Bakı Bəyannaməsi dünyanı mədəniyyətlərarası dia­­loqun genişləndirilməsinə çağıran yeni bir müraciətdir

 

AzərTAc xəbər verir ki, Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda Bakı konfransının başa çatması ilə əlaqədar dekabrın 3-də mətbuat konfransı keçirilmişdir.

Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, Bakı konfransına uzun müddət hazırlıq prosesi getmişdir. Bu işdə Azərbaycan hökuməti Avropa Şurası birgə çalışmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin konfransda geniş nitq söylədiyini xatırladan nazir demişdir ki, dövlətimizin başçısı bu konfransın keçirilməsi ilə bağlı xüsusi Sərəncam imzalamış və müvafiq tapşırıqlarını vermişdi. Bundan əlavə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da konfransın təşkilinə dəstək vermiş, iştirakçılara müraciət göndərmişdi.

Ə.Qarayev iştirakçılar haqqında da məlumat verərək bildirmişdir ki, konfransda 48 ölkənin nümayəndələri təmsil olunmuşdur. Onların arasında nazirlər, nazir müavinləri, beynəlxalq təşkilatların rəhbərləri, habelə dünyanın görkəmli alimləri, yazıçılar, Nobellər ailəsinin üzvləri var idi.

İkigünlük konfransın sonunda yekdilliklə qəbul edilmiş Bakı Bəyannaməsinə toxunan nazir sənədin dünyanı mədəniyyətlərarası dialoqun genişləndirilməsinə çağıran yeni bir müraciət olduğunu demişdir. Konfransda belə bir yekdil fikir səslənmişdir ki, Bakı Bəyannaməsi sözdə qalmamalı, növbəti mərhələdə bu sənədin icrasına, yeni təşəbbüslərin, layihələrin həyata keçirilməsinə səy göstərilməlidir.

Ə.Qarayev konfransın keçirilməsində dəstəyinə və müzakirələrdə iştirakına görə Avropa Şurasının baş katibi Terri Devisə təşəkkürünü bildirmişdir.

Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edən Avropa Şurasının nümayəndəsi xanım Qabriella Battaini-Draqoni demişdir ki, biz burada mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi işində Azərbaycanın iradəsinin bir daha şahidi olduq. Azərbaycan bu işə böyük diqqət yetirir buna görə hökumətə təşəkkürümüzü bildiririk. Ətraflı fikir mübadiləsinin aparıldığı konfransda qəbul olunmuş Bəyannamə bizim gələcək fəaliyyətimizi əks etdirir.

 

İki sahil.- 2008.- 4 dekabr.- S. 4.