Məhərrəmova T.
"Hər
dəfə dirilmək yaxşı şeydir"
Oruc Qurbanov, Əməkdar
incəsənət xadimi: "İndi hamı yüngül
tamaşa istəyir"
Bu yaxınlarda Mahnı
Teatrının səhnəsində İrəvan Dövlət
Azərbaycan Dram Teatrının Teyfik-əl Hakiminin
"Karıxmış sultan" əsəri əsasında
hazırladığı "Hərraca qoyulan sultan"
tamaşasının premyerası keçirildi.
Tamaşanın quruluşçu reyissoru Oruc Qurbanov
sözügedən teatrda ilk işi olsa da, kifayət
qədər mükəmməl bir tamaşa təqdim etməyi
bacardı. Reyissorla söhbətimizə də sonuncu
tamaşadan başladıq.
- Necə oldu ki, məhz bu
əsərə müraciət etdiniz?
- İrəvan
Teatrının direktoru İftixar Piriyev mənə
teatrlarında tamaşa hazırlamağı bir neçə
dəfə təklif etmişdi. Mən də bir neçə
əsərin içərisindən bu müasir rəvayəti
seçdim. Əsərin müəllifi Teyfik-əl Hakimi
müasir Misir ədəbiyyatının klassiki sayılır.
Tamaşa kifayət qədər maraqla qarşılandı.
Tamaşadan sonra Misir Mədəniyyət Mərkəzinin mədəniyyət
üzrə attaşesi, professor Adel Darviş
minnətdarlığını bildirərək: "Sən
Teyfik-əl Hakiminin istədiyi əsəri qoymusan. O, bunu
rəvayət kimi yazıb, sən də əsəri
rəvayət kimi həll etmisən" - dedi. Sonra da:
"Sizin səfirlə danışacağam ki, bu
tamaşanı Qahirəyə aparaq" - deyə arzusunu
bildirdi. O, gələn ilin mayında Misirdə
keçiriləcək Azərbaycan Mədəniyyəti
Günləri çərçivəsində bu
tamaşanın da proqrama salınması arzusundadır.
- Siz həm də tamaşanın
quruluşçu rəssamısınız. Tamaşanın
rəssam kimi həllini necə tapdınız?
- Səhnə
tərtibatını şübhəsiz ki, rəvayətə
əsasən qurdum və maraqla qarşılandı. Onu da deyim
ki, bu, rəssam kimi mənim ilk işim deyil. Buna qədər
Sofoklun "Elektra" əsərində, "Həzrəti
Zeynəb", "Xəyanət" və s.
tamaşalarımda rəssam kimi də çıxış
etmişəm. Sonuncu tamaşamın musiqisi isə
qızım Mirandaya məxsusdur. Bu tamaşa 20-25 il bundan
əvvəl Akademik Dram Teatrında Tofiq Kazımovun
quruluşunda oynanılıb. Tamaşa 2-3 dəfə oynansa
da, baxanlar deyirlər ki, çox uğurlu alınıb.
- Bu gün tamaşa
hazırlamağın sizin üçün hansı
çətinlikləri var?
- Tamaşa
hazırlamaq mənim üçün çətin deyil.
Çünki tamaşanın hazırlanma texnologiyasını
bilirəm. Sadəcə, binalar soyuqdur. Aktyorlar oynaya bilmir, gah
biri, gah da digəri xəstələnir. Müasir texniki
imkanlar çox zəifdir. Kütləvi tamaşa hazırlamaqdan
ötrü çox çətinliklə
qarşılaşmalı olursan. İrəvan
Teatrındakı tamaşa üçün direktor çox
canfəşanlıq göstərdi və nəticədə
kütləvi bir tamaşa alındı.
- Yenədəmi
reyissor kimi daimi iş yeriniz yoxdur?
- İş yerim yoxdur, amma
təklif gözləyirəm. Ayrı-ayrı
teatrlarda çalışmaq məni dolandırsa da,
tamamilə qane etmir. O biri teatrların reyissorları kimi
çalışmaq istərdim. Onların öz
yaradıcılıq otaqları var. Xalq artisti, Prezident
təqaüdçüsüdürlər. Mənim kimi ora-bura qaçmırlar.
Çünki harasa qaçmağın da bir yaş
dövrü var. Qapıları döyüb "mənə
iş verin" demək mənə yaraşan iş deyil. Hazırladığım tamaşalar göz
qabağındadır. Hazırda Musiqili
Komediya Teatrı üçün Əziz Nesinin əsəri
əsasında "Diqqət, şəhərdə manyak
var" adlı liberetto yazmışam. Bu
əsərin həm liberetto müəllifi, həm də
reyissoruyam. Eyni zamanda, bu teatr
üçün "Min bir gecə" rəvayətləri
əsasında liberetto işləyirəm. Bundan
əlavə, Akademik Dram Teatrının qovluğunda İlyas
Əfəndiyevin "Geriyə baxma, qoca" romanı
əsasında "Qarabağnamə" və Mir Cəlal
Paşayevin "Açıq kitab" romanının
motivləri əsasında yazdığım "Kafedra"
əsərlərim var. İrəvan Teatrından da yeni
əsər hazırlamaq üçün daha bir təklif
almışam.
- Təxminən
iki il bundan əvvəl mənə
müsahibənizdə yazdığınız
əsərlərin çap oluna bilməməsindən
şikayətlənmişdiniz. Bu
məsələ necə, həllini tapıbmı?
- Yox, tapmayıb. Arada
roman və povestlər yazıram. "Ağa
Məhəmməd şah Qacar" və "Molla
Nəsrəddinin Teymurləngi ram etməsi" adlı kino
romanlarını qurtarmışam. Ancaq
imkan olmadığından bu əsərləri çap
etdirə bilmirəm. Hansısa imkanlı
şəxsin bu əsərlərin çap olunmasına
kömək etməsini gözləyirəm ki, heç olmasa
itib-batmasın.
- Bəs
yaradıcı ideyalarınızı
gerçəkləşdirmək üçün hansı
çətinliklərlə
qarşılaşırsınız?
- Bir ideyanı ortaya çıxarmaq,
onu qəbul etdirmək çox çətindir. İndi hamı yüngül tamaşa istəyir.
Məsələn, Mir Cəlal Paşayevin "Dirilən adam" əsəri əsasında
hazırladığım tamaşanı Milli Dram Teatrı
İstanbula aparmalı idi. Ancaq çox
böyük tamaşa olduğundan aparmadılar. Böyük tamaşanı harasa qastrola aparmaq
böyük xərc istəyir. Bu tamaşanı ilk
dəfə təqdim edəndə Polad Bülbüloğlu:
"Nəhayət ki, mən bu teatrda ilk dəfə
kütləvi tamaşa görürəm" - deyə
bildirdi. Nə qədər üç nəfərlik, beş nəfərlik tamaşa qurmaq olar? Ancaq bu gün monumental bir tamaşa hazırlamaq
heç bir teatra sərf etmir. Elə
ideyalarım var ki, lap nağılvari tamaşalar hazırlamaq
olar. Ancaq teatrın problemləri bu
ideyalarımı həyata keçirməyə imkan vermir.
- İdeya, eneryi
var, ancaq bunlara söykənib iş görmək
çətindirsə, bu arada nə itirirsiniz?
- Əsəbimi,
cansağlığımı... Valideynin
gözü qarşısında şikəst uşağı
necə məhvə doğru gedirsə, mən də elə
bir vəziyyətdəyəm. Bir ideya
ilə zəhərlənirəm, ancaq bu ideyanın
üzünə qapılar bağlanır. Əgər
yaradıcı adam bir ideya ilə
zəhərlənirsə, onu gərək vaxtında həyata
keçirsin. Onu 3-4 il saxlamaq, "nə
vaxt imkan olsa, onda həyata keçirərəm" demək
mümkün deyil. Çünki həmin
hisslər, duyğular solub gedir.
-
Çətinliklə də olsa
reallaşdırdığınız tamaşaların
hamısı ürəyinizcəmi olub?
- Yox, olmayıb. Hardasa
dekorasiya, kostyum, aktyor problemi ilə
qarşılaşırsan. Ona görə
də hər premyera zamanı mənim üzümdə bir
əsəb sezilir. Premyeraya doğru
gedən yol qaranlıqda addımlamağa bənzəyir.
Birdən həm işıqlar yanır,
alqışları eşidirsən. Mənim
Moskvadakı müəllimim, dünya şöhrətli
reyissor Anatoli Efros heç vaxt tamaşalarına
baxmırdı. Yaxşı tamaşa
alınması üçün həmişə
demişəm ki, teatrda ansambl olmalıdır.
- Sonuncu
tamaşada istədiyinizə tamamən nail oldunuzmu?
- Həm nail oldum,
həm də yox... Tamaşanı
hazırladım, istədiyimi tam almaq üçün isə
truppanı bir ansabml formasında yetişdirmək
lazımdır. Ansambl - vahid oyun tərzi
olmasa, tamaşanı qoymaq çətindir. Bizim teatrlarımızın əsas problemi
ansamblın olmamasıdır.
- Bəs oyun
tərzinə bələd olmadığınız hər
hansı teatrda çalışarkən dərhal həmin
səhnədə ansambl yaratmaq sizin üçün
çətin olmurmu?
- Çox çətindir. Ancaq bir yandan da eksperiment etmək mənim
üçün maraqlıdır. Çünki
aktyorların əvvəlcədən nəyə qadir
olduqlarını bilmirsən. Aktyordan
"sən nəyi bacarırsan?" - deyə
soruşmağa məcbur olursan. Kimin nəyə
qadir olduğunu aydınlaşdırandan sonra həmin imkanlar
çərçivəsində traktovka etməyə
çalışırsan. İrəvan
Teatrında elə aktyorlar vardı ki, özləri də
bilmirdilər ki, onlar rəqs edə bilərlər. Kimin qabiliyyəti nəyə çatırdısa,
ondan çıxış edərək tamaşanı qurdum.
Bu gün Azərbaycan teatrında aktyora
qarşı "istəyirəm ki, mənə tabe olasan"
prinsipi mümkün deyil. Bu gün
teatrlarda ansambl yaratmaq çox çətindir. Bunun da
bir çox səbəbi var. Oyun üslubunun bərbad
vəziyyəti, pedaqoyi hazırlığın
aşağı olması, aktyorların fiziki
sağlamlığının zəifliyi, öz
üzərlərində işləmək
bacarığının olmaması və s. Amma bugünkü
Azərbaycan teatrında reyissorun bədbəxtliyi ondadır
ki, biz aktyorların imkanlarından, onların
əhval-ruhiyyəsindən asılı vəziyyətə
düşürük. Çünki aktyorlar
hərəsi dolanışıq üzündən
müxtəlif yerlərə qaçırlar.
- Hər
tamaşadan sonra hansı hissləri keçirirsiniz? "Bu da bir hesabat idi", yoxsa "növbəti
ideyamı da həyata keçirə bildim?" - deyə düşünürsünüz?
- Hər tamaşadan sonra "Niyə
bu tamaşanı qoydum?" - deyə adam
çox vaxt peşmançılıq keçirir. Baxıb görürəm ki, mənim
nəslimdən olan reyissorlar demək olar ki, tamaşa qoymurlar.
Bəziləri isə nadir hallarda tamaşa
hazırlayır. Amma onların
hamısı Xalq artisti, professor, Prezident
təqaüdçüsüdür. Onlar
sanki mənən təqaüdçü olublar. Allahdan ona görə razıyam ki, mənə
tükənməz eneryi verib. Hərdən
fikirləşirəm ki, bəlkə ehtiyacda olmağım
məni ora-bura qaçmağa məcbur edir? Bəlkə onlar kimi hər şeylə təmin
olunsaydım, məndə də bir durğunluq yarana
bilərdi. Bəzən sonuncu tamaşamdakı
qəhrəmanım kimi seçim qarşısında
qalıram: maddi təminatlı həyat, ya da ehtiyac
içərisində yaradıcılıq işi. Əlbəttə, mən ikincini seçirəm.
- Belə
demək olarmı, sizin qəhrəmanlarınız hardasa
özünüzsünüz?
- Hardasa
demək mümkündür. Mənim Lənkəran
Teatrında ilk hazırladığım tamaşa Cəfər
Cabbarlının "Oqtay Eloğlu" əsəri
əsasında eyniadlı tamaşa olub. Taleyim də elə
əzablı olub. Oqtay da əzablarla teatr yaradırdı.
Başına cürbəcür oyunlar açır,
sənətini qəbul etmirdilər. Akademik Dram Teatrında
hazırladığım ilk tamaşa isə "Yad adam"
olub. Həmin yadlığı 30 ildir ki, özümə
qarşı hiss edirəm. Sonuncu tamaşam isə
"Dirilən adam" olub. Hər dəfə dirilmək, yeni
adam olmaq yaxşı şeydir. Qoy səni döysünlər,
hər beş ildən bir qalx və yeni keyfiyyətlə
özünü təqdim elə.
- Gələn ilin iyun ayında 60
yaşınız tamam olacaq. Yubileyi necə
qarşılamağa hazırlaşırsınız?
- 40 ildir bu
sənətdəyəm. İnsan zəhmətinin
bəhrəsini görmək istəyir.
Dəfələrlə aidiyyəti orqanlara müraciət
etmişəm. Bu ilin iyul ayında Əbülfəs Qarayevin
qəbuluna yazılmışam. Ancaq 6 ay müddətində
nazirin qəbuluna düşə bilməmişəm.
Kimlərsə mənim işimi əngəlləyir.
Bütün siyahılardan adımı çıxarırlar.
Mən Azərbaycan teatr və kinosuna hədsiz
dərəcədə xidmət edən bir insanam. Ancaq
siyahı tərtib olunanda yada düşmürəm. Hamı
mənim tamaşalarımı görüb və yüksək
qiymət verib. Mənim kimi bir reyissorun işsiz və fəxri
titullardan kənarda qalmasına da hamı
təəccüblənir. Amma konkret işə
gələndə hamı yaxasını kənara çəkir.
Kaspi.- 2008.- 25 dekabr.- S. 11.