Bu gün
Azərbaycan, sözün
əsl mənasında,
dostluq, qardaşlıq
məkanıdır
Dekabrın 2-də Bakıda, "Gülüstan" sarayında
Avropa Şurasının
üzvü olan dövlətlərin mədəniyyət
nazirlərinin "Mədəniyyətlərarası
dialoq Avropa və onun qonşu
regionlarında davamlı
inkişafın və
sülhün əsasıdır"
mövzusunda ikigünlük
konfransı başlanmışdır.
Azərbaycan Prezidenti
İlham Əliyev konfransın açılışında
iştirak etmişdir.
Konfransda Avropa
Şurasının üzvü olan, habelə
müşahidəçi ölkələrin, Avropa
Mədəniyyət Konvensiyasını imzalamış
dövlətlərin, Avropanın qonşu regionlarını
təmsil edən 10 ölkənin, habelə Avropa
Komissiyasının və YUNESKO-nun, İslam
Ölkələri Elm, Təhsil və Mədəniyyət
Təşkilatının (İSESKO), Ərəb
Dövlətləri Liqası ölkələrinin Elm,
Mədəniyyət və Təhsil Təşkilatının
(ALEKSO) yüksək rütbəli rəsmiləri,
müxtəlif fondların və qeyri-hökumət
təşkilatlarının təmsilçiləri,
ümumilikdə 250-dən çox nümayəndə, o
cümlədən 16 nazir, 18 nazir müavini, 10 beynəlxalq
təşkilatın başçısı iştirak edir.
Son illərdə
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə
mədəniyyət və turizm sahələrinin
inkişafı, dünya miqyasında təbliği
üçün 100-dən çox fərman və
sərəncam imzalamışdır. 2004-2008-ci
illərdə bu istiqamətdə 71 beynəlxalq
saziş və konvensiya imzalanmışdır.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva mədəni irsimizin qorunması və dünya təbliği sahəsində
məqsədyönlü fəaliyyət
göstərir. Azərbaycan mədəniyyəti
dünya mədəniyyətinin,
habelə onun tərkib hissəsi olan islam mədəniyyətinin
böyük daşıyıcılarından
biri olduğuna görə Bakı şəhəri 2009-cu il üçün "İslam
mədəniyyətinin paytaxtı"
elan edilmişdir.
Bu baxımdan Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət
nazirlərinin Bakı
konfransı nəinki Azərbaycanın və Qərbin, eyni zamanda Şərqin mədəni həyatında
mühüm hadisədir.
Bunu yüksək qiymətləndirən
Azərbaycan Prezidenti İlham Əliyevin bu il noyabrın
4-də imzaladığı
sərəncama əsasən,
konfransın hazırlanması
və keçirilməsini
təmin etmək məqsədilə Baş
nazir Artur Rasizadənin rəhbərliyi
ilə Təşkilat
Komitəsi yaradılmışdı.
Konfrans
münasibətilə "Gülüstan" sarayının
foyesində təşkil olunmuş sərgidə
ölkəmizin qədim, zəngin mədəniyyəti
barədə kifayət qədər dolğun
təsəvvür yaradan eksponatlar - xalçalar, silah
nümunələri, musiqi alətləri, xalq sənəti
nümunələri nümayiş etdirilir. Respublikamızın turizm imkanlarını, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət
və incəsənətə
göstərdiyi diqqət
və qayğını
göstərən fotoşəkillər
qonaqlarda böyük maraq doğurmuşdur.
Sonra konfransın
rəsmi açılışı oldu. Salona
toplaşanlar Prezident İlham Əliyevi və Avropa Şurasının baş
katibi Terri Devisi alqışlarla qarşıladılar.
Mədəniyyət
naziri Əbülfəs Qarayev Avropa Şurası ilə
Azərbaycanın birgə təşkil etdiyi konfransı
açaraq dedi ki, müasir dövrdə sivilizasiyaların arasında
dialoq qlobal səviyyədə bəşəriyyətin ən
vacib ehtiyaclarından birinə çevrilmişdir. Bu konfrans
müxtəlif xalqlar və dövlətlər arasında
dialoqu möhkəmləndirməyə və daha da inkişaf
etdirməyə yönələn fəaliyyətin bariz
nümunəsidir.
Ölkəmizdə son
illər çoxlu beynəlxalq forumların və
mədəniyyətlərarası dialoqa həsr edilmiş
tədbirlərin keçirilməsinin artıq
ənənəyə çevrildiyini bildirən nazir dedi ki, bu
beynəlxalq konfrans Azərbaycan Prezidenti İlham Əliyevin
bilavasitə dəstəyi və müvafiq göstərişi
ilə təşkil olunmuşdur. Buna görə
Prezidentə təşəkkürünü
bildirən Ə.Qarayev vurğuladı ki, Azərbaycan öz siyasətində mədəniyyətlərarası dialoqa böyük önəm verir və şəxsən dövlətimizin başçısının
rəhbərliyi altında
həyata keçirilən
tədbirlər həm
ölkəmizin daxilində,
həm də beynəlxalq aləmdə dialoqun səmərəli inkişafına
böyük töhfələr
vermişdir.
Dövlətimizin
başçısı konfransda nitq söylədi.
Azərbaycan.- 2008.- 3 dekabr.- S. 2.