Azərbaycan
hökumətinin və Avropa Şurasının birgə
təşkilatçılığı ilə Bakıda
keçirilən Avropa Şurasının üzvü olan
dövlətlərin mədəniyyət nazirlərinin
“Mədəniyyətlərarası dialoq Avropa və onun
qonşu regionlarında davamlı inkişafın və
sülhün əsasıdır” mövzusunda konfransı
dekabrın 3-də başa çatmışdır.
Avropa
Şurasının üzvü olan, habelə
müşahidəçi ölkələrin, Avropa
Mədəniyyət Konvensiyasını imzalamış
dövlətlərin, Avropanın qonşu regionlarını
təmsil edən ölkələrin, Avropa Komissiyasının
və YUNESKO-nun, İSESKO-nun, Ərəb Dövlətləri
Liqası ölkələrinin Elm, Mədəniyyət və
Təhsil Təşkilatının (ALEKSO) yüksək
vəzifəli rəsmilərinin, müxtəlif fondların
və qeyri-hökumət təşkilatlarının
təmsilçilərinin, ümumən 250-dən çox
nümayəndənin iştirak etdikləri konfransın ikinci
iş günündə Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-
nun xoşməramlı səfiri Mehriban Əliyevanın
iştirakçılara müraciəti
çatdırıldı.
Müraciətdə
vurğulanır ki, Şərqlə Qərbin
qovuşuğunda yerləşən bir ölkə kimi
çoxmədəniyyətli Azərbaycan
mədəniyyətlərarası dialoqun inkisafına daim
öz töhfəsini vermişdir. Fondun prezidenti
əmin olduğunu bildirir ki, ölkəmizdə
keçirilən konfrans
mədəniyyətlərarası dialoqun təşviq olunmasında yeni bir mərhələnin başlanmasına, habelə
Avropa və onun qonşu regionlarını təmsil
edən dövlətlərin
bu əməkdaşlıq
prosesinə yaxından
cəlb edilməsinə səbəb olacaqdır. Bu proses dialoq sahəsində
daha çox praktik fəaliyyətləri
özündə əks
etdirəcək, həm
dövlətlər, həm
də beynəlxalq təşkilatlar arasında
daha konstruktiv əməkdaşlığın yaranmasına və inkişafına gətirib
çıxaracaqdır.
Konfransda tədbirin
birinci gününün yekunları müzakirə
olunmuşdur.
Bildirilmişdir ki, Avropa
Şurasının üzvü olan dövlətlərin
mədəniyyət nazirlərinin bu toplantısı yekun
deyil, yeni əməkdaşlıq prosesinin
başlanğıcıdır. Avropa və onun qonşu
regionlarının mədəni inteqrasiyasına əsaslanan
Bakı prosesi ölkələrarası dialoqun praktik
inkişafı, yeni, real və səmərəli
fəaliyyət mexanizminin
müəyyənləşdirilməsi, müxtəlif
sivilizasiyalar arasında dialoqun təşviqinə
yönələn tədbirlərin həyata
keçirilməsi sahəsində geniş imkanlara malikdir.
Bildirilmişdir ki,
konfrans mövzusuna, iştirakçıların
tərkibinə, əhatə etdiyi regionlara və miqyasına görə
Avropa və müsəlman ölkələrinin tarixində
mədəniyyətlərarası dialoq mövzusunda ilk
belə beynəlxalq tədbirdir. Konfransda
müxtəlif qitələrin
və dinlərin nümayəndələrinin təmsil
olunması dövlətlərarası
və təşkilatlararası
mədəni əməkdaşlıq
münasibətlərinin yeni
mexanizmini formalaşdırır.
Avropa Şurasının
Mədəniyyət, mədəni
və təbii irs üzrə direktorluğunun rəhbəri
Robert Palmer vurğulamışdır ki,
dialoq digərini dinləmək bacarığıdır.
Bu konfrans real dialoq nümunəsidir.
Azərbaycan Prezidenti
İlham Əliyevin təşəbbüsü və
dəstəyi ilə keçirilən konfransda beynəlxalq
mədəni əməkdaşlığın müxtəlif
aspektlərinə nəzər salınmış, Avropa və
onun qonşu regionlarında davamlı inkişafın və
sülhün təmin edilməsində
mədəniyyətlərarası münasibətlərin
imkanları araşdırılmışdır.
Respublika
mədəniyyət və turizm nazirinin müavini Sevda
Məmmədəliyeva Azərbaycan tərəfindən
əsası qoyulan “Sənətçilər dialoq naminə”
layihəsi haqqında məlumat vermiş, digər
dövlət və beynəlxalq təşkilatları bu
təşəbbüsə qoşulmağa
çağırmışdır.
S.Məmmədəliyeva
demişdir ki, müxtəlif ölkələrin
sənətçiləri arasında mübadilənin
aparılması məqsədi daşıyan layihə ilə
bağlı xüsusi işçi qrupu da yaradılacaqdır.
O, konfransda təmsil
olunan dövlətləri
Bakıda keçirilən
beynəlxalq mədəni
tədbirlərə, o
cümlədən “Sərq-Qərb” və caz festivallarında iştiraka dəvət etmişdir.
Mədəniyyət
layihələrinin bəşəriyyət üçün
əhəmiyyətini vurğulayan İordaniyanın
mədəniyyət naziri Nensi Bəkir Bakı
toplantısının insan dəyərlərinin
açıqlanmasında böyük rol
oynadığını bildirmişdir. O demişdir
ki, əgər hamı səyləri birləşdirsə, sivilizasiyalararası
toqquşmaların qarşısı
alınar.
Malayziyanın
mədəniyyət nazirinin müavini Bun Sun Tenq
ölkəsinin mədəniyyətlərarası dialoqa verdiyi
töhfələrdən danışmış, bu işdə
tolerantlığa və təhsilə xüsusi önəm
verildiyini bildirmişdir.
Mədəniyyətlərarası dialoq vasitəsi
kimi təhsilə diqqətin vacibliyini vurğulayan Niderland təmsilçisi Yan Kornelis Henenman Bakı konfransının sivilizasiyalararası dialoqun
inkişafına töhfəsini
vurğulamış, tədbirin
yüksək səviyyədə
təşkilinə və
qonaqpərvərliyə görə
Azərbaycan hökumətinə
təşəkkür
etmişdir.
Avstriyanin federal
təhsil, incəsənət və mədəniyyət naziri
Norbert Ridl isə konfransın əhəmiyyətini
vurğulayaraq demişdir ki, biz “Bakı prosesi”ni" artıq
əməli işlərlə davam etdirə bilərik.
Avropa
Şurasının “Aralıq dənizində
mədəniyyət” proqramının direktoru Fifi Benaboud
konfransda təmsil olunan dövlətləri Aralıq
dənizinin şimal və cənubu ilə
əməkdaşlığa dəvət etmişdir.
Böyük Britaniya
parlamentində Azərbaycan dostluq qrupunun sədri olan Corc Bryus
ümumi dəyərlərdən söhbət
açmış, ölkəmizə tez-tez səfər
etdiyini və hər dəfə müsbət
dəyişikliklərin şahidi olduğunu
söyləmişdir.
Ölkəsində
mədəniyyətlərarası dialoq prosesindən bəhs
edən Rusiya Federasiyası Prezidentinin beynəlxalq
mədəni əməkdaşlıq üzrə xüsusi
nümayəndəsi Mixail Şvıdkoy Bakı
konfransını mehribanlıq vahəsi
adlandırmışdır. Dünyada
müxtəlifliyin mövcudluğunu
xatırladan M.Şvıdkoyun
fikrincə, əsas çətinlik bu müxtəliflik şəraitində
insanların bir-birini anlamasına nail olmaqdır.
Avropa
Şurasının təmsilçisi xanım Qabriella
Battaini-Draqoni mədəniyyətlərarası dialoqla
bağlı Avropa Şurasının nəşr etdiyi “Ağ
kitab”ın artıq 11 dilə, o cümlədən
Azərbaycan dilinə tərcümə edildiyini, bu
kitabdakı tövsiyələrin icrasının vacibliyini
bildirmişdir.
Sonra o, konfransın
yekunu kimi qəbul edilməsi nəzərdə tutulan Bakı
bəyannaməsi haqqında məlumat vermişdir.
Mədəniyyətlərarası
dialoqa dair yekdilliklə qəbul edilmiş Bakı
bəyannaməsi ilk sənəddir ki, konkret mövzuya həsr
olunur və gələcəkdə belə
tədbirlərdə ona istinad ediləcəyi
gözlənilir.
Sənəd
nəzəri cəhətdən Avropa Şurasının
əvvəlki təcrübələrinə əsaslansa da, ilk
dəfə olaraq, burada Avropa və ona qonşu regionlar
arasında dialoqun praktik vasitələrlə həyata
keçirilməsi nəzərdə tutulmuş, bu
əməkdaşlıq prosesinin əsasının Bakıda
qoyulması xüsusi vurğulanmışdır.
Bakı
konfransının iştirakçıları
mədəniyyət müxtəlifliyinin
bəşəriyyətin ümumi irsi olduğunu bəyan
edərək, mədəniyyətlərarası dialoqun
davamlılığına tərəfdar çıxırlar.
Bəyannamədə bildirilir
ki, Bakı konfransı Avropa və ona qonşu
regionlar arasında mədəni əməkdaşlığın
gücləndirilməsinə şərait yaradır.
Avropa
Şurasının təmsilçisi xanım Qabriella
Battaini-Draqoni demişdir ki, Bakı bəyannaməsi üzv
ölkələr, habelə tərəfdaş
ölkələr arasında
mədəniyyətlərarası dialoq sahəsində
fəaliyyəti əlaqələndirməyə imkan
verəcəkdir.
Tədbirin yüksək
səviyyədə təşkilinə görə
Azərbaycan hökumətinə
minnətdarlığını bildirən Avropa Şurası
Nazirlər Komitəsinin İspaniyadan olan rəhbəri Gilyermo
Koral Van Damm demişdir ki, Bakı konfransı
mədəniyyətlərarası dialoqla bağlı
ideyaların irəli sürülməsi və
müzakirəsi baxımından mühüm mərhələ
olacaqdır. Bəyannamənin ən mühüm cəhətlərindən biri
odur ki, sənəddə mədəniyyətlərarası
dialoqun genişləndirilməsi
üçün əlaqələrin
əhəmiyyəti xüsusi
vurğulanmışdır. Sənəddə mədəni
irsin qorunmasına da xüsusi diqqət yetirilmişdir.
Konfransa yekun vuran Azərbaycanın
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bəyannamənin qəbul
edilməsi münasibətilə
iştirakçıları təbrik etmiş, bu sənədin Avropada və ona qonşu regionlarda əməkdaşlığın
genişləndirilməsində mühüm sənəd olacağını demişdir.
Nazir konfransın təşkilinə göstərdikləri
köməyə və
dəstəyə görə
Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevaya təşəkkür
etmişdir.
Xalq qəzeti.- 2008.- 4 dekabr.- S. 3.