Niftəliyev E.
Vyanada növbəti
"Beynəlxalq bazar" xeyriyyə tədbiri
keçirilmişdir
Vyananın “Austria Center
Vienna” konqres mərkəzində BMT-nin Vyana bölməsi
nəzdində fəaliyyət göstərən Qadınlar
Gildiyası (UNG) tərəfindən təşkil edilmiş
"Beynəlxalq bazar" adlı növbəti xeyriyyə
tədbiri keçirilmişdir.
Hər il olduğu kimi,
bu il də Azərbaycan iki guşə - milli suvenirlər
və milli mətbəx bölmələri ilə təmsil
olunmuşdur. Tədbirdə Azərbaycanın Avstriyadakı
səfirliyi əməkdaşlarının və bu
ölkədə yaşayan soydaşlarımızın xanımları
tərəfindən hazırlanmış milli
mətbəximizin zəngin xörək və
şirniyyatları minlərlə iştirakçıya
nümayiş etdirilmişdir.
Bədii hissədə
Bakı Xoreoqrafiya Məktəbinin yetirmələri xalq artisti
Yusif Qasımovun rəhbərliyi ilə Azərbaycan milli
rəqslərini ifa etmiş, tamaşaçılarda
böyük maraq və xoş ovqat yaratmışlar. Gənc
istedadların maraqlı ifası və tamaşaçıların
təkidi nəzərə alınaraq, onlar əlavə
rəqs nümunələri ilə təkrar səhnəyə
çıxmışlar.
"Beynəlxalq Bazar"da, həmçinin bir sıra lotereya uduşları təşkil edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə Qız Qalasının təsviri olan tablo da uduşlar arasında olmuşdur.
Azərbaycan Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, ARDNŞ, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Bakı və Gəncə şəhərlərinin icra hakimiyyətləri, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), "Azər-İlmə" MMC, Avstriya Hava Yollarının Bakı nümayəndəliyi və "Gazelli" ətriyyat şirkəti "Beynəlxalq Bazar"dakı Azərbaycan guşəsinə sponsorluq etmişlər.
Avstriyada təhsil alan azərbaycanlı gənclərin yaratdığı "Azərbaycan Akademik Birliyi"nin fəalları ölkəmizin guşələrinin hazırlanmasında yaxından kömək göstərmişlər.
Əsası 1957-ci ildə qoyulmuş Birləşmiş Millətlər Qadınlar Gildiyası (UNG) tərəfindən hər il Vyanada təşkil edilən "Beynəlxalq Bazar" xeyriyyə tədbirinin məqsədi toplanan vəsaitlə bütün dünyada ehtiyac içərisində yaşayan və əlil uşaqlara müxtəlif layihələr çərçivəsində yardım göstərməkdir. Bu tədbirdə müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış edirlər. Artıq neçənci ildir ki, Azərbaycanın uşaq təbabəti sahəsində fəaliyyət göstərən qurumları da qrant ayrılan təşkilatlar arasındadır.
"Beynəlxalq Bazar"da dünyanın 80-dən artıq ölkəsi, həmçinin
beynəlxalq təşkilatlar,
bir sıra donor şirkətlər və banklar öz stendləri ilə təmsil olunmuşlar. Tədbirə
gün ərzində
40 minə yaxın ziyarətçi baş çəkmişdir.
Respublika.- 2008.- 11 dekabr.- S, 12.