Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Avropa Şurasının üzvü olan ölkələrin
mədəniyyət nazirlərinin konfransı çərçivəsində
Polşanın mədəniyyət naziri Boqdan Zdrayevski, Misirin
mədəniyyət naziri Hüsni Fərux və ABŞ
dövlət katibi köməkçisinin müavini Alina
Romanovski ilə görüşmüşdür. Görüşlərdə konfransın
yüksək səviyyədə
təşkil olunduğu
bildirilərək vurğulanmışdır
ki, Bakı forumu mədəniyyətlər
arasında dialoqun inkişafına töhfə
verəcəkdir.
Əbülfəs Qarayev
konfransda iştirak etdiklərinə görə
nümayəndə heyətlərinin
başçılarına təşəkkür edərək
əmin olduğunu bildirmişdir ki, forum
çərçivəsində keçirilən
görüşlər və diskussiyalar dünyada
mədəniyyətlərarası dialoqun
fəallaşdırılması istiqamətində atılan
daha bir addım olacaqdır.
Nazir Bakı ilə
Qahirə arasında birbaşa təyyarə reysinin
açılmasının əhəmiyyətini diqqətə
çatdıraraq demişdir ki, bu, ölkələrimiz
arasında əlaqələrin
möhkəmləndirilməsinə kömək
edəcəkdir. O, konfransda iştirak edən mədəniyyət xadimlərini
Bakıda təşkil
olunan festivallarda, sərgilərdə və
digər mədəni
tədbirlərdə iştiraka
dəvət etmişdir.
Konfrans
çərçivəsində mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti
adından Avropada memarlıq irsinin mühafizəsi haqqında
Konvensiyanı imzalamışdır.
Sənədin imzalanma
mərasimində Avropa Şurasının Baş katibi Terri
Devis iştirak etmişdir.
İSESKO-nun baş
direktoru Əbdüləziz bin Osman əl-Tuveycri və
Azərbaycanın mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev islam ölkələri
mədəniyyət nazirlərinin 6-cı konfransına
hazırlıq barədə saziş imzalamışlar. Əbülfəs Qarayev bildirmişdir ki, Azərbaycan bu konfransda Avropanın 10 ölkəsinin iştirakı
ilə bağlı Avropa Şurasına müraciət göndərmişdir.
Həmin gün
Azərbaycan və Slovakiya mədəniyyət nazirlikləri
arasında əməkdaşlığa dair saziş
imzalanmışdır. Slovakiya tərəfindən sənədi
bu ölkənin mədəniyyət nazirinin
müavini Cozef Lanq imzalamışdır.
Xalq qəzeti.- 2008.- 4 dekabr.- S. 3.