Avropa Şurası ölkəmizdə gedən prosesləri yüksək dəyərləndirir

 

Avropa Şurasının baş katibi Terri Devis:

"Bu gün Avropa Azərbaycanda görüşür,

sabah isə dünya Azərbaycanda görüşəcəkdir"

 

Azərbaycanın uğurlu əməkdaşlıq etdiyi Avropa təsisatlarından biri də Avropa Şurasıdır. Ümummilli lider Heydər Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində ölkəmiz 1996-cı ildə Avropa Şurasında xüsusi qonaq statusu almış, 2001-ci ildən isə tamhüquqlu üzvlüyünə qəbul edilmişdir. Azərbaycan həqiqətlərinin dünyaya düzgün şəkildə çatdırılmasında bu qurumun mühüm rolu var. Adıçəkilən təşkilatla qarşılıqlı faydalı əməkdaşlıq müxtəlif formalarda həyata keçirilir.

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) respublikamızı Milli Məclis tərəfindən seçilmiş nümayəndə heyəti təmsil edir, Avropa Şurası ATƏT, BMT, Avropa Birliyi və digər təşkilatlarla, eyni zamanda qeyri-hökumət təşkilatları (QHT) ilə sıx əməkdaşlıq edir. Bununla da üzv dövlətlər AŞ ilə yanaşı, digər beynəlxalq təşkilatlarla da paralel münasibətlər yaratmaq imkanı əldə edirlər.

Azərbaycan parlamenti qanunvericiliyini beynəlxalq qanunvericiliyə uyğunlaşdırmaq istiqamətində mühüm addımlar atır. Bu sırada ölkəmiz Avropa Şurasında qəbul edilmiş konvenslya və sazişlərdən 56-na imza atmış, parlament bunlardan 46-nı ratifikasiya etmişdir. Parlament bu konvensiyaları ratifikasiya etməklə bərabər, Azərbaycan qanunvericiliyində müxtəlif dəyişikliklər və unifikasiyalar edir.

Azərbaycan Avropa Şurası ilə əlaqələr yaratdığı gündən qurumun nümayəndələri tez-tez ölkəmizə gəlir, dövlət və hökumət başçıları ilə görüşlər keçirirlər. Eləcə də Azərbaycan nümayəndə heyəti qurumun müxtəlif strukturlarında keçirilən tədbirlərə qatılaraq müzakirə edilən məsələlərlə bağlı ölkəmizin mövqeyini çatdırırlar. Azərbaycan nümayəndə heyəti Parlament Assambleyasındakı digər dövlət nümayəndələri ilə sıx əməkdaşlıq yaratmağa nail olaraq, prinsipial məsələlərə münasibətdə ortaq mövqedən çıxış edirlər. Nümayəndə heyətinin gərgin fəaliyyəti nəticəsində bu mötəbər qurumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlar qəbul edilmişdir.

Bu yaxınlarda İspaniya paytaxtında Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçirilmişdir. İclaslarda əsas müzakirə predmeti Azərbaycanda keçirilən prezident seçkiləri olmuşdur. Bununla bağlı AŞ PA-nın seçkini müşahidə missiyasına rəhbərlik etmiş Andres Herkelin məruzəsi Büro və Daimi Komitənin iclaslarında müzakirə olunmuş və 15-ə yaxın xarici ölkənin nümayəndəsi çıxış etmişdir. Bütün çıxışlarda Azərbaycanda 2008-ci ilin 15 oktyabrında keçirilmiş prezident seçkilərinin demokratik prinsiplərə uyğun gəldiyi və Avropa Şurasının standartlarına cavab verdiyi birmənalı şəkildə ifadə olunmuşdur.

Xüsusi komitənin qəbul etdiyi sənəddə Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinin ölkə seçicilərinin iradəsini əks etdirdiyi qeyd olunmuşdur. Sənədin prezident seçkilərinin nəticələri ilə bağlı yekun bəndində göstərilir ki, Azərbaycan xalqı prezident seçkilərində hakimiyyətdə olan Prezidentlə bağlı stabilliyə və davamlılığa səs vermişdir. Qəbul edilən sənədin yekun bəndində o da qeyd olunur ki, gələcəkdə, xüsusən növbəti parlament seçkiləri kontekstində seçkilərin təşkili və keçirilməsi hazırkı səviyyədə siyasi platforma və ideyaların yarışması ilə uyğunluq təşkil etdiyi halda Azərbaycan daha yüksək nailiyyətlər əldə edəcəkdir. AŞ PA-nın sədri müzakirələrə yekun vuraraq bildirmişdir: "Azərbaycan xalqı tam sərbəst öz prezidentini seçərək iradəsini ifadə edibsə, demək, bu seçki AŞ-nın prinsiplərinə uyğundur".

AŞ PA-nın Büro və Daimi Komitə iclaslarında qəbul edilən qərarlar Azərbaycanda prezident seçkilərinin beynəlxalq standartlar əsasında keçirildiyini bir daha təsdiqlədi. Sənədin yekun bəndində, həmçinin ölkəmizdə keçirilən prezident seçkilərinə qatılmaqdan imtina edən bəzi müxalifət partiyalarına da münasibət bildirilib. Bənddə göstərilir: "Xüsusi komitə 5 siyasi partiyanın seçkilərdə iştirak etməmək qərarından təəssüfləndiyini bildirir". Bununla da AŞ PA Azərbaycan müxalifətinə seçkidə iştirak etmək kimi məsuliyyətli məsələni dərindən dərk etməyə çağırmışdır.

Bakıda Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa onun qonşu regionlarında davamlı inkişafın sülhün əsasıdır" mövzusunda keçirilən konfransda iştirak edən AŞ-nın baş katibi Terri Devis ölkəmizdə bir sıra rəsmi görüşlər keçirərək maraqlı fikirlər səsləndirmişdir. Milli Məclisdə görüş zamanı "Mən Azərbaycanın böyük dostuyam" - deyən T.Devis Azərbaycanın mədəni irsi ilə yaxından tanış ola bilməməsindən təəssüfləndiyini bildirmişdir. Azərbaycan-Avropa Şurası münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini müsbət dəyərləndirən AŞ-ın baş katibi bildirmişdir: "Bu gün Avropa Azərbaycanda görüşür, sabah isə dünya Azərbaycanda görüşəcəkdir".

Azərbaycanda səfərdə olan beynəlxalq təşkilatların təmsilçiləri ölkəmizdə sürətli iqtisadi inkişafın, davamlı sabitliyin canlı şahidi olduqlarını xüsusi vurğulayırlar. Avropa Şurasının Azərbaycanla əməkdaşlığa böyük maraq göstərməsi ölkəmizin Avratlantik məkan üçün böyük önəm daşımasını bir daha təsdiqləyir.

 

Azərbaycan.- 2008.- 4 dekabr.- S. 1.