Avropa Şurasının Baş katibi Terri Devisin çıxışı

 

– Zati-aliləri cənab Prezident!

Xanımlar və cənablar!

Mənim bu gün hamıya ünvanlayacağım sual çox sadədir. Biz dialoqa hazırıqmı? Nazirlər səviyyəsində keçirilən konfransın mövzusu Avropa Şurasının əsas məqsədini əks etdirir. Məhz insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin qorunması və təbliğ olunması, 2005-ci ildə dövlət və hökumət başçılarının 3-cü sammitində təsdiqlədiyimiz kimi, mədəniyyətlərarası dialoq siyasi bir prioritetdir. Lakin Bakıda keçirilən bu konfrans dialoqla bağlı bizi narahat edən bir sıra məsələləri özündə ehtiva edir. Nə üçün? Çünki bu, Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin ilk konfransıdır və bu tədbir Avropa Şurasının coğrafi sərhədləri ilə məhdudlaşmayaraq, qonşu region ölkələrinin nazirlərinin iştirakı ilə təşkil olunmuşdur. Bu, özünü sülhün və dayanıqlı inkişafın əsası hesab olunan mədəniyyətlərarası dialoqda və gələcək fəaliyyətlər üçün birgə mövqedə göstərir.

Bakı, Azərbaycan qeyri-adi bir məkandır. Bura tarix boyu müxtəlif mədəniyyətlərin qovuşma nöqtəsi, Şərq və Qərb, Şimal və Cənub arasında təbii bir körpü olubdur. Bu, çox xüsusi tədbirdir, çünki bu ilin may ayında Avropa Şurası özünün mədəniyyətlərarası dialoqa dair “Ağ kitabı”nı yaradıbdır. Bu, əsas qanunlar sənədinin hazırlanmasından sonra nazirlər səviyyəsində ilk konfransdır və biz bunun necə həyata keçirilməsini düşünməliyik. Dialoqdan dialoq haqqında və dialoqa. Bu səbəbdən mən Azərbaycan Prezidenti cənab İlham Əliyev, Avropa Şurası Nazirlər Komitəsinin İspaniyadan olan rəhbəri, habelə YUNESKO, ALEKSO və İSESKO-dan olan hörmətli həmkarlarımla birgə burada olmağımdan çox məmnunam. Deməliyəm ki, mədəniyyətlərarası dialoq İspaniyanın sədrlik etdiyi Nazirlər Komitəsinin prioritet məsələlərindən biridir. Təsadüfi deyil ki, Bakıdakı konfrans bir həftədən də az bir müddət öncə İspaniyanın Avropa Şurasına sədrliyə başlamasından sonra keçirilən ilk tədbirdir. Biz burada təcrübə mübadiləsi aparmaq və birgə irəliləyişə nail olmaq üçün bir araya gəlmişik. Biz hamımız çoxmillətli cəmiyyətlərdə bu və ya digər yolla, mədəniyyətin müxtəlifliyinə daha da meyilliyik. Bir çox hallarda təbii müxtəliflik ətraf mühit üçün nə qədər vacibdirsə, mədəniyyət müxtəlifliyi də bəşəriyyət üçün bir o qədər vacibdir. Lakin biz hələ də bəzi hallarda milli, etnik, linqvistik stereotiplər haqqında düşünürük.

Davamlı mədəniyyətlərarası dialoq cəmiyyətlərimizin içərisində ehtiyac duyduğumuz bir sosial möhürdür. Bu dözümsüzlüyə, parçalanmaya və zorakılığa qarşı bir müalicə vasitəsidir. Dialoq təkcə ideologiya deyil, həmçinin müəyyən siyasi kontekstlərdən irəli gələn süni yanaşmalar üçün bir reseptdir. Lakin biz müxtəlifliyin dəyərləndirildiyinə və müxtəlif fərdlərin bir-biri ilə ümumi ünsiyyət qurduğuna və insanların dialoq aparmaq üçün imkanlarının olduğuna əmin olsaq, onda hamımız, gələcək nəsillər üçün qarşılıqlı hörmət, ədalət və təhlükəsizlik şəraitində daha yaxşı dünyada yaşamaq imkanı olar. Mədəniyyət bu istiqamətdə bir yardımçıdır.

Mədəniyyət hissiyyatımızı, bir-birimizi görmək, görüşmək və anlamaq qabiliyyətimizi qidalandırır və bu işdə ürəyimiz, idrakımız və bədənimiz əlaqəlidir. Bu səbəbdən, yaxşı qanunlar bir çox bu cür mədəniyyətlərarası məkanlara və imkanlara şərait yaradır. Bizim yerində və spesifik olmağımız xüsusilə vacibdir. İnsanların bir-biri ilə ünsiyyət qurması həmişə yaxşıdır, lakin mədəniyyətlərarası dialoq beynəlxalq seminarlarda xeyriyyəçilik səviyyəsinə endirilməməlidir. Məqsəd real həyatda real insanlar arasında real problemlər haqqında dialoqun qurulmasına sövq etməkdir. Fəaliyyətimizin meyarları keçirilən beynəlxalq konfransların sayı və ya hazırlanan kitabçalarla deyil, insanların həyat tərzinə, evdə, məktəbdə, işdə, küçədə, məsciddə, kilsədə və ya sinaqoqda üzləşdikləri problemləri necə həll etdiklərinə təsir göstərməklə ölçülür.

Zati-aliləri cənab Prezident!

Xanımlar və cənablar!

Mən bütün insanlar arasında bərabər hörmət, insan hüquqları, qanunun aliliyi və demokratik prinsiplər olmadan həyata keçməsi mümkün olmayan bu dialoqa cəlb edilməyinizi istəyirəm. Bu dəyərlər qarşılıqlı hörmət və anlaşmanı təmin edir və bu, dialoqun gücün arqumenti ilə deyil, arqumentin gücü ilə idarə olunmasını təmin etmək üçün çox əhəmiyyətlidir. Təşəkkür edirəm.

Hörmətli sədr, icazə verin, konfrans iştirakçılarının diqqətinə çatdırım ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu konfrans əlamətdar hadisədir. Lakin son bir neçə saat ərzində bu, daha da əlamətdar oldu. Çünki bildiyiniz kimi, Prezident Əliyev ilk dəfə baba olmuşdur. Prezident Əliyev ikiqat baba olmuşdur. Təsəvvür edirəm, əkiz nəvələr. Siz ikiqat mükafatlandırılmısınız. Sizi bir daha konfrans iştirakçıları adından təbrik edirəm.

Avropa Şurasının Baş katibi Prezident İlham Əliyevə gül dəstəsi təqdim etdi.

Prezident İlham Əliyev təşəkkür edərək dedi:

-Təbriklərə görə təşəkkür edirəm. Dünən mənim və ailəm üçün çox xoşbəxt bir gün oldu. Bizim qızımız iki gözəl oğlan uşağını dünyaya bəxş etdi. Bu təbriklərə görə sizə təşəkkür etmək istəyirəm. Bütün Azərbaycan və dünya uşaqlarına cansağlığı və xoşbəxtlik arzulayıram.
Sonra çıxış edən Avropa Şurası Nazirlər Komitəsinin İspaniyadan olan rəhbəri Gilyermo Koral Van Damm bildirdi ki, Bakıda keçirilən konfrans mədəniyyətlərarası dialoqla bağlı ideyaların irəli sürülməsi və müzakirəsi baxımından mühüm mərhələ olacaqdır.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndəsi Farid Muxametşin Azərbaycanın Avropa strukturlarında fəal rolunu vurğuladı. O, mədəniyyətlərarası dialoqda fəallığın artırılmasının əhəmiyyətindən danışdı.

Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi, Milli Məclisin deputatı Rafael Hüseynov çıxışında dedi ki, gələn il Avropa Şurasının 60 illiyidir. Azərbaycan isə bu təşkilatda 8 ildir təmsil olunur. “Mədəniyyətlərin ali məqsədi insanları və xalqları bir-birinə daha da yaxınlaşdırmaq üçün körpüdür” – deyən Rafael Hüseynov vurğuladı ki, dünyanın gələcək inkişafı məhz bu cür dialoq üzərində qurulmalıdır.
ALEKSO-nun baş direktoru Mongi Busnina rəhbərlik etdiyi təşkilatda 22 dövlətin təmsil olunduğunu dedi. O bildirdi ki, ALEKSO da mədəniyyətlərarası dialoqda mühüm nəticələr əldə etmişdir.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri isə diqqəti Şərqlə Qərb arasında mədəni dialoqun əldə olunmasına cəlb etdi. Bildirdi ki, indi dünyanın vacib mövzularından olan bu məsələyə İSESKO da öz töhfələrini verir.

Əbdüləziz bin Osman əl-Tüveycri mədəniyyətlərarası dialoqda xidmətlərinə görə Avropa Şurasının Baş katibi Terri Devisin İSESKO-nun qızıl medalına layiq görüldüyünü bildirdi və medalı ona təqdim etdi.
YUNESKO-nun mədəniyyət siyasəti və beynəlxalq dialoq bölməsinin direktoru xanım Katerina Stenou da Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu bildirdi. O vurğuladı ki, Avropa Şurasının üzvü olan ölkələrin mədəni dəyərləri dialoqun əldə olunmasında mühüm vasitədir.

Çıxış edənlər belə bir ümumi fikir söylədilər ki, Avropa və qonşu regionların mədəni inteqrasiyasına əsaslanan “Bakı prosesi” ölkələrarası dialoqun praktik inkişafı, yeni, real və səmərəli fəaliyyət mexanizminin müəyyənləşdirilməsi, müxtəlif sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun təşviqinə yönələn tədbirlərin həyata keçirilməsi sahəsində müstəsna imkanlara malikdir.

Xüsusi vurğulandı ki, konfransın mövzusu, iştirakçıların tərkibi, əhatə etdiyi regionların miqyasına görə Avropa və İslam ölkələrinin tarixində mədəniyyətlərarası dialoq mövzusunda ilk beynəlxalq tədbirdir. Bu tədbirin uğurlu nəticələrindən asılı olaraq yaranacaq yeni format gələcəkdə beynəlxalq əhəmiyyətli tədbirlər üçün də nümunə ola bilər.
Daha sonra Azərbaycan Uşaq Xoru konfrans iştirakçıları qarşısında çıxış etdi.

Sonra konfransda nazirlərin “Mədəniyyətlərarası uyğunluqlar haqqında” mövzusunda “dəyirmi masa”sı keçirildi.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Avropa Şurasının beynəlxalq mədəniyyətlərarası əlaqələndiricisi xanım Qabriella Batteni-Draqoni, BMT-nin sivilizasiyaların ittifaqı ofisinin direktoru Mark Şuer və başqaları mövzu ilə bağlı fikirlərini açıqladılar.
Onlar beynəlxalq mədəni əməkdaşlığın ən müxtəlif aspektlərinə nəzər salaraq vurğuladılar ki, Avropada və onun qonşu regionlarında davamlı inkişafın və sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin imkanlarının araşdırılması zəruridir.

Fasilədən sonra konfransın davamı olaraq, nazirlərin işçi qrupunun “Mədəniyyət siyasəti (proqramlar və təşəbbüslər) və mədəniyyətlərarası dialoq: müxtəlif mədəniyyətlərin idarə edilməsinə dair yeni konsepsiya” mövzusunda birinci, “İrs və mədəniyyətlərarası dialoq - hamımız birgə milli irsdən dünyəvi irsə doğru” mövzusunda ikinci iclasları oldu.

Çıxış edənlər Bakı konfransının yüksək səviyyədə təşkil olunduğunu bildirərək söylədilər ki, bu tədbir Avropa mədəni proseslərində yeni bir istiqamətin - “Bakı prosesi”nin əsasını qoyacaqdır. Son on il ərzində mədəniyyətlərarası dialoq mədəniyyət məsələlərinə məsul olan nazirlərin, eləcə də hökumətlərin qarşısında prioritet məsələ kimi meydana çıxmışdır. İndi mədəni müxtəlifliyə qarşılıqlı hörmət və hüquqların qorunması elə bir prinsipə çevrilmişdir ki, mədəniyyətlərarası dialoqun qurulması üçün siyasətlər, proqramlar və yeni konsepsiyalar buna əsaslana bilər.

Millətlərin bütün dəyərlərini göstərən milli irs xalqlar və insanlar arasında mədəniyyətlərarası dialoqa, habelə regionların davamlı inkişafına rəvac verən bir vasitədir.

Konfrans dekabrın 3-də işini davam etdirəcəkdir.

 

Xalq qəzeti.- 2008.- 3 dekabr.- S. 6.