Məlahət Abbasova: “Mən Azərbaycan
qızıyam və vətənim üçün
əlimdən gələni etməyə hazıram”
Türkiyədə yaşayan
azərbaycanlı aktrisa Məlahət Abbasovanın APA-ya
eksklüziv müsahibəsi
- Uzun illərdən sonra
Azərbaycanda filmə çəkilmək fikri haradan
qaynaqlandı?
- “Alın yazısı” filminin
Azərbaycandakı çəkilişləri artıq
yekunlaşmaq üzrədir. Çəkiliş başa
çatdıqdan sonra yenidən Türkiyəyə qayıdacağam.
Bir azərbaycanlı qadın, ən əsası bir
mədəniyyət işçisi və Türkiyədə
fəaliyyətini davam etdirən aktrisa olaraq 18 il ərzində
öz ölkəmdən heç bir təklif almamışam.
Bu təklif isə filmin rejissoru olan Sərxan
Kərəmoğludan gəldi. Filmdə Amaliya Pənahova,
Yaşar Nuri, Türkiyədən Hülya Darcan, Halil Ergün
kimi aktyorlar oynayır. Onlarla bir səhnəni paylaşmaq, bir
filmdə oynamaq mənim üçün böyük
şərəfdir.
Filmə dəvət olunanda Sizə
veriləcək qonorarla maraqlandınızmı
- Yox, bununla bağlı heç
nə soruşmadım. Hətta Halil Ergünlə Hülya
Darcan da qonorarla bağlı heç bir sual vermədilər.
Sözsüz ki, Türkiyədəki qonorarlarla bizim qonorarlar
arasında çox böyük fərq var. Sərxan heç
bir zaman mənə və ya türk aktyorlarına
Türkiyədəki qonorarı verə bilməzdi. Biz
sadəcə, iş üçün bir araya gəldik. Bu
iş hər iki türk aktyoru üçün çox maraq
doğururdu. Həmin aktyorlar məhz bu filmin
çəkilişi üçün ilk dəfə
Azərbaycana gəldilər. Heç birimiz üçün
qonorar birinci yerdə dayanmırdı. Ən böyük arzum
tanınmış rejissorlar Eldar Quliyev və Vaqif
Mustafayevlə işləməkdir.
- “Min bir gecə” serialındakı
rolunuzla daha çox tanındınız. Bundan əvvəl
hər hansısa serialda rolunuz olmuşdumu?
- Mən hazırda
Türkiyədə 14-cü serialda çəkilirəm.
Çoxları elə bilir ki, mənim serialda ilk işim “Min
bir gecə” ilə başlayıb. Mən 10 il əvvəl Hülya
Darcanla, Berguzar Korellə bir filmdə oynamışam. Həmin filmdə Berguzar mənim qızım rolunu
oynayırdı. Berguzarın atası Tanju Korel mənim
böyük qardaşım, Hülya Darcan isə onun sevdiyi
qız obrazını oynayırdı. Bundan əlavə
mən üç il “Kanal D”də “Ayrı dünyalar” adlı
televiziya tamaşasında baş rolda oynamışam.
Bunların hamısı 1990-cı illərin başlanğıcında
olub. Mənim oynadığım dörd bədii film də
var. - “Min bir gecə” serialından ayrılmağınıza
nə səbəb oldu?
- TMC Türkiyənin çox ciddi
film şirkətlərindən biridir. Hər zaman çox
gözəl qrupla işləyən bu şirkətin
qarşısında heç vaxt problem olmayıb. Sadəcə
olaraq teatrda işlərim başladı və serialdan
ayrılmağımın səbəbi də bu oldu.
- İki övlad
anasısınız. Onlara zaman ayıra bilirsinizmi?
- Bu, mənim ən yaralı
yerimdir. Vaxt tapıb onlara da zaman ayırmağa
çalışıram. Amma oğlum artıq öyrənib,
oğlum mənim iş qrafikimi çox yaxşı bilir.
Mən övladlarıma həm ana, həm də dostam.
- Bəs, həyat
yoldaşınız sənətinizlə bağlı
qarşınıza heç bir şərt qoymayıb?
- Yox. Amma mən onun
xasiyyətinə çox gözəl bələdəm.
Bilirəm ki, açıq-saçıq səhnələri
sevmir. Amma bunları şərt kimi qarşıma
məqsəd qoymayıb. Hər şeydən əvvəl
mən anayam. Həyat yoldaşımdan çox oğlumu
düşünürəm.
- Övladlarınızın toyunu
Azərbaycanda, yoxsa Türkiyədə edəcəksiniz?
- Maraqlı sualdır. Oğlum
böyüdükcə artıq özüm də bu
barədə düşünürəm. Hətta onu da düşünürəm
ki, görəsən oğlum türk qızı alacaq, yoxsa
azərbaycanlı? Mənim qayınanam oğlunun
seçiminə qarışmayıb, mənim də qarışmaq
fikrim yoxdur.
- Sizcə, Türkiyədə
yetərli qədər populyarsınızmı?
- Yox. Mən Türkiyədə
Mehriban obrazı ilə populyar oldum. Bir də mənim populyar
olmaq kimi xəstəliyim yoxdur. Türkiyənin teatr
tamaşaçısı tərəfindən tanınmaq
mənim üçün daha böyük zövqdür.
Əslində Türkiyədə populyar olmaq üçün
çox imkan var. Çünki şou kanalları çoxdur
və çox asanlıqla bunu etmək olar. Ancaq jurnalist
sənin həyatına girdiyi zaman sənin ailənin də
içinə girir. Bilirsiniz ki, mən Türkiyədə
dövlət sənətçisiyəm. Dövlət
sənətçisi olmağın isə çox ciddi
qanunları var.
- Rasim Balayevlə yenidən
tərəf-müqabili olmaq istəyərdiniz?
- Əlbəttə, niyə
olmasın ki? Bu, mənim üçün bir xəyal
olardı.
- Bəs, Nargilə obrazını
yenidən oynaya bilərsiniz?
- Yox, indi ancaq Nargilənin
anasını oynaya bilərəm. Yaş keçib, illər
ötüb. Bir daha geri qayıtmaq isə mümkün deyil.
Nargilənin mənim həyatımda böyük bir rolu var. Bu
qədər iş gördüm, çox gözəl
işlərə imza atdım, amma Nargilə obrazının
yeri tamam fərqlidir.
- Türkiyədə
keçirilən “ermənilərdən üzr istəmə”
kampaniyasına Məlahət Abbasovanın yanaşması
necədir?
- Görəsən ermənilər
nə vaxt üzr istəyəcək? Bunu gözləmək
lazımdır. Əlbəttə ki, bu kampaniyanı çox
mənfi addım hesab edirəm. Mənim 17 yaşım
olarkən bibim oğlu Ağdamda şəhid olub.
- Türkiyədə dostluq etdiyiniz
həmkarınız varmı?
- Bəli, bir
çox aktrisalarla dostluq edirəm. Ən yaxın dostum isə
Berguzardır.
- “Min bir gecə”
filmindən sonra sizə yeni təkliflər olubmu?
- “Min bir gecə”
serialında çəkilişləri bitirən kimi STV
kanalından 40 seriyalıq filmdə çəkilmək
təklifi gəldi. Mən işlərimlə bağlı
imtina etdim. “Min bir gecə”dən sonra hər işə
“hə” deyə bilmərəm. Həm də mənim
şərtlərim var. İstanbuldan kənarda
çəkilişlər olmamalıdır.
-
Türkiyədə populyar olmağın çox asan
olduğunu bildirdiniz. Bəs Azərbaycandakı
həmkarlarınız niyə bunu edə bilmirlər?
- Bilirsiniz, mənim
sənətə gəlişim son dərəcə
sürətlə oldu. “Sən həmişə
mənimləsən” tamaşasından sonra Akademik
Dövlət Milli Dram Teatrına təyinat aldım.
Məgər mənimlə birgə təhsil alan 30
nəfərin hamısı istedadsız idi? Yox, o qədər
istedadlı uşaqlarımız var idi ki. Amma qismət elə
gətirdi ki, mən seçildim və sonra da
Türkiyəyə getdim. Mən artıq istədiyim yerdə
və arzuladığım nöqtədəyəm.
Vətənimə də xeyirli bir sənətçi olmaq
istəyirəm. Mənim üçün bundan böyük
pillə yoxdur.
- Yaratmaq arzusunda
olduğunuz obraz varmı?
- Şekspirin
əsərindən hansısa obrazı yaratmaq istərdim.
“Hamlet”də Gerturuda rolunu oynamaq istərdim. Hər kəs
mənə lirik bir insan, sakit kimi baxır. Amma mən hər
zaman fərqli rollar oynamaq istəmişəm, elə indi
də. Elə bir rol oynamaq istəyirəm ki, hamı
məəttəl qalsın. Məsələn, yaşlı bir
qadını oynamaq istərdim. Rollarımın bir-birinə
bənzəməsindən çox narazıyam.
- Sizi Akademik Milli
Dram Teatrına dəvət etsələr, hər şeyi
buraxıb bura gələrsinizmi?
- Bu mümkün
olan bir şey deyil. Mən gəlib
Azərbaycanda hansısa işə başlaya bilərəm,
ancaq övladlarım üçün bu çox
çətin olar. Amma bir tamaşada oynamaq
üçün təklif alsam, bir müddətlik
gələrəm.
- Azərbaycanda
fəxri ada layiq görülmək arzunuz varmı?
-
Əlbəttə, çox istəyirəm. Azərbaycanlı olaraq bu qədər əmək
sərf edirəmsə, ad almaq mənəvi olaraq mənə
yüksək stimul verər. Fəxri
adım olsaydı, Bakıya gələndə özümü
daha yaxşı hiss edərdim. Türkiyədə
desəm ki, Azərbaycanın əməkdar artisti və ya xalq
artistiyəm, onsuz da fərqinə varmayacaqlar. Bu, mənim özümə lazımdır.
-
Türkiyədə Azərbaycan aktyorlarının da yer
alacağı film və ya tamaşa hazırlamaq fikrində
deyilsiniz ki?
- Bəli,
belə bir iş edəcəyəm. Hazırda
bu layihənin həyata keçirilməsi ilə bağlı
Azərbaycan və Türkiyə mədəniyyət
nazirlərinin arasında rəsmi danışıqlar gedir.
Bu filmi istehsal edəcək şirkət məni
məsləhətçi kimi işə götürüb.
Bu film Elçin müəllimin “Mahmud və Məryəm”
əsəri əsasında hazırlanacaq. Filmin
prodüseri Sevda Kayğısız bununla bağlı
məndən kömək istədi, mən də böyük
məmnuniyyətlə razılıq verdim. İndi o əsər üzərində ciddi
işlər gedir. Bu bədii filmdə
həm Azərbaycan, həm də türk aktyorları
çəkiləcək. Hələ filmə
dəvət alacaq Azərbaycan aktyorlarının
adlarını açıqlamaq istəmirəm, ancaq artıq
namizədliyini düşündüyümüz aktyorlar var
İki
sahil.- 2008.- 26 dekabr.- S. 8.