Günay
Milyonçu oğlu
və istedadlı sənət adamı
Fərəc
Nağıyev yad edildi
Bir həqiqət var ki,
insan ömrünə oldu öldü kəlmələri
qərar verir. Ancaq hər bir insanın əməlləri
əbədi olaraq qalır. Öz əməlləri ilə,
sənəti ilə həyatı zənginləşdirən
insanlardan biri də rejissor, aktyor və gülüş
ustası, milyonçu Ağa Musa Nağıyevin oğlu
Fərəc Nağıyevdir. O, yaşadığı
illər boyu vətəninə, xalqına və
millətinə bağlı bir insan olub. Bu dediklərimizə
əyani sübut olaraq onun 200 satirik şeirinə və
tərtib etdiyi afişalara nəzər salmaq kifayət
edər.
Ötən gün
Xətai Rayon Mədəniyyət Mərkəzinin
təşkilatçılığı ilə
F.Nağıyevin 105 illik yubileyi ilə əlaqədar yubiley
tədbiri keçirildi. Tələbələri, sənət
dostları tamaşaçılara F.Nağıyevin ssenari
müəllifi olduğu qədim xalq meydan oyunları
"Qaravəlli"dən parçalar təqdim etdilər.
Atası haqqında
təəssüratlarını bizimlə
bölüşən qızı Dilarə Nağıyeva
bildirdi ki, atası səhnə fədaisi, teatrın banisi
və incəsənətin fanatı olub: "Atam milyonçu
vərəsəsi olmasına baxmayaraq, adının
mənası kimi həyatı da kədərdən sevincə
doğru yönəlib".
Atasının yaradıcılığının
çoxşaxəli olduğunu deyən D.Nağıyeva
bildirdi ki, o vaxtlar atasının sənətinə mətbuat
vasitəsiylə qiymət verilir və orda bu fikirlər
səslənib:" Fərəc əminin sevinməyə
ixtiyarı var. Ssenari müəllifi, maskalar, məzhəkəli
kupletlər - bütün bunlar onun qəlbidir,
zəhmətinin bəhrəsidir, bilik və təcrübəsidir
və bütövlükdə ürəyidir".
Dağıstanda , Orta Asiyada, eləcə də
Azərbaycanın bütün ucqar rayonlarında teatrın
təşkilində və təbliğində rolunun
əvəzsiz olduğunu deyən qızı Solmaz
Nağıyeva isə bildirdi ki, atasının 69
yaşında "Kosa" rolunda çıxış
etməsi hər kəsi heyrətə salıb.
Bu günün onu
60-70-ci illərə qaytardığını deyən
Fərəc müəllimin tələbəsi Zeynal Kərimov
bildirdi ki, sənətkarın yaratdığı
"Qaravəlli" teatrı bu gün də öz aktuallığını
saxlayıb: "Hətta böyük teatra onun
yaradıcılığı yol açıb. Milli Dram
Teatrında görkəmli dramaturqumuz Mirzə Fətəli
Axundovun "Xırs quldurbasan" əsəri əsasında
səhənələşdirilən tamaşaya o, istedalı
rejissor Adil İsgəndərovun təklifi ilə həmin
tamaşaya proloq və epiloq yazır".
Fərəc
Nağıyev 1903-cü ildə dünyaya göz
açıb. O hələ kiçik yaşlarında
səhnə ilə maraqlanır. 18 yaşında isə
Nağıyev gələcək həyatını
bütövlükdə teatr sənətinə həsr
edəcəyini qərar verir. Teatr Texnikumuna daxil olan
F.Nağıyev orda aktyor, rejissor və rəssamlıq ixtisaslarına
yiyələnir.
İlk
addımlarını 1921-ci ildə "Satirikon"
teatrında atan F.Nağıyev, 1921-28-ci illərdə Milli
teatrın tamaşalarında baş rolların ifaçısına
çevrilir. 1929-cu ildə "Səyyar kəndli", 1930-cu
ildə “Türk işçi” teatrlarında
çalışır. Quba, Sabirabad, Neftçala və Salyanda
teatr sənətinin inkişafında böyük rol oynamış
F.Nağıyev, Dərbənd Dram Teatrının təməl
daşını qoyub, tearın direktoru olmaqla bərabər,
baş rejissor və bədii rəhbər
vəzifələrini icra edib. Bununla yanaşı o,
işlədiyi teatrlarda afişaların və proqramların
tərtibi ilə də məşğul olub.
Paritet.- 2008.- 6-10 dekabr.- S. 8.