Aydınoğlu T.
Nəğmələrdə
yaşayan Şəhriyar
“Salam olsun
şövkətizə, elizə,
Mənim də bir
adım gəlsin dilizə”.
XX əsr Azərbaycan
poeziyasının güney qolunu yüksək zirvəyə
qaldırmış Məmmədhüseyn Şəhriyarın
dillər əzbəri olan bu sözləri unudulmaz şairə
xalq ehtiramının, onun sənət irsinə
soydaşlarımızın sonsuz sevgisinin ifadəsi kimi
səslənməkdədir. Almaniyada yaşayan
azərbaycanlıların bu misraların çağırışı
ilə təşkil etdikləri və şairin
xatirəsinə həsr olunmuş silsilə konsertlərdə
tanınmış sənətkarlar Şəhriyar
şeirlərinə bəstələnmiş
nəğmələri və onun qəzəlləri
əsasında muğamlarımızı ifa etmişlər.
Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının
səhnəsində bu nəğməli xatirə estrafetini
populyar ifaçı, respublikanın əməkdar artisti
Gülüstan Əliyeva və güneyli soydaşımız
Fəraməz Gərmrudi davam etdirdilər. Hər iki
sənətçi ölməz şairin poeziyasına
sevgilərini könülləri riqqətə gətirən,
şəhriyarsevərləri coşduran muğam və
mahnı nömrələri ilə ifadə etdi.
Şəhriyarın qəzəlləri və mahnı
bəstələnmiş şeirləri salona toplaşmış
o tay-bu taylı soydaşlarımızı şairin
könül dünyasına qovuşdurdu, onun solmaz
sənət gülşənini musiqinin qanadlarında
yüksəklərə çaldırdı.
Xatirə kosertində
Gülüstan Əliyeva və Fəraməz Gərmrudi
Şəhriyar kimi sənətkarları yetirən xalqın
yaratdığı el nəğmələrini də
səsləndirdilər, duetlər oxudular. Şəhriyar
sənəti və sevgisi həmin axşam müxtəlif
ünvanlı soydaşlarımızı mənən
yaxınlaşdırdı, doğmalaşdırdı. Ulu
Vətənimizin hər iki tayını təmsil edən
xanəndələrin mahir ifalarının qiyməti olan
alqışlar Şəhriyar ruhuna ərməğan oldu.
Respublikanın xalq
artisti Teymur Göyçəyevin idarəsi ilə Qara Qarayev
adına kamera orkestrinin müşayəti, əməkdar
artistlər Malik Mansurovun tarda və Elşən Mansurovun
kamanda, sənətçilər Şirzad Fətəliyevin
balabanda, Kamran Kərimovun nağarada şövqlü
ifaları konsertin ümumi uğurunu təmin etdi. Musiqiləri
kamera orkestri, xanəndə və xalq çalğı
alətləri üçün bəstəkar-pianoçu Ceyhun
Allahverdiyev işləmişdi. Konsertdən sonra hər iki
xanəndədən qısa müsahibələr aldıq.
Gülüstan Əliyeva dedi:
— İndiyədək
müxtəlif mövzulu çox konsertlərim,
çıxışlarım olub. Şəhriyarın
xatirəsinə həsr olunmuş konsertlər
silsiləsində sənət dostum Fəraməz bəylə
çıxışıma daha ciddi hazırlaşdım. Bu
konsert 50 milyonluq xalqımıza bir sənət hesabatı,
sevimli şairimiz Şəhriyarın adına layiq musiqi
səsləndirmək şansı idi. Fəraməz
bəylə bir səhnədə çıxışım
sənət bioqrafiyama zənginlik gətirdi.
Fəraməz
Gərmrudi isə təəssuratını belə ifadə
etdi:
— Həyatımın
çox unudulmaz bir gününü yaşadım. Mənim
babamın məzarı Bibiheybətdədir. Özüm
güneydə doğulmuşam, Tehranda yaşamışam. Bu axşam
babamın uyuduğu bu taya, Şəhriyar sevgisi ilə
böyüdüyüm o taya övladlıq borcumu verməyə
çalışdım. Mənə elə gəlir ki,
belə konsertlər ayrı düşmüş
soydaşlarımızı ana dilimizin və milli musiqimizin
cazibəsi ilə bir araya gətirir,
azərbaycançılıq duyğusunu yüksəldir.
Xalq qəzeti.- 2008.- 23 dekabr.- S. 7.