Ülvi A.
Özbək opera
teatrının “Səfərov məktəbi”
Firudin Səfərov-75
Dekabrın 17-20-də Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə
Şurası üzvlərinin
növbəti yığıncağı
keçiriləcəkdir. “Azərbaycan Şərqdən
dünyaya açılan
pəncərədir” şüarı
altında baş tutaraq bu məclisdə
Azərbaycan reallıqlarının
dünyaya yayılması,
diaspor təşkilatlarının
möhkəmlənməsi və
s. məsələlər
müzakirə olunacaqdır.
Qeyd olunan tədbirə dünyanın
bir çox ölkələrində yaşayan
soydaşlarımız dəvət
olunmuşdur. Onlardan biri də görkəmli
opera rejissoru kimi tanınan, Özbəkistanın və
Azərbaycanın xalq
artisti, Özbəkistan
Dövlət mükafatı
laureatı, Əlişir
Nəvai adına Özbəkistan Opera və Balet Teatrının
baş rejissoru, professor Firudin Səfərovdur.
Dünya şöhrətli
görkəmli bəstəkar
Arif Məlikov F.Səfərovun opera rejissorluğu fəaliyyətini
yüksək dəyərləndirərək
yazmışdır: “Onun
yaradıcılığının insan qəlbinə və zehninə təsiri o qədər
yüksəkdir ki, dünyanın ən yaxşı opera rejissorları ilə bir sırada dayanır. Mən onun quruluş verdiyi bir çox
tamaşalara baxmışam.
Mən bu tamaşaları alqışlamışam
və fəxr etmişəm ki, Azərbaycan incəsənəti
müsiqi, teatr, rəssamlıqla yanaşı,
opera rejissorluğu sahəsində də Firudin Səfərov kimi böyük sənətkar yetirmişdir”.
Firudin Səfərov sənətə musiqiçi
kimi başlayıb. Bakı Dövlət Konservatoriyasında təhsil
alıb (1951-56). Eyni zamanda o, maestro
Niyazinin rəhbərlik
etdiyi Azərbaycan Dövlət Simfonik Orkestrində çalışıb
(1953-1964). Bir neçə
il isə, eyni zamanda, Azərbaycan
Dövlət Konservatoriyasında
zərb alətlərindən
dərs deyib (1960-64). Ksilofon ifaçısı
kimi SSRİ-nin bir çox respublikalarında çıxışlar
edib, Ümumittifaq müsabiqələrinin laureatı
olub. Sonra isə gənc musiqiçi N. A. Rimski - Korsakov adına
Sankt-Peterburq Konservatoriyasında
opera rejissorluğu dərsi almağa yollandı və konservatoriyanı əla qiymətlərlə bitirib
(1964-68) Bakıya döndü.
O, Azərbaycanda yüksək
səviyyəli opera rejissorluğu ixtisasına
yiyələnmiş ilk
ali təhsilli musiqiçi idi. Bakıya dönəndən
bir neçə ay sonra (yanvar,
1969) M. F. Axundov adına Azərbaycan
Opera və Balet Teatrının baş rejissoru təyin olundu və 9 il bu
vəzifədə uğurla
çalışdı. “Koroğlu”,
“Leyli və Məcnun”, “Qaratoxmaq qadın” operalarına quruluş verdi, bu əsərlər musiqi ictimaiyyəti və tamaşaçılar
tərəfindən yüksək
təəssüratla
qarşılandı, mətbuatda
maraqlı yazılar dərc olundu. Doqquz illik fəaliyyətindən
sonra isə o, yeni auditoriya
axtarmalı oldu. Yaradıcılıq enerjisi
aşıb-daşan rejissor öz teatrını qurmaq qərarına gəlmişdi.
Bu vaxt - 1977-ci ildə qardaş ölkənin rəhbərliyinin
dəvəti ilə Özbəkistana köçmüş
və bu günə qədər də orada - Daşkənddə Özbəkistan
Opera və Balet Teatrının baş rejissoru vəzifəsində çalışır.
O, bu teatrda indiyəcən 60-dan çox
operaya quruluş verib. Onlardan “Odlu mələk”
(S. Prokofyev), “Birinci
Pyotr” (A. Petrov), “Otello”, “Aida”, “Trubadur”, “Maskarad”, “Traviata” (C. Verdi), “Faust” (Ş. Quno), “Qaratoxmaq qadın” (P.
İ. Çaykovski), “Karmen”
(C.Bize), “Samson və Dalila” (K. Sen-Sans), “Toska”, “Boqema”, “Qio-qio-san” (C. Puççini), “Sevilya bərbəri”, “Abu Həsən”, “Nikah kağızı” (D. Rossi),
“Ömər Xəyyam”
(M. Bafoyev), “Leyli və Məcnun” (R. Qliyer və T. Sadıqov), “Ana ürəyi” (H. Rəhimov) və bir çox digər opera tamaşalarını
xüsusi qeyd etmək olar. Özbəkistan Opera Teatrı tarixində ilk xarici qastrollar
təşkil olundu.
Almaniyaya
olan bu səfərə
Firudin Səfərovun
üç əsəri
aparıldı. Tamaşalar
həm müəllifə,
həm də Özbəkistan Opera Teatrına böyük uğurlar qazandırdı.
Bütün bunlarla yanaşı, tanınmış
rejissor qonşu ölkələrin müxtəlif
teatrlarına da dəvətlər alıb.
Onun Odessa teatrında quruluş verdiyi “Qaratoxmaq qadın”, Voronejdə - “Otello”, Samarada-"Faust", Almatıda-"Aida", “Faust”, “Qaratoxmaq qadın” operaları müvəffəqiyyət
qazanmışdır. Firudin
Səfərov Azərbaycan
Opera və Balet Teatrından gedəndən sonra doğma teatr ilə əlaqələrini
tam üzməmişdi.
Bir müddətdən sonra o, burada “Van-Qoq”
(N. Kodallı) operasını,
“Leyli və Məcnun”u (Ü. Hacıbəyov) yenidən
tamaşaya qoydu.
2003-cü ildə isə
“Natəvan”ı (V. Adıgözəlov) hazırladı və
həmin əsər bu günəcən teatrın repertuarından düşməmişdir. SSRİ xalq artisti, rəqqasə
Aliyə İsmayılova
yazır ki, Firudin Səfərovun rejissorluq istedadı Allah vergisidir.
Özbəkistan Opera və Balet Teatrı
1929-cu ildə yaradılmışdır.
Azərbaycan operası
yarandıqdan (1908) 21 il
sonra. Maraqlı hadisədir ki, Özbəkistan Opera Teatrı “Arşın mal alan” əsəri
ilə açılıb.
Sonralar da bu əlaqə itməyib. M. Maqomayevin “Nərgiz”, Q. Qarayevin “İldırımlı yollarla”,
“Yeddi gözəl”, A.
Məlikovun “Məhəbbət
əfsanəsi”, “İki
qəlbin dastanı”,
F. Əmirovun “Sevil”, “Min bir gecə”
və s. əsərləri özbək
səhnəsində oynanılıb.
“Koroğlu” tamaşası
oynanılanda Özbəkistana
qonaq gəlmiş Bülbül teatra da gəlib və
“Koroğlu”nu ifa edib. Bunlar
hamısı milli opera tariximizin unudulmaz hadisələridir.
Neçə ildir ki, “Məhəbbət əfsanəsi” və “1001
gecə” baletləri özbək teatrının
repertuarından düşmür.
Özbəkistan Opera və Balet Teatrının
səhnəsində indiyəcən
12-dən çox Azərbaycan əsəri oynanılmışdır. Firudin
Səfərov Özbəkistan
səhnəsində dünyanın
məşhur əsərlərini
tamaşaya qoymaqla yanaşı, özbək
sənətkarlarının da əsərlərinə
müraciət etmişdir.
Bu günədək
16-ya qədər özbək
əsərinə opera
səhnəsində həyat
vermişdir. Özbək
müsiqişünası N. Komax yazmışdır ki, Firudin Səfərov
opera rejissorluğunun şairi və mütəfəkkiridir.
Zəngin yaradıcılıq
ömrü yaşayan
Firudin Səfərov özbək opera teatrında silinməz izlər açmışdır.
Bu izlərlə “Səfərov opera məktəbi”ndən keçib sabaha doğru getmək mümkündür.
Firudin Səfərov, eyni zamanda, Daşkənd
Dövlət Konservatoriyasında
musiqi tərbiyəsindən,
səhnə mədəniyyətindən
dərs deyir. O, uzun illərdir
ki, həmin konservatoriyanın professorudur.
Ən önəmlisi odur ki, Özbəkistan
hökumətinin dəvətini
qəbul edib ömrünün 32 - 33 ilini
orada yaşayan teatr rejissoru nəinki öz teatrını qurmuş, hətta özbək mədəniyyəti tarixində
“Səfərov opera məktəbini” yaratmağa nail olmuşdur.
Bu isə öz-özlüyündə
Azərbaycan - özbək
teatr əlaqələrinin
inkişafında yeni-yeni
üfüqlər açmaqdadır.
Bu il görkəmli sənətkarın 75 yaşı
qeyd olunur. Özbəkistan hökuməti
bu böyük sənətkarı yüksək
təltiflərlə sevindirmişdir.
Özü isə yübiley gününə
dünyanın məşhur
operalarından biri olan “Karmen” tamaşasını
yenidən hazırlayıb.
Yeni ilin ilk günlərində tamaşanın premyerası
olacaqdır. Hər halda Vətənimizin bu şöhrətli oğluna biz də oz ərmağanımızı
əsirgəməyəcəyik.
SSRİ xalq artisti, dirijor
Dilbər Əbdürrəhmanova
onun yaradıcılıq
uğurlarını belə
dəyərləndirmişdir: “Firudin Səfərov, şübhəsiz, hər
şeydən əvvəl
novator rejissordur”. O, Azərbaycan incəsənəti
tarixində xüsusi yeri olan şöhrətli
sənətkarımızdır.
Xalq qəzeti.- 2008.-
2008.- 18 dekabr.- S. 7.