Məhərrəmova T.

 

Biz sabahın tamaşalarını qururuq"

 

Hafiz Quliyev, reyissor: "Mənim üçün emosional aktyorlar gözəldir"

 

Dahi bəstəkar Üzeyir Hacıbəyovun qələminin qüdrəti və istedadının gücü ilə ərsəyə gələn "Leyli və Məcnun" operasının bu il 100, "Arşın mal alan" operettasının 95 illik yubileyi qeyd olunur. Dünyanın müxtəlif səhnələrində oynanılan və böyük şöhrət tapan bu tamaşalar demək olar ki, Akademik Opera və Balet Teatrının repertuarında mühüm yer tutur. Ümumiyyətlə, repertuarında klassik və müasir opera və balet tamaşalarına yer ayıran teatr dünyanın aparıcı sənət ocaqları ilə ayaqlaşmağa çalışır.

Teatrın baş reyissoru Hafiz Quliyevlə söhbətimiz zamanı sənət ocağının keçmiş və bugünkü nailiyyətlərindən, gələcək planlarından danışdıq:

 

- Teatrların sivilizasiyalar dövründəki müstəsna rolu məlumdur. Bəs teatrların gələcəyi haqqında hansı proqnozları vermək olar?

- Əgər teatrın yaranma tarixi min illərlə ölçülürsə, Azərbaycan teatrının tarixi də yüz illər bundan öncəyə gedib çıxır. Azərbaycan teatrı ilk yarandığı vaxtlarda xalq oyunları, mərasimlər, adət-ənənələr formasında fəaliyyət göstərib. Ona görə də teatrın xalqın həyatında, millətin formalaşmasında həmişə müstəsna rolu olub. Azərbaycanda ilk dəfə teatrın yaranmasında Həsən bəy Zərdabi və Əbdürrəhim bəy Haqverdiyevin böyük rolu olub. Onlar sırf maarifçi insanlar idi və o dövrdə teatr ilk dəfə yarananda da maarifçilik xarakteri daşıyırdı. Millətin dünyagörüşünün artmasında məhz teatrı önə çəkirdilər. Bundan sonra teatr özünün inkişaf yoluna qədəm qoydu və qollara bölündü. Teatr bu gün də öz funksiyasını yerinə yetirməkdədir və özünün yeni inkişaf yoluna qədəm qoyub. Dünya teatrlarına inteqrasiya var. Bu gün Azərbaycan tamaşaları dünya səhnələrində, eləcə də dünya teatrlarının tamaşaları bizim səhnələrdə oynanılır. Opera Teatrının artistləri dünyanın müxtəlif ölkələrində qastrol səfərlərində olurlar. Eləcə də dünyanın tanınmış opera və balet ulduzları bizim teatrın səhnəsində çıxış edirlər. Bu artıq bizim teatrlarla dünya teatrları arasında münasibətlərin formalaşmasıdır. Təbii ki, teatr daha da inkişaf edəcək və insanların dünyagörüşünün artmasında, maariflənməsində öz rolunu davam etdirəcək. Bugünün teatrı klassik ənənələri özündə yaşadan müasir teatrdır. Bütün teatrlarda bu tendensiya, yəni müasir texnologiya, dünyagörüş və bütün bunlara uyğun tamaşalar var. Biz klassikanı saxlayırıq və təbii ki, bunun ətrafında eksperimentlər, müxtəlif traktovkalar olur. Klassik əsərlər mütləq yaşamalıdır ki, gələcək nəsil buna baxsın və faydalansın. Bilirsiniz ki, ölkə prezidentinin fərmanı ilə bütün teatrlarda yenidənqurma işləri başlayıb. Bu proses bizim teatra da aiddir. Bəzi teatrlar təmirdən çıxıb, bəziləri isə ciddi təmirdədir. Azərbaycan teatrına yeni texnologiya gələcək. Reyissorlarımız da bu texnologiyaların köməyi ilə müasir tamaşalar səhnələşdirəcək. Bu gün Azərbaycanda dünya reyissurası ilə ayaqlaşan reyissorlar da, aktyorlar da var. Biz sabahın tamaşalarını, teatrlarını qururuq. Ona görə də teatrların gələcəyi üçün gözəl zəmin yaranıb.

- Opera Teatrının səhnəsində çıxış etmək üçün aktyorlardan hansı keyfiyyətlər tələb olunur və aktyorların hamısı bu tələblərə cavab verirmi?

- Artıq dünyada 400 ildir ki, opera yanrı mövcuddur. İlk dəfə Florensiyada yaranan teatr Fransaya, sonra Şərqi Avropaya, Rusiyaya keçdi. Nəhayət, 1908-ci ildə Opera Teatrı Azərbaycanda yarandı. Artıq Opera Teatrımızın yüz yaşı var. Bu müddətdə onlarla opera sənətçisi - reyissor, aktyor, vokalçı yetişib. Onlar Azərbaycan opera sənətini dünyada tanıtmağa qadirdirlər. Opera özünəməxsus bir sənətdir. Opera təkcə musiqi və teatr deyil. Burda ən ümdə duran musiqi və səsdir. Bu səhnədə çalışanın mütləq güclü səsi olmalıdır. Çünki yeganə səhnədir ki, burda heç bir səsgücləndiricidən istifadə olunmur, hamı canlı oxuyur. Tamaşaçı opera teatrına gələndə həm gözəl səs, həm də yüksək aktyor oyunu istəyir. Aktyor həm səsi ilə obraz yaratmaq iqtidarında olmalı, həm də onun ifadə vasitəsi aktyor oyunu ilə olmalıdır. Onun aktyor oyunu, səhnədə mimikası, tərəf-müqabili ilə münasibəti o qədər səmimi, təsirli və duyğulu olmalıdır ki, bu, hər şeydən əvvəl onun səsi ilə özünü biruzə verməlidir. Bütün bu xüsusiyyətlərin vəhdəti bütöv bir obrazın yaranması deməkdir. Onda bu obraz tamaşaçını çox sevindirəcək. Opera Teatrında çalışan vokalçı aktyorun çətinlikləri çoxdur. Hamı yüksək səviyyədə musiqi eşitmək istəyir. Musiqi qulağı oxşayır, estetik zövq verirsə, səhnə tərtibatı, aktyor oyunu, müstəqil reyissor fikri gözün də estetikasını artırır. Buna görə də opera sənətçisi sanki ikiqat çətinliyə düşür. "Koroğlu" operasında səhnəyə birdən 120 nəfər çıxır. Bu adamların hamısının səhnədə öz işi var. Ona görə də bizim məşqlərmiz uzun müddət davam edir. Opera Teatrının rəhbəri öz imkanlarını göstərmək üçün bütün yaradıcı heyətə şərait yaradır.

- Opera Teatrının tamaşaçılarının əksəriyyəti əcnəbilərdir. Onları necə cəlb edə bilmisiniz? Bu, opera sənətinə olan dünyəvi maraqla bağlıdır, yoxsa başqa sirr var?

- İlk növbədə insanları cəlb edən gözəl musiqidir. Onları bura çəkib gətirən heç şübhəsiz, bu musiqinin gözəlliyidir. Bu musiqiyə dünyanın hər yerində qulaq asılır və sevilir. Ona görə də bizim tamaşaçıların böyük əksəriyyəti xarici tamaşaçılardır. Onlar bizim səhnədə həm milli, həm də Avropa tamaşalarına baxmağı sevirlər. Bəzən bir tamaşaya dəfələrlə baxırlar. Bizim tamaşalar artıq onları özlərinə cəlb edir. Bu baxımdan, tamaşaçılarımızın əksəriyyəti xarici tamaşaçılardır. Burada ifaçıların da böyük rolu var. Bəzən əcnəbi tamaşaçılar eyni ifaçılara baxmaq üçün yenidən gəlirlər. Bu o deməkdir ki, Opera Teatrında gedən tamaşalar əcnəbi tamaşaçıları cəlb etməyi bacarır.

- Bəs yerli tamaşaçıların marağı nə qədərdir?

- Bu gün heç kəsə sirr deyil ki, şou proqramlar çoxdur. Televziyalarda onların reklamına kifayət qədər yer ayrılıb. İnsanlar var ki, reklama aldana bilirlər. Amma belə düşünürəm ki, bu gün teatra qayıdış tendensiyası var. Bu fikir təkcə Opera Teatrına aid deyil. Çünki bu tendensiya bütün teatrlarda hiss olunur. Bu gün "Leyli və Məcnun" tamaşasına baxanların 60 faizi gənclərdir. Eləcə də xarici operalarımıza baxmağa gəlirlər. Bu o deməkdir ki, tamaşalarımız artıq gəncləri də özlərinə cəlb edə bilir. Ciddi sənət insanın mənəviyyatında mütləq rol oynayır. Şou külək kimidir. Amma ciddi sənət daimi qalacaq.

- Bu il "Leyli və Məcnun" tamaşasının 100 illiyidir. Bayaq qeyd etdiniz ki, klassik əsərləri səhnələşdirərkən müxtəlif eksperimentlər olur. Şəxsən sizin quruluş verdiyiniz "Leyli və Məcnun" 100 il bundan əvvəl qoyulan tamaşadan nə ilə fərqlənir?

- Şübhəsiz ki, bu tamaşanın ilk dəfə səhnələşdirilməsinin özünəməxsus çətinlikləri olub. Ancaq çox möhtəşəm bir tamaşa qoyulub. 1908-ci ildən 20-ci ilə qədər "Leyli və Məcnun" bir neçə dəfə səhnələşdirilib. Bundan sonra tamaşanın 10-a yaxın quruluşu olub. 2005-ci ildə isə Üzeyir Hacıbəyovun 120 illiyi ilə əlaqədar tamaşanı mən səhnələşdirdim. Bu tamaşanı səhnələşdirərkən bütün quruluşları analiz etdim. Həm əsərin fəlsəfəsini saxlamağa çalışdım, həm də bu günün dinamikasını qurdum. Bu tamaşaya sevgi həmişə olub. Yeganə əsərdir ki, repertuardan düşmür. Ən məşhur əsərlər belə müəyyən müddətdən sonra repertuardan çıxır. 100 illər bu tamaşa repertuardan çıxmayıb və bu müddət ərzində heç vaxt da öz tamaşaçısını itirməyib.

- Vaxtilə bu teatrın repertuarında oynanılan hansı tamaşaları yenidən bərpa etmisiniz?

- "Şah İsmayıl" operası 1964-cü ildə qoyulmuşdu. Mən 1994-cü ildə bu tamaşanı bərpa etdim. "Gəlin qayası", "Vaqif", "Koroğlu", "Solğun çiçəklər" də yenidən səhnəyə qayıtdı. Yeni tamaşalara gəlincə, rəhmətlik Vasif Adıgözəlov "Natəvan" operasını təqdim etdi və əsəri Firudin Səfərov səhnəyə qoydu. Daha sonra Firəngiz Əlizadə ilə professor Nərgiz Paşayevanın "Qarabağnamə" əsərinə quruluş verildi və bunlar yeni əsər kimi teatrın repertuarına daxil oldu. Yeni balet əsərləri isə mütəmadi olaraq bizim teatrda oynanılır.

- Bu il həm də "Arşın mal alan"nın 95 illik yubileyidir.

- Bilirsiniz ki, Üzeyir Hacıbəyovun bütün operaları dünya səviyyəsində olan əsərlərdir. "Arşın mal alan" isə Azərbaycan sənətini bütün dünyada tanıdan ən maraqlı əsərlərdən biridir. Bu əsərin 4 kino versiyası olub və 100-dən çox ölkənin teatrında səhnələşdirilib. "Arşın mal alan" məişət mövzusunda yazılmış əsərdir. Ancaq Üzeyir bəy komizmi və musiqisi onu bütün dünyaya çıxara bildi. Mən bu əsəri Bakı, Moskva və Ankara Opera və Balet teatrlarında səhnələşdirmişəm. Ankarada tamaşanı hazırlamaq üçün onlar mənə ən yaxşı aktyorlarını vermişdilər. Bu gün də həmin tamaşa orada oynanılır. "Arşın mal alan" həm də onlar üçün ən çox gəlir gətirən tamaşa idi. Bu tamaşanı bir ildə 8 dəfə qastrola aparıblar. Ayda 2-3 dəfə də öz teatrlarında oynanılırdı. Mən bu əsərə olan sevgini həm Azərbaycan, həm türk, həm də rus aktyorlarında gördüm. Dünyanın hansı ölkəsində baxırlarsa, əsəri qəbul edirlər. Bu tamaşa bizim teatrın özündə də müəyyən fasilələrlə oynanılıb. Bizim öz teatrımızda da uzun müddət idi ki, göstərilmirdi. 1997-ci ildə bu əsəri dövlət sifarişi ilə hazırladıq. Tamaşa bu gün də bizim teatrın repertuarındadır. Heydər Əliyev İhsan Doğramacı ilə gəlib "Arşın mal alan"a səhnələşdirəndə baxdılar. Heydər Əliyev tamaşanı çox gözər təhlil etdi və yüksək qiymət verdi. İhsan Doğramacı dedi ki, mən dünyanın hər yerində tamaşalara baxmışam. Ancaq bu qədər lətif, incə bir tamaşa görməmişəm. Tamaşalarımız haqqında deyilən bu cür yüksək fikirlər çoxdur.

Ümumiyyətlə, Üzeyir bəyin əsərləri sınaq meydanıdır. Ən böyük sənətçilər bu meydandan keçməlidirlər. Üzeyir bəyin əsərlərində oynayıb özlərinə yer tutan adamlar sənət aləminə diplom alırlar. Bu gün Opera və Balet Teatrı gənc və istedadlı adamlara öz səhnəsini açıq elan edib. Bu sınaq meydanına gəlirlər, məşq edirik, hazırlayırıq, kim bu səhnəyə uyğundursa, qalıb öz sənət yolunu davam etdirir, uyğun gəlməyənlər isə çıxıb gedir.

- Deyirlər ki, reyissor aqressiv olmalıdır. Əgər o, xeyirxah olsa, heç bir tamaşa qoya bilməz. Bu fikirlə razısınız?

- Reyissorluq xarakterizə olunanda ona hər kəs müxtəlif rakusdan yanaşır. Reyissor var ki, gözəl pedaqoqdur, ancaq özü tamaşa qoya bilmir. Reyissor var ki, reyissura haqqında kitab yazır, amma nə dərs deyə, nə də əsər qoya bilir. Reyissor da var ki, əsər səhnələşdirir, amma müəllimlik edə bilmir. Ancaq ən böyük məktəb qoyan reyissorlar həm pedaqoq, həm nəzəriyyəçi olmalı, həm də tamaşa qoymalı və kino çəkməlidir. Pedaqoq oldunsa, bir az aqressivlikdən çəkinməlisən, çünki tələbə ilə işləyirsən. Tamaşa qoyanda özünü bir şəxs kimi unudursan, bəzən aqressiv, bəzən mülayim, bəzən də despot olursan. Aktyordan istədiyini almaq üçün tamam ayrı bir adama çevrilirsən. Daim aqressiv olmağın özü də pisdir. Amma bununla belə, reyissorun içində aqressivlik olur. Həmişə demişəm ki, mən səhnədə durğunluğu sevə bilmirəm. Mənim üçün emosional aktyorlar gözəldir. Özüm də səhnədə emosional məşq etməyi sevirəm. Bəzən səhnədə məşq edəndə tamam başqa adam ola bilirəm.

 

Kaspi.- 2008.- 24 dekabr.- S. 11.