil İsgəndərov haqq dünyasına qovuşub. Amma nailiyyətləri, xidmətləri, qayğıları unudulmur, tanıyanlar tərəfindən dönə-dönə xatırlanır, yad olunur. Çünki o, şərəfli yolla insan ucalığına, halal, gərgin zəhməti ilə sənət zirvəsinə ucalmışdı.

Azərbaycan.- 2008.- 4 dekabr.- S. 7.