Hüseynov A.

 

Operasız opera... teatrı

 

Azərbaycan xalqı teatrı, opera sənəti ilə daim fəxr edib. Bu gün isə vəziyyət ürəkaçan deyil. Çünki son illər Azərbaycanın əsas musiqi ocağı olan Opera və Balet Teatrı öz əvvəlki simasını itirməkdədir. Əvvəla, ona görə ki, teatrın vaxtilə zəngin sayılan repertuarı getdikcə kasadlaşmaqdadır. Vaxt vardı ki, həftənin altı günü musiqisevərlər dünya opera korifeylərinin əsərlərini dinləməyə gəlir, həm də mənən dincəlirdilər.

Cüzeppe Verdinin "Otello", "Aida", "Riqoletto", "Traviata", "Trubadur", M.İ.Qlinkanın "İvan Susanin", "Ruslan və Lüdmila", A.P.Borodinin "Knyaz İqor", R.M.Qliyerin "Şahsənəm", Ş.F.Qunonun "Faust", A.S.Darqomıjskinin "Su pərisi", K.F. Delibin "Lakme", Q.Donisettinin "Məhəbbət şərbəti", R.Leonkavallonun "Məzhəkəçilər", P.Maskaninin "Kənd şərəfi", M.P.Musorqskinin "Boris Qodunov", "Xovanşina" , Z.P.Paliaşvilinin "Daisi", C.Puççininin "Bohema", "Madam Batterflay", "Manon Lesko", "Toska", "Turandot", S.V.Raxmaninovun "Aleko", D.A.Rossininin "Sevilya bərbəri", A.Q.Rubinşteynin "Demon", P.İ.Çaykovskinin "Yevgeni Onegin", "İolanta", "Mazepa", "Qaratoxmaq qadın", Robber Plakttinin "Kornevil zəngləri" operalarının teatrın repertuarını bəzəməsi çox sevincli hal kimi dəyərləndirilirdi. Avropa opera musiqisinə biganəlik tədricən aradan qalxır, sıravi azərbaycanlı musiqisevərlər Avropa opera inciləri nümunələrini dərindən duymağa həvəs göstərirdilər.

Yaxşı yadımdadır. Şəhərimizin əsasən azərbaycanlılardan ibarət olan dağüstü ərazisində ("Dağlı məhəlləsində") məskunlaşanlar Qərb musiqisinə biganə, Azərbaycan musiqisinə aludə idilər. Bunun bir səbəbi radio verilişlərində, tədris müəssisələrində Avropa musiqisinin yerli-dibli təbliğ olunmaması idi. Ötən əsrin müharibədən sonrakı illərində almanlarla savaşdan qalib çıxmış sovetlər birliyinin müvafiq təşkilatları musiqili filmləri kinoteatrlarda prokata buraxmışdılar. Bizim dağlı məhəlləsinin kiçik yaşlı uşaqları həmin qənimət filmlərə, xüsusən də məzəli əhvalatlar çox olan filmlərə maraqla tamaşa edirdilər. Bu filmlərin arasında dünyanın ən qüdrətli opera müğənnilərinin - Yan Kipuranın, Benyamino Cilinin, Tito Qobbinin və digərlərinin iştirakı ilə olan filmlər hamımızda maraq doğururdu. Həmin filmlərdə istedadsız opera müğənniləri tamaşaçılara yekəqarın, nazik və əyriayaq tiplər şəklində təqdim olunurdu. Həmin özlərindən çox razı ifaçılar operalarda aparıcı partiyaları oxuya bilməməkdən çəkinməyərək baş partiyaların ifaçıları kimi çıxış edirdilər. Ariyaların finalında yüksək not götürmək əvəzinə xırıltılı səs çıxaran və bundan heç bir sarsıntı keçirməyən başabəla ifaçıları filmdəki tamaşaçılar adətən fitə basırdılar. Bəzən belə də olurdu ki, zil not götürməyə hazırlaşan aparıcı solistin ağzı açıla qalan zaman filmdəki tamaşaçılardan kasıb geyimli bir nəfər final notunu asan götürür və beləliklə də aparıcı tenoru çaş-baş salırdı. O bilmirdi ki, həmin səs onun səsidir, yoxsa...E Sonda başabəla tenor fitə basılaraq səhnəni tərk edirdi. Tamaşaçı müğənni isə kütlənin sürəkli alqışları ilə səhnəyə qalxır və oxuyurdu. Kütlə arasından çıxmış təsadüfi müğənniləri həmişə dünyanın Yan Kipura, Belyamino Cili kimi qüdrətli tenorları oynayırdı. Onların çox yüksək səs tələb edən notları götürərək uzun-uzadı saxlaması məhəlləmizin ayaqyalın, başıaçıq uşaqlarını heyran qoyurdu. Film qurtardıqdan sonra onun "müzakirəsi" başlanırdı. Yan Kipuranın və Benyamino Cilinin səslərindən xoşlanan uşaqlar hətta onları vaxtilə Azərbaycan milli operasının aparıcı solisti, heyranlıq doğuran zil səsli Əlövsət Sadıqovla müqayisə edirdilər.

Qənimət operaları ilə tanışlıq bizlərdə Qərb bəstəkarlarının operalarına maraq oyatmışdı. Həmin vaxtlarda opera teatrımızın, irəlidə deyildiyi kimi, zəngin repertuarı vardı, hətta məktəblilər üçün gündüz tamaşaları da təşkil olunurdu. Günlərin birində əmim oğlu Şaiqlə operaya gedib Puççininin "Toska" operasını dinləməyi qərara aldıq. Həmin vaxtlar kiçik yaşlı uşaqları axşam tamaşalarına buraxmırdılar. Bilet yoxlayan qadın və onun yanında dayanmış administrator bizim yalvar-yaxarımızdan sonra bir qədər yumşalaraq içəri keçməyimizə izn verdilər. Teatrın foyesini və salonunu heyranlıqla seyr edir, qızıl suyu çəkilmiş memarlıq fraqmentlərinə heyranlıqla baxırdıq. Özümüzü belə bir yerdə olmağımıza görə xoşbəxt sanırdıq. Nəhayət ki, orkestr çalmağa başladı və pərdə açıldı. Doğrusunu deyim ki, bu çalğı bizi bir o qədər də məmnun qoymadı. Ona görə ki, musiqi səsləri uyarlığını hiss edə bilmirdik. Səhnəyə şişman və balacaboy bir qadın müğənni çıxaraq oxumağa başlayandan bir qədər sonra pəhlivan cüssəli bir kişi müğənni qadın müğənninin yan-yörəsində fırlanaraq nəsə oxuyur, deyəsən onu sevdiyini bildirirdi. Aldığımız proqrama baxıb tosqun qadının "Toska", onu sevən kişinin isə Kavaradossi olduğunu öyrəndik. Sonradan bir əzazil kişi gəlib qəzəblə oxumağa başladı. Proqrama baxıb bu kişinin polis rəisi Skarpia olduğunu öyrəndik. Skarpia məhbəsdən qaçmış inqilabçını axtarırdı. Puççininin bu operasında deklamasiya - reçitativ xarakterli anlar xeyli yer tutduğundan biz onu "O oxuyur, bu oxuyur və heç nə də anlaşılmır" kimi dəyərləndirdik. Salonda olanlar isə operanın gedişini diqqətlə izləyir və bir çox yerdə ifaçılara qoşularaq yavaşcadan zümzümə edirdilər. Biz isə anlaya bilmirdik ki, tamaşaçıları məftun edən nədir. Birinci pərdədən sonra əmioğlu Şaiq mənə yalvarmağa başlayıb dedi: "Əmioğlu, qurban olum, burax məni gedim, qalsam, ürəyim partlar, ölərəm".

Bizim məhəllədə böyük-kiçik məsələsinə xüsusi diqqət yetirilirdi. Kiçik yaşlılar hətta özlərindən 1-2 yaş böyük olanlara, hörmət edir və dediklərini qanun kimi qəbul edirdilər. Mən əmioğlumun doğrudan da psixoloji baxımdan pis vəziyyətdə olduğunu görüb, evə getməsinə razılıq verdim və tamaşanı zor gücünə də olsa, axıracan dinləməyi qərara aldım. Fikirləşdim necə ola bilər ki, salonda əyləşən ruslar, yəhudilər və sair millətlərin nümayəndələri opera musiqisini başa düşür, mən isə başa düşmürəm. Belə yaramaz, adamda milli qürur hissi olmalıdır!

Çox sonralar anladım ki, bu operanın musiqisinin ifadə qudrəti çox yüksək, həm də vəcdəgətiricidir. Bu musiqi hadisələrin gözlənilməz dəyişikliyini asanlıqla izləyərək onun əsəbi, gərgin və dramatik ovqatını çatdıra bilir. Toskanın, Kavaradossinin ariyaları konsert salonlarının bəzəyinə çevrilmişdir. Mən deyərdim ki, bu ariyaları bilməyən və sevməyən adam bəlkə də tapılmaz. Sonrakı illər biz məktəbli gənclərin dünyanın opera şedevrləri ilə tanışlığımız üçün geniş imkanlar açılmışdı. Azərbaycan Opera və Balet teatrının məqsədyönlü fəaliyyəti sayəsində respublikamızda operaya böyük həvəs yaranmışdı. Azərbaycan balaları daha qeyri-azərbaycanlıların yanında özlərini opera musiqisi biliciləri kimi apara bilirdilər.

Əvvəllər də Opera teatrında azərbaycanlılar arasında tenor, bariton, bas, soprano səsin kasadlığı hiss olunurdu. Ona görə də klassik Qərb opera ifaçıları arasında qeyri-azərbaycanlı solistlərin mövqeyi bir o qədər də ürəkaçan deyildi. Millətimizi belə operaların ifaçıları sırasında güclü dramatik tenor Yaqub Rzayev təmsil edirdi. O, Bolşoy Teatrda və Ukrayna Opera və Balet teatrında da yaxşı mənada ad çıxarmış solist olmuşdu. Yaqub Rzayev "Koroğlu" partiyasının da mahir ifaçısı sayılırdı. Lakin lazımi hökumət qayğısı göstərilmədiyindən, digər obyektiv və subyektiv səbəblərdən bu böyük tenor kölgədə qalmaq durumunda idi. Qərb operalarının aparıcı tenor partiyalarını əsasən respublikanın xalq, Rusiyanın əməkdar artisti Aleksandr Drozdov ifa edirdi. Onun çox qaltanlı və böyük diapazonlu səsi uzun illər Azərbaycan opera səhnəsində eşidildi. O, hətta "Koroğlu" operasının rus dilində oynanılan variantında baş qəhrəmanın da partiyasını oxumuşdu. Biz onu yaradıcılığının ahıl vaxtında görmüşdük. A.Drozdov "Aida" operasında gənc sərkərdə Radames partiyasının da ifaçısı idi. Bir qədər yuxarı notlar götürməli olanda ağzındakı qoyma metal dişlər projektorların gur işıqları altında parıldayırdı. Görkəmi də qoca kişi görkəmi idi. Bizlər Radamesi elə bu şəkildə təsəvvür edirdik. Ona görə ki, əsl gənc Radames təmsilçisini görməmişdik. Ötən əsrin əllinci illərində İtaliya kinostudiyasının ərsəyə gətirdiyi "Aida" musiqili kinofilmində gənc Radamesi görəndə mat-məəttəl qaldıq, sən demə, Verdinin təsəvvür etdiyi Radames qəşəng görkəmli cavan imiş. Sonralar gənc opera solistlərinin - Lütfiyar İmanovun, Hüseyn Əliyevin təfsirində səslənən ariyalar milli operamızın hərtərəfli inkişafında yeni mərhələnin başlanğıcından xəbər verirdi.

Azərbaycan opera səhnəsinə Firəngiz Əhmədovanın, əslən gəncəli olan Vera Abışevanın (Saratovun opera teatrından) dəvət olunması musiqili teatrın həyatında dönüş nöqtəsi kimi dəyərləndirilməlidir. Firəngiz Əhmədovanın təravətli və geniş imkanlı səsi onun Qərbi Avropa klassiklərinin operalarında baş partiyaların əvəzolunmaz ifaçısına çevirilməsinə təkan vermişdi. C.Verdinin "Aida" operasındakı Aidanın ariyaları vokal ifaçılığı baxımından çətin hesab olunur. Hətta operanın "Nil pərdəsi" deyilən yerində Aidanın müəyyən keçidlərlə ən zil not götürməsi məqamında çox ifaçılar çıxılmaz vəziyyətdə qalır. Yazıq ifaçı səs olmayan yerdə nə edə bilər ki? Qastrolçu qadınların da həmin notu götürmək məqamında üz əzələləri gərilir, boğaz damarları kənardan görünəcək dərəcədə şişirdi. Firəngiz Əhmədovanın Aidası isə çox yüksək notu qışqırıq qoparmaqla deyil, təmiz səslə oxuyaraqdan götürürdü. Onun ürəkdən gələn ifaçılıq manerası oynadığı digər rollara da təravət gətirirdi. O, obrazın daxili aləmini rəngarəng səs palitrasının genişliyi sayəsində təqdim edirdi. Vera Abışeva Fikrət Əmirovun "Sevil" operasında baş qəhrəmanın ariyalarını böyük sənətkarlara xas olan tərzdə oxumağı bacarır, həm də obrazın həyəcanlarla dolu daxili aləmini məharətli dram aktyoru kimi aça bilirdi.

Daha sonralar Azərbaycan opera səhnəsinə klassik əsərlərdə baş partiyaları ifa edən Qərinə Kərimova kimi bənzərsiz dramatik soprano səsli solistin gəlişi musiqili teatr aləmində bir xoş hadisəyə çevrilmişdi. O, Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Nigar, Fikrət Əmirovun "Sevil" operasında Sevil kimi qadın obrazlarını həm səs, həm də aktyorluq məharəti baxımından yüksək sənət zirvələrinə qaldıra bilmişdi. Qərinənin Cüzeppe Verdinin "Aida" operasında Aida, "Trubadur" operasında Leonora, Cakoma Puççininin "Madam Batterflay" və "Toska" operalarında Çio-Çio-san və Toska, Corc Bizenin "Karmen" operasında Mikaela partiyalarını böyük uğurla ifa etmişdir və indi də yaxşı formadadır. Onun Moskvanın Bolşoy Teatrında Toska rolunda çıxışı böyük razılıqla qarşılanmışdı. Ümumiyyətlə, Qərinə Kərimova dünya opera səhnələrində sənət nümunəsi göstərməyə layiq ifaçıdır. Çox təəssüflər olsun ki, onun bu zirvəyə qalxmasına opera teatrının rəhbərliyi, mədəniyyət və turizm nazirliyinin başçıları tərəfindən heç bir təşəbbüs göstərilmir. Əngəl törətmək təşəbbüsləri isə göstərilir. Məsələn, Qərinə Kərimova Bolşoy Teatrdan Toska partiyasını oxumaq dəvəti alan kimi Bakıdan Moskvaya şeytançılıq edib, Qərinənin yuxarı registrlərə qalxmaq imkanında olmadığını bildirmişdilər. Moskvada da bu qastrolçu xanımı imtahana çəkmiş, bir neçə zil not götürməsini istəmişdilər. Qərinə bu "imtahan"dan üzüağ çıxdıqdan sonra Toska partiyasını sürəkli alqışlar altında oxumuşdu.

Teatr truppasında Azər Zeynalov, Həsən Enami, Samir Cəfərov, Ülvi Qılınc, Fərid Əliyev kimi tenorların, Fidan Hacıyeva, İlahə Əfəndiyeva, Dinarə Əliyeva kimi sopranoların fəaliyyəti təqdirəlayiq bir olaydır. Onların ifa imkanlarının genişliyi, heyrət doğuran səs diapazonlarının və tembrlərinin mövcudluğu sayəsində dünya klassiklərinin bir çox operasını gündəmə gətirmək mümkündür. Əgər istək olsa!

Artıq uzun müddətdir ki, bu teatr öz fəaliyyətini Ü. Hacıbəyovun "Leyli və Məcnun" operası və yerli balet ifaçılarının iştirakı ilə hərdənbir tamaşaya çıxarılan bir neçə balet - "Min bir gecə", "Qız qalası" baletləri üzərində qurmaqdadır.

Məlum olduğu kimi, Azərbaycanda Qərb bəstəkarlarının operalarında Radames, Kavaradossi, Manriko kimi tenor partiyalarının ifaçıları hazırlanmadığı üçün kənar şəhərlərdən qastrolçu çağırmaq adət halını almışdır. SSRİ xalq artistləri Vladimir Atlantov, Vladislav Pyavko və Gürcüstanın xalq artisti Teymuraz Ququşvili kimi tenorlar istisna edilməklə, Azərbaycan tamaşaçılarına tenor partiyalarının ustad aparıcı nümayəndələrini dinləmək xoşbəxtliyi nəsib olmur. Şəhərimizə adətən üçüncü-dördüncü dərəcəli tenorlar dəvət edilir. Onlar tamaşaları birtəhər başa vurub gedirlər. Bəzən də məlum olur ki, bu kimi zəif ifaçılar öz teatrlarında oynamadıqları partiyaları bizim teatrda oxumaq cəsarəti tapırlar. Bunun nəticəsində tələbkar Bakı tamaşaçıları narazılıq hissləri keçirirlər. Halbuki yuxarıda adları sadalanan gənc ifaçılarımızı həmin rollara hazırlamaq qayğısına qalmırlar. Çoxdan bəri Azər Zeynalovun Kavaradossi partiyasında çıxış edəcəyi xəbəri hansı səbəblərdənsə hələ də reallaşmayıb. Uzun bir müddət Qalina Vişnevskayanın, Monserrat Kabalyenin, Xose Karrerasın məsləhətləri sayəsində püxtələşmiş Samir Cəfərovun Radames, Manriko partiyalarında uğurlu çıxışları üçün kifayət qədər səs imkanı var.

Ramazan Xəlilov Bakının opera teatrının direktoru işləyən zaman teatr kifayət qədər yüksək səviyyəyə qalxmışdı. Kazan Opera teatrından daimi işə dəvət alan Kamil Yaqubov Azərbaycan opera səhnəsinin bəzəyinə çevrilmişdi. Onun çox nadir sayılan tenor-altino səsi vardı. Fransız bəstəkarı Filiber Leo Kleman Delibin "Lakme" operasında ifa baxımından çox çətin sayılan Ceraldın partiyasını böyük uğurla ifa edirdi. Bakı opera səhnəsinə çox gözəl bas səsli Valeri Qurbanovun dəvət alması da müxtəlif bas partiyalarının yüksək sənətkarlıq səviyyəsində ifa olunması üçün geniş imkanlar açmışdı. Moskvanın Stanislavski və Nemiroviç-Dançenko adına musiqili teatrının solisti, opera solistlərinin ümumittifaq müsabiqəsinin laureatı İbrahim Cəfərov Bakıya gətiriləndən sonra opera sənətinə tamaşaçı rəğbəti bir qədər də artmışdı. Bu çox istedadlı tenorun Qərbi Avropa və Azərbaycan bəstəkarlarının operalarında baş rollarda çıxışları onu Bakı dinləyicilərinin kumirinə çevirmişdi. Təəssüflər olsun ki, bu böyük istedadın Bakıda həmişəlik qalması üçün müvafiq şərait yaradılmadığından o, yenə də Moskvaya qayıtmalı olmuşdu.

Bakıda dünya operası ulduzları sayılan rumın Nikolaye Xerlyanın, Ottave Yeniqaresku kimi möhtəşəm baritonların çıxışları olduqca xoş təsir bağışlamışdı. Dünya opera səmasının sönməz ulduzu Müslüm Maqomayev səhnəyə gəldiyi ilk dövrdə Ottave Yeniqaresku onu məftunluqla dinləmiş, Fiqaronun kavatinasının ortasındakı naqolay yerdə keçid notlarında oxumasını tövsiyə etmişdi.

Həmin vaxtlar Azərbaycan opera səhnəsində Ağababa Bünyadzadə, Məmmədtağı Bağırov, İsmayıl Eloğlu kimi tanınmış bariton səsli ifaçılar, Kazım Məmmədov kimi tenor çalışırdılar. Ağababa Bünyadzadənin diapazon genişliyi və tembr baxımındın bənzərsiz səsi vardı. O, həm Azərbaycan bəstəkarlarının operalarında, həm də dünya klassikası nümunələrində uğurla çıxış edirdi. Bariton A. Bünyadzadəninn ifasında Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Həsən xan, Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Aslan şah partiyaları bənzərsiz sayılırdı.

İsmayıl Eloğlu Qarabağda tayı-bərabəri olmayan məlahətli səsi ilə ürəkləri fəth edən müğənni olmuşdu. Onu Bakıya çağırandan sonra başabəla səs müəllimi bilərəkdən, yaxud bilməyərəkdən ona ağzını əli ilə tutub var gücü ilə çığırmasını məsləhət görəndən sonra məşhur muğam və mahnı ifaçısı bir o qədər də tanınmayan bariton səsli opera müğənnisi kimi fəaliyyət göstərmək məcburiyyətində qalmışdı.

Teatrın solisti Böyükağa Mustafayev azərbaycanlı ifaçılar arasında yeganə bas səsli ifaçı kimi tanınırdı.

Unudulmaz Bülbül Məmmədov Koroğlunun əvəzsiz ifaçısı kimi məşhur idi. O, Əfrasiyab Bədəlbəylinin vokal baxımından çox çətin sayılan "Nizami" operasında Nizaminin ürəyəyatımlı ariyaları ilə tamaşaçıları məftun qoyurdu. Həmin operada metso-soprano Fatma Muxtarovanın Əzra rolunda çıxışları çox yaddaqalan idi. Onu da xatırladaq ki, Fatma Muxtarova keçmiş SSRİ məkanında Bizenin "Karmen" operasında baş rolun əvəzolunmaz ifaçısı kimi tanınırdı.

"Koroğlu" operası rus truppası tərəfindən də oynanılırdı. Koroğlunu respublikanın xalq artisti A.Drozdov, Həsən xan partiyasını respublikanın xalq artisti V.A.Nikolski ustalıqla ifa edirdilər. Nikolski Həsən xan obrazını azərbaycanlı solistlərlə birlikdə bizim ana dilimizdə də oxuyurdu. Bəzi sözləri düzgün tələffüz edə bilməməsi tamaşaçıların xoş gülüşünə səbəb olurdu.

Rəşid Behbudovun "Sevil" operasında Balaş rolunda çıxışı onun bir opera solisti kimi də yetkinliyinin sübutu idi.

Bütün bu yazılanlar teatrın uğurlu keçmişinə bir səyahət məqsədi güdür. Hazırda opera teatrı acınacaqlı repertuar kasadlığı dövrünü yaşayır. Son vaxtlar teatr öz fəaliyyətini qapılarını operaya heç bir dəxli olmayan kollektivlərin üzünə geniş açmaqda görür. "Bakılı oğlanlar"ın, "Bizim şəhərdə" şou-tamaşalarının opera teatrı səhnəsində oynanılması, xalq mahnıları ifaçısının Filarmoniya səhnəsində deyil, Opera Teatrı səhnəsində konsertə buraxılması Azərbaycan Opera Teatrının düzgün yolda olmadığını göstərir. Bu, azmış kimi, Üzeyir Hacıbəyovun yaradıcılıq irsinə də biganəlik hökm sürür. Dövri mətbuatda bu böyük bəstəkarın "Əsli və Kərəm" operasının yenidən repertuara qaytarılması ilə əlaqədar məşqlərin getməsi barədə verilən məlumatlar hələ də quru məlumat olaraq qalmaqdadır.

Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun dünyanın 70-dən artıq ölkə teatrında oynanılan "Məhəbbət əfsanəsi" baletinə öz məmləkətində nədənsə yer verilməməsi ancaq təəssüf doğurur. Bu yaxınlarda bəstəkarın 75 illik yubileyində Sankt-Peterburqun Mariya teatrı kollektivinin həmin baleti Heydər Əliyev Sarayının səhnəsində Bakı tamaşaçılarına təqdim etməsi görəsən teatr rəhbərliyinin zəifliyinə tutarlı işarə deyildimi?

Bu yaxınlarda bariton Elçin Əzizovun Bolşoy Teatrın ilk azərbaycanlı solisti kimi Corc Bizenin "Karmen" operasında Eskamilyo partiyasında uğurlu çıxışı bizi çox sevindirdi. Buna baxmayaraq bir qədər də kədərləndik. Ona görə ki, 2005-2007-ci illərdə Bakı Musiqi Akademiyasının opera studiyasında dirijor Azad Əliyevin rəhbərliyi altında təcrübə keçən bu gənc istedad öz operamızın truppasına dəvət almamışdı. Öz təşəbbüsü ilə Qalina Vişnevskayanın opera sənəti Mərkəzində solist kimi fəaliyyətə başlayan Elçin Əzizov Eskamilyonun partiyasını Moskva tamaşaçılarına təqdim edəndən sonra Bolşoy Teatra solist kimi qəbul olunmuşdur. Elçin Əzizov Bolşoy Teatr truppasının ilk azərbaycanlı solistidir. Onun Moskvada, Yaroslavlda, Arxangelskdə, Vyanada, Zalsburqda, Milanda, Parisdə yaddaqalan çıxışları olmuşdur.

Hazırda Bakı Opera Teatrı təmirə dayanmaq bəhanəsi ilə fəaliyyətini demək olar ki, dayandırmışdır. O, bir növ operasız opera teatrına çevrilmişdir. Dönüş olacaqmı?!

 

Azərbaycan.- 2008.- 21 dekabr.- S. 5.