Bakıda Dünya
Azərbaycanlılarını Əlaqələndirmə
Şurasının iclası keçirilmişdir
Dekabrın 18-də
Bakıda Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü
münasibətilə “Azərbaycan – Şərqin dünyaya
açılan qapısı” mövzusunda iclası
keçirilmişdir.
Dünya
Azərbaycanlılarını Əlaqələndirmə
Şurası idarə heyətinin sədri, Azərbaycan Milli
Elmlər Akademiyasının prezidenti MAHMUD KƏRİMOV
iclası açaraq demişdir ki, 2006-cı il mart
ayının 16-da Bakı şəhərində
keçirilmiş Dünya azərbaycanlılarının II
qurultayı Azərbaycan diasporunun tarixində yeni bir
mərhələnin əsasını qoymuşdur.
Qurultaydan sonra xaricdə
yaşayan soydaşlarımızın təşkilatlanması
prosesi daha böyük vüsət almış, ictimai-siyasi
həyatda iştirak səviyyəsi yüksəlmiş,
azərbaycanlı ziyalılar diaspor quruculuğu prosesinə
daha fəal qoşulmağa başlamış, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, dünya
azərbaycanlılarının birlik və həmrəyliyinin
möhkəmlənməsi, mədəni irsimizin
təbliği, digər xalqların diasporları ilə
əlaqələrin inkişafı, türk
dünyasının birliyi istiqamətində fəaliyyətin
intensivləşməsi baxımından mühüm
nailiyyətlər əldə olunmuşdur.
İdarə heyətinin
sədri demişdir ki, qurultaydan keçən dövr
ərzində görülmüş işlərlə
bağlı müzakirələr aparmaq, habelə
qarşıda duran vəzifələri müəyyənləşdirmək
məqsədi ilə 2008-ci ilin dekabrın 18-də Bakıda
Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının iclasının
keçirilməsi qərara alınmışdır.
İclasda Şuranın
27 ölkədə yaşayan üzvləri, habelə
dünyanın 17 ölkəsindən Şura üzvü
olmayan nüfuzlu Azərbaycan icmaları və birliklərinin rəhbərləri,
türk və yəhudi icmalarının
təmsilçiləri, Azərbaycanın dövlət və
hökumət nümayəndələri, Milli Məclisin deputatları,
ictimai birliklərin və qeyri-hökumət
təşkilatlarının rəhbərləri,
tanınmış elm və incəsənət xadimləri
iştirak edirlər.
Aparılmış
qeydiyyatın nəticələrinə görə,
toplantıda 202 nəfər iştirak edir və yetərsay
vardır.
Şuranın iclası
açıq elan edilmiş və Azərbaycanın
Dövlət himni səsləndirilmişdir.
Azərbaycanda milli dövlətçilik
ənənələrinin yaranmasında, xalqımızın
milli birliyi və həmrəyliyinin təmin olunmasında
əvəzsiz xidmətlər göstərmiş ümummilli
lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad olunmuşdur.
Sonra ulu öndərin
azərbaycançılıq ideyasının həyata
keçirilməsi və dünya
azərbaycanlılarının həmrəyliyi
sahəsindəki fəaliyyətinə həsr olunmuş
“Ayrılarmı könül candan” adlı sənədli film
göstərilmişdir.
Daha sonra Diaspor ilə iş üzrə Dövlət
Komitəsinin və tədbirin təşkilat komitəsinin
sədri, Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurası idarə heyətinin
üzvü Nazim İbrahimov Dünya
azərbaycanlılarının II qurultayından keçən
dövr ərzində görülmüş işlərlə
bağlı hesabat məruzəsi ilə çıxış
etmişdir.
Komitə sədri
demişdir ki, II qurultayın nəticələri Azərbaycan
diasporunun tarixində yeni bir mərhələnin
başlanması üçün ideoloji baza rolunu
oynamışdır. Azərbaycan
Prezidentinin qurultaydakı tövsiyələri dünyanın
siyasi reallıqlarını nəzərə alaraq, diaspor
quruculuğu işini müasir tələblər
səviyyəsində qurmaq, icmalar arasında
əlaqələri daha da genişləndirmək, onların
tarixi Vətənə bağlılığını
artırmaq üçün müvafiq tədbirlər
görmək, Azərbaycan dövləti ilə xaricdə
yaşayan azərbaycanlılar arasında
mənəvi-psixoloji, siyasi-ideoloji bağlılığı
daha da möhkəmləndirmək istiqamətində konseptual
qərarlar vermək zərurətini meydana
çıxarmışdır.
Qurultayın
sənədlərində öz əksini tapmış
təklif və tövsiyələrə uyğun olaraq,
2006-cı ildə keçirilmiş Dünya azərbaycanlı
ziyalıları forumu müxtəlif ölkələrdə
yaşayan azərbaycanlı mədəniyyət və
incəsənət xadimlərinin Azərbaycan
dövlətinə bağlılığını,
onların daim dövlətin diqqət mərkəzində
olduğunu nümayiş etdirmiş, eyni zamanda,
azərbaycanlı ziyalıların Azərbaycan Prezidenti
ətrafında sıx birləşməsinin təsdiqi
olmuşdur. Bununla yanaşı, Azərbaycan diasporunun
fəaliyyətində yeni ənənələrin
əsası qoyulmuş, ayrı-ayrı icmalarda
əvvəllər mövcud olmuş fikir ayrılıqlarının
aradan qaldırılması üçün zəmin
formalaşmağa başlamışdır. Soydaşlarımızın
təşkilatlanması prosesi daha böyük vüsət
almış, yeni icmalar və birliklər təsis edilmiş,
Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin
əlaqələndirilməsi istiqamətində mühüm
tədbirlər görülmüşdür.
2007-ci il martın 9-da
Bakı şəhərində keçirilmiş Dünya
Azərbaycan və türk diaspor təşkilatları
rəhbərlərinin I forumu bütün türkdilli
xalqların həyatında mühüm hadisə olmuşdur. Forumda
aparılan müzakirələrin nəticəsi olaraq
“Azərbaycan və türk diaspor təşkilatlarının
birgə fəaliyyət strategiyası”, “Bakı
Bəyannaməsi” və bir sıra digər mühüm
sənədlər qəbul edilmişdir.
Azərbaycan Prezidentinin
təşəbbüsü ilə 2007-ci ilin noyabrında
Bakıda Türk Dövlət və Cəmiyyətlərinin
XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı
keçirilmişdir. Qurultayda türkdilli
xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil,
iqtisadiyyat, ticarət, turizm və maliyyə
sahələrində əməkdaşlıq, türk
dünyasının mədəni irsinin təbliği, türk
gəncliyinin qarşısında duran vəzifələr,
müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı
məsələlər müzakirə edilmişdir.
2008-ci il martın 27-də Almaniyanın Berlin
şəhərində Azərbaycan və Türk Diaspor
Təşkilatlarını Əlaqələndirmə
Şurasının illik iclası keçirilmişdir.
İclasda Şuranın həmsədrləri seçilmiş,
Azərbaycan və türk diasporları arasında
əməkdaşlığın inkişaf etdirilməsi
sahəsində qarşıda duran vəzifələr
barədə müzakirələr aparılmışdır.
N.İbrahimov
bildirmişdir ki, Azərbaycan icmaları fəaliyyət
göstərdikləri ölkələrin ictimai-siyasi
həyatında daha fəal iştirak etməyə çalışır,
siyasi partiya və təşkilatlarla əlaqələr
qururlar. Dünyanın müxtəlif
ölkələrində yaşayan tanınmış
siyasət adamları, ictimai xadimlər, ziyalılarla
əlaqələrin inkişaf etdirilməsi, Azərbaycana dost münasibət
bəsləyən insanlarla əməkdaşlığın
genişləndirilməsi, güclü Azərbaycan lobbisinin
formalaşdırılması istiqamətində də bir
sıra tədbirlər həyata keçirilmişdir.
İnsan hüquq və
azadlıqlarının qorunması sahəsində ötən
dövrün əsas hadisələrindən biri Rusiya
Federasiyası hökuməti tərəfindən miqrantların
ticarət sahəsində çalışmasına
məhdudiyyətlər nəzərdə tutan qərarı
ilə əlaqədar görülmüş tədbirlər
olmuşdur. Azərbaycan Prezidentinin “Rusiya
Federasiyası ərazisində ticarətlə
məşğul olan Azərbaycan
vətəndaşlarının problemlərinin həlli
haqqında” 2006-cı il 22 noyabr tarixli sərəncamına
uyğun olaraq, bu qərarın soydaşlarımıza
təsir imkanlarını azaltmaq məqsədi ilə ciddi
iş aparılmışdır.
Rusiya
Federasiyasının Dağıstan Respublikasında,
eləcə də Gürcüstanda yaşayan
azərbaycanlıların vəziyyətini öyrənmək
üçün bir sıra dövlət və hökumət
nümayəndələri ilə görüşlər
keçirilmiş, soydaşlarımızın problemlərinin
həllinə xüsusi diqqət yetirilmiş, bir sıra vacib
tədbirlər görülmüşdür.
N.İbrahimov daha sonra
demişdir ki, ötən dövrün ən mühüm
hadisələrindən biri Azərbaycan Prezidentinin 2008-ci il 19
noyabr tarixli sərəncamı ilə Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin
əsasında Diaspor ilə iş üzrə Dövlət
Komitəsinin yaradılması olmuşdur. Müasir
dövrdə diaspor anlayışı beynəlxalq
münasibətlərin vacib elementinə çevrilir.
Qloballaşan dünyamızın reallıqları diaspor
quruculuğu sahəsində Azərbaycanın
qarşısında yeni vəzifələr qoymaqdadır.
Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri,
diaspor və lobbi təşkilatlarının beynəlxalq
siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı
fəaliyyət göstərilməsini zərurətə
çevirmişdir. Diaspor ilə iş üzrə
Dövlət Komitəsinin yaradılması məhz bu
zərurətdən irəli gəlmişdir.
Sadalanan bu faktlar
Azərbaycan diasporunun yeni bir mərhələyə daxil
olduğunu söyləməyə əsas verir. Xaricdə yaşayan azərbaycanlıların
təşkilatlanması prosesinin sürətlənməsi,
icmaların fəaliyyətini əlaqələndirən yeni
qurumların yaranması, digər xalqların diasporları
ilə əlaqələrin gücləndirilməsi,
soydaşlarımızın ictimai-siyasi həyatda iştirak
səviyyəsinin artması, lobbi quruculuğu istiqamətində
əldə olunmuş nailiyyətlər qarşıya
qoyulmuş məqsədlərə doğru inamla
irəliləməyimizin təsdiqidir.
Sonra
çıxış edən Azərbaycan Prezidentinin İcra
Aparatının İctimai siyasi məsələlər
şöbəsinin müdiri ƏLİ HƏSƏNOV
əvvəlcə tədbir iştirakçılarının
qarşıdan gələn Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il bayramı
münasibətilə təbrik etmişdir. O demişdir ki, dünya
azərbaycanlılarının birliyi, həmrəyliyi ideyası
ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanla
bağlı mütəmadi olaraq qəlbində
yaşatdığı, tədricən
reallaşdırdığı prioritet vəzifələrdən
biri idi. 1993-cü ildə baş verən ictimai-siyasi
proseslər, böhran, respublikamızı dağılma,
məhvolma təhlükəsi qarşısında qoymuşdu.
O zaman xalqımızın üzünü
böyük lider Heydər Əliyevə tutması, onun
yenidən Azərbaycanda hakimiyyətə gəlməsi
bütün sahələrdə olduğu kimi, diaspor
quruculuğu və dünya azərbaycanlılarının
birliyi, həmrəyliyi istiqamətində də yeni
vəzifələrin, yeni istiqamətlərin
meydana gəlməsinə və yeni işlərin
başlanmasına rəvac vermişdir. 1993-1998-ci
illərdə ümummilli liderimiz dünya
ölkələrinə səfərləri zamanı həmin
ölkələrdə yaşayan soydaşlarımızı
toplayıb onlarla görüşlər keçirirdi.
Heydər Əliyev ilk
dəfə 1991-ci il dekabrın 16-da, Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinə rəhbərlik
edərkən dünya azərbaycanlılarının birlik
və həmrəylik ideyasını dövlət siyasəti
səviyyəsinə qaldırmağa nail olmuşdur. Ali Məclisin qərarı ilə hər il
dekabrın 31-i Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü elan olunmuşdur. 2001-ci ildə
isə Prezident Heydər Əliyevin sərəncamı ilə
təşkilat komitəsi yaradılmış və dünya
azərbaycanlılarının ilk, tarixi qurultayı
keçirilmişdir. Qurultayda Dünya
Azərbaycanlılarını Əlaqələndirmə
Şurası yaradılmışdır. Həmin
ildə bu sahədə dövlət siyasətini
əlaqələndirmək, diaspor ilə əlaqələri
dövlət siyasəti səviyyəsinə qaldırmaq
və mərkəzləşmiş şəkildə
həyata keçirmək üçün Dövlət
Komitəsi yaradılmışdır.
Ə.Həsənov
demişdir ki, dünya azərbaycanlılarının
təşkilatlanması və birliyinin yaranması
sahəsində ilkin və başlanğıc dəyər
hamımızın bu gün qürurla
daşıdığımız, yaşatdığımız
azərbaycanlı adıdır, Azərbaycan xalqına
mənsubluq hissidir. Bunların hamısını
özündə ehtiva edən azərbaycançılıq
ideologiyasıdır. Bu ideya
yazıçılarımızın, şairlərimizin,
ziyalılarımızın əsərlərində
müəyyən qədər, mümkün
çərçivədə səslənmiş, lakin bitkin
ideologiya kimi yalnız müstəqillik dövründə
ümummilli lider Heydər Əliyev tərəfindən
formalaşdırılmışdır. Bu ideya xaricdə
olan Azərbaycan diaspor təşkilatlarının birliyi
olmadan reallaşa bilməzdi. Lakin dünyada
yaşayan 40 milyondan artıq azərbaycanlını bu
ideologiya ətrafında birləşdirmək o qədər
də asan deyildi. 1998-ci ildə qarşıya qoyulan əsas
vəzifə diasporu təşkilatlandırmaq idisə, indi
Azərbaycanla bağlı qlobal vəzifələrin
reallaşdırılması gündəlikdə durur.
Xalqın, millətin dəyərlərini fərdlər
yaşadır, inkişaf etdirir və bütün dünyada
yayır. Biz də fərdlər olaraq Azərbaycan
xalqının dəyərlərini bütün dünyada
təbliğ etməliyik. Bu sahədə dövlət
siyasəti tam formalaşmışdır və qəbul
ediləcək xartiya məhz gələcəkdə diaspor
təşkilatları qarşısında duran vəzifələrin
ümumiləşmiş bir proqramı hesab oluna bilər.
Dünya azərbaycanlıları bilirlər ki, onların
qarşısında üç əsas vəzifə durur. Birincisi, azərbaycanlılığa məxsus
dəyərləri yaşatmaq, təbliğ etmək,
yaşadıqları ölkələrdə tanıtmaqdır.
İkincisi, Azərbaycan dövləti ilə bağlı
beynəlxalq aləmdə qarşıya çıxan
problemləri öyrənmək, onların həllinə
kömək etməkdir. Üçüncüsü, dövlətin
imkanlarından istifadə edərək,
soydaşlarımızın yaşadıqları xarici
ölkələrdə özlərinin vətəndaş,
milli hüquqlarını qoruması və inkişaf
etdirməsidir.
Ə.Həsənov bu
üç vəzifənin həyata keçirilməsi
üçün kifayət qədər imkanların
olduğunu vurğulamışdır. O demişdir ki,
Azərbaycan dövlətinin problemlərinin,
xalqımızın dəyərlərinin
öyrənilməsi, həlli və xaricdə təbliği
üçün diaspor təşkilatlarımız vardır.
Digər tərəfdən, Prezident İlham Əliyevin
dəfələrlə bəyan etdiyi kimi, indi Azərbaycan
dövləti xaricdə yaşayan azərbaycanlıların
maddi, mənəvi istəklərini reallaşdırmağa
qadirdir.
Milli Məclis
sədrinin müavini, Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının üzvü BAHAR
MURADOVA parlamentin rəhbərliyi adından toplantı iştirakçılarını
salamlamış və onlara uğurlar arzulamışdır. O,
dünya azərbaycanlılarının birləşməsi
istiqamətində ümummilli liderimiz tərəfindən
müəyyən olunmuş strategiyanın
əhəmiyyətini vurğulamış, bu istiqamətdə
Prezident İlham Əliyevin gördüyü konkret
işləri xatırlatmışdır. Parlament sədrinin
müavini demişdir ki, çox güclü potensiala malik
Azərbaycan diasporu ilə dövlətin birgə
fəaliyyəti daha böyük nailiyyətlərin
əldə olunmasına imkan yaradacaqdır. Bunun üçün
Əlaqələndirmə Şurasının
toplantıları intensivləşməli,
sıralarımız genişlənməlidir.
B.Muradova xarici
ölkələrə səfərləri zamanı
soydaşlarımızla görüşlər keçirdiyini
və problemlərini öyrəndiyini söyləyərək
vurğulamışdır ki, şuranın üzvləri
hər hansı bir məqsədlə xarici
ölkələrə səfərləri zamanı
Azərbaycan diaspor təşkilatları və cəmiyyətlərinin
rəhbərliyi, üzvləri ilə
görüşməyə çalışmalıdırlar.
Dünya
Azərbaycanlılarının Həmrəylik Xartiyasına
toxunan B.Muradova sənədin azərbaycanlılara
müraciətlə başlamasını da yüksək
qiymətləndirmişdir. O demişdir ki, hər bir
azərbaycanlı keçmişi ilə qürur duymalı, bu
günü ilə öyünməli, gələcəyə
inamla baxmalıdır.
Soydaşlarımız
yaşadıqları ölkələrin cəmiyyətinə
inteqrasiya etməli, onun ictimai-siyasi həyatına ciddi
təsir imkanlarına malik olmalıdırlar.
Sonra, Milli Məclisin
mədəniyyət məsələləri daimi
komissiyasının sədri, “Dünya
Azərbaycanlılarının Həmrəylik Xartiyası”
redaksiya heyətinin üzvü NİZAMİ CƏFƏROV
xartiyanın əsas istiqamətləri barədə məlumat
vermişdir. O demişdir ki, bu
sənədin məqsədi xarici ölkələrdə
yaşayan azərbaycanlılar arasında siyasi-iqtisadi, sosial-mənəvi
birliyini Azərbaycan dövlətçiliyi və
xalqının mənafeyini əks etdirən prinsiplər
ətrafında formalaşdıran, diasporumuzun
qarşısında duran vəzifələri özündə
əks etdirən vahid konsepsiya hazırlamaqdır. Sənəddə Azərbaycan xalqının
etnogenezi, milli özünüdərk prosesi, tarixi,
özünəməxsus xüsusiyyətləri,
milli-mənəvi dəyərləri, müasir inkişaf
səviyyəsi, nailiyyətləri, azərbaycanlıların
tarixi Vətən qarşısında borcu və bu hissdən
irəli gələn vəzifələri,
soydaşlarımızın yaşadıqları
ölkələrin cəmiyyətlərinə inteqrasiyası,
hüquq və azadlıqlarının qorunması, digər
xalqların diasporları ilə əməkdaşlıq
perspektivləri, habelə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi,
azərbaycanlılara qarşı ermənilərin törətdiyi terror və soyqırımı
aktları, qondarma “erməni soyqırımı”
iddialarının ifşası və digər
məsələlərlə bağlı xarici
ölkələrdə yaşayan soydaşlarımızın
üzərinə düşən vəzifələr
əksini tapmışdır.
Daha sonra Amerika Azərbaycanlıları
Cəmiyyətinin sədri, şura sədrinin müavini Tomris
Azəri, “Maynts-Azərbaycan” Cəmiyyətinin sədri,
Şura sədrinin müavini Başa Kömür, Şura
sədrinin müavini Yücel Artantaş, “US AzerisNetwork”un
icraçı direktoru Adil Bağırov, Gürcüstan
Azərbaycanlıları Mədəniyyət
Mərkəzinin sədri Fazil Həsənov, Avropa
Azərbaycanlıları Konqresinin sədri Natiq Ağamirov,
Benilüks-Azərbaycanlıları Konqresinin sədri Sahil
Qasımov, Türkiyə Azərbaycan Dərnəkləri
Federasiyasının sədri Bilan Dündör və
başqaları çıxış edərək,
görülmüş işlərdən,
qarşıda duran vəzifələrdən
danışmış, “Dünya
Azərbaycanlılarının Həmrəylik Xartiyası”
ilə bağlı rəy və təkliflərini
bildirmişlər. Çıxışlarda Azərbaycan
dövlətinin, xüsusən də Prezident İlham
Əliyevin dünya azərbaycanlılarının
birləşməsi sahəsində
gördüyü işlər yüksək
qiymətləndirilmiş, sənədin əhəmiyyəti
vurğulanmışdır.
İclasın sonunda “Dünya Azərbaycanlılarının
Həmrəylik Xartiyası”nın layihəsi əsas kimi
qəbul olunmuş, onun üzərində işin davam
etdirilməsi qərara alınmışdır.
Dünya
Azərbaycanlılarını Əlaqələndirmə
Şurası İdarə heyətinin hesabatı
qənaətbəxş hesab olunmuşdur.
İclas
iştirakçıları adından Azərbaycan Prezidenti
İlham Əliyevə müraciət qəbul olunmuşdur. İdarə
heyətinin üzvü, Belarus Azərbaycan icmaları
Konqresinin sədri Natiq Bağırov müraciətin
mətnini oxumuşdur.
Bununla da iclas başa çatmışdır
Xalq qəzeti.- 2008.- 19 dekabr.- S. 1.