Aydınoğlu T.

 

Azərbaycan opera və balet səhnəsinin sənət uğurları

 

Yola saldığımız 2008-ci il həyatımızın bütün yönlərində olduğu kimi mədəni sahədə də ürəkaçan yeniliklərlə, yüksəlişlə yadda qalır. Ölkənin nüfuzlu sənət ocaqlarından olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsi bu il də fəal, coşğun yaradıcılıq axtarışları meydanı olmuşdur. Respublikanın ən böyük teatr kollektivinin milli, klassik opera və balet truppaları doğma divarlar arasında, qastrol səfərlərində yüksək professionallıqla, zəngin repertuarla çıxış etmişlər.

İl boyu musiqili səhnədə 13 milli, 10 klassik opera və 12 milli, 10 klassik balet olmaqla, 44 sənət incisi oynanılmış, bu tamaşalar yerli və xarici tamaşaçılara xoş ovqat, mənəvi zənginlik gətirmişdir. Bunlardan 4-ü — Qara Qarayevin “Yeddi gözəl”, Tofiq Bakıxanovun “Xeyir və Şər”, Aqşin Əlizadənin “Ümid valsı” baletləri, Firəngiz Əlizaldənin “Qarabağnamə” operası bu il səhnəyə qoyulmuş, teatra yeni uğurlar qazandırmışdır.

İlin əvvəlində dahi bəstəkarımız Üzeyir Hacıbəyovun milli operamızın qaranquşu olan “Leyli və Məcnun” operasının səhnəyə qoyulmasının 100 illiyi ilə bağlı tədbirlər, ilin sonuna yaxın isə dünya şöhrətli bəstəkar Qara Qarayevin anadan olmasının 90 illiyi münasibətilə sənətkarın “Yeddi gözəl” baletinin yeni quruluşda tamaşaçılara təqdim olunması kollektivin həyatında ən əlamətdar hadisələr olmuşdur. “Leyli və Məcnun” operası yubiley günlərində — yanvarın 25-də və 27-də ən yaxşı sənətçilərin ifasında paytaxt tamaşaçılarına göstərilmişdir. Bölgələrdə isə operanın yubiley tamaşasına baxmaq xaçmazlılara nəsib olmuşdur. Yubileylə bağlı YUNESKO-nun keçirdiyi yekun tədbirdə “Leyli və Məcnun” Paris səhnəsində oynanılmışdır. Yaradıcılığı ilə bu kollektivə sıx bağlı olmuş Qara Qarayevin “Yeddi gözəl” baleti orijinal quruluşda yeni səhnə həyatı qazanmışdır.

Sevimli bəstəkarımız Fikrət Əmirovun uğurlu səhnə taleyi olan “Min bir gecə” baleti milli səhnəmizlə yanaşı, qardaş Türkiyənin salonlarında da Azərbaycan musiqisinin pərəstişkarlarını sevindirmişdir. Professional kollektiv İstanbul şəhərində Atatürk Kültür Mərkəzində baletin 3, Ankara şəhərində Anadolu Göstəri Mərkəzində isə 1 tamaşasını yüksək məharətlə nümayiş etdirmişdir. Qardaş ölkənin sənət biliciləri, musiqi ictimaiyyəti bu füsunkar sənət əsərindən əsl min bir gecə heyranlığı duymuş, Azərbaycan milli baletinin yüksək səviyyəsini yüksək qiymətləndirmişlər.

Teatrın builki qastrollar marşrutunda Almaniyanın Münhen şəhərində keçirilən ənənəvi illik opera sənəti festivalında uğurlu iştirakı da yaddaqalan olmuşdur. Opera və Balet Teatrının simfonik orkestri beynəlxalq sənət yarışmasında C.Verdinin “Riqolletto” operasını 2 dəfə səsləndirmişdir. Festivalın “Qran-final”ında isə sənətçi həmyerlilərimiz dünya klassik musiqisindən fraqmentləri, Azərbaycan bəstəkarlarından Qara Qarayevin, Fikrət Əmirovun və Polad Bülbüloğlunun əsərlərini ustalıqla səsləndirmişlər. Bavariya zənginlərinin adı ilə bağlı bu festivalda Opera və Balet Teatrı Azərbaycan musiqisinə yüksək zövqlü pərəstişkarlar qazandırmışdır.

Ötən illərin ənənəsinə sadiq qalaraq teatr rəhbərliyi bu il də xarici ölkələrin tanınmış opera və balet ulduzlarını baş rolların ifaçısı kimi Azərbaycan sənətsevərləri ilə görüşdürmüşdür. Bu sıradan Ukraynanın xalq artisti Anna Doroş və Çexiya baletinin görkəmli sənətçisi Yan Voynanın P.Çaykovskinin “Qu gölü” baletində, Moskva Böyük Teatrının ünlü solisti Anastasiya Voloçkovanın və Sankt-Peterburqun Mariya Teatrının yetirməsi Yevgeni İvançenkonun A.Adanın “Jizel” baletində mahir ifaları hafizələrdə dərin iz buraxmışdır.

Moskvada yaşayıb-çalışan istedadlı həmyerlimiz, Bülbül adına və digər beynəlxalq vokal müsabiqələrinin qalibi Dinarə Əliyeva və Rusiyanın əməkdar artisti Əhməd Aqadi isə yaratdıqları baş rollarla C.Verdinin uzun illərdən bəri Bakı səhnəsindən düşməyən “Traviata” operasının daha bir orijinal səhnə təcəssümünün müəllifləri olmuşlar. Bu unudulmaz tamaşaya dirijorluğu İtaliyadan dəvət olunmuş maestro Fabio Mastrajello etmişdir. Oktyabr ayında daha bir ulduz-duet Bakının qonağı olmuşdur. Bu dəfə bakılılara qeyri-adi axşamı Rusiyanın xalq artisti Tatyana Çernobrovkina və bu ölkənin əməkdar artisti Aleksandr Volçkov “Qu gölü” baletindəki çıxışları ilə bəxş etmişlər. Ümumiyyətlə, teatrın “ulduz ovu” Bakının sənət həyatında hadisəyə çevrilir, milli opera və balet səhnəmizi dünyanın ünlü musiqili teatrları səviyyəsinə qaldırır.

Teatr bu il başqa bir ənənəsini — istedadlı gəncləri peşəkar kollektivə cəlb etməyi də unutmamış, bir neçə ümidverici sənətçini akademik səhnəyə çıxarmışdır. Eleonora Mustafayeva C.Verdinin “Trubadur” operasında Leonora rolunda, Cavid Qurbanov J.Bizenin “Karmen” operasında Eskamilio, “Leyli və Məcnun” operasında Nofəl rollarında, Təyyar Bayramov isə görkəmli bəstəkarımız Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Şah İsmayıl rolunda etimadı yüksək səviyyədə doğrultmuşlar.

Azərbaycan musiqi ifaçıları və mütəxəssislərinin, baletmeystr və xoreoqrafiyaçılarının ən istedadlı, sənət yoluna sadiq nümayəndələrini birləşdirən Opera və Balet Teatrında bu gün xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş 10 xalq artisti, 27 əməkdar artist, 5 əməkdar incəsənət xadimi çalışır. Bu sıraya bu il də yeni sənət fədailərinin adları əlavə olunmuşdur. Orkestrin solistləri Rəhim Babayev xalq artisti, İlqar Hacıyev isə əməkdar artist, vokalçı Bəhram Əliyev və balet ustası Samir Səmədov əməkdar artist adlarına layiq görülmüşlər. 16 istedadlı ifaçı Prezident mükafatı alır. Kollektivin 2 yetirməsi — Səkinə İsmayılova və Tamilla Şirəliyeva Prezident təqaüdçüləridir.

Teatrın yaradıcı işi bu il də dövlət rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilib. İlin əvvəlində ölkə Prezidentinin sərəncamı ilə kollektivin aylıq maaşı teatrın akademik statusuna uyğun olaraq 2 dəfə qaldırılıb, sonrakı aylarda isə 25 faiz artırılıb.

Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” və “Koroğlu” operaları, “Arşın mal alan” və “O olmasın, bu olsun” operettaları, Müslüm Maqomayevin “Şah İsmayıl”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, Fikrət Əmirovun “Sevil”, Şəfiqə Axundovanın “Gəlin qayası”, Ramiz Mustafayevin “Vaqif”, Vasif Adıgözəlovun “Natəvan”, “Firəngiz Əlizadənin ”Qarabağnamə" operaları Vətən musiqisinin inciləri kimi teatrın repertuarında möhkəm yer tutub. Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Qara Qarayevin “Don Kixot” və “Yeddi gözəl”, Fikrət Əmirovun “Min bir gecə”, Niyazinin “Rast”, Xəyyam Mirzəzadənin “Ağ və qara”, Tofiq Bakıxanovun “Xəzər balladası” və “Xeyir və Şər”, Aqşin Əlizadənin “Qafqaza səyahət” və “Ümid valsı”, Polad Bülbüloğlunun “Eşq və ölüm” baletləri Azərbaycanın və ölkəmizdə yaşayan əcnəbilərin opera və balet həvəskarlarını teatrın ətrafında sıx cəmləşdirmişdir. Dünya opera və baletinin illərdən bəri Azərbaycan səhnəsində yer alan şedevrləri bu gün də uğurla ifa olunur, teatrın şöhrətini artırır.

Bütün bu nailiyyətləri başqa teatrlarımız üçün də arzu olunan bir göstərici tamamlayır. Opera və Balet Teatrının geniş salonu, amfiteatrı, lojaları heç vaxt boş olmur. Yaxşı mənada, bu səhnədəki oyunların daimi “azarkeşlər” dəstəsi var. Ölkəmizdəki xarici səfirlik və nümayəndəliklərin, çoxsaylı əcnəbi iş adamlarının ən çox üz tutduqları sənət ocağı bu teatrdır. Opera və Balet Teatrının tamaşalarına daimi abunə olanlar, kollektiv tamaşaçılar da az deyil. Teatr rəhbərliyi az imkanlı sənətsevərlərin, veteranların, hərbçilərin, jurnalistlərin və s. dəvətnamələrlə tamaşalara pulsuz baxmalarına daim şərait yaradır.

Opera və Balet Teatrı bu il də ölkəmizdə keçirilən bir sıra mədəni tədbirlərə, yubileylərə ünvan olmuşdur. Bu il milli opera ifaçılığının görkəmli nümayəndəsi, musiqi xadimi Arif Babayevin yubileyi teatrda böyük təntənə ilə qeyd edlilmişdir. Heydər Əliyev adına Sarayın təmirdə olduğu müddətdə müxtəlif səpkili konsertlərin ağırlığı bu salonun üzərinə düşmüşdür. Teatrın solistləri teleradio dalğalarında, böyük salon və meydanlarda verilən konsertlərdə ən yüksək səviyyəni təmin edirlər. Onlar xarici ölkələrə qastrol səfərlərində milli musiqimizi ləyaqətlə təmsil edirlər. Xalq artistləri Alim Qasımovun, Mənsum İbrahimovun, Nəzakət Teymurovanın, əməkdar artistlər Gülüstan Əliyevanın, Fidan Hacıyevanın, Gülnaz İsmayılovanın, Əvəz Abdullayevin, Bülbül adına beynəlxalq vokal müsabiqəsinin qalibi Fəridə Məmmədovanın Avropa ölkələrində, Amerika və Meksikada konsertləri böyük uğurla keçmişdir.

İl boyu Opera və Balet Teatrının hər günü, həftəsi, ayı irili-xırdalı yeniliklərlə mənalanmışdır. İlk milli operamız “Leyli və Məcnun”un 100 il əvvəl səhnəyə qoyulması ilə başlanğıc götürmüş, sonrakı onilliklərdə Azərbaycan bəstəkarlarının və musiqi xadimlərinin ən ciddi əsərləri, fədakar xidmətləri ilə formalaşmış, zənginləşmiş milli opera və balet sənətimiz bu sahənin baş müəssisəsinin — Akademik Opera və Balet Teatrının təşəbbüskar və yaradıcı fəaliyyəti ilə 2008-ci yubiley ilini ölkənin tərəqqisinə layiq nailiyyətlərlə başa vurur, yeni ilə böyük arzu və ümidlərlə gedir.

 

Xalq qəzeti.- 2008.- 27 dekabr.- S. 6.